Məktəbdə psixoloji
xidmət: təhsildə keyfiyyətin yüksəldilməsində
mühüm amil
Bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki
ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə
işə qəbul üzrə müsabiqənin
nəticələri bəlli
olub. İşə qəbul üzrə
müsabiqənin müsahibə
mərhələsinin nəticələri
təhlil olunub, müsahibə mərhələsindən
uğurla keçən
43 namizəd müvafiq
vəzifə üzrə
təyinat alıb.
Psixoloq vəzifəsinə
işə qəbul üzrə müsabiqənin
müsahibə mərhələsində
82 namizəd iştirak
edib. Müsahibə zamanı namizədlərin
vəzifə üzrə
praktik bacarıqları
və şəxsi keyfiyyətləri nəzərə
alınıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi
təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə
tələbatın müəyyənləşdirilməsi,
pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi
Qaydaları"na əsasən, müvafiq proses tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata
keçirilir.
Təhsildə keyfiyyətin yüksəldilməsində
psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə
psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə,
prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklərlə
qarşılaşan, inkişafı
və davranışında
çatışmazlığı olan uşaqların üzə çıxarılması
məqsədilə şagirdlərin
intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji
xüsusiyyətlərini öyrənmək,
siniflərdə və
qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu öz
vəzifələrini yerinə
yetirmək, qarşıya
qoyduğu məqsədə
çatmaq, daha doğrusu, təhsilalanların
psixoloji sağlamlığına,
təhsil uğurlarına
nail olmaq üçün
məktəb rəhbərliyi,
müəllim və valideynlərlə birgə
fəaliyyət göstərir
və məsləhətlər
verir. Bir sözlə, məktəb
psixoluqunun başlıca
məqsədi təhsilalanlar
və təhsilverənlər
üçün əlverişli
psixoloji inkişaf mühitinin yaradılmasına
nail olmaqdır. Dünyanın bir çox ölkəsində -ABŞ, Fransa,
Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya, Türkiyə məktəblərində
iki, üç psixoloq xidmət göstərir. Azərbaycan məktəblərində
də şagirdlər
psixoloq dəstəyindən
yararlana bilirlər.
Elm və təhsil naziri Emin Əmrullayevin
fikrincə, məktəb
psixoloqları tədrisdə
olduqca vacib rola malik insanlardır:
"Məktəb psixoloqlarının
sayı sinif komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Elm və
Təhsil Nazirliyi olaraq bu istiqamətə
daha çox diqqət ayırmalıyıq.
Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi
öhdəmizə götürürük.
Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və
təhlükəsizliyi Təhsil
Nazirliyi üçün
prioritetdir".
Nazirin dediyinə görə, hazırda məktəblərdə
çox keyfiyyətli
psixoloji xidmətin qurulması istiqamətində
işlər aparılır:
"Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir.
Əksər ölkələrdə
bu, lisenziyalarla tənzimlənir, kifayət
qədər ağır
tənzimlənən bir
məsələdir. Bu mənada, çalışırıq
ki, daha keyfiyyətli mərkəzləşmiş
psixoloji xidmət quraq".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, həyatın bütün sahələrində
psixoloqlara ehtiyac var. Xüsusən də, insanların təhsil aldığı məktəblərdə
onlar hökmən çalışmalıdır. Psixoloq məktəbdə
olan bir çox qüsurları üzə çıxaran
şəxsdir. O, sahəsinə
yaxından bələd
olub, onun dərinliklərini bilməlidir.
Küçədən gətirib
kimisə psixoloq qoymaq olmaz ki!
Ona görə də o, müəyyən təhsilə
yiyələnməlidir. Həmçinin, təhsildən xəbərdar
olub, proqramları mənimsəməlidir. Məktəblərdə lazım olan pedaqoqlardan biri də psixoloqlardır.
Sovet dönəmində məktəblərdə
bu işçilərə
ehtiyac yox idi. Sonra isə biz dünyaya
açılaraq, yeni quruluşda yaşamağa
başladıq. Məlum oldu
ki, bizə də psixoloq lazımdır".
Təhsil
eksperti Nadir İsrafilovun
sözlərinə görə,
məktəbdə psixoloji
xidmətin başlıca
məqsədi uşaq,
yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla
onların təhsil müvəffəqiyyətinin artırılması,
əsas vəzifəsi
isə şagirdlərin
təlim və tərbiyəsi sahəsindəki
çətinlikləri, onların
şəxsi və intellektual inkişafındakı
qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə
sahəsində aparılan
işin səmərəliliyini
yüksəltməkdə, sosial
cəhətdən fəal,
yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında
pedaqoji kollektivə köməklik göstərməkdən
ibarətdir, bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən məktəbin işi şagirdlərə təkcə
bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün
komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir.
Əlbəttə, söhbət
məktəblərdə işini
bilən, ixtisaslı,
işinin öhdəsindən
gələn psixoloqlardan
gedir: "Müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların
məktəb təliminə
hazırlığı səviyyəsini
aşkara çıxarmaq,
onların məktəb
təlimi şəraitinə
və məktəb həyatına daha yaxşı uyğunlaşmasını
təmin etmək üçün müəllimlərlə
birlikdə fərdi iş aparmaq, uşağın həyatında
keçid və böhran dövrlərini xüsusi nəzarətdə
saxlamaq, uşaqların
ilk dövrdən təlimə
hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən
uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin
intellektual, şəxsiyyət
və iradi-emosional sferasının diaqnostikasını
həyata keçirmək,
onların korreksiyasını
aparmaq, şagirdlərin
müəllimlərlə şəxsiyyətlərarası
münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara
çıxarmaq və
aradan qaldırmaq kimi konkret və
həlli vacib vəzifələr qoyur".
Təhsil eksperti qeyd edib
ki, rəsmi məlumata görə, hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində
3 mindən çox psixoloq çalışır. Bununla belə
Azərbaycanda Təhsilin
İnkişafı üzrə
Dövlət Strategiyasının
qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər
görülməsinə baxmayaraq,
istənilən halda ümumtəhsil məktəblərində
psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız
və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir.
Həkim-psixoloq Xəyalə Məmmədovanın
fikrincə, hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə
bir yox bir
neçə psixoloq psixoloji dəstək göstərməlidir: "İbtidai
siniflərdə təhsil
alan şagirdlər
fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin
isə tamamilə başqa psixoloji dəstəyə ehtiyacı
var. İbtidailərin çoxunun
valideyndən ayrı düşmək və yalqız qalmaq qorxusu olur. Bu səbəbdən də onlar məktəbə
ağlayaraq gəlir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif
şagirdləri ndə
isə yetkinlik dövrünə xas xüsusiyyətlər müşahidə
olunur. Onların bir-biri ilə
yola getməməsi, aralarında münaqişənin
yaranması, dərsdən
yayınmaları, zərərli
vərdişlərə meyl
etmələri bu şagirdlərin ciddi psixoloji dəstəyə ehtiyac olduğunu göstərir. Bəzən isə
ailədə problemin olması, valideynlər arasındakı gərginlik
də şagirdin psixologiyasına mənfi təsir edir. Bu kimi halları
nəzərə alaraq
məktəblərdə şagirdlərə
psixoloq xidmətinin göstərilməsi vacibdir.
Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə
necə davranmalı olduğunu yaxşı bilir".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaq, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlara ehtiyac var.
"Ümumi təhsil haqqında" Qanununun tətbiqi barədə" Prezidentin müvafiq Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əsasən, Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı belə müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid; 1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ) tərəfindən mütəmadi olaraq məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd edən, eyni zamanda, zorakılığa məruz qalan uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 17 fevral.- S.15.