Kaş belə olmayaydı
("...və başqaları" silsiləsindən)
ORDA
RAHATSINIZMI, BAHADUR MÜƏLLİM?
Aktyor
Bahadur Əliyevin ailəsində 10 uşaq
böyüyürdü...
Mənim öz yazıma bu faktı önə çəkməklə
başlamağım bəlkə də sizə qəribə gələcək. Axı əvvəllər Azərbaycanda
çoxuşaqlı ailələrlə kimisə təəccübləndirmək
ənənəsi
olmayıb. Amma incəsənət sahəsində
çalışan, üstəlik, aktyor və ələlxüsus
da kino aktyoru kimi heç də taleyi öz əlində olmayan
kimsənin ailəsində bu sayda uşağın dünyaya gəlməsi,
məncə, nadir, hələ axtarsan, bəlkə də yeganə
hadisədir.
On uşaq, üstəgəl, özünün və həyat
yoldaşının - on iki nəfərlik ailənin
yükünü çəkmək, bu qədər adamın məişət
problemlərini həll etmək, övladlarını oxutmaq, ərə
vermək, evləndirmək... sizə asan gəlməsin. Bunun
üçün ən azından normal qazancın -
yaxşı maaşın, əlavə gəlir yerin
olmalıdır. Bahadur Əliyev isə
karyerasının lap əvvəllərində "Ulduz"
filmində yaratdığı Qədir obrazından sonra
yalnız epizodik rollara çəkilirdi, yəni əlavə
qazancı qəpik-quruş idi. Amma işə bax ki, bəzən
bunun uğrunda da çalışmaq, mübarizə aparmaq
lazım gəlirdi və Bahadur Əliyev hansısa filmdə
maksimum iki-üç cümlə replikası olan bir
personajı oynamaq, yaxud hansısa əcnəbi bir filmin
dublyajında obrazlardan birini Azərbaycan dilində səsləndirmək
üçün əməllicə çalışmalı,
tər tökməli olurdu. "Yeddi oğul istərəm"
filmində isə Bahadur Əliyevin qəhrəmanı,
ümumiyyətlə, ekranda görünməyən, Qan
çanağından enməyə hazırlaşan Gəray bəyin
dəstəsində "e-he-he he hey!.."
nidası ilə xəbərdar funksiyasını yerinə
yetirən məchul bir varlıq - cənab "X" idi.
Kim bilir, bəlkə də bu nidanın qazancı on
uşaqdan hansınınsa qələminin, kitabının, dəftərinin
qiyməti qədərində idi.
Görəsən, o nidanın qonorarına qol çəkəndə
Bahadur müəllim hansı hissləri keçirib -
hansısa övladının qələm, dəftər
ehtiyacını, yaxud evinin kommunal xərclərini ödəmək
üçün şans qazandığına sevinib, yoxsa o
pulu ürəyi ağrıya-ağrıya alıb?
Ola bilsin
ki, mən bir az ifrata varır, boyaları
tündləşdirirəm. Bəli, mən də
razılaşıram ki, o, qeyri-adi istedada malik aktyor deyildi.
Amma öz sənətini sevirdi. Hər kəsin
peşəsi, gördüyü iş isə sözün
müəyyən mənasında həm də onun
dolanışıq yeri, çörək ağacı
olmalıdır. Əks təqdirdə sənətə
olan məhəbbətin, sədaqətin məchul bir istiqamətə
sapıb illüziyaya, fanatizmə çevrilməsi təhlükəsi
qaçınmazdır.
Mən yazılarımın birində qeyd etmişdim ki
aktyorlar taleləri, karyeraları öz əllərində
olmayan zəif insanlardır, yəni özlərini təsdiq
etmək, potensiallarına, imkanlarına uyğun
şanslarını reallaşdırmaq üçün
seçimi onlar özləri etmirlər. Bu seçimi edənlərin
zövqləri məqsədləri
isə sırf subyektiv xarakter daşıyır. "Mən səni, sənin istedadını bu boyda,
bu qədərdə görürəm" - seçim edənlərin
bu sözləri demək hüququ olduğu halda seçilənlərin
"Mən filan rolu daha yaxşı oynaya bilərəm və
bunu istəyirəm. İcazə verin, imkan
yaradın ki, bu istəyimi reallaşdırım" - demək
şansı olmur. Seçim edənlərin
qərarları isə bəzən aktyorların mənəvi
(ardınca da fiziki) iflası, süqutu ilə nəticələnən
"məhkumluq sindromuna" gətirib çıxarır.
Mənə elə gəlir ki, Bahadur Əliyevin də sənətdəki,
həyatdakı çətinliklərinin bünövrəsində
məhz "məhkumluq sindromu" dayanırdı. İş
burasındadır ki, kinoda ilk böyük işi -
"Ulduz" filmində yaratdığı Qədir obrazı
aktyorun böyük uğuru olmaqla yanaşı, həm də
başına "bəla" oldu. Atalar yaxşı
deyib: "Huy var, dağa qaldırar, huy var, dağdan endirər".
