Sevgi, yoxsa sayğı?  

 

Esse

 

Zaman-zaman insan həyatında bir çox şey dəyişir: istəklərimiz, xəyallarımız, dünyaya baxışımız, həyat qarşısında duruşumuz daha nələr-nələr... Bir ehtiyaclarımız. Beş yaşında xoşbəxt edən oyuncaqdan 40 yaşında da eyni sevinci gözləmək absurd olduğu kimi insan münasibətlərində gözləntilər dəyişir. Bu dəyişikliyi ən çox sevgi hörmət sərhəddində hiss edirəm həmişə. Tək özümdən yox, özümdən yaşca böyük insanlardan eşitdiklərim mənə bunu deməyə əsas verir. Bir yerdən sonra möhkəm münasibətlər üçün sevgi bəs etmir, sayğının yeri görünür. Bəlkə, buna görədir ki, insanlar yaş artdıqca qalstuka, "müəllim" sözünə belə düşkün olurlar. Əlbəttə, burada toplumun təsiri, komplekslər öz sözünü deyir. Yaxud da bu, heç yaşla bağlı olmur, kiminsə əzəldən xarakteri bu cür olur.

Uşaqlığımızın tozlu səhifələrində adını "xala" "xanım" deyə yazdıqlarımız var. "Xala" dediklərimizdən sevgi, "xanım" dediklərimizdə hörmətin izləri görünür. Əlbəttə, məcburiyyətdən yox, səmimi, qəlbdən gələn xitabları nəzərdə tuturam. , zorla "müəllim", "cənab" sözünü dedizdirənlər olur. Onlar da bir ayrı dərddir.

İsi Məlikzadənin qəhrəmanı Dadaşovun da dediyi bu sözlər bu mövzuda demək istədiyim bir çox sözü əvəz edir:

"Mən çəkməçiyəm. Yırtıq ayaqqabılara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, - Fətulla - o elədi. Boy-buxunuma, bazburtuma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı... Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir. Başa düşdüm ki, bu kişi böyük adamlara qulluq göstərmək üçün əldən-ayaqdan gedir. Başladım onu buyurmağa..."

Bəli, böyük adamlara qulluq etmək üçün əldən-ayaqdan gedən adamlar olduğu müddətcə hörməti yalanla satın alan adamlar da həmişə olacaq. Əlbəttə, burda söhbət həqiqi hörmətdən yox, zahiri, saxta hörmətdən gedir.

Bəlkə elə insanlar həm ona görə qocaldıqca hörmətə düşkün olurlar ki, övladlarına "yaxşı familiya" miras qoymaq, yoxluğunda da sevdiklərinin yanında olmaq istəyirlər.

Həyatın elə mərhələsi də var ki, orada bütün işin özünlə olur. Nə kiminsə hörmətini, nə də hörmətsizliyini özünə dərd eləyirsən, bütün suallar da, cavablar da özündə olur. Bu mərhələ kamillik olsa, gərək ki. Amma çoxumuz o pilləyə çatmadan, sıravi insan xisləti ilə yaşayırıq.

İnsan da ki, eqoist varlıqdır, bir sevginin işığına bir ömrü çətin yola verə bilə. Dəli Məcnunun da Leylidən imtinası var axı.

Sevginin daima təsdiqə ehtiyacı var, hörmət isə aşağı-yuxarı eyni qaydalara söykənən düsturdur. Elə ki kimdən sevgi, kimdən hörmət gözləməli olduğunu anladın, yaşamaq da asanlaşır. Niyəsini bilmirəm, son vaxtlar mən də sevgidən çox sayğı gəzirəm. Məncə, sayğı sevginin ən son şəklidir. Həm də ən gözəl şəkli.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 18 fevral.- S.10.