Yeni yuvan
mübarək!..
esse
Həyat, insan oğluna Tanrının bəxş
etdiyi çox qiymətli hədiyyədir. Lakin iki
əbədiyyət arasındakı
körpüyə bənzəyən
həyatı necə yaşamağı insan özü müəyyənləşdirir.
Arzularıyla, əməlləriylə, sevgisiylə zənginləşdirir,
min cür rəngli ilmələrlə naxış
vurur, gözəlləşdirir,
ucaldır ona verilmiş sadə bir həyatı. Həyat özü də kiçik fürsətlərdən ibarətdir,
onun hər bir anı dəyərlidir
və həmin xırda fürsətlər
sevgidən güc alaraq böyüyürlər...
Hind müdriki Oşonun
təbirincə desəm,
həyat bir sənətdir, insan oğlu da öz
həyatının həm
sənətkarı, həm
də alətidir...
Dünya yaranandan insan oğlu əbədi yaşamağın sirrini öyrənməyə çalışıb. Bütün çətinliklərinə
baxmayaraq həyat, yaşamaq həmişə
şirin gəlib insana. Uzun ömürlülüyün iksirini icad etmək
üçün çox
axtarışlardan keçib.
Xəstə vaxtında,
pirani yaşında daha çox sarılıb həyata, bircə gün, bircə saat, lap beşcə dəqiqə çox yaşamaq arzusu tərk etməyib onu... Amma dünya öz işindədi, gəlirini də, çıxarını da
özü hesablayır..
Bir yanı toy, bir yanı yas,
Özü boyda mağar dünya...
6 fevral 2023-cü il...
Hələ uzun illər yaddaşımızda
öz dəhşətli
faciəsiylə yaşayacaq
tarix... Həmin gün qardaş Türkiyədə baş
verən və on bir şəhərini əhatə edən 7.6 bal
gücündə, dəhşətli,
böyük dağıdıcı
təsirə malik olan zəlzələnin açdığı yaraların
acısını, ağrısını
biz də canımızda,
ruhumuzda hiss edirik, hələ uzun zaman da hiss edəcəyik.
Minlərlə insan üçün həmin gecənin sabahı açılmadı, yıxılan
binalarla bərabər
neçə-neçə insan
taleyi torpaqla tən oldu...
Gah havada yelləncəkdi,
Gah torpaqda qədər dünya...
... O gecə səhərə yaxın Yer öz təbii
halından çıxdı,
hirsini, hikkəsini var gücüylə içindən atmağa çalışdı, bağırdı,
hayqırdı, ağzından
od püskürdü...
Adamları çox bəd zamanda yaxaladı zəlzələ,
pis yerindən tutdu, həssas nöqtəsindən vurdu...
Kimisi heç oyanmadan, yuxuda ikən dünyasını
dəyişdi, kimisini
götürüb neçə
metr aralıya tulladı, kimisini də ağzını geniş açıb uddu torpaq...
Zəlzələnin episentri olan Kahramanmaraş şəhəri... Mənim
heç vaxt olmadığım, görmədiyim
şəhər... Amma
orada Azərbaycanı
elə canı qədər sevən, ədəbiyyatın dostu,
şair-tərcüməçi, neçə-neçə azərbaycanlı
yazıçı və
şairin kitablarını
qardaş dilə uyğunlaşdıran bir gənc vardı - Abdulkadir Özkan... Həyatın hər anının
dəyərini bilirdi,
bir dəqiqəsini belə boşa sərf edən deyildi. Yaradıcılıqla məşğul idi, imkan tapanda
da dostları ilə şəhəri gəzməyə çıxırdı.
Mən Abdulkadiri də yaşadığı şəhər
kimi qiyabi tanıyırdım. 2022-ci ilin may ayı idi və 2023-cü ilin fevral ayının
6-na düz 8 ay qalırdı...
İndi mesengerdə yazışmalar da, göndərdiyi səsləri
də qalır, özü isə...
Çox
xoş xasiyyət, gülərüz, zarafatcıl
idi, həm də ciddi adam idi Abdulkadirdir. Tərcümə
etdiyi müəllif və onun kitabı,
alacağı puldan daha vacib idi
onun üçün...
"Mən kitab
üçün pul danışmıram" - deyirdi,
- "Mən, yazıçı
haqqında bütöv
xəbərləri oxuyuram,
qabaqcadan soruşuram, müəllif nə istəyir? Xəyalı nədir?.. Başa
düşəndən sonra
planlaşdırırıq bir yerdə hər şeyi... Yəni, məsələn, Türkiyədəki
Şahnaz xanım mənəm. O burda yox, amma var..."
