İtlərə görə gözdən düşən insanlıq  

 

Esse

 

 

Bir neçə gün öncə sosial şəbəkələrdə rayonlarımızdan birində küçə itlərini kütləvi şəkildə zəhərləyib öldürmə halı ilə bağlı videonu izləyəndə ətim ürpəndi, qanım dondu. O dilsiz-ağızsız heyvanların necə çabalayaraq can çəkdiklərini, gözlərindəki qorxu yalvarışı görmək dəhşət idi. Tək günahları isə ac qarınlarını doyurmaq üçün hansısa mərhəmətsizə güvənərək onun verdiklərini yemək idi.

Əslində, küçə itlərinin az qala, ölkəmizin hər yerində niyə bu cür qəddarcasına- fərdi şəxslər tərəfindən ya zəhərlənərək, ya da güllələnərək öldürüldüyünü hamımız yaxşı bilirik. Çünki küçədə başlı-başına dolaşan, günlərlə ac qalıb quduzlaşan heyvanlar həmin ətrafda yaşayan insanlar, xüsusən, uşaqlar üçün potensial təhlükə, ən yaxşı halda, qorxu mənbəyidir. İnsanlar küçələrdə rahat gəzməyə, uşaqlar oynamağa məktəbə gedib-gəlməyə çəkinirlər. Səbəb , təbii ki, ac qarnını doyurmaq üçün gördüyünə hücum çəkən həmin bu itlərdir.

İllərdən bəri mətbuatda, sosial şəbəkələrdə ac quduz küçə itlərinin hücum edərək öldürdüyü, yaraladığı uşaqlar, böyüklər haqqında xəbərlərə az rast gəlməmişik. Paytaxt Bakı da daxil olmaqla, çox şəhərlərdə, rayonlarda il ərzində dəfələrlə belə ağır hallar yaşanır. Sözsüz ki, çarəsiz qalan insanlar da özləri, övladları üçün potensial təhlükə olan bu heyvanlardan qorunmağın üsullarını tapırlar: kimi güllələyir, kimi zəhərləyir, kimi aparıb azdırır...

Bəs gəlin, görək, bu hadisələrdə günahkar itlərdirmi? Əlbəttə, yox! Dilsiz, şüursuz heyvanın bu həyatdakı tək məqsədi qarnına yemək tapmaqdır. Onun üçün fərqi yoxdur, o bu yeməyi necə tapacaq, necə yeyəcək? Ya bir insan əliylə, ya da insanın özüylə... Soyuq qış günlərində küçələrdə dolanan, yemək tapmayaraq aqressivləşən, üstəgəl insanlar, hərəkətinin nəticəsini hesablaya bilməyən uşaqlar tərəfindən daşlanan, qovulan itlər nəhayətində onların özlərinə hücum edirlər. Axı dedik: onlar şüursuzdurlar!

Bu halla kim mübarizə aparmalıdır? Fərd olaraq insanlar özləri? Təbii ki, yox! Fikrimcə, küçə heyvanlarını insanlardan, insanları da həmin heyvanlardan qorumaq üçün dövlət qurumları intensiv çalışmalı, öz işlərini vaxtında vicdanla görməlidirlər. Əgər heyvanları qoruma birlikləri, küçə heyvanlarını bəsləmək üçün qurumlar öz işlərini daha yaxşı görsələr, o heyvanlar özbaşına küçələrdə gəzib kiməsə hücum çəkər, insanlar naəlac qalıb onları müxtəlif formalarla öldürərlər. Yox, əgər çarə yenə o heyvanların öldürülməsidirsə, bunu da həmin qurumların özləri lazımi qaydada yerinə yetirməlidir. Dəhşətə, insanlığı gözdən salan zidd hallara yol açmadan.

Bu mövzu ətrafında düşünərkən, yadıma məşhur yapon yazıçısı, Nobel mükafatlı ədib Kenzaburo Oenin "Qəribə " adlı hekayəsi düşdü. Oe ilk dəfə "Heyvan səsləri" adlı pyes kimi yazdığı əsəri sonradan hekayələşdirərək "Qəribə " adlandırıb. Əsər eksperiment aparacaq şirkət üçün itləri öldürməklə pul qazanan, üçü tələbə olmaqla, bir neçə insandan bəhs edir. 150 iti öldürüb dərisini soymaq vəzifəsi verilən bu insanların belə ürəyində o itlərə qarşı mərhəmət var.

