Tərk edilmiş yuvalar
Hekayə
Görkəmli yazıçı-publisist Əli
İldırımoğlunun "Tərk edilmiş yuvalar"
adlı lirik hekayəsi Moskvada nəşr olunan
"Literaturnaya qazeta"da işıq üzü
görüb.
Hekayəni rus dilinə tanınmış ədəbiyyatşünas-alim,
filologiya elmləri doktoru Abuzər Bağırov çevirib.
Əli İldırımoğlu (1927-2020) Qubadlı
rayonunun Əliquluuşağı kəndində dünyaya
göz açıb. "Qızıl qələm"
mükafatı (1963), Əməkdar jurnalist (1988),
"Şöhrət" ordeni (2007) və digər fəxri
ad və mükafatlara layiq görülüb. Ədib 12 cildlik (2017) əsərlər müəllifidir.
"Közərən sətirlər", "Mənim rəncbər
atam", "Əmrahsız qalan dağlar", "Daş
yağan gün", "Aqibət", "Qarlı gecələr",
"Zorən jurnalist", "Həmin adam", "Silinməz
izlər", "Telepat", "Çınarlı",
"Dərd" və başqa kitabları Azərbaycan ədəbiyyatı
tarixində yazıçıya fəxri yerlərdən birini
qazandırıb. Əsərləri rus, türk, rumın, fars, fransız və başqa dillərə tərcümə
edilib. "Tərk edilmiş yuvalar" hekayəsini
təqdim edirik.
Baharın ətirli rayihəsi duyulanda bir cüt quş səmada
yorğun-yorğun qanad çalır. Uşaqlar yaşlarına uyğun təntənə
ilə eyvana çıxır, onların rəvan
uçuşuna riqqətlə nəzər salır, sevinirlər:
- Leyləklər
gəldi, - deyirlər. - Sən bir bunların etibarına bax. Qərib ellərdən yenə də bizi yad etməyə
gəliblər. Xoş gəliblər, səfa
gətiriblər.
Quşlar ulu çinarın həndəvərində
neçə dəfə ağır-ağır dövə
vurur, sonra da onun əmanət saxladığı yuvalarına
baş çəkirlər. İncə və
yaraşıqlı boyunlarını geriyə qatlayıb, uzun
dimdiklərini şaqqıldadırlar. Gəldiklərini
car çəkirlər. Sonra susurlar,
gözlərini məchul nöqtəyə zilləyib xəyala
dalırlar. Ətrafa boylanırlar. Sanki uzaq səfərdə olarkən bu yerlərdə
baş verən dəyişikliklərə diqqətlə nəzər
salırlar. Gecə-gündüz Qubadlı
qəsəbəsinə layla çalan Bərgüşad
çayının qabağındakı beton bəndlərə,
sahildə ucaldılan yeni binalara, genişlənən yollara
baxırlar. Yerlərindən tərpənmədən
qanad çalırlar. Elə bil burada
yaşayıb-yaradan qadir adamların hünərini
alqışlayırlar.
Bir qədər dincəldikdən sonra yenə də
ağır-ağır havaya qalxırlar, səmada
qoşalaşırlar, uçurlar, aralaşırlar,
uzaqlaşdıqca balacalaşırlar, nöqtə olurlar,
gözdən itirlər. Çox keçmir ki, yenə də geri
dönürlər. Çör-çöp
gətirirlər. Yumşaq ot
daşıyırlar, palçıq hazırlayırlar. Payızdan atıb getdikləri komada "təmir"
başlanır. Qarlı, yağışlı günlərdə
pərgarı pozulan yuvalarını səliqə-sahmana
salırlar, içərisinə dönə-dönə
sığal çəkirlər... Bala arzusu, bala həsrəti
ilə...
Bu dəyirmi yuvadan, bu sərin komadan neçə-neçə
bala pərvazlanıb. Ata-ana yenə də: - Yerləri rahat olsun, yumşaq
olsun. Bu doğma çinarın yaşıl
qanadları arasında dünyaya göz açacaq bir cüt
balamız zavala gəlməsin, - deyirlər.
Əlbəttə, onların da öz dərd-səri var.
Yaşamaq, yaşatmaq dərdi. Bala dərdi, nəsil artırmaq
qayğısı... Sübhün xəfif mehi əsrlərin
şahidi olan qocaman çinarın qırçınlı
yarpaqlarını titrədəndə yuvalarından
çıxır, gölməçələri
dolaşır, Bərgüşadın mavi ləpələrində
yuyunur, ov edir, balalarına yem tədarükü görürlər.
Yumurtadan təzəcə çıxan balalar ilk
baxışda necə də eybəcər görünür. Onlara
adamın qanı da qaynamır. Ancaq
ata-anaları üçün əzizdir. Səhərdən-axşamacan
zılqaların nazını çəkirlər. Neçə dəfə yem gətirirlər.
