Bəsitçay Dövlət Təbiət
Qoruğunda monitorinqlər aparılır
Qoruğun ərazisində
flora və faunanı qiymətləndirmə, inventarlaşdırma
işləri həyata keçirilir
Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində
ekoloji mühitin qiymətləndirilməsi, biomüxtəliflik
komponentlərinin öyrənilməsi məqsədilə Zəngilan
rayonu ərazisində yerləşən Bəsitçay
Dövlət Təbiət Qoruğunda monitorinqlərə
başlanılıb.
Bioloji Müxtəlifliyin
Qorunması Xidmətinin
rəisi Firuddin Əliyev bildirib ki, qoruğun ərazisində aidiyyəti
qurumlarla birgə flora
və fauna növlərinin
qiymətləndirilməsi, inventarlaşdırılması işləri həyata keçirilir. Eyni zamanda, fauna aləminin
müşahidəsi məqsədilə
ərazidə videotələlər
quraşdırılıb. Xidmət rəisinin dediyinə görə, quraşdırılan
videotələlər vasitəsilə
tirəndaz, adi qırqovul, çöl donuzu və digər fauna növlərinin
görüntüləri qeydə
alınıb.
Qeyd edək ki, ötən
il Azərbaycan
Respublikasının Nazirlər
Kabineti Bəsitçay
Dövlət Təbiət
Qoruğunun Əsasnaməsi
və sanitariya-mühafizə
zonası təsdiqləyib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara
əsasən, Bəsitçay
Dövlət Təbiət
Qoruğunun sanitariya-mühafizə
zonası 317,26 hektarlıq sahədə təsdiq edilib.
Sənədə əsasən, Bəsitçay
Dövlət Təbiət
Qoruğu səciyyəvi
və nadir təbiət
komplekslərini və
obyektlərini (Şərq
çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə
qoruyub saxlamaq, təbiət proseslərinin
və hadisələrinin
gedişini öyrənmək
məqsədilə yaradılan
təbiəti mühafizə
və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
Bəsitçay Dövlət Təbiət
Qoruğu Azərbaycan
SSR Nazirlər Sovetinin
1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Prezidentin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı
ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti
bərpa edilib.
Qoruq öz fəaliyyətində
Azərbaycan Respublikasının
Konstitusiyasını və
qanunlarını, Azərbaycanın
tərəfdar çıxdığı
beynəlxalq müqavilələri,
Prezidentin fərman və sərəncamlarını,
mövcud Əsasnaməni,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin digər qərarlarını,
həmçinin, sərəncamlarını,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin normativ hüquqi aktlarını rəhbər tutur.
"Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında"
Qanuna əsasən, Qoruğun təşkili üçün ayrılmış
torpaq sahələri onun daimi istifadəsinə
verilir. Qoruğun ərazisi respublika
əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət ərazilərinə
aiddir və bu əraziyə xüsusi mühafizənin
hüquqi rejimi tətbiq edilir.
Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun
torpaqlarından, habelə
onun hüdudlarında
olan sudan,
bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri
üçün istifadə
edilməsi qadağandır.
Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən
qorumaq məqsədilə
həmin ərazilərin
sanitariya-mühafizə zonaları
müəyyən edilir. Bu zonaların müəyyən
edilməsi və rejim qaydaları "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında"
Azərbaycan Respublikası
Qanununun 10-1-ci maddəsi
ilə müəyyən
olunmuş formada həyata keçirilir.
Qoruq dövlət
büdcəsi, büdcədənkənar
vəsaitlər, ətraf
mühitin mühafizəsi
üzrə fondların
vəsaitləri və
qanunla qadağan edilməyən digər maliyyə mənbələri
hesabına maliyyələşdirilir.
Qoruğun pasportu Nazirlik tərəfindən hazırlanır. Pasportda
Qoruğun əhəmiyyəti,
adı, yerləşdiyi
yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri,
onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində
aparılan dəyişikliklər
barədə qeydlər
aparılır. Qoruğun pasportu
Nazirlikdə dövlət
qeydiyyatına alınmaqla
Qoruqda saxlanılır.
