Türkəçarəyə folklor janrı prizmasından baxış  

 

 (Əvvəli ötən sayımızda)

 

Tibbi məsləhətlər digər bütün kateqoriyadan olan məsləhətlərin özülündə dayanır. Bunu türkəçarə məsləhətlərini ayrı-ayrılıqda nəzərdən keçirdikdə daha yaxşı başa düşmək mümkündür.

Gigeyenik türkəçarə məsləhətləri:

1) Ağız burun boşluğu təmiz olmalı, müntəzəm olaraq su ilə yaxalanmalıdır, tez-tez qarqara edilməlidir. Yoluxucu xəstəliklərdən qorunmaq üçün içilən suyun tərkibinə limon qatmaq məsləhət görülür. Burun boşluğunu təmiz saxlamaq üçün ovuca doldurulmuş su qismən buruna sorulur, sonra geri buraxılır. Bu üsulla nəfəs yolu yoluxdurucu xəstəliklərin fəsadlarından xilas olur.

2) Əyin-baş tez-tez dəyişdirilir, dəyişdirilən paltarlar yaxşıca yuyulur.

3) Adamlar çox yaxın durmaqdan qaçmalı, məsafə saxlamalıdırlar, hər kəs nəfəs çatacaq məsafədən uzaq dayanmalı, əllə görüşməkdən çəkinməli, görüşərkən qucaqlaşmamalı, öpüşməməlidirlər. Məsafə gözləmək mümkün olmayan məqamlarda yaşmaqlanmaq vacibdir, kişilər bunu şərflə, qadınlar baş örtüyü ilə edirlər.

4) Hər kəs oturub-durduğu yeri, başqalarının toxunduğu əşyaları yuyub təmizləməli, yaxşıca silməli, bu zaman təmizləyici kimyəvi məhlullardan istifadə etməlidir.

5) Hər kəs yatdığı, oturduğu, yemək yediyi otağın havasını tez-tez dəyişməlidir.

6) Hər kəs istifadə etdiyi, başqalarından aldığı əşyaları təmizləməli, silməli, yumalıdır.

Gigiyenik türkəçarə məsləhətləri ərə gedən qadınlar üçün təlimat xarakteri daşıyır. Bu məsləhətlər geyim, cəmək, təmizlik, ərzağın saxlanılması, yataq dəstlərinin döşənəcəyin qorunması kimi sahələri əhatə edir. Qadınlar üçün olan bu məsləhətlər xəstəliklərin əsasən ev şəraitində türkəçarə metodları ilə müalicəsindən ibarətdir. Mədə, iştaha, ürək, babasil, ağız, burun dərmanları əslində müxtəlif bitkilərdir. Məsələn, saç vasitələri hər kəs üçün maraqlıdır: "Yumurta sarısını dəmir tavada, od üzərində yanmaq həddini keçənədək bişirdikdən sonra alınan yağı saça sürtükdə dibini bərkidir təzə saç gətirir. Ardıcı döyüb yumşaltdıqdan sonra sirkə ilə qatıb xəstəlik nəticəsində saçın tökülməsinə qarşı istifadə edirlər. Bənövşə yağı tük tökülməsinə qarşı münasib dərmanlardan biri sayılır... Müntəzəm turp yemək tükü bərkidir". Dişin dibindəki ətin möhkəmləndirilməsi, iltihabın aradan qaldırılması üçün bitkilərdən istifadə olunur.  Çöl nanəsini, kəklikotunu çeynəmək, nar çiçəyini qaynadıb qarqara etdikdə dişin dibini bərkidir. Türkəçarəçilərin dili ilə desək, bütün bu tədbirlər ev şəraitində, həkimə müraciət etmədən həyata keçirilir.

Gimnastik türkəçarə məsləhətləri:

1) Açıq havada gəzmək, piyada yerişə üstünlük vermək vacibdir.

2) Səhər yuxudan qalxanda, axşam yatanda yatağın içindəcə gimnastik şəkildə əl-qol hərəkətləri etmək, əzələləri oynatmaq lazımdır. Səhər yuxudan qalxanda bir neçə dəfə oturub-durmaq, əlləri üstə yatıb-qalxmaq, yerində qaçışlar etmək, boyun əzələlərini oynatmaq, burunətrafı əzələləri tez-tez ovuşdurmaq, alnı, boğazı masaj etmək vacibdir.

