"Əsrin faciəsi"nin ünlü qurbanları
TÜRKİYƏDƏ BAŞ VERƏN DƏHŞƏTLİ FƏLAKƏT NEÇƏ-NEÇƏ İSTEDADLI, PEŞƏKAR İNSANIN HƏYATINA SON QOYDU
Fevralın 6-da qardaş Türkiyədə
ardıcıl baş verən, episentri Kahramanmaraş vilayətinin
Pazarcık və Elbistan rayonları olmaqla, on bir şəhəri yerlə-yeksan
edən iki böyük zəlzələ
dəhşətli fəlakətə
səbəb oldu. Şəhərlər, qəsəbə və kəndlər dağıldı,
on minlərlə insan
həlak oldu. Bu ağır müsibət
kimsəyə fərq
qoymadan çoxlarını
həyatdan qopardı,
sağ qalan yüzminlərlə insanın
sinəsini dağladı.
"Əsrin faciəsi"
adlandırılan bu qorxunc zəlzələnin
qurbanları sırasında,
nə yazıq ki, bir çox
məşhur, istedadlı,
Azərbaycanda da yaxşı tanınan insan da var. Milyonların
sevimlisinə çevrilmiş,
türk ədəbiyyatına,
mədəniyyətinə, incəsənətinə, idmanına,
siyasətinə töhfələr
vermiş bir sıra məşhurların
itkisi təkcə onların yaxınlarını
deyil, həm də Türkiyədə və Azərbaycanda sevənlərini dərin hüznə qərq etdi.
Ədəbiyyatın ağır itkiləri
Türkiyənin önəmli ədəbiyyatçılarını
yetişdirmiş şəhərlərindən
olan Kahramanmaraşda bir neçə şair və yazıçı zəlzələdə
həyatını itirdi. Bir neçə gün öncə xatirəsini dərin ehtiramla yad etdiyimiz 32 yaşlı yazıçı,
tərcüməçi, Azərbaycan
ədəbiyyatının yaxın
dostu Abdülkadir Özkan Kahramanmaraş Elbistanda yaşadığı
evdə müəllim
və rəssam bacısı, atası və anasıyla bərabər həlak oldu.
Zəlzələnin ilk günündən xəbər
alına bilməyən
yazıçı Rəcəb
Şükrü Güngörün
cansız bədəni
fəlakətin dördüncü
günündə evinin
dağıntıları altından
çıxarıldı. 52 yaşlı yazıçı
evli və dörd uşaq atası idi.
Kahramanmaraşda yaşayan başqa bir yazar - Əhməd
Doğan İlbəy də bu zəlzələdən
sağ qurtula bilmədi. 1954-cü ildə Kahramanmaraşda anadan olan İlbey
1976-cı ildən burada
məmur olaraq çalışırdı.
1947-ci ildə Kahramanmaraşda doğulan həkim, şair, Kahramanmaraş Kültür və Sənət Evinin
(KÜSEV) başqanı Oğuz
Alp Paköz də bu fəlakətin qurbanı oldu. İki il
Türk Ocağı başqanlığını həyata
keçirən Paköz
Kahramanmaraş Məslək
Odaları Birliyinin və KÜSEV-in qurucularındandı.
O, həmçinin, 20 ilə
yaxındır KÜSEV-in mətbu
orqanı olan sənət və ədəbiyyat dərgisi
"Alqış"ın baş yazarı idi.
KÜSEV-in qurucularından, "Alqış" dərgisinin
bir başqa yazarı Ercan Kozanoğlu 1952-ci ildə Ankarada anadan olsa da, 1994-cü ildən Kahramanmaraşda yaşayırdı. "Deyəsən,
burada da yaşamağa davam edəcəyəm" deyən
yazıçı onda
bilmirdi ki, həyatını məhz
buradakı zəlzələ
nəticəsində itirəcək.
Hekayə yazmaqdan əlavə,
musiqiylə də məşğul olan Kozanoğlu tambur və ud da
çalırdı.
Sənət dünyası yasda...
Bu günlərdə incəsənət
aləmi də itirdiklərinin kədərinə
qərq olub. Neçə-neçə
istedadlı musiqiçi,
müğənni, aktyor
dağıntılar arasında
can verdi. 42 yaşlı rəsm
müəllimi, türk
xalq musiqiçisi Əziz Taştan həyat yoldaşı və iki qızı
ilə birlikdə Adıyamandakı zəlzələ
nəticəsində çökən
evin dağıntıları
altında qaldı.
Tanınmış sənətçinin, həyat yoldaşı Özgür Taştan və iki qızının
cansız bədənləri
bir-birinə sarılmış
halda tapıldı.
Antep İslahiyədə
yaşayan musiqiçi
İsa Qartal bu zəlzələdə oğlu Hanifi Kaan Qartalla birgə
həyatını itirdi.
İstanbulda yaşayan müğənni
Pınar Can Kahramanmaraşa
konsert vermək üçün gəlmişdi. Amma nə
yazıq ki, dəhşətli zəlzələ
onu qaldığı oteldə yaxaladı.
Otelin dağıntıları arasında
həlak olan Pınar Canın 13 yaşlı oğlu əmanət qalıb.
Keçən il həyat yoldaşını
xərçəng xəstəliyindən
itirmiş musiqiçi
Yasin Can Adıyamanda birlikdə yaşadığı
övladlarıyla bərabər
həyata vida etdi.
