Şekspir
dünyası
(Əvvəli ötən
şənbə sayımızda)
Qan axıdılması
qurbanlarının sayı minlərdə, milyonlarda ifadə
olunmaqla adi statistika xarakteri daşıyır, lakin hər bir həlak
olan insan bəşəriyyət adlanan qitənin sahəsinin
azalmasına, şaqren dərisi kimi daralmasına, onların
ailələrinin dözülməz faciəsinə,
uşaqların yetim, gənc gəlinlərin dul qalmasına səbəb
olur. Faciələr toplusu dünya üzərində
dalğalanan bayraq təsiri bağışlayır. O,
daha uca hündürlükdə görünməyə
çalışır. Bu isə yalnız
heyifsilənmək, sərt narazılıq təsiri
bağışlaya bilər, axı Yer üzü xoşbəxtlik
timsalı olmalıdır, qan dənizinə çevrilməməlidir.
Bu məsələdə də biz birbaşa
olmasa da, Şekspirin ağıllı məsləhətlərinə
qulaq asmalıyıq.
Ancaq Şekspirin beynəlmiləl bir hadisə kimi meydana
çıxmasının sirri nədədir, sualı
çoxlarını düşündürməkdə davam
edir. Bircə belə sadə cavab verilə bilər ki,
Şekspir unikal bir hekayətçi, yazıçı idi.
Əslində, miflərdəki kimi ölməz
allahları deyil, öləri insanların həyatını
geniş qaydada və dərindən təsvir edən, heyrətamiz
miflərə bənzəyən hekayətlər
yaradıcısı idi. Onun pyesləri ən
sadə dildə danışılan yerlərdən də
uzaqlara getdi. Onlar müəyyən zamana və
məkana aid olan hadisələri təsvir etsə də,
çox vaxt zamansız və məkansız
görünürlər. Onlar "yüksək"
və "aşağı" strukturları üzə
çıxarır, süjetlər və yarımsüjetlər
- sap kimi bir-birinə hörülür, şüura nüfuz
edir, həm də hər bir milli teatrın özünəməxsus
ibadətinə çevrilir.
Şekspir
pyeslərindəki xarakterlər kainata heç də az şəkildə məxsus deyillər, bəşər
mövcudluğunun dilemmalarını və ziddiyyətlərini
ifadə edirlər, fərdləşdirilirlər. Onlarda biz məhəbbət, xəyanət,
peşmançılıq, paxıllıq,
ambitsiyalılıq, qisas almaq və mərhəmətsizlik təcrübələrini
tapırıq. Bu, təkcə bir dildə
və ya mədəniyyətdə ifadə olunan emosiyalar
deyildir. Bütün insani dəyişikliklər
və çətinliklər barədə onlar məlumat verir.
Personajların çoxu yunan, latın,
italyan və ispan adlarındadır. Romeo,
İoximo və Perikl kimi adlara malikdir və onlar İngiltərə
sahillərindən çox uzaq olan Aralıq və ya Adriatik dənizləri
torpaqlarının özü kimi ekzotik bir qaydada səslənir.
Şekspir özünün əsərlərində
çox hallarda nəzərlərini xarici ölkələrə
dikir. Tarixi pyeslər istisna olmaqla, onun
yaradıcılığının daha mühüm mənbəyi
İtaliya idi. Çünki oradan Roma
tarixi, xalq nağılları və qədim əfsanələr
gəlirdi. O, həmçinin, Yunanıstandan gələn
klassik mifologiyaya da böyük əhəmiyyət verirdi. İngilis auditoriyası üçün bu, qəribə
bir yeni dünyanı təmsil edirdi. İngiltərədən
kənarda olması ilə yanaşı, Şekspirin təsvir
etdiyi əhvalatlar çox vaxt adamlara tanış
kimi görünürdü və asanlıqla yeni dillər və
mədəniyyətlər tərəfindən absorbsiya
olunurdu.
Beləliklə, hətta belə bir rəy də
yarandı ki, Şekspir hətta İngiltərə
üçün beynəlxalq danışıqlar aparmağa
qadir oldu. Onun
əsərləri Avropa ölkələrinə yayıldı
və ondan bir qədər sonra gələn böyük
fransız dramaturqları Kornel, Rasin və Molyer də öz əsərləri
ilə bu pyeslərlə rəqabətə girmək
gücündə deyildilər, axı onlar da qədim yunan
mifologiyasına müraciət etmiş, öz dövrlərinin
aktual problemlərini qələmə almışdılar.
