İşığı sönməyən
sənətkar ömrü - Kamil Nəcəfov
Səhnə fədailərimizdən
olan görkəmli aktyor parlaq məqamlarla zəngin
ömür və sənət yolu keçmişdi
..."Azərbaycan"
nəşriyyatının baş redaktoru Nahad Əliyev
gözlərini qarşısındakı kağızlardan
ayıraraq xoş bir təbəssümlə dilləndi:
- Görkəmli
səhnə ustalarımız haqqında kitabı çapa
hazırlayırıq. Burada həmyerliniz, 1943-cü ildə
Əməkdar artist adına layiq
görülmüş mərhum Kamil Abbas oğlu Nəcəfov
haqqında da maraqlı material var.
- Mərhum
niyə olur, Nahad müəllim? - soruşdum.
- Axı, o, sağdır, özü də qonşuluğumuzda
yaşayır. 90-a yaxın yaşı var. Buna
baxmayaraq qıvraqdır, həmişəki kimi müntəzəm
işə gedir. Lənkəran Dövlət
Dram Teatrının tamaşalarında gözəl rolları
ilə çıxış edir.
Gözlənilməz xoş xəbərdənmi, ya nədənsə
Nahad müəllim sevinən kimi oldu. Məndən dönə-dönə
xahiş etdi ki, qocaman səhnə ustası ilə
görüşüb kitabı üçün maraqlı ola biləcək bəzi məqamları öyrənim.
Kamil Nəcəfovla qabaqcadan şərtləşdiyimiz
kimi evində görüşdük. 1995-ci ilin yayı idi.
Hava isti olduğundan eyvana keçməli olduq.
Beşmərtəbəli binadan şəhər necə də
gözəl görünürdü!.. Bu gözəlliyin fonunda Lənkəran Dövlət
Dram Teatrının binası diqqət çəkirdi. Ömrünün 70 ildən çoxunu bu teatrda
keçirmişdi Kamil müəllim.
İlk
çıxışı "Kef içində" oldu
Respublikanın Əməkdar artisti Kamil Nəcəfov
irili-xırdalı 300-dən çox obraz yaradıb. Amma 1924-cü
ildə Bakının Bayıl qəsəbəsində yerləşən
"Neftçilər" klubunda oynadığı ilk rolunu
unuda bilmirdi. Mustafa Mərdanovun rəhbərlik
etdiyi dərnəkdə Böyükağa
Talıblının "Kef içində"
tamaşasında ona Cavad rolunu vermişdilər. Bu obrazı elə ustalıqla oynamışdı ki,
görənlər "əhsən" demişdilər.
Sonralar S.Vurğunun "Vaqif"ində Vaqif, N.Nərimanovun
"Nadir şah"ında "Nadir şah", M.F.Axundovun
"Xırs quldurbasan"ında Şirəhməd
rollarını oynayıb.
İl ildən uğurlu gəlib. Çox
keçməyib ki, Kamil Nəcəfov Mustafa Mərdanovun məsləhəti
ilə Bakı Teatr Texnikumuna daxil olub, 1932-ci ildə texnikumun
rejissor-aktyor şöbəsini bitirib. Tələbə
yoldaşları Adil İsgəndərov, Mehdi Məmmədov,
İsmayıl Dağıstanlı, Əli Zeynalovla bir yerdə
Azərbaycan Dövlət Dram Teatrında səhnə fəaliyyətinə
başlayıb. Professional teatrda ilk rolu M.Sidqinin
"Dəmirçi Gavə" əsərində Zabit olub.
Sonralar səhnəyə Abbasmirzə Şərifzadə,
Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Rza Təhmasib,
Möhsün Sənani, Kazım Ziya, Hacıməmməd
Qafqazlı, Haşım Kələntərli kimi
tanınmış aktyorlarla çıxıb. Aktyor
dostları haqqında maraqlı, unudulmaz xatirələri
vardı.
Adil
İsgəndərovla "Hacı Qara"da
"dalaşıblar"
Bakı
Teatr Texnikumunda oxuduğu vaxtlar - 1932-ci il. "Hacı Qara" əsəri oynanılır.
Tamaşanın bir yerində diqqəti o qədər
də cəlb etməyən güləş səhnəsi
göstərilir. Kamil Nəcəfov
danışırdı ki, ön planda mən Adillə
qapışırdım.
-
Gözaltı səhnəyə baxanda gördüm ki, Adilin
nişanlısı qabaq cərgədə əyləşib,
diqqəti bizdədir, - Kamil sözünə davam etdi. -
Zarafata salaraq gözləmədiyi bir fənd işlətdim, bədəncə
məndən yekə olan Adili nişanlısının
gözü qabağında yerə sərdi. Əslinə
baxanda tamaşada kimin kimə qalib gəlməsi nümayiş
etdirilmirdi, aktyor kimi çıxış edirdik. Sən demə, Adil qürrələnib
nişanlısına deyibmiş ki, "Hacı Qara"da bir səhnə
var, pəhləvan rolunda çıxış edəcək.
