Plastik əməliyyatların
hansı psixoloji təsirləri ola bilər?
Plastik-estetik əməliyyatdan öncə psixoloqdan məsləhət almaq
lazımdır
Dünya
alimləri plastik əməliyyatların xəstələrdə
psixoloji nəticələrini
üzə çıxaran
yeni araşdırmalar aparırlar. Estetik-plastik əməliyyatların əsas
məqsədi bədənin
müxtəlif yerlərindəki
qüsurları aradan qaldırmaqla, insanların
həyatında müsbət
dəyişikliklər etməkdir.
Sözsüz ki, belə əməliyyatlar əksər
vaxt effektiv nəticə verir. Amma görünüşü dəyişmək
həmişə psixoloji
problemlərin həlli
demək deyil.
Gənc yaşlarında lazım oldu-olmadı aparılan bir sıra əməliyyatlar
var ki, onları
erkən eləmək
məsləhətli görülmür. Hazırda dəb
şəklini almış
bir çox əməliyyatlar var. Mütəmadi
şəkildə bu prosedurların həyata keçirilməsi insan dərisinin tez qocalmasına və sallanmasına gətirib çıxarır. Zaman keçdikcə
insanın bədənində
baş verən xoşagəlməz dəyişikliklər
onların həyatında
ağır psixoloji hallara səbəb olur.
Psixoloq Fərqanə Mehmanqızı
"525"ə açıqlamasında estetik əməliyyatların psixoloji
tərəflərindən söz açıb: "Hər bir insanın öz xarakteri, həyata baxışı
olur. Şəxsiyyətin formalaşdığı dövrdə insan müəyyən travmalarla
üzləşir. Bu travmaların
fonunda onun xarakteri üzə çıxır. Əgər
problem psixoloji yox, tibbidirsə, əməliyyatla
aradan qaldırılır
və həmin insan normal həyata komplekssiz dönə bilir. Bəzi insanlarda özgüvən
problemi yaşanır və o, daha yaxşı olmaq üçün can atır.
Əgər bir adam problemli şəkildə idealistdirsə,
heç bir plastik cərrahiyyə probleminin qarşısını
ala bilməz. O adam sadəcə plastik cərrahiyyədən
asılı olacaq. Burada maraqlı bir nüans da var ki,
belə insanlar bir əməliyyatdan sonra
yeni bir əməliyyat istəyirlər
və bu hal təkrarlanır.
Hər kəsə
məlumdur ki, plastik cərrahiyyə insanı
dəyişdirir. Psixoloji problemli
adamlarda bu dəyişiklik asılılıq
yaradır. Bir adamın
hər hansı psixoloji problemi varsa, o problem aradan qalxmayınca əməliyyatların
da sayı artacaq. Ümumiyyətlə,
insan plastik cərrahiyyəyə getməzdən
əvvəl mütləq psixoloji
seanslardan keçməlidir.
Elə hallar var ki, fiziki
olaraq görünüşündə
problem olan insan onu kompleks eləmir,
normal qarşılayır. Hər
şey baxışdan
asılıdır. Elə
hallar da olur ki, psixoloq
müalicəsi alandan sonra özündə gördüyü
fiziki qüsuru artıq bir problem kimi görmür və cərrahiyyədən imtina edir. Əməliyyatdan öncə cərrah
pasiyentdən bu əməliyyatı psixoloji,
yoxsa fiziki hal olaraq istədiyini
soruşmalıdır".
Estetik əməliyyata
müraciət edənlər
əsasən, xarici görünüşündən narazı olan insanlardır. Bu insanlar
komplekslərindən azad
olmaq, özlərinə
güvənlərini bərpa
etmək, ünsiyyətlərində
rahatlıq yaratmaq və bəzən də hansısa tanınmış şəxsə,
yaxud seçilmiş bir insana bənzəmək
üçün əməliyyata
baş vururlar. Əslində, hər bir tibb müəssisəsi
gələn şəxsləri
psixoloq dəstəyi ilə tanış
etsə, onları maarifləndirmiş olar. Əməliyyat sonrakı dövr
daha həssas mərhələ olduğu
üçün həyəcan
sonlanmaya, yeni stress yaranar, bəzi hallarda isə nəticə ürəkaçan
olmaya bilər. Bunları aradan qaldırmaq üçün isə şəxsə həm ailəsi dəstək olmalı, həm də professional dəstək
göstərilməlidir.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 18 fevral.- S.16.