Güldürə-güldürə ağladan adam...   

 

 

Onun haqqında çoxdan yazmaq, fikir söyləmək və ürəyimdə olanları həm oxucularla, həm də elə bu sənət adamının özü ilə bölüşmək arzusundaydım. Lakin nədənsə özümdə cəsarət tapa bilmirdim. Çünki sənət adamı haqqında fikir söyləmək böyük məsuliyyət deməkdir. Ələlxüsus da bu sənətkar bu gün də fəaliyyətdədir, sevilir və sənət dünyasının ən parlaq simalarından biridir. Açıq etiraf edim ki, hər dəfə masa arxasında oturub qələmi barmaqlarımın arasında saxlayanda düşündüklərimi cəmləşdirə bilmədiyimdən müxtəlif bəhanələrlə fikirlərim pərəm-pərəm olurdu, sanki yazını mənə yazdıran qüvvə anidən yox olub qeybə çəkilirdi...

Nə vaxt onunla tanış olduğumu xatırlamıram. Və bu tarixi unutduğumdan bəzən mənə elə gəlir ki, onu bu dünyaya gəldiyim gündən tanıyıram... Yaradıcı adam kimi onu mənə əziz edən, sevdirən, doğmalaşdıran əsərlərindəki vətəndaş cəsarəti, ictimai fəallıq, cəmiyyətdəki neqativ hadisələrə kəskin yumoristik yanaşmasıdır.

Bu adamın sənət yolu heç də hamar olmayıb. Bu illər ərzində sənətinə, istedadına paxıllıq edənlər, hər vəchlə yaradıcılıq uğurlarına mane olmaq istəyənlər də tapılıb. Ancaq belə hallarda hər zaman istedadının gücünə və müqəddəs saydığı səhnənin varlığına güvənib.

Onda mənalı bir gülüş qabiliyyəti var, həm gülə-gülə ağlatmağı, həm də ağlada-ağlada güldürməyi bacarır... Ölkənin inkişafını, abadlığını, əmin-amanlığını, dövlətin müstəqil, çevik siyasətini, əyilməzliyini gözü götürməyənləri, bayağı mahnılarla xalqın zövqünü korlayan istedadsız müğənniləri, xalqa kişilik dərsi öyrədən riyakar şöhrətpərəstləri və sair ünsürləri yumor atəşinə tutur. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, onun yumorunun mərmiləri ora düşməsin, ictimai həyatın elə bir guşəsi yoxdur ki, onun acı gülüşləri ora nüfuz etməmiş olsun. Onun hər bir yumoru sanki tarixin əks-sədasıdır.

İdeal cəmiyyət yoxdur. O da bir vətəndaş, bir ziyalı kimi yaşadığı cəmiyyətdə nöqsanlarla, neqativ hallarla, ədalətsizliklərlə qarşılaşıb və həyatın bu sərt həqiqətləri ilə üzləşməsi onun yumor ustası kimi püxtələşməsində müəyyən rol oynayıb. O, yaşadığı cəmiyyətdə hökm sürən haqsızlığa, ədalətsizliyə, rüşvətxorluğa, əliəyriliyə, talançılığa qarşı barışmaz mövqedə dayanır və əsl yumor ustası kimi neqativ hallara yol verənləri kəskin sarkazmla üz-üzə qoyur.

Dərin müşahidə qabiliyyəti, yüksək intellektual səviyyəsi, hadisələri analiz etmək bacarığı onun dinamik fəaliyyətinə təminat yaradır və peşəkar ssenarist, yumorist, prodüsser kimi formalaşmasına təkan verir.

Onun mövzu rəngarəngliyi diqqəti cəlb edir. Xalqımızın ictimai, siyasi, sosial, mədəni həyatının bütün sahələrini öz təfəkkür süzgəcindən keçirərərək, real faktlara əsaslanması onun Mirzə Cəlil irsinin davamçısı olduğunu təsdiq edir.

...Bu, Müşfiq Abbasovdur... "Bu şəhərdə" estrada teatrının prodüseri, ssenaristi, yaradıcısı və nəhayət, bir teatrda iki Əməkdar artist yetişdirmiş Müşfiq Abbasov. 2000-ci ildə Moskvada keçirilən "Onluğun turniri"ndə "Parni iz Baku" "Əsrin çempionu" kubokunda MDB KVN komandasının müəllifləri arasında XX əsrin ən yaxşı zarafatının müəllifi diplomuna layiq görülən Müşfiq Abbasov.