Məqsədi məni yıxmaqla
özünü nişanlısına göstərmək
imiş. Onu qabaqladığıma görə
yaman pərt olmuşdu. Bundan sonra Adil
İsgəndərov mənimlə bir neçə ay
küsülü qaldı. Nəhayət,
nişanlısının ad günündə
barışdıq.
Sarabski və
Stalin
Kamil Nəcəfovun Sarabski təxəllüsü ilə
tanınan məşhur sənətkar Hüseynqulu Rzayevlə
də yaradıcılıq əlaqələri olmuşdu. Əslində
ikisinin də taleyi bir-birinə oxşayırdı. Hər ikisi dənizçi ailəsində
doğulmuşdu. Hüseynqulu yeniyetmə
vaxtlarında matros olmuşdu, Kamil isə atasının
yanında balıqçı işləmişdi. Hüseynqulu Kamildən yaşca xeyli böyük idi.
Teatr dərnəklərində bir yerdə
çıxışları olmuşdu. Kamil Nəcəfov
danışırdı ki, mən hələ texnikumda oxuyarkən
Hüseynquluya Əməkdar artist adı verilmişdi: "Azərbaycan
incəsənət ustalarının Moskvada qastrol səfərində
Stalin tədbirdən sonra iştirakçılarla
görüşüb söhbət edir, sonra Hüseynqulunun
yanında ayaq saxlayaraq gözlənilmədən soruşur ki,
sən Sarabski deyilsən? Hüseynqulu Sarabskiyə
qastroldan əvvəl kimsə çatdırmışdı
ki, ehtiyatlı olsun, onu repressiya təhlükəsi gözləyir.
Odur ki, Stalinin sualından özünü itirir,
qorxu və həyəcan içində donub qalır.
Stalin onu haradan tanıdığını belə ifadə
edir:
- Xanlar Səfərəliyevin məzarı önündə
yanıqlı səslə oxumağın yadımdadır,
Sarabski. Bu
gün də yaxşı oxudun, bax, belə də davam elə...
Xanlar Səfərəliyevi inqilabi fəaliyyətinə
görə 1907-ci ilin oktyabrın əvvəllərində qətlə
yetirmişdilər. Sən demə, dəfn
iştirakçıları arasında Stalin də
varmış. İndi aradan xeyli vaxt
keçsə də, sovet rəhbəri onu yaddan
çıxarmamışdı. Stalinlə
söhbətdən sonra bir də Sarabskini çək-çevirə
salan olmadı".
Kamil Nəcəfov stəkandakı çaydan bir qurtum
alıb yerinə qoydu. Yaddaşını vərəqləyirmiş kimi, bir qədər
susdu, sonra sözünə davam etdi: "1926-cı ildə
Hüseynqulu Sarabski ilə Özbəkistana qastrol səfərinə
getmişdik. "Leyli və Məcnun"
tamaşasına az qalmış xəbər
verdilər ki, Məcnunun atası rolunu oynayan aktyor gecikib. Təsadüfən Əliağa Vahidin gəlişi
bizi bu narahatlıqdan xilas etdi. Hüseynqulunun
xahişi ilə Əliağa bu rolu boynuna götürdü.
Birdən necə oldusa, tamaşanın
maraqlı yerində Vahid duruxub qaldı. Görünür,
Məcnunun atasının dilindən deyəcəyi sözləri
unutmuşdu. Amma Vahid özünü itirməyib bədahətən
dedi:
- Məcnuna
deyən yoxdur, ey aşiqi biçarə,
Vahidlə
nə karın var, qoysun səni avara?"
Mirzağa
Əliyev və "lal" qapıçı
Mirzağa
Əliyevdən söz düşəndə K.Nəcəfov
dedi ki, o, böyük sənətkar idi:
"1932-ci ildən, Bakı Teatr Texnikumunda oxuduğum vaxtdan
tanış idik. Mirzağanın səhnədə
görünməsi ilə tamaşaçılarda təbəssüm,
xoş əhval-ruhiyyə yaranırdı. Gözəl
oyunu ilə tamaşaçını heyrətə gətirirdi,
obrazın daxili aləminə böyük usta-lıqla girməyi
bacarırdı. Biz gənclər
üçün o, bir məktəb idi. "O olmasın,
bu olsun"da Məşədi İbad rolunun ilk
ifaçısı olmuşdu. 1933-cü il
idi, texnikumu təzə bitirmişdik. Sabunçu
Mədəniyyət sarayında "Müfəttiş"i
oynayırdıq. Mirzağa Əliyev Osip, mən isə
Qapıçı rolunda... Böyük sənətkarın
oyununa elə aludə olmuşdum ki, yanımda nə vaxt
dayandığını və məndən "Müfəttiş
buradan keçməyib ki?" - deyə
soruşduğunu bilməmişdim. Ustad sakitcə
dayandığımı görüb "Qapıçı laldır
ki..." deyərək məni də, özünü də
çətin vəziyyətdən qurtardı".
