Türkiyə bu
sınaqdan da uğurla
çıxacaq
Türkiyədə bugünədək 30 mindən
çox insanın həyatına son qoyan zəlzələnin ölkə
iqtisadiyyatına təxmini
hesablamalara görə,
80 milyard dollardan çox ziyan vurduğu deyilir. "Bloomberg"in
hesabatına görə,
Türkiyə Müəssisə
və İş Konfederasiyası (TÜRKONFED) fevralın
6-da baş verən zəlzələlərin yaşayış
evlərinə təxminən
70 milyard 800 milyon
dollar ziyan vurduğunu,
milli gəlirə isə 10 milyard 400 milyon dollar ziyan vurduğunu təxmin edib. TÜRKONFED işçi
qüvvəsindəki itkilərin
Türkiyə iqtisadiyyatına
2 milyard 900 milyon dollar
ziyan vuracağını
bildirib. Bütün bunlar
ümumilikdə 84 milyard
dollar itki deməkdir.
Ona görə də indi əsas müzakirə mövzularından
biri Türkiyənin bu zəlzələnin iqtisadi fəsadlarını
aradan qaldıra biləcəyi ilə bağlıdır.
İqtisadçı millət vəkili Vüqar Bayramov açıqlamasında
Türkiyənın bu
sınaqdan uğurla çıxacağını bildirib:
"Qardaş Türkiyədə
baş verən və ağır nəticələrə səbəb
olan dəhşətli
zəlzələdən bir
həftə keçdi.
Neçə gündür, zəlzələnin
iqtisadi nəticələrinin
aradan qaldırılması
ilə bağlı müzakirələr aparılır.
Aydındır ki, 13.4 milyon
vətəndaşın yaşadığı
bölgədə minlərlə
yaşayış binasının,
evlərin, sosial obyektlərin və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursu tələb edir. İlkin qiymətləndirmələrə
görə, zəlzələ
Türkiyənin iqtisadi
artım tempini 2 faiz bənd azalda bilər. Bununla yanaşı, 1999-cu ildə
Türkiyədə baş
verən zəlzələnin
miqyası və nəticələri ilə
müqayisə göstərir
ki, Türkiyə bu sınaqdan da zəifləmədən
çıxacaq. 1999-cu il
zəlzələsi Türkiyə
iqtisadiyyatının 35 faizinin
formalaşdığı ərazilərdə
baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10 faizinin
cəmləşdiyi coğrafiyadadır.
Əgər 1999-cu il zəlzələsi
daha çox sənayeləşmiş zonada
idisə, bu dəfə nisbətən
az sənayeləşmiş
ərazini əhatə
edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi
256 milyard dollar idisə,
indi bu rəqəm
819 milyard dollardır".
Məlumdur ki, Azərbaycanda bir çox sahələrdə, xüsusən
də inşaat sektorunda Türkiyə şirkətləri fəaliyyət
göstərir. Bundan əlavə, hər
iki ölkə arasındakı ticarət
dövriyyəsi də
son illər ərzində
artmaqdadır.
Türkiyədə baş vermiş
zəlzələnin bu
ölkənin qonşu
dövlətlərlə ticari
dövriyyəsinə təsiri
məsələsinə də
toxunan millət vəkili bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır: "2022-ci ildə iki ölkə
arasındakı ticarət
dövriyyəsi 6 milyard
dollara yaxınlaşıb.
2021-ci ildə ölkələr arasındakı
ticarət dövriyyəsi
4 milyard 661 milyon dollar
olmuşdu. Ötən
ilin ilk 11 ayında Azərbaycanın Türkiyəyə
ixracat payı 3 milyard 323 milyon dollar həcmində olub, qardaş ölkədən
isə Azərbaycana 1
milyard 48 milyon dollarlıq idxal olub. Bundan əlavə, Türkiyə
həm də ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır.
3 milyard dollarlıq
enerjidən kənar ixracatımızın təxminin
1/3-i Türkiyənin payına
düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində
artım qeydə alınır. Amma hələ
də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji
məhsulları əsas
paya malikdir. Xüsusən də qardaş
ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır. "Əsrin fəlakətinin"
coğrafiyasına və
Türkiyəyə ixracatımızın
kütləsinə diqqət
yetirsək, zəlzələ
iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi
neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir.
Qeyri-neft
sahəsindəki əməkdaşlıq
da davam etdiriləcək. Bu baxımdan,
enerji məhsullarının
qiymətlərində düşüşlər
olmasa, Azərbaycanla Türkiyə arasındakı
ticarət dövriyyəsində
hər hansı ciddi azalma ehtilmal
olunmur".
İqtisadçı-ekspert Pərviz Heydərov isə "525"ə açıqlamasında Türkiyənin böyük iqtisadi potensiala malik olduğunu xatırladaraq nə qədər ağır olsa da, bu fəlakətin onun iqtisadiyyatına ciddi zərər vurmayacağını bildirib: "Zəlzələnin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə, ticarət münasibətlərinə ciddi təsiri olmayacaq. Əvvəla, zəlzələ Türkiyənin müəyyən bir bölgəsində baş verib və Türkiyə dövləti elə bir iqtisadi potensiala malikdir ki, onun bu və ya digər bölgəsində belə fəlakətin baş verməsilə həmin ölkənin iqtisadiyyatı ciddi zərər görməz. Ona görə də Tükiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr baxımından bu faciənin elə də böyük mənfi təsiri gözlənilmir. Əksinə, hesab edirəm ki, iki ölkə arasındakı qarşılıqlı iqtisadi əlaqələr bir az da möhkəmlənəcək".
Zəlzələ nəticəsində minlərlə binanın dağıntıya məruz qalması dünyada. O cümlədən, Azərbaycanda Türkiyə inşaat şirkətlərinin fəaliyyətinə inamsızlıq yarada bilərmi? Pərviz Heydərova görə, inşaat şirkətlərindən tutmuş təmir-tikinti məhsullarına qədər Türkiyənin inşaat sektoru bütün dünyada məşhurdur:
"Düzdür, bu zəlzələ nəticəsində böyük dağıntıların ortaya çıxması və bir sıra tikililərin gözlənildiyindən artıq dərəcədə kəskin dağıntıya məruz qalması bu tikililərin necə ərsəyə gəlməsi barədə müəyyən suallar yaradır. Bu gün, xüsusilə də Türkiyə cəmiyyəti üçün aktual olan bir məsələ var ki, bu tikililər hansı şirkətlər və mütəxəssislər tərəfindən inşa olunub? Alınan məlumatlar onu göstərir ki, bu istiqamətdə araşdırmalara başlanılıb və hətta saxlanılanlar da var. Lakin baş verən faciə türk inşaat mütəxəssislərinin, türk tikinti-inşaat məhsullarının keyfiyyətinə heç bir şübhə yaratmamalıdır. Türk inşaat mütəxəssisləri təkcə Azərbaycanda deyil, Avropada və dünyanın digər ölkələrində də fəaliyyət göstərirlər. Hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrində türk inşaat mütəxəssislərinin təcrübələrindən geniş istifadə edilir. Azərbaycanda da indiyə qədər bu sahədə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər heç bir mübahisə doğurmamalıdır, əksinə, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətləri ilə birgə həyata keçirilən layihələr öz keyfiyyəti baxımından olduqca yüksək qiymətləndirilməlidir".
Fərid SANÇAR
525-ci qəzet.- 2023.- 16 fevral.- S.7.