"Bu şəhərdə" estrada teatrında səhnələşdirilmiş ssenariləri vətənə, millətə, dövlətçiliyimizə xidmət hadisəsidir. O, digərləri kimi hamının oxuduğu, bildiyi, eşitdiyi hadisələri vərəqə köçürüb, hər hansı fəxri ada iddialıq nümayiş etdirmir. Korlanmış imiclərini təmizə çıxarmağa cəhd edənlərdən fərqli olaraq, milli ruh, əxlaq, abır-həya onun həyat kredosudur.

Müşfiq Abbasovun yazı dili, onun bədii konstruksiyası sadə və şirindir. O, qəliz terminlərdən istifadə etmir, bəzən edəndə belə, onun qələmində həmin terminlər həlimləşir, mülayim tələffüzlə lirikalaşır. Hadisələri situasiya planında relyefə uyğun oturtmağı, bədiiliyi hər hansı bir filoloji deqradasiyasından sığortalamağı, eləcə də tamaşaçını düşündürmək üçün təsvir etdiyi hadisələrin həyatiliyinə inandırmağı bacarır. Onun ssenarilərinin ideya-bədii pafosunu, təsir gücünü artıran da məhz onların həyatiliyi, hadisələrin reallığıdır. Cəmiyyətin inkişafı ilə ayaqlaşmayan adamların gülünc vəziyyətini məharətlə təsvir edə bilir. Yazdığı ssenarilər öz yığcamlığı, lakonikliyi və hadisələri kiçik bir süjet ətrafında birləşdirməsi ilə yumoristik-satirik obyektləri, dövrlə, zamanla mütənasib olmayan neqativ olayları aşkara çıxarmaqla ifşa edir.

Müşfiq Abbasovun yumorunun, gülüşünün episentrində bir neçə tamaşaçı nəslinin tərbiyələndiyini aydın görmək olar. Çünki onun gülüşü mücərrəd deyil, öz materialını həyatdan götürüb. Onun gülüşü müxtəlif formalarda zəngin, komik-yumoristik ifadə vasitələri ilə çıxış edir və klassik satirik-komik janrının tarixi təcrübəsindən bəhrələnməklə yeni ideyalara, yeni formaya, müstəqilliyə, novatorluğa malikdir. Onun yumorunda ictimai həyat hadisələrinin özünəməxsus tərəfləri, yeni həyati konfliktlər, fərdi psixologiyalar təsvir olunur. Onun gülüşü dövrün, şəraitin xüsusiyyətlərini daşımaqla yanaşı, insanı bioloji varlıq olaraq da düşündürməyə vadar edir. Bu cəhətdən, fikrimizcə, Mirzə Cəlil kimi nəhəng ustadın yolu ilə gedərək, ictimai-siyasi hadisə və münasibətlərin təsvirində gülüş mədəniyyətinə dərindən yiyələnib.

O, yumor projektorlarını zamanın ən tipik hadisələrinə tuşlayır, yeni insanın formalaşması, gənc nəslin tərbiyələnməsi uğrunda qızğın mübarizəni ziddiyyətləri ilə təsvir etməyə çalışır. Yumoristik səhnələrində hadisələri reallıqla təsvir etməklə oxucunu inandıra bilir. Fikrimcə, onun yazdıqları əsərlər öz ifşa pafosu və kəskinliyi, satirik-yumoristik üslubu etibarı ilə Mirzə Cəlil satirik ədəbi məktəbinin bu gün ən yaxşı nümunələrindən hesab oluna bilər.

Müşfiq Abbasov heç vaxt "Mən ssenaristəm, hər şeyi deyə bilərəm" tezisindən çıxış etmir, tamaşaçının dini, əxlaqi, ictimai dünyagörüşünə və inanc nöqtəsinə hörmətsiz yanaşmır, özü ilə tamaşaçı arasında inamsızlıq, ziddiyyət yaratmır, öz dünyagörüşünü tamaşaçıya zorla qəbul etdirmir, bu səbəbdən də tamaşaçı onu sevir və ona inanır. Onun yazdığı əsərlərin səhnədə uğur qazanmağının başlıca səbəbi onun istedadı, fitri-mədəni səviyyəsi, geniş intellekti, həyat təcrübəsi, ardıcıl mütaliəsi, ictimai fəaliyyətidir. O, radio, televiziya yayımlarını, kino yeniliklərini sistemli şəkildə izləyir, həyatdan kənar yaşamır, daim həyatın qaynar yerində, baş verən ictimai-siyasi hadisələrin həmişə mərkəzində olur.

