Azərbaycançılıq - keçmişimizi gələcəyimizə bağlayan universal dəyərlər
sistemi
Müstəqil dövlətin yaranması,
formalaşması üçün
zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində
məskunlaşmış xalqın
və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını
özləri üçün
qəbul etmələridir. Vahid, mərkəzləşdirilmiş
dövlətin yaranması
üçün bu məqam xüsusi əhəmiyyət daşıyır.
Çünki hər hansı
siyasi-ictimai və ya təbiət hadisəsinin müəyyən
zaman kəsiyində, insanlar bir yerə
toplaşırsa, fərdin
enerjisi kütlənin,
bəzən də millətin enerjisinə çevrilə bilirsə,
səbəb kimi ortada olan faktorun
aradan qalxması bu birliyin pozulmaması
və ardıcıl inkişaf üçün
müəyyən ideologiyanın
mütləqliyini ehtiva
edir. Bu baxımdan
Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi, onun Azərbaycan dövlətçiliyi
naminə göstərdiyi
tarixi xidmətdir.
Məhz azərbaycançılıq Azərbaycana
qarşı bir çox istiqamətlərdən
yönələn təhdidlərin,
ölkəmizi etnik bölücülük əsasında
parçalamaq cəhdlərinin
qarşısında güclü
ideoloji və siyasi sipər oldu.
Millət vəkili Tamam Cəfərovanın sözlərinə
görə, azərbaycançılıq
ideologiyası həm də xalqın tarixən tapındığı
mütərəqqi ənənələri
gələcək nəsillərə
ötürən mənəvi
körpüdür. Azərbaycançılığın
gücü, eyni zamanda, fərdi maraq və meyilləri
dövlət siyasəti
ilə birləşdirmək,
xalqın milli-mədəni
eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür:
"Dövlətçilik hisslərinə malik olmayan xalq milli
dövlətini inkişaf
etdirə bilməz. Bu mənada, azərbaycançılıq
ideologiyası milləti,
xalqı, dövləti
qəlbən sevməyi,
onun naminə yorulmadan çalışmağı
bütün mahiyyəti
ilə təşviq edir. Xalqın milli varlığını
ifadə edən rəmzlərə, adət-ənənələrə,
ali mənəvi
dəyərlərə yüksək
sədaqət, ana dilinə məhəbbət,
bəşəri ideallara
hörmət azərbaycançılığın
milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın
əsasında yer alan ünsiyyət
birliyi isə vahid ana dilimiz
vasitəsilə həyata
keçirilir. Azərbaycan dili
milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq
ideologiyasının komponenti
kimi çıxış
edir".
Millət
vəkili bildirib ki, Ulu
öndər Heydər
Əliyevin Vətən
və xalq qarşısında göstərdiyi
böyük xidmətlərdən
biri də milli dövlətçiliyimizin
möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını
irəli sürməsi,
onu ümummilli ideoloji təmələ çevirməsidir: "Azərbaycanda vətəndaş
sülhünü, ümumxalq
vəhdətini, milli və dini tolerantlığı
təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə
yaşayan soydaşlarımızın
birlik və həmrəyliyinin təmin
olunmasından ibarətdir.
Heydər Əliyev hələ
sovet Azərbaycanına
rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları
çərçivəsində xaricdəki azərbaycanlı
diasporunun təşəkkül
tapmasına mümkün
dəstəyi göstərirdi.
Əminliklə qeyd etmək
olar ki, bu nəcib arzu
bu gün uğurla həyata keçməkdədir. Prezident İlham
Əliyevin rəhbərliyi
altında, dövlət
siyasətinin bütün
sahələrində olduğu
kimi, azərbaycanlıq,
azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi
istiqamətində ardıcıl
addımlar atılır".
Tamam Cəfərovanın dediyinə
görə, Ümummilli
lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
siyasi kursu Prezident İlham Əliyevin əzmlə davam və inkişaf
etdirməsi, eləcə
də dinamik, çoxşaxəli və
milli maraqlara əsaslanaraq həyata keçirilən siyasət
nəticəsində Azərbaycanın
çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini
təmin edib. Eyni zamanda, müstəqilliyimizin
bərpasından keçən
30 ilə yaxın müddətdə Azərbaycanın
dövlət quruculuğu
sahəsində mühüm
nailiyyətlər əldə
etmiş, özünün
hüquqi-siyasi, sosial-iqtisadi
dayaqlarını möhkəmləndirib.
Millət
vəkili, professor Musa Qasımlı bildirib ki, azərbaycançılıq
ideologiyası millətimizin
tarixi keçmişi və bu günü
ilə sıx bağlıdır: "Xalqımız
milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif
enişli-yoxuşlu yollardan,
tarixi dövrlərdən
keçərək inkişaf
edib, zənginləşib.
Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını
tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər
şəkildə birləşdirən
azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar
Azərbaycan millətidir.
Ona görə də azərbaycançılıq ilk növbədə ailədən,
uşaq bağçasından,
məktəbdən və
cəmiyyətdən gəlməlidir.
