Dövlət qulluğuna qəbul: obyektiv və məqsədyönlü seçim uğura təminat verir

 

Müasir dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir.

Prezident İlham Əliyev insan kapitalının inkişaf etdirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edib. Heç şübhəsiz ki, bu uzaqgörən siyasət elmi biliklərin və yüksək peşə bacarıqlarının əsas rol oynadığı müasir dünyada ölkəmizin rəqabət qabiliyyətinin artmasına və xalqımızın rifah səviyyəsinin yüksəlməsinə hesablanıb. Elə hazırkı vəziyyət də yüksək əxlaqi dəyərlər və nizam-intizamla yanaşı, həm fərdi, həm də təşkilati səviyyədə data savadlılığının, riyazi və analitik düşüncənin, informasiya texnologiyalarının daha dərindən mənimsənilməsinin əhəmiyyətini bir daha sübut etdi.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, Cəmiyyətin mənəvi-intellektual inkişafı, sağlam sosial münasibət və ünsiyyət vərdişlərinin formalaşması baxımından elmi və akademik çevrələrlə yanaşı, dövlət qulluğu korpusunun da rolu danılmazdır. Dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir. Fərdlərin dövlətin dəyərləri və vətəndaşlara olan münasibəti barədə qənaətləri dövlət qulluqçularının davranışları əsasında formalaşır. Digər tərəfdən dövlət qulluqçuları dövlətin yerlərdəki gözü və qulağıdır. Onlar vətəndaşların ehtiyacları və tələbatlarının əks olunduğu hesabatları, eləcə də ölkənin real statistik mənzərəsini əks etdirən məlumat bazalarını formalaşdıran insanlardır. Bu funksiyaları peşəkar səviyyədə icra etmək üçün yüksək insani dəyərlər, müşahidə qabiliyyəti, empatiya, ünsiyyət qabiliyyəti, analitik düşüncə, o cümlədən, fərdi hadisələrin arxasındakı qanunauyğunluqları görmək və səbəb nəticə əlaqələrini oxuya bilmək kimi keyfiyyətlərə malik olmaq zəruridir.

Məleykə Abbaszadənin dediyinə görə, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət qulluğu üzrə kadrların seçilməsi üçün imtahanların təşkili, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin səlahiyyət dairəsinə daxil edilib. Mərkəzin əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək,  dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsidir. Həmçinin, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi,  dövlət qulluğunda maarifləndirilmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirməsi də buraya daxildir: "Vətəndaşların dövlət qulluğuna qəbulu və dövlət qulluqçularının daha yüksək vəzifələrə təyinatı prosesində mərkəzləşmiş qiymətləndirmə və çoxpilləli seçmə sisteminin tətbiq edilməsində məqsəd dövlət qulluğu vəzifələrinə ən layiqli şəxslərin seçilməsini təmin etmək və dövlət qurumlarının səmərəliliyini artırmaqdan ibarətdir. Namizədlərin qiymətləndirilməsi, seçimi, təyinatı ilə əlaqədar standartların, meyarların və qərarvermə mexanizmlərinin şəffaf, ədalətli, anlaşılan olması sağlam rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da insanların motivasiyasına müsbət təsir edən amildir. Düşünürük ki, mövcud sistemin əsas fəlsəfəsi qorunmaqla yanaşı, onun dövlət qulluğunun inkişafına dair strategiyada qeyd olunan istiqamətlər üzrə daha da təkmilləşdirilməsi, o cümlədən, səriştə modelinə əsaslanan qiymətləndirmə metdodlarının və təlim proqramlarının hazırlanması və tətbiqi məqsədəuyğundur. Bu məqsədlərə nail olmaq üçün bütün dövlət qulluğu korpusunun qarşılıqlı əməkdaşlığı, konstruktiv fikir mübadiləsi, eləcə də elmi və akademik çevrələrin dəstəyi mühüm əhəmiyyət kəsb edir".