Qoruqda təbiət
qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi
və proqnozlaşdırılması,
bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən
edilməsi, mühafizə
rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi
məqsədilə xüsusi
mühafizə olunan təbiət ərazilərinin
və obyektlərinin dövlət kadastrı aparılır.
Qoruğun fəaliyyət istiqamətləri
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, təbiət komplekslərinin
və obyektlərinin təbii şəraitdə
bərpa edilərək
sağlamlaşdırılmasını və təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə
təbiət ərazilərinin
mühafizəsini həyata
keçirməkdir. Həmçinin, qoruğun ərazisində
ətraf mühitin və təbii ehtiyatların dövlət
monitorinqi çərçivəsində
ekoloji monitorinqini həyata keçirmək,
müasir yanaşmaların
tətbiqi əsasında
unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin
bərpasını təmin
etməklə regionun
"yaşıl zona"ya
çevrilməsinə töhfə
vermək. Elmi tədqiqatları təşkil
etmək və aparmaq, "Təbiət Salnaməsi"ni tərtib etmək, təsərrüfat obyektlərinin
və digər obyektlərin yerləşdirilməsi
layihələrinə və
sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak
etmək, ətraf mühitin mühafizəsi
sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına
kömək etmək.
Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət
ərzində tarixi torpaqlarımızda təbiətə,
bioloji müxtəlifliyə
və su hövzələrinə qarşı
ciddi ekoloji fəsadlar törədilib. Azərbaycanın
"Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının
"Qırmızı Siyahısı"na
daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli- miqdarda ziyan vurulub. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz
qalması bütövlükdə
regionda ekoloji tarazlığın pozulmasına
gətirib çıxarıb.
Millət
vəkili Naqif Həmzəyev bildirir ki, işğal dövründə Azərbaycan
əhalisinə və
tarixi abidələrə
qarşı həyata
keçirilən vandalizm
siyasətini, ermənilərin
ekoloji terror faktlarını
unutmaq olmaz: "Ermənilər Oxçuçay
vasitəsilə Azərbaycan
ərazilərini və
Zəngilanda yerləşən
Bəsitçay Dövlət
Təbiət Qoruğunu
məhv etməyə çalışıblar. Nəzərə almaq lazımdır ki, Bəsitçay Dövlət Təbiət
Qoruğu Avropanın ən təbii çinar meşələri
hesab edilir. Elə buna görə də ermənilər həmin meşəliyi qəsdən məhv etməyə çalışırdılar.
Lakin Azərbaycan dövləti
işğaldan azad edilmiş bütün ərazilərin yaşıllıq
örtüyünü bərpa
edəcək və həmin əraziləri əvvəlki görkəminə
qaytaracaq. Nəhayət, ermənilər törətdikləri
bu ekoloji terrora görə təzminat ödəyəcəklər".
Bəsitçay Dövlət Təbiət
Qoruğu Azərbaycanın
cənub-qərbində, Zəngilan
rayonu ərazisində
Bəsitçayın dərəsində
yerləşir. Qoruq ərazisinin
landşaft kompleksini, xüsusilə nadir təbii
çinar meşəliyini
qorumaq məqsədilə
təşkil edilib.
Qoruğun adı dərəsində
yerləşdiyi çayın
adı ilə bağlıdır. Bəsitçayın adı isə
monqol mənşəli
olub, beysut tayfasının adını
daşıyır. Görünür, həmin regionda vaxtilə beysut tayfası məskunlaşıb.
Qoruğun yerləşdiyi ərazi əsasən, dağlıq
olub, dəniz səviyyəsindən hündürlüyü
600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı
dağlardan, sol sahil isə təpəliklərdən
ibarətdir. Əsasən, Üçüncü dövr çöküntüləri
yayılıb. Çay dərəsi
boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın
qolları ilə xeyli parçalanıb.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. İşğaldan əvvəl qoruqda əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşmışdır. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Dünyada çinarın 7 növü var. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılıb.
İşğaldan öncə Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və sair ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edib. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və sair quşlara rast gəlinib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 22 fevral.- S.15.