Kulinar türkəçarə məsləhətləri:

1) Çayın tərkibi hər kəsin sağlamlıq durumuna uyğun olmalıdır: böyrək çatışmazlığı olanlar itburnu, cəfəri qatqılı çay dəmləyib içməlidir; qan laxtalığı olanlar limon, nanə, dəfnə yarpağı qatqılı çay dəmləməlidir; təzyiqi olanlar itburnu, çobanyastığı (bəbənək), qaragilə, nar qabığı qatqılı çay dəmləyib içməlidirlər sair.

2) Yeməyin növləri sağlıq durumuna görə olmalıdır: qan azlığı olanlar yerkökü, çuğundur, kələm qarışığı olan salatlara üstünlük verməli, səhərlər qaynadılmış yumurtadan, baldan, mürəbbədən istifadə etməlidirlər, həmçinin, meyvə-tərəvəz qəbulu önəmlidir. El arasında deyildiyi kimi, sulu xörəklərə üstünlük verilməli, xəşil, dovğa, südlü bişirilməli, ağartılardan (süd, qatıq, qaymaq, süzmə, şor, pendir sairdən) bolluca istifadə edilməlidir.

Kulinar türkəçarə məsləhətlərinin böyük əksəriyyətini tövsiyələr tərtiblər təşkil edir. Düzgün qidalanma sağlamlığın özülündə dayanır. İsti iqlim qurşağında yaşadıqlarından insanlarımız, kəsdikləri heyvanın tez xarab olan hissələrini  bişirər, sal ətlərini isə xüsusi üsulla - "lavaşı" doğrayıb qurudardılar. Sonra bu qurudulmuş ət, yəni qaxac müxtəlif sulu xörəklərin hazırlanmasında istifadə olunardı.

Bölgələrin mətbəx mədəniyyətini bəzəyən xörəklərdən biri kətədir. Kətənin növləri çoxdur. İçalat kətəsi ən dadlı kətə sayılır. Bundan başqa, tərə (yəni göyərti) kətəsi, yeralması kətəsi, boranı kətəsi sair kətələr yağlı dadlı olurdu. Tərə kətələrinə cincilim, gicitikan, əvəlik, yarpız, quşəppəyi, şomtərəsi, şüyüd, cəfəri, vəzəri, keşniş kətələri daxildir. Aranda əkinçilik daha çox inkişaf edib, dağlıq hissədə isə maldarlığa üstünlük verilir. Buna görə aran bölgəsində bitki məhsullarından hazırlanmış xörəklər yeyilir. Dənəva (buğda, noxud, sümüklü ət, alça turşusu ilə hazırlanır), soğansu (ətsiz, yeralması soğanın yağda qovurmasına su əlavə etməklə hazırlanır), şoraba, dovğa, südlü , xəşil sair xörəklər daha çox Aran bölgəsində hazırlanırdı. Təbii ki, bu bölgənin səhər süfrəsini şor, pendir, qaymaq, qatıq yağ zənginləşdirirdi. Yağ şor yaxmacları səhər yeməyinin özülündə dururdu. Bu məhsullara ağartı, bəzi kəndlərdə ağarantı deyirlər. Günortaya balıq, ət, meyvə, göyərti süddən müxtəlif yeməklər hazırlanırdı. Günorta yeməyini saciçi, çobanqovurması, basdırma, qaynatma kimi ət xörəkləri bəzəyirdi. Şamda isə sulu xörəklərə üstünlük verilirdi. Düyü xörəklərini şahanə yeməklər sayırlar. Plovun saysız-hesabsız növləri mövcuddur. Səbzi plov (göyərti ilə), boranı (balqabaq) plov, maşlı plov, noxudlu plov, kişmişli plov, xurmalı plov, lərgəli plov sair xüsusi metodlarla hazırlanırdı. Maraqlıdır ki, plovun qazmağı (qazandibi) əridilmiş yağla süfrəyə verilir hamı tərəfindən ləzzətlə yeyilir.

Ət xörəkləri qazanda, tavada şişd

ə bişirilir. Ən tez hazırlanan ət xörəkləri sırasına şişdə bişirilən xörəklər daxildir. Bölgədə lap qədim zamanlardan saxsı qablarda yemək hazırlandığından bu qablar üçün xörəklərin müxtəlif növlərini düşünüb hazırlamışlar. Saxsı qablarda bişirilən xörəklər əsasən, sulu xörəklərdir.

