"Ömür"ün sonuna qədər...
Unudulmaz yazıçımız İsmayıl
Qarayevin "Ömür"
romanını lap gənclik
illərimdə oxumuşdum. Təbii ki,
daha çox süjet xəttinin cazibədarlığına, Əşrəflə
Çəmən arasında
yaşanan sevgi münasibətlərinin sonucuyla
bağlı hədsiz
marağıma görə.
O yaşda məni hadisələrin bu tərəfi daha çox cəlb edirdi. Bütün qəlbimlə, ən
səmimi duyğularımla
Çəmənin tərəfindəydim.
Əşrəfin ümidsiz, sıxıntı
dolu yaşamının
yanındaydım. Dəstək vermək istəyirdim.
Əşrəfin əmidostusu Aşatma
arvad gözümdə
iblisdən də betər məxluğa çevrilmişdi. El-obamızda beləsinə
"saman altından su yeridən" deyərdilər.
O zaman, romanı oxuduğum illərdə ətrafımızda, qonum-qonşu
arasında "Ömür"də
təsvir olunan
obrazlara bənzər insanlara rast gəlmək mümkün
idi. Oxşar hadisələr olmamış
deyildi. Bu baxımdan
əsəri öz həyatımızın, gündəlik
yaşamımızın bir
parçası kimi mütaliə edirdim...
Yaxın günlərdə "Ömür"lə
yenidən baş-başa
qaldım. Köhnə dost
kimi görüşdüm.
Bu dəfə başqa bir ovqatla, başqa bir heyranlıq duyğusuyla izləndi görüşümüz; daha
çox yazıçı
təhkiyəsinin bənzərsizliyinə,
dil-üslub incəliklərinə
heyran oldum. Yazıçı ustalığının bitkinliyi fikrimi alıb apardı. Yazıçı səmimiyyəti aurası sardı duyğularımı.
Bu səmimiyyət, dil-üslub
mükəmməlliyi elə
ilkdən, başlanğıcdan
sirayət edir oxucuya. O yerdə ki, Əşrəf günorta
evlərinə dönür,
Çəməni anasının
yanında görür
və həyətlərində
baş verənləri
heyranlıqla izləməyə
başlayır... elə
o andan oxucunun iç dünyasını
titrədən, hadisələrin
axarına uyğun axıcı, lirik dil-üslub mükəmməlliyi
də bu təsviri addım-addım
izləyir: "Mən
tutuldum, salam verməyi, "xoş gəldin" deməyi unutdum... Çəmən gülümsündü - həmən köhnə təbəssüm idi.
Yanaqları çökəldi - həmən köhnə yaraşıq idi. Yumru çənəsi yastılandı
- həmən köhnə
nişanə idi.
Üzündəki qızartı
oynadı, gəzdi - həmən köhnə
ala gözlərdə açılan
köhnə sabahın
o günlərə, o illərə
qayıdıb, sifəti
əvvəlki kimi nurla naxışlaması idi..."
Davamı
eyni axıcılıqla,
diləyatımlıqla, şairanə
ovqatla gəlir: "Çəmənin ayaqqabısının
dik dabanları yerə batmışdı.
O, Aşatmanın üzünə
tərs-tərs baxıb
evlərinə yollanmaq
istəyəndə ayaqqabıları
ayağından çıxıb
yerdə qaldı. O qayıtmadı. Getdi. Ayaqyalın getdi..."
Yaxud:
"Aşatma qara sudan qaymaq çəkən
idi. O, həmişə
baldırğanı ayaqlayıb
bala doğru gedirdi. O, həmişə
yekələri görürdü,
kökələri saymırdı...
Qızının xoşbəxtliyini
mənim təkliyimdə
görmüşdü əmidostum...
Mənim sözümə, mənim
ürəyimə inanmamışdı
əmidostum. "Utanır.
Qanı qaynayıb beyninə vuranda özü dil-dil ötər", - demişdi əmidostum.