Balalar ətə-qana dolur, ağlı-qaralı dona
bürünürlər. Gözəlləşirlər,
yenicə bərkiyən dimdikləri ilə özlərinə
dönə-dönə tumar vurur, sığal çəkirlər.
Ayaqları da, gözləri də
gün-gündən gözəlləşir. Hcç ata-analarından seçilmirlər. Bir dünya sevinc olurlar. Ata-ana
tez-tez dimdiklərini şaqqıldadır, sanki əzab-əziyyətlə
böyüdüb pərvazlandırdıqları balaları ilə
fəxr edirlər. Fərəhlənirlər,
atılıb-düşürlər, şənlənirlər.
Adamlara doğmalaşırlar, mehribanlaşırlar. Əkinçilərin
həndəvərində dolanırlar. Heç
kəs onlara qıyıb əl qaldırmır. Günorta süfrəsi açılanda
quşları unutmurlar. Onlara ayrıca pay tuturlar.
Qışın sorağı gələndə
görünməz olurlar. Ailəlikcə
köçürlər. İsti ölkələrə,
qərib diyarlara. Quşların gedişi
uşaqlara bir nisgil olur. Yalnız kimsəsiz
yuvaya baxdıqca təsəlli tapırlar. Kövşənlərdə,
telefon dirəklərinin başında, çay sahillərində,
köl qırağında onların yeri görünür.
Həmişə belədir. On ildir, yüz ildir.
Bəlkə də çox. Üç il bundan əvvəl... yenə də gəldilər.
Uzun dimdiklərini irəli uzadıb, çəlimsiz
qıçlarını arxada cütləyib qoşa qanad
çala-çala. Amma bir gün.. Bir gün haradasa tufan qopdu. Kiminsə
barmaqları tufəngin tətiyində gəzdi. Hansı
namərdinsə qəfil gülləsi açıldı...
Bir də ki, kim bilir, nə çoxdur
buradakı yalçın qayalarda pusquda duran yırtıcı
quşlar. Zavallı quşların qənimi.
Hansının caynağına keçdi?!
Bu sirri bilən olmadı! Bircə onu bildilər
ki, quşların biri yuvasına qayıtmadı. Ana leylək tək-tənha qaldı.
Yuvanın kənarına qondu. Qəmgin-qəmgin o tərəf-bu
tərəfə boylandı. Daha iri
qanadlarını gərmədi, incə boynunu nazlana-nazlana
qatlayıb, dimdiklərini şaqqıldatmadı. Görkəmində hüznlü bir ifadə
duyulurdu. Gətirdiyi əyri
çöpü də yuvasına qoymadı. İncik-incik bir kənara tulladı. Yuva düzəltmək arzusu ilə gətirdiyı həmin
uzun və haça çöp çinarın bir
qanadından asılı qaldı.
Ana çox gözlədi. Lap səhərəcən.
Nigarançılıqla ayaqlarının birini
götürüb, o birini qoydu. Gözlərınə
yuxu getmədi. Səksəkəli
baxışları səmanın ənginliklərində gəzdi,
quşların hənirtisini dinlədi. Ancaq
gördüm deyən olmadı. Ata quş
gəlmədi ki, gəlmədi. Elə bil
qeyb oldu.
Ana quşun səbri daha tükəndi. Ömür
yoldaşından əlini birdəfəlik üzdü. Həmişə dinclik tapdığı isti
yuvası artıq ona soyuq göründü. Yad oldu. Ağır dərd oldu.
Quşcuğaz dərdli-dərdli qanad
çalıb yuvasını tərk etdi, çinarla həmişəlik
vidalaşdı. Qəsəbənin kənarında
göyə yüksələn iri dəmir borunun başına
qondu. Qışda soyuyub buza dönən,
yayda qızıb isti dəmir olan borunun. O gündən nə
çinara tərəf yönəlir, nə də yuvasına.
Payıza
dönəndə tutqun səmada köçəri
quşların qatarı göründü.
Hacıleyləklər də, qaranquşlar da yad ölkələrə
üz tutdular... Ancaq tənha quş getmədi.
Qaldı, həmişəlik, yalqız.
Bu hadisənın
şahidi olan qəsəbə sakini Əlipənah kişi deyir ki, düz üç ildir belədir.
Tənha qalan ana leylək bu dəmir borunun
üstündə özünə məskən salıb.
Sübh tezdən dərd əlindən haraya isə
baş alıb gedir, qaş qaralanda yerində
görünür. Sakit, səssiz. Bircə gecəyarından keçəndə onun
boğuq və tutqun səsi ətrafa hakim kəsilən
sükutu pozur. Kim bilir, nə deyir, nə
danışır?! Bəlkə dərdini
gecənin səssiz dərinliklərinə nəql edir, taleyindən
şikayətlənir?!
