Xaricdə ali təhsil alanların diplomları Azərbaycanda necə tanınacaq?

 

NAZİRLƏR KABİNETİNİN TƏSDİQLƏDİYİ YENİ QAYDALAR BU SAHƏDƏKİ VƏZİYYƏTƏ AYDINLIQ GƏTİRİR

 

Bugünlərdə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" təsdiq edilib. Sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı bir sıra yenilikləri əks etdirir.

Belə ki, yeni qaydalara əsasən, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin, ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub.

Orta ixtisas təhsili, bakalavriat (əsas, yəni baza ali tibb təhsili) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;

Bakalavriat (əsas, yəni baza ali tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. Həmçinin, müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

Yeni qaydalara əsasən, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycanın ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar.

Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;

 

Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.

Nazirlər Kabineti tərəfindən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqinə (tanınma) dair tələblər müəyyənləşib. Bu, Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nda əksini tapıb. Qaydaya əsasən, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması, müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması, müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi və.s tanınma üzrə ümumi tələblərdir.

Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunan müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarovanın sözlərinə görə, ilin sonuna kimi daha 8 ixtisas üzrə tanınma həyata keçiriləcək. Dayə, bağban, əməliyyatçı-mühasib, dərzi, bitkiçilik, heyvandarlıq və müraciət sayına uyğun digər iki ixtisas da müəyyən ediləcək: "Dayə ixtisası üzrə 20-dən artıq şəxs fərdi şəkildə müraciət var. Dayə ixtisası üzrə tanınmış bağça şirkətləri ilə birgə işlər görülür. İmtahan prosesinə hazırlıq gedir. Tanınmış bir neçə dövlət bağçalarından mütəxəssislər də işə cəlb olunacaq. Kadr bankımıza da həmin dayələr barədə də məlumatlar yerləşdiriləcək. Yaxın zamanlarda imtahanın keçirilməsi nəzərdə tutulur".

Sədr vurğulayıb ki, gələcəkdə qanunla tənzimlənməyən bəzi ixtisasların tənzimlənməsi mümkün ola bilər: "Baytar-texniki, kolorist və digər ixtisaslar üzrə sənədlərin tanınması mümkün ola bilər".

Ülkər Səttarovanın dediyinə görə, əvvəlki müddətdə xaricdə təhsil almış və mənfi qərar verilən şəxslər diplomlarının tanınması üçün təkrar müraciət edə bilər: "Kredit sayları qalan şəxslərə də imtina qərarı verilmişdi: "Bundan sonra həmin şəxslər istəklərinə uyğun şəkildə yerli universitetlərə müraciət edə bilərlər. Qeyd edim ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" təsdiq edilib. Həmin qaydalarda xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı bir sıra yeniliklər də yer alıb".

İdarə Heyətinin sədri bildirib ki, xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb: "Məlumat üçün bildirim ki, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək. İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək və ödəniş 250 manat təşkil edəcək".

Ülkər Səttarova əlavə edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma üzrə əsas tələblərdəndir. Həmçinin, Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması, ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı bəzi meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir. Bu meyarlar kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi, əldə olunan təlimin (tamamlanmış kreditlərin) həcmi, yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi, kvalifikasiyanın istiqaməti və təlimin nəticələri: "Qeyd edim ki,  təsdiq olunan "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması əcnəbilərə şamil edilmir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 16 fevral.- S.12.