Söhbətimiz tuturdu, fikir və düşüncələrini
bölüşür, dərdləşirdik. Vaxtın
qədrini yaxşı
bilir, gecələr az yatıb
çox işləyirdi.
Mənə elə gəlirdi
ki, o harasa tələsir, ard-arda tərcümə işi götürür, bunu həm tez, həm
də keyfiyyətli şəkildə təhvil
verməyə çalışırdı.
Eyni vaxtda şəxsi yaradıcılıqla
da məşğul olurdu... Gənc yaşda belə tələskənliyin səbəbi
nə idi, bəlkə heç o özü də bilmirdi... Çoxlu arzuları və
planları vardı gələcək üçün.
Deyirdi "buna vaxt və imkan
lazımdı"... Yayda, iyul-avqust
aylarında Türkiyədə
olarkən zəng elədi, İstanbulda olduğumu eşidəndə
çox sevindi, Kahramanmaraşa dəvət
elədi. Təəssüflə
bildirdi ki, müəyyən səbəblərdən
özü İstanbula
gələ bilmir...
Amma təəssüf ki, biz görüşə bilmədik...
Oktyabr ayının
2-si idi, 2022-ci il, gecə yarıdan keçmiş mesengerdə yazdı, gördüyü işlərdən,
etdiyi tərcümələrdən
danışdı. Yenə əhvalı xoş, kefi kök idi,
gələcək üçün
yeni planlar qurur, yazır, tərcümələr edir,
bir sözlə sabahı daha gözəl, daha maraqlı, yadda qalan etmək üçün çalışırdı...
Amma sən demə bu onunla
son danışığımız imiş... 6 fevral 2023- hələ onun kimi minlərlə
insanın xəyalını
qırmamış, arzularını
çilikləməmiş, həyatını əlindən
almamışdı... Hələ
dünya gözəl,
həyat şirin idi...
O gün ki acı
xəbərlə yuxudan
oyandıq, Türkiyənin
böyük bir ərazisini, 11 şəhərini
əhatə edən zəlzələ ilə
biz də burda silkələndik, yaralandıq,
qəlbimiz paralandı,
ilk Abdülkadiri
düşündüm, nədənsə
telefondan əvvəl yenə mesenger yadıma düşdü...
"Sabahınız xeyir. Deprem ilə bağlı soruşum... Allah qorusun sizi.., sizdə vəziyyət necədir?"
yazdıqlarımı böyük
həyəcanla, kəlmə-kəlmə
yazırdım... Cavab
yoxdur...
Sonra yenə həmin gün axşam saat 23-30-da yazdım: "Çox üzgünəm,
demək siz də uçqun altında qalmısız...
Allaha dualar edirəm sizin üçün və elə bütün hamı üçün...
Və...
bu dəfə
cavabsız qaldı suallarım da, elə dualarım da. Olduqca söhbətcil
Abdulkadir bu dəfə səsimi duymadı, onu qızğın həyat eşqi də dağıntılar arasında
sağ tuta bilmədi...
...Bir çəkim ah imiş aldığım nəfəs,
Dünya yaraşıqlı, bahalı qəfəs.
Bilmədi nə deyir uzaqdakı səs,
O səsə tələsdi Abdulkadir bəy...
Bax, belə.., amma bizim yaraşıqlı, istedadlı, zəhmətkeş Əbdülqadir hər birimizə yaşatdığı qəmlə, çəkdirdiyi acı ilə bərabər, həm də böyük sevgi qoyub getdi. Onun qəlbi bir yuva idi, Sevgi, Eşq yuvası!.. O, eşqin nuru, sevginin işığı bəs edər yüzlərlə qəlbi isitməyə, yüzlərlə ümidi yaşatmağa, bir yetimə isti yuva, birinə qucaq, birinə ocaq olmağa...
...Dünya özü də nəhəng bir yuvadı, Abdulkadirin ruhuna Göylər, cisminə Yer sahib çıxdı, yuva oldu...
..Uca Göylər bir yuvadı,
Göyün altı başqa yuva...
...Torpağın üstü bir yuva,
Altı da başqa yuvadı...
Yuvan mübarək, əzizimiz
Abdulkadir Özkan...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2023.- 22 fevral.- S.16.