Türkiyənin ən yaxşı kaman - skripka ustalarından biri olan Ramazan Serim
Malatyada zəlzələ
nəticəsində dünyasını
dəyişdi.
On dildə mahnılar oxumasıyla məşhurlaşan
diyarbakırlı müğənni
Zilan Tigris (Dilək Küçükər) həyat
yoldaşı aktyor Çağdaş Çankaya
ilə birlikdə Diyarbakırın Yenişəhər
rayonunun Ofis səmtindəki 9 mərtəbəli
binanın dağıntıları
altında həlak oldu.
Adanada yaşayan, "Bir Zamanlar Çukurova" serialındakı Şərminin
rəfiqəsi rolu ilə xatırlanan aktrisa Emel Atıcı
və qızı
model pilot Püryan Atıcı
da zəlzələdə
həyatını itirdi.
Bu acı xəbəri
serialın yaradıcı
şirkəti olan
"Tims&B" yaydı.
Serialın başqa bir aktrisası Yeliz Doğramacılar Atıcının ölümüylə
bağlı paylaşımında:
"Üşüməyi sevməzdin.
Ümid edirəm, o betonların arasında üşümədin"
- cümlələrilə kədərini
ifadə etdi.
İdman
klublarını sarsıdan
zəlzələ
Bu müdhiş fəlakət
aldığı canlarla
idman aləmini də dərindən sarsıtdı. İçərisində peşəkar idman
klublarının üzvlərinin
və parlaq gələcək vəd edən uşaq yaşlı idmançıların
da olduğu itkilərə inanmaq sevənləri üçün
çox ağır və dözülməzdir.
"Kahramanmaraş İstiklalspor"
komandasının futbolçuları
Hakan Doğan, Taner Kahriman, "Yeni Malatyaspor"un qapıçısı Əhməd
Eyüp Türkaslan,
"Malatya Böyükşəhər Bələdiyəspor" komandasının
idmançısı Mehmet
Can Ağırbaş bu
zəlzələdə faciəvi
şəkildə həlak
oldular.
Qaziantep təmsilçisi olan
"Merinos" voleybol komandasının
oyunçusu Betül Çoban Çakır və voleybolçu həyat yoldaşı Bədrəddin Çakır
da zəlzələdə
həyatını itirən
idmançılardandır.
Başqa
bir voleybolçu -
"Malatya Böyükşəhər Bələdiyəspor"un
və milli komandanın üzvü Emincan Kocabaş Malatyada qaldığı otelin dağıntıları
altından qurtula bilmədi.
Türkiyə yığmasının həndbolçusu,
"Vefakənd Hatay Böyükşəhər Bələdiyəspor"
komandasından Cemal Kütahya zəlzələdə
oğlu Çinar Kütahya ilə birgə vəfat etdi.
Çankaya Universitetində və Türkiyə milli komandasında forma geyinən
gənc basketbolçu
Nilay Aydoğan da zəlzələ fəlakətindən qurtula
bilməyən idmançılardan
oldu. O, nənəsini ziyarətə
getdiyi Malatyada elə nənəsi ilə birlikdə zəlzələyə düçar
olub həyatını
itirdi
Turnir üçün Adıyamana
gələn və yaşları 12-14 arasında
olan Şimali Kipr Türk Cümhuriyyətinin Qazi Mağusa Türk Maarif Kollecinin 15 nəfərlik qız və oğlan voleybolçuları qaldıqları
"İsias" otelinin
dağıntıları altında
can verdi. 39 nəfərlik heyətdən
35 nəfər həlak
oldu.
lll
1974-cü ildə Kırıkhanda
anadan olan, cərrah, siyasətçi
Tülin Durqun da zəlzələyə evində məruz qaldı və həyatını itirdi.
24-cü dönəm Kahramanmaraş
millət vəkili Sıtkı Güvənç,
jurnalist, ictimai xadim Rafi Sümbültepe
və həyat yoldaşı Cahidə xanım, jurnalist İsgəndər Korkut da "əsrin faciəsi"ndə həyatını
itirən tanınmışlar
sırasındadır.
lll
Təəssüf ki, qardaş ölkədə baş verən zəlzələ azərbaycanlı həmvətənlərimizdən də yan keçmədi. İlkin məlumata görə, 10 nəfər azərbaycanlının həyatını itirdiyi zəlzələdə ilk gündən sorağını gözlədiyimiz, qurtulmaları üçün dualar etdiyimiz dörd tələbənin də nəşi qaldıqları binanın dağıntıları arasından çıxarıldı. Onlardan Gündüz Nəzərzadə həvəskar aktyor idi. O, "Zoluşka" bədii filmində və "Bacanaqlar" teleserialında rol almışdı. Qeyd edək ki, onun bu istedadı irsi idi. Gündüzün əmisi Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovdur (Qəlbinur). Gənc istedadımız Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra İnönü Universitetində tibb üzrə uzmanlıq təhsili alırdı.
Bu adlar hələ bizim tapa bildiyimiz, eşidib, gördüyümüz itkilərdir. Ancaq təəssüf ki, o dağıntılar altında hər biri öz sahəsində peşəkar olan və ümid doğuran neçə can, neçə həyat, neçə parlaq gələcək söndü. Tək təsəlli isə odur ki, sağlıqlarında ədəbiyyat, incəsənət, idman, siyasət sahəsində gördükləri işlər onları daim yaşadacaq.
Allah hər birinə rəhmət eləsin!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 16 fevral.- S.10.