Qədir isə Bahadur müəllimi dağa
qaldırıb ordan da üzüaşağı yuvaladan
"huy" oldu. Halbuki onun ifasında bu
şən, sadəlövh, ən başlıcası isə
koloritli obraz bütün parametrlərdə aktyora yeni
yaradıcılıq uğurları vəd edirdi.
Amma Qədir saydığını saysın, görək
rejissorlar nə sayır.
Filmdə
him-cimin sehrində məst olub Ulduza elçi göndərən
Qədirin "nişanlısının"
başqasını sevdiyini biləndə məyus halda gələcək
"qayınatasının" evini tərk etdiyi,
çölə çıxıb qalstukunu
boşaltdığı və pencəyinin döş cibindəki
gülü götürüb acı bir təəssüflə
yerə atdığı epizodu
xatırlayırsınızmı? Kimin
ağlına gələrdi ki, o gülün
düşdüyü yer həm B.Əliyevin bir aktyor kimi
süqutunun - Qədirdən sonra başlayıb aktyoru "...və
başqaları" səltənətinə aparacaq yolun
başlanğıcı idi?
Amma belə də oldu.
Qədirdən
sonra uzun bir sükut dövrü başladı - nə
"Mozalan" satirik kinojurnalındakı epizodik rollar, nə
ötən əsrin yetmişinci illərində televiziyada
yayımlanan "Yumoristik novellalar"da yaratdığı
obrazlar, nə də dublyaj sahəsindəki işi həmin yolda qırmızı
işığa çevrilib aktyoru sığortalamadı.
...Mən Bahadur Əliyevi ilk və son dəfə vəfatından
bir neçə ay əvvəl metronun "20 Yanvar"
stansiyasında görmüşdüm. Platformada dayanıb qatar gözləyirdim. Məndən bir az
aralıda bir kişi, ondan 4-5 addım o tərəfdə 3
yeniyetmə oğlan
dayanmışdı. Qəfildən qulağıma tanış səs gəldi - Bahadur müəllimin
səsi idi, həmin yeniyetmələri metroda davranış
qaydalarına uyuşmayan şit hərəkətlərinə
görə tənbeh edirdi. Üzünü mənə tərəf
çevirəndə onun 90-cı illərin çətinliklərindən,
sıxıntılarından dəyişmiş və əsəbdən
qızarmış sifətini gördüm - həmin o şən,
zarafatcıl, rəqs edə-edə oxuyan Qədirdən əsər-əlamət
qalmamışdı. Gözlərinə,
çöhrəsinə qatı bir kölgə
çökmüşdü. Görənlərdən
heç kim onun ekranlardan
tanıdığı Bahadur Əliyev olmasına inanmazdı. Məncə, onun vəfatının kino tariximizə
mistik çalarlı ölüm kimi daxil olmasında bu amilin də
müəyyən rolu oldu. Baxın, 2002-ci il sentyabrın
22-də
Sumqayıtda avtobusda ürək tutmasından vəfat
edən aktyoru əvvəlcə heç kim tanımır, hətta
onu səhvən başqa adam bilib həmin şəxsin evinin
qarşısında yas çadırı qurmaq istəyirlər.
Sonra...
...Sonra
bir müddət cənazəxanada cənab "X" kimi
saxlanılan Bahadur Əliyevi axır ki, tanıyan
tapılır.
Bu da bir
tale idi...
Bu dünyada bəxtiniz gətirmədi, Bahadur müəllim.
Bəs o dünyada necə, rahatsınızmı?
EPİZODLAR
"KRALI"
"Anqliyskiy indiqo vısşiy!" "Şərikli
çörək" filminə baxan tamaşaçılar
bazarda yekəpər bir aferistin satdığı pencəyi bu
hay-həşirlə reklam etdiyi epizodu yaxşı
xatırlayırlar. Ona görə ki, əvvəli
təbəssüm, sonu isə göz yaşları ilə bitən
bu epizodu yadda saxlamamaq sadəcə mümkün deyil. Təkcə ona görə yox ki, müharibə
getdiyi o ağır günlərdə bu yekəpər
fırıldaqçı cavan, kasıb və sadəlöhv
bir oğlanı aldadıb 850 manatını ələ
keçirir. Yox! Bu epizodu
tamaşaçıların yaddaşına
"mıxlayan" ilk növbədə həmin yekəpərin
jestləri, canfəşanlığı, məqsədinə
çatmaq üçün çıxardığı
hoqqalardır. Hətta onun danışıq tərzində,
ləhcəsində belə adamı cəlb edən nə isə
var. 1 dəqiqə 20 saniyə davam edən bu epizoda sadəlöhvlüklə
fırıldaq, həqiqətlə yalan arasında gedən intriqa kimi də baxmaq olar. Sadəlövhlüyü o vaxt gənc aktyor olan
Əbdül Mahmudov (Şeyx Əbdül) təcəssüm
etdirir, riyanı, saxtakarlığı oynayan isə... sizcə,
kimdir?