Üzeyir
Hacıbəyli ilə görüş
Müharibə, milyonlarla insan kimi, gənc Kamilin də
arzularını yarımçıq qoyur. 1943-cü ildə
Kerç uğrunda döyüşlərdə ağır
yaralandığına görə ordudan tərxis olunur,
doğulub boya-başa çatdığı Lənkərana
qayıdır. O ağır sınaq illərində
rayonda teatrın fəaliyyətini canlandırmaq
üçün rəhbərlik qarşısında məsələ
qaldırır. Fəalları başına
yığır. Çətinliklə də
olsa, "Leyli və Məcnun" operasının
tamaşasını hazırlayır. Lakin
bürokrat məmurlar əsərin oynanılmasına heç
cür razılıq vermək istəmirlər. Həmin günlərdən birində dahi Üzeyir bəylə
görüş fürsəti olur. Hələ
otuzuncu illərdə - tələbəlik dövründə
Üzeyir Hacıbəyli ilə bir görüş Kamil Nəcəfovun
xatirəsində dərin izlər buraxmışdı. Üzeyir bəyin təşəbbüsü ilə
Azərbaycan Dövlət Konservatoriyası yanında ilk
çoxsəsli Azərbaycan xor kollektivi
yaradılmışdı. Kamil də tələbə
yoldaşları ilə xorda iştirak edirdilər. Onun gözəl səsi Üzeyir bəyin diqqətindən
yayınmamışdı. Böyük bəstəkarın
tövsiyəsi ilə Kamil Nəcəfov Azərbaycan Opera və
Balet Teatrında "Leyli və Məcnun", "Şah
İsmayıl", "Əsli və Kərəm" kimi
tamaşalarda müxtəlif rollarda iştirak etmişdi.
Üzeyir bəy tələbəsinin istedadına, bilik və
bacarığına bələd idi. Odur ki, həmin dövrdə Dövlət
Opera və Balet Teatrının direktoru olan yazıçı
Mirzə İbrahimovla tamaşaya baxışdan sonra "Leyli
və Məcnun"un Lənkəran səhnəsində
oynanılmasına nail ola bilirlər.
Kamil Nəcəfovun ifasında Məcnun gözəl alınıb. Sonralar "Əsli və Kərəm"də Kərəm, Keşiş, "Aşıq Qərib"də Qərib, Şahvələd, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun"da Sərvər rollarına yeni nəfəs verib.
Uğurlu səhnə fəaliyyətinə görə Kamil Abbas oğlu Nəcəfov 1943-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
İsmayıl Dağıstanlı ilə Lənkəran səhnəsində
Tələbəlik dostu İsmayıl
Dağıstanlı yadından çıxmırdı. O, 1907-ci ildə Qaxda anadan
olmuşdu. Kamil ondan 3 yaş kiçik idi.
Texnikumda oxuduğu illərdə, həmçinin,
təhsildən sonrakı dövrdə bir-birindən
maraqlı obrazlar yaratmışdılar. SSRİ
Xalq artisti İsmayıl Dağıstanlı
axırıncı dəfə 1970-ci ildə lənkəranlıların
qonağı olmuşdu. Həmin il o, "Vaqif"də
Vaqifi, "Qatır Məmməd"də Qatır Məmmədi,
K.Nəcəfov isə Qacar və Göyüş dayı
rolunu oynamışdılar.
Son söz yerinə
Unudulmaz sənətkarımız Kamil Nəcəfov tamaşaçıların sonsuz sevgisini qazanmışdı. Onun 70, 75 və 80 illik yubileyləri Lənkəran ictimaiyyəti tərəfindən geniş qeyd edilib. 70 ilə yaxın fəaliyyət göstərdiyi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının önündə onun abidəsi qoyulub. Lənkəran səhnəsində Əbü Übeyd ("Od gəlini"), Əbdüləli bəy ("Sevil"), Dövlət bəy ("Aydın"), Volodin ("1905-ci ildə"), Hacı Qara ("Hacı Qara"), Əlimərdan ("Eşq və intiqam"), Kərəm, Keşiş ("Əsli və Kərəm"), Qərib Şahvələd ("Aşıq Qərib"), Məcnun ("Leyli və Məcnun") kimi bir-birinə bənzəməyən neçə-neçə parlaq obraz yaradıb və adını sənət tariximizə əbədilik yazdırıb.
...Görkəmli aktyorumuz barədə
yazı hazırlamağıma səbəbkar olan dəyərli
insan Nahad Əliyev 2003-cü ilin yayında 61 yaşında
dünyasını dəyişdi. Əməkdar artist Kamil Nəcəfov
isə 2006-cı il iyulun 22-də ömrünün 96-cı
ilində vəfat etdi. Allah ikisinə də qəni-qəni
rəhmət eləsin!
Etibar
ƏHƏDOV
"Aşkarlıq"
qəzetinin baş redaktoru
525-ci qəzet.- 2023.- 21 fevral.- S.11.