Rəhmətlik Mirzə Cəlil
yazırdı ki, millətin gələcəyi
anaların əlindədir.
Azərbaycançılıq təkcə şüar
olaraq deyil, məzmun və mahiyyətinə görə
dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq
bu və ya başqa səviyyədə
təhsil müəssisələrində,
KİV-də təbliğ
edilir. Lakin onun təkmilləşdirilməsinə
ciddi ehtiyac olduğu qənaətindəyəm.
Azərbaycançılığın daha geniş
təbliğ edilməsinin
hər bir Azərbaycan vətəndaşı
üçün əhəmiyyəti
böyükdür. Hesab edirəm
ki, azərbaycançılıq
təkcə vətəni,
dövləti sevmək
deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və
davamlı inkişafı,
dəyişən dünya
reallıqlarına uyğun
olaraq tərəqqisi və təhlükəsizliyi
üçün çalışması
deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin
birliyi və ölkəmizin bütövlüyünə
qarşı yönəldimiş
bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla
alınmalıdır".
Millət
vəkilinin dediyinə
görə, azərbaycançılıq
ideyasının təbliği
dövlətçilik və
vətənpərvərlik kimi təməl ideyalara söykənir:
"Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan
insanların vahid dövləti var. Həmin
vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin
vətəndaşları irqindən,
dinindən, siyasi baxışından asılı
olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması,
saxlanılması ideyasına
qulluq etməlidir.
Dövlətçilik təməl ideyasına
da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan
hər bir kəs Azərbaycan bayrağına, gerbinə,
himninə, konstitusiyasına
hörmət etməlidir".
Millət
vəkili Naqif Həmzəyev qeyd edib ki, azərbaycançılığın
milli ideya və ideologiyanın vəhdəti kimi inkişafında mühüm
rol oynayan Ulu öndər Heydər Əliyevin parlaq azərbaycanlı obrazında cəsarətlilik,
təşəbbüskarlıq, yorulmazlıq, mərdlik, dəyanətlilik, uzaqgörənlik,
hadisələri qabaqlamaq
məharəti, dövlətə,
xalqa sədaqət, milli mənafeyi uca tutmaq kimi
keyfiyyətlər ümumiləşib.
Eyni zamanda, Heydər Əliyevin şəxsiyyətində
milli-mənəvi dəyərlərlə
bəşəri dəyərlər
qovuşub. Heydər Əliyev
şəxsiyyəti bu
mənada nəsillərə
nümunə obrazını
formalaşdırıb. Məhz Heydər Əliyev kimi böyük insanların şəxsiyyətində
yaranmış obraza görə Azərbaycan xalqının milli - mənəvi dəyərləri
bəşər mədəniyyətinin
bir tərkib hissəsinə çevrilir.
Beləliklə, müasir dövrdə
milli - mənəvi dəyərləri özündə
birləşdirən azərbaycanlı
obrazı bəşər
mədəniyyətinin ən
yaxşı ənənələrini
mənimsəməklə öz
şəxsiyyətinin bütövlüyünü
və tamlığını
nümayiş etdirməyə
qadir olur".
Millət
vəkili Hikmət Babaoğlu deyir ki, azərbaycançılıq
hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə
sahib çıxmaq, Azərbaycan
dilini, tarixini, mədəniyyətini bilmək,
tarixən əldə
etdiyimiz dəyərləri
mühafizə etməklə,
qloballaşan dünyada
mövcud olan, yeni universal dəyərləri
mənimsəməklə, bunları
ümummilli mənafelərimizin
qorunması istiqamətində
səfərbər etmək
deməkdir. Azərbaycançılıq ideologiyası Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim
etdiyi universal dəyərlər
sistemidir. Eyni zamanda, azərbaycançılıq
ideologiyası Azərbaycan
cəmiyyətinin bütün
təbəqələrində qəbul edilən, mənimsənilən və
həyat tərzinə
çevrilən bir hadisədir: "Azərbaycançılıq
ideologiyası ilə bağlı Ulu öndər bir neçə dəfə danışıb və onu izah edərkən
çox mühüm məsələlərə toxunub.
Əgər biz bunu konkret
olaraq siyasi, elmi nöqteyi-nəzərdən
formalaşdırmağa çalışsaq,
deyə bilərik ki, azərbaycançılıq
ideologiyası Azərbaycanın
milli neokonservatizmidir.
Nekonservatizm - konservatizm və
liberalizmin birləşməsidir.
Yəni mühafizəkarlıq, üstəgəl,
müasirlik və liberallıq azərbaycançılıq
ideologiyasına bərabərdir.
Ona görə də bütün bunlar cəmiyyətimizin çox
rəngli etno və sosial palitrası tərəfindən
qəbul olunur. Azərbaycanda yaşayan hər
bir azərbaycanlı özünü xalqımızın
bu vaxta qədər yaratdığı
milli-mənəvi dəyərlər
sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək
üçün fəaliyyət
göstərir".
İsgəndər HƏSƏNOV
525-ci qəzet.- 2023.- 21 fevral.- S.15.