Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli ötən
çərşənbə sayımızda)
Dinin məhəbbət əlaqələrinə, sevgililərin
taleyinə əsassız qaydada müdaxilə etməsi,
çox hallarda isə qənim kəsilməsi salnaməsi
olduqca geniş və həcmcə böyükdür. Din nədənsə bu məsələdə
təbiətin qanunlarına məhəl qoymur, öz sərt
qaydaları ilə əslində əxlaqın pozulması
üçün də müəyyən şərait
yaratmış olur. Xristian dinindəki nikahsızlıq təbiətin
bütün canlılara, o cümlədən, məməlilərə,
onun ali növü olan insana bəxş
etdiyi nəsli artırmaq instinktinə qarşı
çıxmaqla, bu təbii prosesə mane olur, onun həyata
keçirilməsinin qarşısını almağa xidmət
edir. Axı din xadimlərinin, rahiblərin
hamısı dinin bu barədəki qaydasını icra etmək
üçün heç də dəmir iradəyə malik
deyillər. Ona görə də bu
qadağanın pozulması daha eybəcər şəkillər
alır. Roma papalarının qadınlarla
yaxınlıq etməsi faktları vardır. XV əsrin sonunda Roma papası olmuş VI
Aleksandrın (dünyəvi soyadı Borcia idi) üç
uşağı var idi, oğlu Cezare qətllər törətmək
ustası idi. Qızı Lukretsiya ilə
atası olan papanın onunla intim əlaqədə olması
barədə versiya da mövcuddur.
Əvvəllər də mövcud olan pedofiliyanın XX əsrin
sonunda və bizim dövrümüzdə keşişlər, hətta
yepiskoplar arasında yayılmasına dair çoxlu faktlar
aşkara çıxmışdır. Vaxtilə bu
iyrənc əlaqəyə cəlb olunmuş oğlan
uşaqları yaşa dolduqdan sonra özlərinin təhqir
olunması əhvalatlarını açaraq, kilsə xadimlərini
ifşa etməkdən çəkinmədiklərindən, bu
iyrənc hadisələr ictimaiyyətə geniş məlum
olmuşdur.
İslam ölkələrində isə xəlifələrin,
şahların, sultanların hərəmxana saxlaması
heç də sirr deyildir. "Min bir gecə"
nağılları İran şahının qadınlara
qarşı qəddarlığını açıb
göstərir. İtalyan
yazıçısı Bokkaçço isə
özünün "Dekameron" əsərində xristian
din xadimlərinin şəhvət düşkünü
olduqlarını ifşa edir.
Xristian dinində İslama xas olan məhdudiyyətlər
mövcud olmadığından, bu dinə mənsub olanlar məhəbbət
məsələlərində daha azad və sərbəstdirlər,
ona görə də öz ülvi hisslərinə dinin
müdaxilə etməsi ilə çox hallarda
barışmır, bəzən hətta üsyana qalxırlar. Din xadimlərinin eşqə,
onun bəhrəsi olanlara qarşı
etibarsızlığına biganə qala bilməyən
qadınlar dinin postulatlarına, hətta Allahın özünə
qarşı açıq şikayətlənməkdən, öz bədbəxtlikləri üçün
ona ittiham irəli sürməkdən də çəkinmirlər.
Axı məhəbbət bir ali hiss kimi
bütün canlılar arasında yalnız insana xasdır, ona
sədd çəkmək istəyənlər məhəbbətin
daşıyıcılarının kəskin etirazı, hətta
nifrəti ilə üzləşməli olurlar. Bəzi
canlılar arasında, çox sayda quşlar arasında, hətta
canavarlarda nikah sədaqəti mövcud olduğu halda, onlarda məhəbbət
hissləri yoxdur. Qədim Roma şairi Ovidinin
"Məhəbbət elmi" ("Ars amandi") əsərində
yazdığı kimi, başlanğıcda ibtidai insan öz həyat
tərzi və qidalanması ilə heyvanlardan fərqlənmirdi.