XIX əsrdə isə Avropada hər yerdə Şekspir,
teatr səhnələrinə qədəm basdı, bəzən
hətta tərcümələr heç də orijinaldan deyil,
başqa dillərdən edilirdi, bunlar da adətən, ingilis
versiyasından bir qədər fərqlənirdi. Axı
başqa dillərdən növbəti tərcümə
orijinalın xüsusiyyətlərinə bütünlüklə
cavab vermir, çox hallarda qrotesk təsəvvürü
yaratmaq istəyi hesabına əslində primitivliyə meyl
edir.
Sonra isə Şekspir mövzularına yazılmış
operalar meydana gəldi. İtalyanlar Roma tarixinə Şekspirin
münasibətini xoşlamadıqlarından, əvvəllər
onun pyeslərinin səhnəyə qoyulmasına müqavimət
göstərdiklərindən, bu ölkəyə dramaturqun əsərləri
birbaşa deyil, "dal qapı" vasitəsi sayılan
operaların köməyi ilə daxil oldu. Bu
da Coakkino Rossininin "Otello" operası ilə
başlandı. Cüzeppe Verdi
özünün "Makbet", "Otello" və
"Falstaf" operalarını yazdı. Və
beləliklə, Şekspir, operalar hesabına İtaliyada ən
populyar dramaturqlardan birinə çevrildi.
Şekspir Avropa ilə kifayətlənməyərək,
dünyanın başqa guşələrinə də
müdaxilə etdi. Hindistanda onun əsərləri həvəskar
müstəmləkə teatrları tərəfindən səhnəyə
çıxarılırdı. Benqaliyada
"Venetsiyalı tacir" pyesi tamaşaya qoyuldu. "Antoni və Kleopatra" pyesinin təsiri ilə
Misirdə müəllif populyarlıq qazandı. Yaranan rəvayətə görə, guya Şekspirin
özü Şeyx əl Zübeyir adlı bir ərəb
imiş, "tikanlı armud" mənasını verən bu
adı daşıyırmış.
Yaponiyada isə dramaturqun əsərləri Kabuki
teatrının ənənələrinə uyğun olaraq tamaşaya
qoyulurdu. Burada tərcümələr əvvəllər
orijinal mətnlərə yaxın olurdu, sonra isə daha real
olan tərcümələr meydana çıxdı.
XX əsrdə Afrikanın apartend rejimlərinin
hökmranlığı dövründə qaradərili
yazıçıların çoxu Şekspirə humanist kimi
baxırdı.
Feminizm hərəkatının genişlənməsinə
baxmayaraq, pyeslərdəki rolları, əsasən, kişi artistlər oynayırdı. Bu təcrübə bizim ölkəmizin teatr sənətinə
də tanışdır, tamaşalarda bir əsr əvvəl
qadın rollarını kişilər oynayırdı.
Beləliklə, Şekspir dünya teatrlarını zəbt
etməyə başladı. Doğulduğu Eyvon
üstündəki Stratford şəhərdində əsası
qoyulan Royal (kral) Şekspir kompaniyası onun irsini
inadkarcasına qoruyur. İngilislər
Şekspirin əsərlərini doğma dilində yaymaq
üçün onları nəşr etmək barədə
vaxt məhdudiyyəti tanımırlar. Onun bu
yaxınlarda Londonda nəfis şəkildə, suvenir kimi
çap olunan "The complete works of William Shakspeare" -
"Uilyam Şekspirin əsərlərinin
külliyatı" adlı bir cildlik kitabı tərtibatına
və dəyərli bəzəyinə görə dahi
dramaturqun xatirəsinə böyük hörmət əlaməti
olmaqla yanaşı, onun dühasına layiq səviyyədədir.
Bu kitabın səhifələrini vərəqlədikcə,
qızıl sikkə kimi nəqş edilmiş müdrik
sözlərini oxuduqca ruhi rahatlıq tapır və sevinc hisslərinə
qapanırsan.
Şimali Amerikada, həmçinin, Kanadada, XX əsrin ortalarından
Şekspir Evi vardır. Amerika Birləşmiş
Ştatlarının 100-dən çox şəhərində
Şekspir festivalları keçirilir.