Xəyal gücündən yoxsul, biliksiz, istedadı olmayan bir çox sənət adamları var ki, istedadsızlıqlarını guya onlara kənar güclər tərəfindən edilən təsirlərlə gizlətməyə çalışırlar. Müşfiq Abbasovun isə əsl istedad sahibi kimi belə bəhanələrə ehtiyacı yoxdur və peşəkarcasına öz iti qələmi ilə bürokratiya qatını əzib keçir və istənilən bürokratik subyekti onun varlığını qəbul etməyə, onunla hesablaşmağa məcbur edir.

Ümumi götürdükdə, ssenari sözlərlə şəkil yaratmaq sənətidir, yəni ssenari müəyyən bir texnikaya və qabiliyyətə istinad edən kino sənətinin qaydalarını və dövrün texnikasını nəzərə alan, ilk sətrindən son sətrinə qədər kino və televiziyaya uyğun olaraq yazılan mətndir. Başqa sözlə, ssenari görüntü və səsə çevrilərək bir düşüncənin, bir hadisənin yazılı halıdır.

Ssenari yazmaq araşdırma aparmaq, müşahidə etmək, başqalarının görə bilmədiyini görmək kimi bilik və bacarıq tələb edir. Bu proses yaradıcı təxəyüllə yanaşı, həm də yazmaq qabiliyyəti ilə birbaşa əlaqəlidir. Və bu sahədə uğur qazanmağın dəqiq bir düsturu yoxdur. Hər şey istedaddan asılıdır. El sözüdür: "Aşıq çala bilmirsə, telli sazın nə günahı?.."

Yaradıcılığında o, heç kimi təkrarlamır. Onun yaradıcılığında özünəməxsus milli hiss və duyğudan enerji alan daxili dinamizm və səmimilik öz gücünü və sambalını həmişə saxlayır. Səmimiyyəti, məhrəmliyi qoruyan və yaşadan yumor isə tamaşaçıya daha doğmadır. Onun çoxlu sayda ərsəyə gətirdiyi yumoristik mini-səhnə ssenarilərinin minlərlə tamaşaçı arasında sevilib yayılmasının və müəllifinə şöhrət gətirilməsinin əsas səbəbi həmin kadrlara hopmuş səmimilik və məhrəmlikdir. Tamaşaçı gördüyü epizodlara baxa-baxa, özü də bilmədən personajın ruhuna uyur, sanki onu dalınca aparır.

Özünü həm qalibin, həm də məğlubun yerinə qoymaqla klassiklərdən bu günə qədər olan satira və yumorun vətəndaşlıq qayəsinin müstəvisini dəyişir. Şəxsiyyət və millətin vəhdəti insanın fiziki simasında yox, duyğunun, tanrısallığın, ruhun ölməzliyində təsdiq edir. Onun yazdığı əsərlərin öz rəngi, öz nəğməsi var - təkrarsız, bənzərsiz və ancaq özünəməxsus...

Mahiyyət etibarı ilə nəyisə ifşa etmək üçün onun ifşaya layiq olduğunu anlamalısan. Gülüşün kəskin öldürücü olması üçün məsələnin mahiyyətini anlamaq, problemi kökündən həll etmə arzusu dayanır. O, uşaqdan pul yığan müəllimin, çarəsiz adama yalandan ümid verən baxıcının, ölüm ayağında olan xəstənin qohumları gəlmədən əməliyyata başlamayan həkimin doğrudan da cəmiyyət üçün faciə və ifşaya layiq olduğunu anlayaraq bütün bunları peşəkarcasına səhnələşdirir. Rüşvətxor həkim təkcə xəstələr, rüşvətxor müəllim təkcə şagird və tələbələr, baxıcı təkcə avam adamlar üçün faciə deyil, bu, ümumilikdə bizim toplum, bizim cəmiyyət üçün dəhşət və təhlükədir.