İnsanlar ot üstündə yatır,
özlərini soyuqdan qorumaq üçün yarpaq yorğandan
istifadə edirdilər. Yalnız qadınla kişi
arasında məhəbbət hisslərinin rüşeymi
oyandıqda, bu metamorfoza onları insan olmağa, başqa
canlılardan əsaslı qaydada fərqlənməyə gətirib
çıxardı. Bu hisslər onların
könlündə yuva salmaqla, özlərini də bir insan
kimi tanımalarına şərait yaratdı. Böyük alman filosofu Hegelin yazdığı kimi,
"Həqiqi sevmək - bu, özündən imtina etməklə
özünü tapmaq və başqasında özünün
qeyb olmasıdır". Sevən şəxs
məhəbbət sobasında əridikdə özündən
imtinaya sevinərək, bu hissi yaşamaqla xoşbəxtliyə
qovuşduğu qənaətinə gəlir.
Ona görə də məhəbbətə arzu olunmayan
müdaxilə, guya bu məsələdə insanların səhvini
düzəltmək məqsədi özünün tam
yararsızlığını göstərir. Çünki məhəbbət
bir hiss kimi insanın malik olduğu heç bir hisslə
müqayisə oluna bilməz, axı məhəbbət
süni olmayıb, həqiqidir, onun surroqatı, əvəzedicisi
də yoxdur. Onun hökmünə tabe olmayan
ürək, könül də yoxdur və hətta
ağıl da onun hücumu qarşısında öz
gücsüzlüyünü göstərir. Məhəbbət insanlar arasındakı münasibətdə
aysberqi də əridə bilir, onun yanan odunda ən möhkəm
filiz də əriyib, öz xüsusiyyətini əsaslı surətdə
dəyişdirir. Rus yazıçısı
F.M.Dostoyevskinin "nifrət-məhəbbət" prinsipi
yada salınsa, hətta bir az əvvəl
nifrət etdiyin adamı da sevə bilərsən. Bunun qəribə də olsa, müasir nümunələrindən
biri olan "Stokholm sindromu" da meydana gəlmişdir. Bu sindromda qız onu zorlayan, bəkarətini pozan
adama bu hadisə baş verdikdən bilavasitə sonra nifrət
etməyə başlayır və güman edir ki, bu nifrət
uzun müddət onu tərk etməyəcəkdir. Lakin
bir müddətdən sonra qız həmin zorlayan şəxsə
vurulur və bu hiss əvvəlki nifrəti də yoxa
çıxarır.
Məhəbbət elə bir dünyadır ki, onun
başlanğıcı olsa da, sonrakı, artıq yaddaşa
hopan ömrü nəhayətsizdir. İnsan məhəbbət
aləminə qədəm qoyduqda özünü
dünyanın seçilmiş adamı hesab edir,
çünki onun hissi cavabsız qalmamış, özü də
sevilmək sevincini, bir müddətə də olsa
yaşamaqdan qeyri-adi həzz almışdır. Həyatın
bütün çətinlikləri bu vaxt onun gözündə
kiçilir, çünki o, digərlərinin sevincsiz
yaşadığı bir səhrada özünə məxsus
olan vahə - oazis tapmışdır və bu, əslində
onun üçün
yerüstü cənnətə, Edemə bərabərdir.
Məhəbbətin şirinliyini dadmış
insanları, hansısa uydurulmuş məqsədi əsas
götürərək, bir-birindən ayırmaq, təqsiri
olmayan adamları ədalətsiz olaraq ömürlük həbsə
məhkum etməyə bənzəyir. Elə təsəvvür yaranır
ki, yeni bir dünyanı kəşf etmiş bu iki adam böcək kimi hörümçək
toruna salınmışdır və onların bu tordan
xilası mümkün deyildir. Görən, bu
torları hörənlər özləri insan təbiətinə
malik deyillərmi, axı heç bir din insan təbiətini
bütünlüklə dəyişə bilməz. Adamların ağlını, şüurunu
deformasiyaya uğratmaq olar, ancaq onun vurğun könlünü
zəbt etmək, orada işğal qaydalarını tətbiq
etmək qeyri-mümkündür.