Dramaturqun əsərləri əsasında çəkilən
kinofilmlər də böyük şöhrət
qazanmış, demək olar ki, bütün dünyanı
dolaşmışdır. Onlardan bir çoxu
Oskar mükafatına layiq görülmüşdür. İtalyan rejissoru Franko Dzefirelli ilk dəfə olaraq
öz filmində Romeo və Culyetta obrazlarının
yaradılmasını pyesdə qeyd edilən yaşdakı
yeniyetmə aktyorlara etibar etmişdi və onun bu novatorluğu
dünyanın hər yerində tamaşaçılar tərəfindən
hərarətlə qarşılanmışdı. Zaman keçsə də, rolları ifa edən
aktyorlar və bütövlükdə Şekspir əsərləri
əsasında çəkilmiş kinofilmlər öz
populyarlığını itirmirlər.
Şekspirin
həyatından səhnələr
Dramaturqun həyatının erkən illərinin öyrənilməsi
kilsə sənədlərindən irəli gəlir. O, anadan olan 1564-cü ilin 26
aprelində Stratford kilsəsində xaç suyuna çəkilmişdi.
Rəvayətə görə, o, məhz müqəddəs
Georgi Günündə anadan olmuşdur. Onun
uşaqlığı barədə məlumatlar isə
atasının xatirələrindən irəli gəlir. Atası, fermer oğlu olan Con Şekspir kənddə
böyümuşdu, 20 yaşı olanda Stratford şəhərinə
köçmüşdü. Orada əlcək
istehsalı biznesi ilə məşğul olmuşdur.
Sonrakı ili o, bir varlı torpaq sahibinin
qızına evlənmişdi. Onların ilk dəfə
iki əkiz qız uşağı olmuşdu, onlardan sonra isə
Uilyam dünyaya gəlmişdi. Üç
əlavə oğulları və iki qızı olmuşdu.
Con tədricən varlı bir adama çevrilmişdi.
Şekspir rahatlığı ilə seçilən bir
evdə böyümüşdü, şəhərin
özü də inkişaf etmiş bazarı ilə məşhur
idi. Burada orta məktəb fəaliyyət göstərirdi,
onda Oksfordu bitirmiş müəllimlər dərs deyirdi.
Uilyam oxumağı və yazmağı öyrəndikdən
sonra, yəqin ki, həmin məktəbdə oxumuşdu.
Varlı ailələrdən olan və yaxşı oxuyan
şagirdlər 15-16 yaşlarında Oksford və Kembric
universitetlərində təhsil almağa göndərilirdilər. Şekspir isə
Stratfordda yaşayırdı, 1582-ci ildə arvadı Anna ona
ilk uşağını doğdu. Sonrakı
üç ildə onların başqa uşaqları da
dünyaya gəldi. On il sonra, 1592-ci
ildə London teatr dünyasında Şekspir artıq
özünü ulduz kimi göstərə bilmişdi.
Şekspirin həyatının 1585-1592-ci illər
arasındakı yeddi illik dövrü "itirilmiş illər"
kimi tanınır. O, həmin günlərin gənc adamı kimi ispanlar
Çökək ölkələri (indiki Niderland
krallığı) işğal edəndə, vaxtını
vuruşmaqda keçirmişdi. Belə bir rəvayət
də vardır ki, o, varlı bir dairədən olan adamın
maralını oğurlayanda tutulmuşdu və ona görə
də doğma şəhərinə qaçmağa məcbur
olmuşdu.
Protestantlar ölkədə katolikləri təqib edəndə, atası Con gizli şəkildə katolik olaraq qalırdı. Orta məktəbin bir sıra müəllimləri də həmin dini cərəyana mənsub idi. İş elə gətirdi ki, Uilyam da başqa şəhərə müəllim göndərildi. Qonşusu nüfuzlu adam olmaqla, ser idi və ona dostcasına yanaşırdı.
Uilyamın 11 yaşı olanda 1575-ci ildə qraf Lester Kenilvoys qəsrində festival təşkil etmişdi, onun məşuqəsi hesab edilən kraliça I Elizabet oraya qonaq gəlmişdi. Stratfordun yaxınlığında olan bu qəsrdə kraliçanın doğum günü bayram edilirdi. Festival üç həftə davam etmişdi. Qəsrin gölünün karnaval tamaşasında bir adam delfinin belinə minib, onu çapırdı. Bunu gələcəkdə "On ikinci gecə" pyesində o, öz uşaqlıq təəssüratını "Delfinin belindəki Arion kimi" təsvir etmişdi.