Bölgələrdə ocaqda bişən xörəklərlə yanaşı, təndir xörəkləri xüsusi yer tutur. Təndirdə təkcə çörək, külçə, şor çörəyi, bamiyə, qutab, lavaş fətir bişirilmir, təndir həm küz yeməklərin hazırlandığı bir yerdir. Burada balıq ləvəngisi, toyuq ləvəngisi, müxtəlif növ kətələr, qızartma bozartmalar bişirilirdi. Ov quşlarının qovurması, qızartması, qaynatması hazırlanarkən onlara istiot, yaxud acı bibər sürtülürdü. Bu xörəyi dadlı edir bişmiş vəziyyətdə uzun müddət saxlamağa imkan verirdi.

Aclıq qida vasitələri ilə müalicədən daha təsirli vasitədir. İslam aləmində orucluğun bir nəticəsi insanların mədə-bağırsaq, qan, ciyər digər daxili orqanlarının xəstəliklərindən qurtulmağa xidmət edir. Orucluq müalicə vasitəsi sayılır. Türkəçarəçilər bəzi xəstəliklər üçün bir neçə günlük aclığı əlac bilirlər. Hətta belə bir fikir söyləyirlər ki, çox ac qalan insan daha çox yaşayır, uzun sağlam ömür sürür. 

Kulinar məsləhətlərin içərisində tərtiblər xüsusi əhəmiyyət daşıyır. Əl daşları (kirkərələr) dən üyüdülməsində qədim vasitələrdir. Əl daşlarında noxud, lərgə və buğdanı dənəvar halda çəkib müxtəlif xörəklər hazırlayırdılar. Sonralar su dəyirmanlarına və digər texniki avadanlıqlara üstünlük verildi.

Meyvə ağaclarının bolluğu bu bölgələrdə müxtəlif meyvə məhsullarının və içkilərin hazırlanmasına yol açıb. Alma, heyva, üzüm, əncir, gilas, alça bölgənin müxtəlif qida məhsulları və içkiləri hazırlanan meyvələridir. Buraya bostan bitkilərindən hazırlanan qida məhsullarını da əlavə etmək olar. Novruz bayramı günlərində hazırlanan xörəklərin çeşidini qovurğa, qovut və səməni halvası bəzəyirdi.

Xalq mətbəx mədəniyyətinə yüksək qiymət verdiyi üçün gəlin köçən qızlara cehiz kimi mətbəx avadanlığını da qoşur. Hətta bu günün özündə belə gəlinlərə lavaş yaymaq, xəmir eləmək üçün xüsusi qablar, döyəclər, oxlovlar və həvəngdəstələr verilir. Bu da elin-obanın tarixi mətbəx mədəniyyətinə ehtiramından irəli gəlir.

Türkəçarə vasitələri və tədbirləri daha önəmlidir. Vasitələr əsasən, bitki, ət və süd kimi qida məhsullarından ibarətdir. Analar və hamilə qadınlar üçün olan tövsiyələr əməli xarakterlidir. Məsələn, südü az olan analara tövsiyə olunur ki, müntəzəm çay içib, sulu meyvələr və bostan bitkiləri yesinlər. Bundan başqa, türkəçarəçilər analara südlərini artırmaq üçün elə süd içməyi məsləhət görürlər. Türkəçarəçilərin kökəlmə və arıqlama məqsədi ilə müalicə metodları tədbirlər adlanır. Kökəlmək üçün iştah açan qidalar tövsiyə edilirsə, arıqlamaq üçün pəhriz saxlamaq əsas tədbir kimi məsləhət görülür.

Azərbaycanın bütün meyvə və tərəvəz bitkiləri müalicə əhəmiyyətinə malikdir. Soyuqdəymədən tutmuş, ürək xəstəliklərinədək, öd, böyrək, mədə, sinir sistemi, şəkər və bronxial astmadan tutmuş, dəri xəstəliklərinədək bütün sahələr üçün yararlı olan meyvə və tərəvəzlər həm də adamların əməli fəaliyyətinin genişlənməsinə, fəallığının və gücünün artmasına səbəb olur. 

Türkəçarə məsləhətləri təbabət elmi tərəfindən tam dəstəklənir, xüsusən keçici xəstəliklərin tüğyan etdiyi bölgələrdə bu məsləhətlərə ciddi şəkildə əməl olnması tövsiyə olunur. Məsləhət xarakterli tövsiyə əməli mahiyyətli tərtiblə başa çatır. Türkəçarə məsləhətləri olan ilaclar, çarələr, köməclər, tövsiyələr və tərtiblər uzun müddət şifahi şəkildə folklor örnəyi kimi nəsillərdən-nəsillərə ötürülüb, xalq təbabətinin tibb elminə, milli mətbəx mədəniyyətinin kulinar biliyə çevrilməsinə səbəb olub.

 

Bilal ALARLI HÜSEYNOV

ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 17 fevral.- S.12.