Ana dilimizə qayğı:
keçmişə ehtiram, gələcəyə
təminat
21 Fevral bütün
dünyada Beynəlxalq
Ana dili günü kimi qeyd olunur. Hər bir əlamətdar günün olduğu kimi bunun da
maraqlı və ibrətamiz tarixçəsi
var: Birləşmiş Millətlər
Təşkilatı 1999-cu ilin
noyabrında Banqladeş
səfirinin təşəbbüsü
ilə fevralın
21-ni Beynəlxalq Ana dili
günü elan edib. Dünyada məhv olmaq təhlükəsilə
üzləşən dillərin
qorunması məqsədilə
hər il keçirilən Beynəlxalq
Ana dili günü hər kəsə öz doğma dilinin varlığını
hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf
etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil millətin
ən əsas milli dəyəri və onun milliliyini
təmin edən vacib atributudur. Çünki milli varlığımızı
mədəni təməllərə
bağlayan dilimizdir.
Bu dil millətimizin
təsdiqini və milli özünüdərkini
müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs
olunanda, ilk növbədə
ana dilimiz yada düşür.
Bizim milli birlik və
həmrəyliyimizi təmin
edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının
vətəndaşlıq borcudur.
Çünki bir milləti
ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə
tarixi hadisə, milli dövlətçilik
tarixinin qızıl səhifəsidir. Bu məqam millətin bir millət olaraq təsdiqidir. Çünki dilin dövlət
dili statusuna yüksəlməsi millətin
öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin
zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük
mütəfəkkirlər dilimizə
layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı
dilimizin ərəbcədən,
XV əsrdə Əlişir
Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdi. Qədim və orta əsrlərdə ən ali
məqamlarda yad dillərin hökmranlıq
sürdüyü dönəmdə
- XIII əsrdə İzzədin
Həsənoğlu qəzəllərini
o dövrün "hakim" dillərində deyil, məhz ana dilində
yazmağa üstünlük
verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları,
Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik" poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik
və incəliklərini,
insan ruhunu ovsunlayan musiqili təsirini özündə
əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü
sözlüyündə olan
kəlmə xəzinəsi,
yəni lüğət
tərkibinin zənginliyi
ilə ölçülür.
Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq,
yadlaşdırmamaq, təmizliyini
qorumaq, onu zənginləşdirmək qayğısına
qalmaq hər birimizin vətəndaşlıq
borcudur. Bütün dönəmlərdə
ziyalılarımız, xüsusilə
də şair və yazıçılarımız
Azərbaycan dilinin saflığı uğrunda
qətiyyətlə mübarizə
aparıblar. Lüğət tərkibinin məna
çalarlarının zənginliyinə
görə, dünyanın
ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş
ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni
əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər
yaratdılar. Xalq yazıçısı
Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün
ziddiyyətləri, təzyiqləri
ilə üzləşərək
vəzifəsindən azad
edildi, sərt münasibətlərlə üzləşdi,
amma əqidəsindən
dönmədi. Zaman böyük
yazıçının arzularını
təsdiqlədi. Ümummilli Lider
Heydər Əliyev hələ sovet dövründə quruluşun
müəyyən təzyiqlərinə,
diktələrinə baxmayaraq
Azərbaycan dilinin ölkəmizdə dövlət
dilinə çevrilməsində
böyük xidmətlər
göstərdi. Dilin inkişafı
ilə bağlı Ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış
və məruzələrdə
vaxtaşırı bu
məsələdə ortaya
çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər,
ələlxüsus da,
ana dili nə qədər xalqın keçmişini,
qədimliyini özündə
əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur
və məişət
dili səddini keçə bilmir, ali məqamlarda
təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə
bütün fəaliyyəti
boyu himayədarlıq
edən Ümummilli Lider Heydər Əliyev ana dilimizə layiq olduğu statusu verdi və
bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı,
işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə
yol tapması ana dilimizin gözəl
bilicisi, mahir natiq Ulu öndər
Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir.
Bu siyasətin əsası hələ
1970-ci ildə qoyulub.
Heydər Əliyev həmin il
Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış
edir. Az
keçməmiş bu
dil dövlət əhəmiyyətli tədbirlərə
yol açır və ali kürsü
dili səviyyəsinə
qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan
dilinin dövlət dili kimi qəbul
edilməsi isə həmin dövr üçün əhəmiyyətli
hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl
qəhrəmanlıq və
uzaqgörənlik nümunəsidir.
Həmin
dövrdə Azərbaycanda
ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla
bağlı ənənələrin
nəzərə alınmaması
indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli
sənədlər qəbul
edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul
olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç
kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
2001-ci il iyunun 18-də Ümummilli lider Heydər Əliyev "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman
imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük
imkanlar yaratdı.
Həmçinin, Ulu öndərin Azərbaycan
Respublikasına rəhbərliyinin
müstəqillik dövrünü
əhatə edən ikinci mərhələsində
"Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust
2001-ci il) sərəncamı yeni tarixi mərhələdə
dövlət dili siyasətinin miqyasını
daha da genişləndirib.
Ana dilimizin daha da inkişaf etdirilməsi, işlənməsi
və saflığının
qorunması ilə əlaqədar müxtəlif
illərdə dövlət
başçısı tərəfindən
fərmanlar imzalanıb
və Milli Məclis qanunlar qəbul edib. 2002-ci ilin
30 sentyabrında "Azərbaycan
Respublikasında Dövlət
dili haqqında" Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə
ehtiyaclarının ödənilməsi
istiqamətində daha
bir addımdır. Bu sənəd Ümummilli
Lider Heydər Əliyevin xalqımıza
və onun dilinə tükənməz
məhəbbətinin, qayğısının
parlaq nümunələrindən
biridir.
Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə
göstərilən diqqət
və qayğı onun milli-mənəvi varlığının qorunub
saxlanılması və
daha da möhkəmləndirilməsi
deməkdir. Bu mənada
son yarım əsrdə
Azərbaycanda ardıcıl
olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın
təkamülündə dil
faktoruna verilən böyük önəmi qabarıq şəkildə
nəzərə çarpdırır.
Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında" sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Eyni zamanda çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dövlət dilinin birinci inkişaf proqramı kimi mühüm əhəmiyyətə malikdir. 13 noyabr 2013-cü ildə "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" hüquqi sənəd dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaradıb.
17 iyul 2018-ci ildə "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" verilmiş Prezident Sərəncamı isə dövlət dilimizin xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Bu fərmanı Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.
Ana dilimiz
əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç
bir dilin təsirində
əriməyən, şirinliyini,
axıcılığını,
anlaşıqlılığını itirməyən, illər,
əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim
hər birimiz bu dilin saflığının qorunmasının
qayğısına qalmalıyıq.
Zülfiyyə
İSMAYIL
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
525-ci qəzet.- 2023.- 17 fevral.- S.14.