Direktorlar Şurasının sədri bildirib ki, hazırda dövlət qulluğu vəzifələrinə namizədlərin seçimində tətbiq olunan ilk mərhələ - test imtahanı müəyyən olunmuş təməl meyarlar əsasında ilkin filtrasiyanı həyata keçirməyə imkan verir. İkinci - müsahibə mərhələsində isə artıq konkret vəzifənin tələblərinə uyğun qiymətləndirmə aparılır. Üz-üzə müsahibə şəklində təşkil olunan bu mərhələdə komissiya üzvləri tərəfindən namizədlərin vəzifə üzrə əsas bilik və bacarıqları ilə yanaşı, onların dünyagörüşü və fərdi keyfiyyətləri, o cümlədən işə yanaşmaları, motivasiyası, ünsiyyət, problem həll etmə və qərarvermə kimi qabiliyyətləri qiymətləndirilir: "Qanunvericiliyin tələblərinə uyğun olaraq, vakant vəzifələrə təyinat məsələsinə baxılması məqsədilə müsahibələrdə uğur əldə etmiş şəxslərin sənədləri dövlət orqanının rəhbərinə təqdim edilir. Həmin şəxslərin vakant vəzifələrə təyinatı ilə bağlı qərar vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir. Namizədlərin təyinatları ilə bağlı qəbul edilmiş qərarlar daxil olmuş məlumatlar əsasında Mərkəz tərəfindən "Dövlət qulluğu - Namizədlər İnformasiya Sistemi"nə daxil edilir. Dövlət orqanlarında vakant olan bir sıra inzibati vəzifələr qanunvericiliklə müəyyən edilən qaydada tutulanadək, müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmiş şəxslər tərəfindən icra edilir.  Həmin şəxslərin dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqə və ümumi müsahibələrdə iştirakı və müvafiq vakant inzibati vəzifələrə təyinatları ilə bağlı məlumatlar təhlil edilmiş və bir sıra maraqlı faktlar müəyyən edilib".

Məleykə Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna namizədlərin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modelinin tətbiqi ilə əlaqədar da bir sıra addımlar atılıb. Xarici tərəfdaşlarımızın dəstəyi ilə həm təlim səfərləri, həm də Bakıda xarici mütəxəssislərin iştirakı ilə semirlar təşkil edilib. Polşa, Belçika, İrlandiya, Kanada kimi ölkələrin tətbiq etdiyi modellər yaxından öyrənilib, bəzi qiymətləndirmə alətlərinin yerli şəraitdə işləkliyini müəyyən etmək üçün araşdırma xarakterli sınaq testləri keçirilib və nəticələr təhlil olunub. Bu istiqamətdə fəaliyyət davam edir. Səriştə sisteminin tətbiqində ən mühüm məqamlardan biri qəbul prosesində tətbiq olunan alətlərlə peşəkar fəaliyyətin praktikada qiymətləndirilməsi prosesində tətbiq olunan alətlərin uyğunluğunu və ya bir-birini tamamlamasını təmin etməkdən ibarətdir. Buna görə də sistemin ərsəyə gəlməsində dövlət orqanları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən bu sistem çərçivəsində tətbiq olunacaq alətlərin çoxşaxəliliyini və müxtəlifliyini nəzərə alaraq, alətlər bankını formalaşdırmaq və davamlılığını təmin etmək üçün yerli müəllif, qiymətləndirici ekspertlərin yetişdirilməsi qarşıda duran digər məsələdir. Fəaliyyətin əhəmiyyətini və modelin mürəkkəbliyini nəzərə alaraq əvvəlcə bir-neçə dövlət orqanının pilot təşkilat kimi müəyyən olunaraq modelin ilkin tətbiqi və sınaqdan çıxarılması məqsədəuyğun hesab olunur: "Hesab edirik ki, ölkə rəhbərliyinin göstərdiyi iradə və dövlət qulluğu sistemindəki kadr potensialımız bu modelin uğurla tətbiq olunmasına zəmin yaradır. O da qeyd olunmalıdır ki, modelin uğurlu tətbiqi ölkəmizin dövlət qulluğu sistemini dünyanın aparıcı dövlətləri ilə eyni səviyyəyə çıxaracaq".

Direktorlar Şurasının sədri qeyd edib ki, gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq. Dövlət qulluğunda səriştə modelinə keçmək və səriştə modeli əsasında seçim aparmaq, həmçinin dövlət qulluğunda fəaliyyət göstərən insanların fəaliyyətini qiymətləndirmək çox vacib məsələdir: "Bu, həm də dövlət qulluğunun inkişaf strategiyasının əsas mövzusudur. Hesab edirəm ki, indiki mərhələdə aparılan işlər və əldə edilən nəticələr kifayət qədər uğurludur. İki il ərzində “Yüksəliş” müsabiqəsində də səriştə modelindən istifadə edərək yaxşı nəticələr əldə etmişik".

Məleykə Abbaszadə vurğulayıb ki, hazırda ölkədə dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir. Bu say kifayət qədər yaxşıdır: "Onu da qeyd edim ki, dövlət qulluğunda çalışanlar 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 faiz təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir. Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 18 fevral.- S.15.