Onların içərisində öz soyuqqanlılığı ilə seçilən, itləri bir dəyənək zərbəsinə öldürən dərisoyanla hekayəni nəql edən tələbə arasında belə bir dialoq keçir:

"- Burada bir nəfər mənə zəhərlə işləməyi məsləhət gördü, - dərisoyan dilləndi.

- Zəhərlə?

- . Amma ondan istifadə etmirəm. Zəhər itə təsir eləyənəcən kölgədə oturub çay içmək arzusunda deyiləm. Əgər iti öldürürəmsə, düz qarşısında dayanmalıyam. Bax, bu dəyənəyi çoxdan işlədirəm. İtlərə zəhər vermək iyrənc məsələdir, mənim işim deyil...

Belə edə bilərdim, amma mən zəhərlə işləyən dərisoyanlardan deyiləm. Axı itləri sevirəm!"

Başqa bir epizodda isə bir günə öldürməyə çatdırmadıqları itlərin gecə ac qalmaması üçün onlara yemək verilməsindən danışılır. Həmin dialoq isə fikrimcə, əsərin ən təsirli yerlərindən biridir:

"- Biz sabah birisi gün onları öldürəcəyik! Axı o heyvanları yedirmək, üstəlik sığallamaq iyrənc şeydir. Bir azdan dəyənək zərbələri altında öləcək itlərin quyruqlarını bulaya-bulaya tullantıları necə yeyəcəklərini ağlıma gətirə bilmirəm.

- Bu gün uzaqbaşı əllisini öldürə bilərik, - dərisoyan qəzəbini boğa-boğa dilləndi. - Doğrudanmı, qalanları acından öldürmək lazımdır?! Mən bu cür vəhşilik edə bilmərəm.

- Vəhşilik? Siz vəhşilik deyirsiniz?- Tələbə oğlan heyrətləndi.

- Əlbəttə! Qəddarlığı görən gözüm yoxdur. İtləri sevirəm".

Başqa bir epizodda isə iti bir zərbəyə öldürə bilməyən tələbə oğlana acıqlanan dərisoyan qışqırır: "Öldür! Heyvana əziyyət vermə!"

Bəli, hətta ən qəddar şəkildə, ən qəddar üçün onlarla iti öldürüb, soyuqqanlılıqla dərisini soyan insan belə zəhərdən istifadə etmir, onları əzabla öldürməyin qəddarlıq, vəhşilik olduğunu deyir.

Həmçinin, bir azdan öldürəcəyin itə qarşı mərhəmətli davranmaq, onu əzizləmək iyrənclik kimi qəbul olunur bu əsərin personajları üçün.

Bir var, yazımın əvvəlində danışdığım videodakı kimi, qarnı ac, tək istədiyi sadəcə yemək olan heyvanları ən zəif yerlərindən, yəni yeməklə vurmaq. Sənə güvənən, əlindəki yeməyə iştahla baxan, etibar edib həmin yeməkdən yeyən dilsiz-ağızsız, şüursuz varlığı aldadaraq işgəncəylə ölməsinə səbəb olmaq...

Doğrudandamı, çarə şüursuz heyvanları bu cür qəddarcasına öldürməkdir? Axı o şüursuz olsa da, əməlinin nəticəsini düşünməsə , biz insanlar şüurluyuq, bir canlıya zərər verməyin günahını da yaxşı bilirik.

Bu yazıyla bir daha aidiyyatı orqanları insanlar, uşaqlar üçün təhlükə mənbəyi olan küçə heyvanlarına qarşı vaxtında tədbir görməyə səsləyirəm. İnsanları isə bu qədər qəddar əmələ əl atmaqdansa, yaşadıqları ərazidə aidiyyatı orqanları və şəxsləri vaxtında hərəkətə keçməyə məcbur etməyə, ya da necəsə, başqa bir həll yolu tapmağa çağırıram. Axı bu dünya təkcə biz insanlar üçün yaradılmayıb, dünyamızın başqa sakinləri də var. Və onların da burada qorxusuz, təhlükəsiz yaşamaq ən azı bizim qədər haqlarıdır!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 21 fevral.- S.16.