Onun yazdığı ssenari əsasında qurulan tamaşalar səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. Yaradıcılığının və büsbütün bir ziyalı kimi şəxsiyyətinin əsas xüsusiyyəti onun milli qaynaqlardan bəhrələnməsi, milli-mənəvi dəyərlərə son dərəcə söykənməsidir. Yaratdığı əsərlər intellektual, ritorikadan, şüarçılıqdan uzaq, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan yazılardır. O, insanları güldürən və güldürərək düşündürən, duyğusallaşdıran əsərlər yazır. Onun yumoru intellektual gülüşü səviyyəlidir, yumorun gücü ilə tamaşaçını xoşbəxt etməyi bacarır. Onun tamaşalarına baxdıqca, düşüncə qatlarına vardıqca, təfəkkürünün və ifadə tərzinin yumordan necə qidalandığına heyran olmaya bilmirsən.

Mənfi tipli insanlara gülməyi bacarmaq o qədər də asan deyil. Gərək bu gülüş ürəkdən gəlsin, həqiqəti əks etdirsin. Gülüş eybəcərliyin qənimidir.

Müşfiq Abbasov təkcə istedadlı, intellektual bir ssenarist, bir yaradıcı adam kimi deyil, bir insan kimi də öz vətəndaşlıq borcunu dərk edir, onun bir əsas meyarı var - həqiqət!

 

Yəhudi əsilli fransız filosofu Anri Berqson yumorun, gülüşün başlıca funksiyasını cəmiyyətin islahı hesab edirdi. İslahın isə bizim toplum, bizim cəmiyyət üçün necə bir zərurət olduğunun, fikrimizcə, sübuta ehtiyacı yoxdur.

Biz absurd və özümüzə arzulamadığımız situasiyalara gülürük. Əslində, yumor faciənin diaqnozudur. Güldüyümüz hadisə və personajlar bizi düşündürür. Müəllifin cavab tapa bilmədiyi bütün detallar mətnin yumor qatında olur. Özü yox, oxucu, tamaşaçı düşünür. Nəyə gülmək nə qədər önəmlidirsə, nə ilə güldürmək də o dərəcədə önəmlidir. Naşı müəllif yumoru vaxtında "işə salmasa", hədəfini qaçıra bilər.

O, bir insan kimi də sadəliyi, mehribanlığı, səmimiyyəti, gündəlik davranışları, insaniyyətliyi ilə hamıdan seçilir. Onun illərin sınağından keçmiş dost sədaqəti, bir az ərköyünlüyü, ipək kimi ürəyi, kara gəlmək bacarığı, təmənnasız olmağı hamımıza nümunədir. O, göründüyü kimi olmağı və olduğu kimi görünməyi bacaran insanlardandır.

Bir dəfə dahi Sokratdan soruşurlar ki, "İnsanda ən çox nəyi qiymətləndirirsən?" filosof tərəddüd etmədən deyir ki, "insaniyyətliyi".

Doğrudan da insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azından ətrafdakılara qayğı, xeyirxahlıq, mərhəmətlik göstərmək və digər yüksək keyfiyyətlərə sahib olasan. Bu dünyada insana yaşamaq haqqı verən Tanrı hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər, maneələr çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə, ona verilən ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. Elə Müşfiq Abbasov kimi...

Bu yazıda onun haqqında demək istədiklərimin az bir hissəsini qələmə aldım. Əslində, qələmə almadım, onun bu dünyadakı yerini axtarmağa çalışdım. Və deyəsən tapdım da... Ancaq öz düşüncələrimə görə, çünki hər kəsin öz Müşfiqi ola bilər.

Sənətin ən böyük zirvəsi elə onun ucalığıdır. Ucaldıqca sənətin zirvəsində pərvazlanan istedad isə heç vaxt sönməz.

Müşfiq Abbasov illərdir yumoru ilə yol gedir...  Yüz illik, min illik, kim bilir, bəlkə də, milyon illik yolun yolçusudur. Bu yol hamar deyil, enişli-yoxuşlu, daşlı-kəsəklidir. Bu yolda yıxılanlar da, büdrəyənlər də olur. Bu yol onun qəlbindən, daxilindən başlayır, onu sonsuzluğa aparır. Bu yol uzun yoldur. Bəzən heç sonu da görünmür. Amma o, öz yolundan dönməzdir və dönməməkdə çox qərarlıdır. Çünki bu yol əbədiyyətə aparan yoldur. Əbədiyyət yolçusuna isə zaval yoxdur. Gedir və gedir.

 

Hacı İbrahimov

Hüquq elmləri namizədi

525-ci qəzet.- 2023.- 21 fevral.- S.12;13.