Mərhəmət  

 

 

"Mən şeytana mərhəmətimlə qalib gəldim, mənim ən güclü silahım mərhəmətim oldu". Son günlər Hacı Zeynalabdin Tağıyevə həsr etdiyim "Mesenat" adlı pyesimdən tez-tez  yadıma düşən bu cümlə Hacının son ölümqabağı monoloqundandır. Bu fikrin yada düşməsi qardaş Türkiyədə baş verən fəlakətli zəlzələ ilə bağlıdır.

Üçüncü Dünya müharibəsi təhlükəsi ilə üz-üzə dayanan narahat dünyamız ədalət hissini çoxdan  lazımsız bir şey kimi bürmələyib heçliyə  atmışdı. Ədalət, həqiqət, qanun, demokratiya  maskaları çoxdan çıxarılıb, əsl simalar olduğu kimi görünürdü. Az qala hamı bir-birinə diş qıcadırdı. Nüvə müharibəsi qorxusu təhlükəsi fəzada bir kabus kimi fırlanırdı. Hətta düşünürsən haqq, ədalət, insaf  yoxdursa, "şeytana qalib gələn mərhəmət" mövcud ola bilərmi? Demə ola bilərmiş. Demə buna inanmaq, buna şahid olmaq üçün dəhşətlər törədən təbiət hadisəsi - zəlzələ olmalı imiş. Zəlzələ olmalı imiş ki, daima Türkiyəyə nifrət püskürən Yunanıstan belə bütün ziddiyyətləri, inciklikləri bir tərəfə atıb fəlakət qurbanlarına yardıma gəlsin. İki yunan xilasedicinin körpə bir uşağı beton laylar arasından sağ-salamat çıxarandan sonra bir-birini qucaqlayıb hönkürmələri mərhəmətin bütün pisliklər üzərində möhtəşəm qələbəsi deyilmi? Yüzdən artıq ölkənin Türkiyəyə yardıma gəlməsi mərhəmətin qələbəsidir. Bu yerdə düşünürsən, ədalətmi yüksəkdə dayanır, yoxsa mərhəmət? Cavab əlbəttə, mərhəmətdir. Dəyərlər sırasında mərhəmət daha yuxarı pillədədir. Ədalət obyektiv olduğu qədər subyektiv ola bilər, mərhəmət isə xeyirxahlıqdır, başqasının ağrısını qəlbinlə hiss etmək, əməlinlə o ağrını azaltmaqdır.

Bir şeyi anladıq, hər bir insanın yaşından-başından asılı olmayaraq içində hisslərin ən alisi olan mərhəmət  var. Bunu da bu dəhşətli zəlzələ bir daha yada saldı. Ölçüyə gəlməyən fəlakətin  səhərisi, lap ertədən məktəbə gedən fidan balaların, onların valideynlərinin əlindəki yardım bağlamalarını görəndə mərhəmət hissindən kövrəlməmək mümkün deyildi. Bütün Bakı qardaş ölkənin dərdi ilə yüklənmişdi. Qəbul məntəqələri yardımları almaq gücündə deyildi.  Yerindən güclə tərpənən köhnə avtomobilini yorğan-döşəklə, yük yerini pay-ürüşlə doldurmuş Sərvər adlı yerlimizin fədakarlığı bütün dünyanı heyrətə salan  hadisəyə çevrildi. Hələ uşaq gödəkcələrinin ciblərinə qoyulmuş  kişmiş-fındıq-şirni bükülüləri! İqtisadi imkanları sıfırda olan  ölkələr   bu fəlakətin nəticələrini yüngülləşdirmək üçün əlindən gələni əsirgəmədi.

Axır vaxtlar  Türkiyənin bütün dünyada sürətlə artan nüfuzu, iqtisadi-hərbi qüdrəti, dünyada baş verən müharibələrdə həmişə haqqın, ədalətin tərəfində olması, ən qüdrətli ölkələrin belə onunla hesablaşmağa məcbur olması dostları fərəhləndirir, düşmənlərin nəfəsini daraldır, kinlərində boğurdu.  İndinin özündə də zəlzələnin qardaş ölkəyə vurduğu dərin yaralardan  xoşallanıb "Oxxay" deyən bədbəxtlər də var, utanmadan-qızarmadan şadlıq eləyənlər də, amma yenə də öndə olan mərhəmət hissidir, hisslərin ən alisi, ən dəyərlisi. Dünyanı bəlkə də bütün bəlalardan da məhz mərhəmət xilas edəcək.

 

Əli ƏMİRLİ

525-ci qəzet.- 2023.- 22 fevral.- S.13.