"İndi cavandır,
gözündən tələyə
düşən vaxtıdır",
- deyə məni qorumağa gəlmişdi əmidostum... İçəridə
deyinirdi, söylənirdi
əmidostum... Mən isə
Çəmənin yerə
sancılıb qalmış
ayaqqabılarına baxırdım".
Mətnə yox, elə bil
sözsüz tabloya baxırsan. Ritm, ahəng sehirli
aləm kimi hadisələri öz içində əridir.
Hər halıyla nitq kövrəkdi, səmimidi.
Obrazların ovqatına hesablanıb.
Olaylar su səsi kimi
axıb gedir; elə bil hər
təqdimat oxucu qəlbinin ürəyinin döyüntüsünə, ritminə
hesablanıb. Təbii
bir anlaşma var arada: "Biz ona baxırdıq. Heç bir söz soruşa
bilmirdik. Çəmənin gözləri danışırdı
- eşitmirdik, Çəmənin
üzü söyləyirdi
- səsi qulaqlarımıza
çatmırdı. Çəmənin
əlləri deyinirdi,
ayaqları canında gəzən ildırımları
yerə keçirirdi
- ağrıyırdıq... O, ürəyini boşaltmağa
gəlmişdi, heç
nə deməyib getdi. Bizə görə qaranlıq fikirli başı ilə ayın aydınlığını yara-yara
getdi... Qara saçlarının hər
dalğasında gözlərimin
bir baxımını,
bir tutumunu, bir yatımını qərq edə-edə getdi..."
Daha çox
şeir kimi oxunur, şərqi kimi ötülür bu təqdimat. Hissin, duyğunun,
müşahidənin bir
yox, min bir rəngini göz önünə gətirir.
Hiss, fikir, duyğu axını bütün incəliyi, əsintiləri
ilə yansıyır
yaddaşa...
Nobel mükafatçısı Çeslav
Miloş haqlıdır
ki, hər bir sənətkar özündən əvvəl
yaşayan, onun dilində yazan söz adamından irsən üslub, forma və məzmun əxz edir: "Amma bununla yanaşı,
o həm də başa düşür ki, bu keçmiş
üsullar onun şəxsi təcrübəsinin
ifadəsi zamanı artıq yararlı deyil". Yəni yeni və daha cəlbedici ifadə imkanları, yazı texnologiyaları axtarışları zəruridir.
Tərəddüdsüz demək olar
ki, İsmayıl Qarayev bu qaçılmaz
həqiqətin mətləbinə
(və tələbinə,
zəruriliyinə) daha
erkən varmışdı.
Bu baxımdan Azərbaycan nəsrinə
lirik, emosional, canlı nəfəs gətirmək təcrübəsinin
gerçəkləşməsində mühüm rol oynamış sənətkarların
sırasında İsmayıl
Qarayevin aydın yeri olması şəksizdir. Sadəcə, bu reallığın tədqiqi, qədərincə
təbliği məsələsi
bir ayrı mövzunun söhbətidir.
Amma çağdaş ədəbi
tənqidin nədənsə
İsmayıl Qarayev həqiqətinin üzərindən
sükutla keçməsi,
ən azından, təəssüf doğurur.
Halbuki İsmayıl Qarayevin özünəməxsus yazı,
üslub texnologiyası
yetərincədir. Onun
heyranlıqla oxunan ən ötəri, fraqment effektli təsviri belə elastiki yazı tərzi ilə göz önünə gəlir, xüsusi yaddaqalanlığı ilə
seçilir: "Əmin
dillənmədi, danışmadı,
baxdı. Kirpik çalmadı, arvadının
gözünü gözünə
yığa-yığa baxdı..."
Daha bir bütöv təsvirin incə çalarları da xüsusi yazı manerasına söykənir:
"Xumuş dərinə
gedirdi. Amma örtülü danışırdı. Bu qədər qol-budağı
hansı gövdəyə
düzdüyünü bilmirdim.