Məhəbbət könüldə yaranıb,
könülü də hədəf götürdüyünə
görə onu qadağan etmək, onun ehtiras elektrikini
hansısa bir rele vasitəsilə kəsmək, onun boynunu
vurmaq, məhv etmək müşkül məsələdir, əslində
mümkün deyildir. Məhəbbət təbiətdə vahid
olmaqla nə dərinliyi tapa bilir, nə də həddi
görür. Leyli və Məcnun, Abelyar və Eloiza,
Françeska da Rıminı və Paolo, Romeo və Cülyetta
çox əsrlər bundan əvvəl mövcud olmuş nakam
məhəbbətin qurbanlarına çevrilmiş və
ağır dərd içərisində həyatdan getmişlər,
lakin onların obrazı bu gün də yaşayır,
heç şübhəsiz, gələcəkdə də ruhən
canlılığını davam etdirməklə bütöv
nəsillərin, xüsusən gənclərin qəlbinə
sönməz məhəbbət vulkanından gur işıq
salacaqdır. Bu vulkandan çıxan lava bəlkə
də külə çevrilir, lakin Vezuvinin ətəklərində
həmin kül torpaqlara əlavə münbitlik verən kimi,
eşq həvəsində olan könüllərin
yaxşı bir nümunə əsasında oyanmalarına,
alovlanmalarına şərait yaradır. Məhəbbətə
boylanan insanların könüllərini də belə
münbit torpaq hesab etmək olar və oradan yeni pöhrələr
boy atıb qalxacaqdır.
Məhəbbət döyüşü ona kənardan
müdaxilə edənlərin cəhdləri nəticəsində
bu cəngavərlərin həlak olması ilə nəticələnir. Onlar qeyri-adi
bir qəhrəmanlıq göstərməmişlər. Lakin məhəbbət naminə fədakarlıqları
ilə özlərinə əslində təsir gücü
azalmayan abidələr yaratmışlar. Bu
abidələr sonrakı nəsilləri, həlak olanların
timsalında qorxmamağa, sevgiyə sədaqət göstərməyə
və onun yolunda hər cür əzaba dözməyə
çağırır. Ən müqəddəs hiss
üçün qurban gedənlər heç də
ağı mövzusu deyildir, onların barəsindəki xatirə
məhəbbətin zəfərinə həsr olunan himn kimi səslənir.
İnsan yaşa dolduqca onun həyat qüvvələri,
orqanizminin resursları zəifləməyə, tükənməyə
başlayır, çox şey onun yaddaşından silinir,
yaxud da xırda fraqmentlər, qəlpələr kimi qalır. Təkcə məhəbbətə
həsr olunmuş həyat səhifələri, hətta
çox qısa olmağından asılı olmayaraq,
könülü, qəlbi görünməmiş şəkildə
coşqunlaşdıran sevgi bütün detalları ilə
xatırlanır və bu xatirə itirilmiş sevginin adamın
özü ilə axıra qədər yaşayan və silinməyən
bir nişanəsinə çevrilir. Sevmiş və
sevilmiş adam bu xatirədən təskinlik
tapır, onun vərəqlənməsi könüldən
qaranlıq hissləri qovur, alatoranlığın - ingilislər
bunu başqa ifadələrlə yanaşı, həm də
owl-light - "bayquş işığı"
adlandırırlar, - hakim kəsildiyi məkanı
özünün gur işığı ilə işıqlandırır.
Bu sevginin ömrü, bəlkə də bir
günlük kəpənəklərinki kimi qısa olur, lakin
onlar qəlbə, könülə pozulması mümkün
olmayan parlaq rənglərlə naxış vurmuşlar,
çünki ürək daim onun diktəsi ilə
döyünür. Sevgi onu yaşayanlardan fərqli
olaraq, özünün ömrünün sonunda belə,
heç də torpağa gömülməyəcəyinə
bir əminlik yaradır. Sevgililər
haqqındakı xatirələr, rəvayətlər, əfsanələr,
hətta uydurmalarla zənginləşsə də, hər kəs
onları həqiqət işığı kimi qəbul edir,
çünki onlar ətrafa işıq və hərarət
dalğası yaymaqla adamları sevincli günlərə səsləyir,
hətta uğursuzluq anlarında da onlara müəyyən təskinlik
verir.