İnanmıram
onun kimliyindən kiminsə xəbəri ola,
adını, soyadını bilə. Elə isə deyim, bilin:
Azərbaycan kinosunda epizodik rollar ustası Əhməd Əhmədov...
Onun ad və soyadına onlarla filmin vikipediyasında rast gələ
bilərsiniz.
Amma hamısında göy yox, qırmızı
rənglə yazılıb. Bu isə o deməkdir
ki, internet məkanında bu şəxs haqqında heç bir
məlumat yoxdur. Mən onun həyatı,
kimliyi, peşəsi ilə təbii ki, maraqlanacam, amma indi
yaratdığı bir neçə obraz haqqında mülahizələrimi
bildirmək istəyirəm.
Ə.Əhmədovun epizodik rollara belə intensiv çəkilməsinin
əsas səbəbi, məncə, onun "tipaj" imici, yəni
hansısa qrupu təmsil edən insanlara xas xüsusiyyətləri
vizual şəkildə nümayiş etdirmək qabiliyyəti
ilə yanaşı, həm də xarakter yaratmaq istedadı
idi. Daha doğrusu, o, hansısa xarakteri yarada-yarada onu tipə
çevirməyi yaxşı bacarırdı. Elə
sözügedən filmdəki fırıldaqçı
alverçi də pencəyi elə-belə maraq naminə əlləşdirən
təsadüfi adamın əllərinin üstündən
vuraraq "Keç, ələ, quşbala!", sonra da əli
ilə qarşı tərəfi göstərib
"Sürüş o yana" deyəndə xarakterin əsas
keyfiyyətlərini - kobudluğunu, potensial alıcı olmayan
"quşbalaları" dimdiyindən tanımaq
bacarığını nümayiş etdirirdi. Potensial
alıcını, daha doğrusu, "hərifi" dərhal
tanıyıb alıcı quş kimi qamarlaması, onu yola gətirmək
üçün dil tökməsi ("Alə, o boyda
Çörçil bundan geyir, bu, hələ fikirləşir")
bu təəssüratı daha da zənginləşdirirdi. Qurbanını müflis edəndən sonra
yaylığını yelləyə-yelləyə hadisə
yerini qalib görkəmdə tərk edəndə isə onun qəhrəmanı
artıq özü kimi aferistləri ümumiləşdirən
bir tipdir.
Ə.Əhmədov
çox təbii bir "oyunçu" idi - zühur edib 2-3 dəqiqədən
sonra qeybə çəkilən yaratdığı obrazlar o qədər
təbii idilər ki, onların oyun, təqlid yolu ilə
yaranmağına inanmağın gəlmirdi, əksinə, elə
təəssürat yaranırdı ki, rejissor bu adamları elə
həyatın özündən götürüb çəkiliş
meydanına gətirib. Aktyorun həmin obrazların
gözünə qatdığı kolorit - məhz azərbaycanlı
kişilərə xas davranış və danışıq tərzi
onların daha dolğun
və inandırıcı olmalarına işləyirdi.
"Alma almaya bənzər" filmindəki Haşım da "Şərikli çörək" filmindəki tip kimi alverçidir. Amma onun alverinin motivləri, bir insan kimi xarakteri həmkarınınkından fərqlidir, hətta mən deyərdim ki, onun əksidir. "Qız yükü duz yüküdür" - deyiblər. Məncə, Əhməd Əhmədov filmdə məhz bu metaforanın doğruluğunu isbat edən bir obraz yaradır. Çiynində 7 qız uşağının yükünü daşısa da, bu yük onun nəcib xarakterini zərrə qədər də zədələyə bilmir. Düzdür, o da alverçidir, hətta bəlkə də müştərləri qiymətdə aldadır, amma bunu 7 qızın "duz" yükü ilə elə tərzdə əlaqələndirir ki, əlini uzadıb ekranın o tərəfindəki Haşıma kömək etmək, onun yükünü azaltmaq istəyirsən. Çarəsizlik və ümid - bu insanın qayğılı üzündə, gözlərində sayrışan kölgələri belə səciyyələndirmək olar və həyat yoldaşı 8-ci uşağı ona oğlan doğanda bu intriqa Haşımın davranışını, danışığını, hətta salam verib salam almağını belə dəyişən "xoşbəxtlik epiloqu" ilə tamamlanır.
...Bəs Ə.Əhmədovun özü necə, xoşbəxt idimi?
Əhməd Əhmədov - "...və başqalarında" dəfn olunmuş adlardan biri.
Gəlin bu adı heç olmasa biz yadda saxlayaq.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2023.- 17 fevral.- S.10.