1592-ci ildə Şekspirin ilk dəfə Londonda olması onunla xatırlanır ki, o, artıq özünü dramaturq kimi göstərmişdi. Teatrda aktyor kimi işləyəndə o, əlini yazmaqda da sınamağa cəhd etmişdi. Dramaturq Robert Qriinin paxıllığı da öz işini görmüşdü, onu oyatmış, daha böyük yaradıcılığa həvəsləndirmişdi. Qriin onu "bambılı qarğa" adlandırıb, əlavə etmişdi ki, o, yalnız öz lələkləri ilə gözəldir, onun "pələng" ürəyi aktyoru gizlədən örtüyə bürünmüşdür. "O, öz aləmində özünü inandırır ki, ölkədə yeganə Shake-scene-dir. "Səhnəni sarsıdandır". O, Shakespeare sözünü ("Nizəni sarsıdan" mənası verən onun adını) oxşar "Shake-scene" - "Səhnəni sarsıdan"la əvəz etmişdi və bununla, əslində, Şekspirə tərif söyləmişdi.
Şekspir, həqiqətən, çox saydakı dramaturqlardan biri idi ki, Londonda yeni tikilən və daimi fəaliyyət göstərən teatrların ehtiyaclarını razı salmağa çalışırdı. Əlbəttə, Şekspir tezliklə açıq şəkildə gözə çarpdı, onun ilk pyesləri Londonun o vaxtlar daha populyar teatrı olan "Qızıl gül"də təmsil olunurdu. Bir cəhət də ondan ibarət idi ki, gənc dramaturq həmin teatrın sahiblərindən biri ilə yaxın münasibətdə idi.
Teatr qraflıqlara qastrola gedəndə, Şekspir onlara qoşulmurdu, əvəzində poeziya ilə məşğul olmağa üstünlük verirdi. Sauzhemptonun 3-cü qrafı ona himayədarlıq edirdi, şair iki nağıl poemanı bu hamisinə həsr etmişdi. Bunlar "Venera və Adonis" və "Lukretsiyanın zorlanması" əsərləri idi. Onların hər ikisi tezliklə çap olunmuşdu.
1594-cü ilin payızından Londonda taun xəstəliyi geniş yayılmışdı. Artistlər özlərinə yeni hamilər tapırdılar. Lord Çemberlenin Adamları adlananlar, Şekspir də daxil olmaqla, teatrın sahibliyinə yiyələndilər. Şekspirin sonrakı karyerası aktyor və dramaturq kimi irəli gedəndə, Londonun ən yaxşı teatrı bu kompaniyaya məxsus idi. Şekspir böyük aktyor sayılmadığından, diqqətini pyeslər yazmağa yönəltmişdi. 1590-cı illərdə Şekspir özünü, əsasən, tarixi pyeslər və komediyalar yazmağa həsr etdi. Lakin onun bu dövrdəki şəxsi həyatından az şeylər məlumdur.
Londonda məskunlaşmışdı, yalnız oğlu Hamnet ölüb, 1596-cı ilin avqustunda dəfn olunanda Stratforda qayıtmışdı. Lord Çemberlenin Adamları dəfələrlə onu kraliça Elizabetin qarşısına səhnədə oynamağa dəvət etdilər. Onun dramaturq kimi hörməti də xeyli artmışdı, pul qazanmağa başlayanda Stratforddakı böyük evlərdən birini satın aldı, arvadı və iki qızı bu evə köçdülər.
1599-cu ildə "Qlobus" teatrının açılması onun həyatının dönüş nöqtəsinə çevrildi. Yeni teatr "Qızıl gül" və "Qu quşu" teatr binalarının yaxınlığında idi. Tezliklə bu teatr ən yaxşı tamaşa evinə çevrildi, onun tamaşa salonu 2000 nəfərdən artıq tamaşaçı tuturdu. Sonra gələn dekadadan başlayaraq çox müddətdə "Qlobus"da Şekspirin, demək olar ki, bütün əsərləri oynanılmışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 18 fevral.- S.14.