Məhəbbətin mahiyyəti vahid olmaqla,
cütlüyün bir-birinə vurğunluğu üzərində
qurulsa da, onun minlərlə variasiyaları, şəkildəyişmələri
vardır. Əlbəttə, məhəbbət vurğunluqdan fərqlənə
bilər. Hər kəs onu özünə məxsus
qaydada yaşayır, əslində ona əsir
düşür, talelərdə o, tam fərqli qaydada iz
buraxır, bu "uçan holland"a bənzəyən gəmi
("uçan holland" dəniz quldurları tərəfindən
komandası məhv edildiyindən, dalğaların sərəncamına
buraxılan və başqa gəmilər üçün təhlükə
mənbəyinə çevrilən gəmilərə deyilir) əksər
hallarda xoşbəxtlik limanına yanaşa bilmədiyi halda,
başqalarına heç bir ziyan vurmadan, əsasən məhz
cütlüyü hədəf seçən bədbəxtliklərlə,
faciələrlə üzləşir. Ona
görə də məhəbbətə həsr olunan musiqi
daim rekviyemi xatırladır, onda major notlar tapmaq çətin
olur. Aşağıda nəql edilən,
baş verməsi və xüsusən nəticəsi daha
çox faciə janrını andıran bu sevgi əhvalatları
gerçəkliyin və bədii təxəyyülün məhsulu
olmasından asılı olmayaraq, eşq gəmisinin sualtı
mərcan rifləri timsalında olan sərt dini sədlərə
toxunmaqla qəzaya uğramasını əks etdirir. Mərcan
rif gəminin korpusunu deşib onu
batırır. Belə gəminin sərnişinləri
ya məhv olur, yaxud da daim əzaba məhkum edən zərbələr,
travmalar alırlar.
Onlardan
biri XII əsrin əvvəllərində Fransada, onun
paytaxtı Parisdə din xadimi Abelyarla Eloiza arasında qısa
müddət davam edən, həm də onları qəbirə
qədər müşayiət edən əzablara səbəb
olan eşq macərasıdır, ikincisi, ingilis qadını
yazıçısı Etel Lilian Voyniçin məşhur
"Ovod" romanında italyan keşiş Montanellinin ingilis ərli
qadına yaxınlığının bəhrəsi olan
Arturun bioloji atasının məsləhəti ilə digər
keşişin xəyanətinə tuş gəlməsi və
axırda da atasının xəyanəti hesabına edam yolu ilə
həyatla vidalaşması əhvalatıdır.
Üçüncüsü isə Avstraliya qadın
yazıçısı Kollin Makkalounun geniş
yayılmış "Qaratikan quşu" romanında
keşiş Ralf ata ilə gənc qız Megginin uzun müddət
davam edən vurğunluqlarının, alovlu sevgilərinin, nəhayət,
bunun öz zirvəsinə çatmasından meydana gələn
oğullarının sonralar kardinalın nümunəsində
keşiş olmağa can atmasının və həlak
olmasının hekayətidir. Sevgisinin fəlakətli
gedişinə və sevdiyi adamdan oğurladığı
oğulu itirməsinə görə Meggi buna səbəb hesab
etdiyi Allaha qarşı üsyan etməyə hazırdır.
Eloiza da nakam sevgisinə görə Allaha
qarşı ittiham irəli sürməkdən çəkinmir.
Artur isə İisusu büt hesab etməklə,
keşiş olan doğma atasından dindən üz döndərməyi
tələb edir. Hər üç misalda
dinin əsassız olaraq müdaxilə etməsi, təcavüzə
yol verməsi ilə, müxtəlif şəkildə olsa da,
eyni rəhmsiz qaydada bu sferaya daxil olanları dözülməz
bədbəxtliyə düçar etməsi nümayiş
etdirilir. Abelyarın, Lorentso Montanellinin və Ralf de
Brikassarın da din tərəfindən məhkum edilən cinayəti
yalnız ondan ibarət idi ki, onlar Amurun diktəsinə boyun əyməklə,
cavan qızlara və ya ərli qadına vurulmuş, bu eşq
macəraları təbii olaraq bəhrəsiz qalmamış,
Eloiza öz sevgilisindən, ərli qadınlar olan Qledis və
Meggi isə məşuqlarından övlad dünyaya gətirmişdilər.
Lakin onların sevgi əhvalatları uzun çəkməmiş,
Abelyar vəhşicəsinə zədə almış və
təhqir olunmuş, Eloizadan ayrılmış, Montanelli Uzaq
Şərqə yollanmağa məcbur edilmiş, məşuqəsi
isə az sonra ölmüş, Ralf ata isə sevgisini gizlətmək
yolu ilə və qəflətən çox
varlandığına görə kardinal rütbəsinə
yüksəlmiş, lakin sevdiyi Meggini ağır əzablara məhkum
etmişdi. Bu üç cütlüyün hər
biri ömürlərini viran qoyan fəlakətlə üzləşmiş,
nəinki sevdiklərini, sevgilərini, həm də özlərini
də itirdikləri, əslində qəddarcasına məhv
etdikləri qənaətinə gəlmişdilər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 22 fevral.- S.14.