Bu başı hansı bədəndən
üzdüyünü bilmirdim.
Bilirdim ki, "qızdırmalı"
əmimdir, mənəm.
Bilirdim ki, Xumuş bu soyuq "suyu" bizim üstümüzə atır.
Atır ki, ayılaq. Bilirdim ki, Xumuşun qulağı söz alıb, çəkinir, ehtiyat edir, onu
bizə açıq çatdırmaq istəmir.
Onu da bilirdim ki,
Xumuş əlacsız,
çarəsiz bir
"olacağa" təəssüflənir.
Bu əncamsız "olacaq" nə idi? Bu sual
kəndimizdəki evlərin
sayı qədər artdı, çoxaldı.
Hərəsi bir ev üz
gətirdi. Üzlər sıralandı, cərgələndi,
gözümün qabağından
tək-tək keçməyə
başladı. Axırda örtülü
bir üz dayandı, ötmədi.
Onun qaqqıltısını eşitdim.
Bu qaqqıltıda barata üstünə uçan quzğun qarıltısı vardı.
Bu qaqqıltıda əyilə-əyilə
yıxdığı düzün
dalınca: "Adamı
gözə qoyub anasını belə ağladarlar", - deyənin
səsi vardı. Bu üz qaqqıldaya-qaqqıldaya
yuxarı çəkildi.
Onun ala-bula baldırlarını,
təzə qaloşlu
ayaqlarını gördüm.
Güldükcə gen tumanının
ətəkləri ayaqlarının
üstünə enir,
titrəyə-titrəyə dizlərinə sarı qalxırdı. Sonra yara yeri büzüşüb yığışmış
bir bilək, əlcəkli bir əl dayandı. Sonra dilini çıxarıb yanıq verən bir ağız dayandı. Sonra boynunun dalı
yalaq kimi çökək bir adamın qırxıq başı dayandı".
Təbii ki, əsərdə bu cür təsvirlər
xeylidir və onların hər biri üzərində uzun-uzadı dayanmaq olar. Amma daha bir ağrılı və hər an kinolenti kimi
göz önündə
yenilən təsvir barədə dayanmamaq olmur: "Döyüldüyümü,
Balacanın dalınca
kəndə qayıtdığımı...
qonşunun uşaqları
anama xəbər verib səs-küylü səmtə qaçışanda
onun dili tutulubmuş. Gözləri qapıda qalıbmış.
Məni öz yanına çağırtdırmaq istəyirmiş.
Çəmən gələndə yerə yıxılıbmış,
qapıya doğru sürünürmüş.
Yazıq anam! Yola çıxıb gözlərini gözlərimin qabağına uçuracaqmış: Səbir elə, bala!.."
Hələ bəxtsiz Sərvinazın, Təvəkkül kişinin yaşamı haqda nələr yazmaq olar... Hələ Balacanın balaca xisləti barədə, Xumuşun "danışan məktubları" barədə... Təbii ki, çox şey barədə. Amma gəlib yenə üslub, yazı tərzi üstündə gəzişən heyranlıqdan söz açmalı olursan: "İnandım ki, bu səs məndən o yana keçmir, soyumuş güllə kimi son həddi mənəm, son uçuşu, son qaçışı məndə qurtarır.
Səsi tanışdı, İltiması tanıdım. Görüşməmişdən, danışığını eşitməmişdən bu səs mənə özünü dağın başında görənin indi dərənin dibinə endiyini söylədi. Ona yazığım gəldi. Getdim. Evimizin uçuq divarları arasında boynumu qucaqladı, üzümdən dönə-dönə öpdü. Başımı sinəsinə sıxıb pıçıldadı: "Dinim-imanım, canım sənə qurban..."
Bu üslub,
bu səmimiyyət oxucu
yaddaşının bütün
çala-çökəklərində bir
ömür boyu qalacaq...
Zeynəb
ƏLİQIZI
525-ci qəzet.- 2023.- 17 fevral.- S.11.