Deyir ki, o gündən insanlara da səmtimir, quşlara
da. Heç öz nəslindən olan leyləklərə
də yaxınlaşmır. Kənar gəzir,
tənha dolanır. Gündüzlər onun
həmdəmi naməlum və kimsəsiz çöllər,
gecələr bu damir olur. Üç ildir ki, ana leyləyin
günü, bax, beləcə keçir...
Əlipənah
kişi öz həyatına bənzəyən
bu macəranı danışıb susdu, doluxsundu. İxtiyar qocanın dərin qırışlar
düşmüş solğun çöhrəsində
yaş gilələdi. O, ulu Çinarın qalın
kölgəsində çəliyinə dirsəklənmişdi.
Evləri xeyli aralıdakı təpənin ətəyində
olsa da, burada dayanıb dincəlməyi adət edib. Lap uşaq yaşlarından. Elə
indinin özündə də. Nə
çoxdur iri ağaç, qalın kölgə. Ancaq buradakı sərinlik, dinclik qədər ürəyinə
yatmır. Yaşı yüzü haqlasa da
rahatlığını, şənliyini, sevincini burada
axtarır, burada da tapır. Qocaman
çinarın dibində.
Əlipənah xəyallanır, fikir dünyasında
uşaqlıq çağlarına qayıdır. Gözünü
qıyıb əlindəki iri saqqa ilə aşıqların
cərgəsini tuşladığı, dirədöymə
oynayarkən belindəki enli qayışla
tay-tuşlarını dəyirmi cızıqda hərim-hərim
hərlədiyi, Novruz bayramı gələndə
anasının soğan qabığının suyunda boyadığı
yumurtalardan qatar qoyduğu illərə...
Çinarla qoşa dayananda elə bil həmin o illərinə
dönür.
İtirdiyi gəncliyini tapır,
uşaqlığına qayıdır. Fikrən yenə
də yüngülləşir, yüyürür,
yıxılır, yerə dəyən dizlərinin
ağrısını duymur, dirsəyinin siyrilməsini hiss
etmir, yoruldum demir, dinclik bilmir.
Yenə də...
İti bıçağı ilə yoğun
gövdəsində silinməz izlər qoyduğu "həmdəmi"
ilə yanaşı dayanıb. Əlipənah kişi tənha quşun barəsində xeyli
danışdı. Sonra o, demisinə qullab vuraraq:
-
İkinci kərədir ki, bu cür hadisənin şahidi
oluram, - dedi və aramla sözünə davam etdi. -
Özümü bağışlaya bilmirəm. Onda
on yaşım olardı, ya da olmazdı. Ağaclar
təzə pöhrələyirdi. Quşların
yuva quran vaxtı idi. Qonşumuzun dəcəl-xata
uşaqları məni başdan çıxartdı. Əlimiz dinc durmadı. Bu
çinara dırmaşdıq. Leyləklərin
yumurtasının birini çırpışdırdıq.
Yerinə qarğa yumurtası qoyduq. Sonra xəlvət bir küncə çəkildik.
Quşların gəlişini gözlədik.
Leyləklər qayıtdılar. Yuvalarının üstünə qondular. Gözləri yad yumurtaya sataşanda xeyli tərəddüd
etdilər. Onların arasında bir soyuqluq
duydum. Ata leylək ikrahla kənara çəkildi.
Sonra küskün, qəzəbli halda havaya
qalxdı. Elə o gedən idi,
qayıtmadı. Ana leylək tək
qaldı. Yetim oldu. Yuvasının kənarında
vurnuxdu...
Həftə tamam oldu. Yad yumurta olan
yuvasına səmtimədi. Sanki ata
quşun şübhəsini duymuşdu. Özünü
təqsirkar kimi aparırdı. Suçlu
kimi görünürdü. Bəlkə də
günahsız günahını yumaq üçün bir
fürsət axtarırdı.
Elə də oldu. Çiskinli bir gün ana quş qəmgin-qəmgin səmaya qalxdı. Qəsəbənin göylərini dolandı. Birdən qanadlarını yanına qısıb üzüaşağı şığıdı. Birbaş qonşumuz Əsmərin həyətində alovlanan qızmar təndirin içinə... Ana leylək bax, beləcə özünü həlak etdi. Tüstüsü ərşə dirəndi. Bir ovuc külü qaldı.
Əlipənah kişi sözünə ara verdi. Onun köksü enib-qalxdı:
- Bu da
ikinci məcara, - dedi.
Əlipənah
kişi çinara baxdıqca elə bil
onun qırçınlı yarpaqlarına, əyri-üyrü
qol-budaqlarına həkk olunmuş gənclik hekayətlərini
oxuyurdu. Elə bil tərk olunmuş uçuq yuvalarda
keçirdiyi həyatını uğurlu, uğursuz səhifələrini
vərəqləyirdi...
1982-ci il
Əli
İLDIRIMOĞLU
525-ci qəzet.- 2023.- 17 fevral.- S.13.