İTƏN
VƏ İTMƏYƏN İZLƏR
Göylər bütün başqa gözəllik və
özəlliklərindən savayı, Tanrının insana
bağışladığı seyr edərək
düşüncələrə dalma fürsətidir. Göylərin
sonsuzluğuna baxırsan və zahirən boşluq kimi
görünən o sonsuzluq səninlə danışa bilir.
Düşünməyə başlayırsan ki,
sənin Yerdə tabe olduğun təqvimlər, vaxt
ölçüləri şərtidir. Şərti
olmasaydı, bu dünyanın neçə təqvimi, neçə
saat qurşağı olmazdı ki!
Əsl
Zaman məhz orada, o ənginliklərdədir - axan, dövr edən
əvvəl-axırsız, bitəcəksiz Zaman!
Əvvəl-axırsız, bitəcəksizdirsə, bəlkə
elə keçmiş və gələcək də bizim
Zamanla bağlı Yerdə öz düşüncəmizə
görə uydurduqlarımızdır?!
...Mən
elə yerdə doğulub böyümüşəm ki,
uşaqlıqdan tez-tez səmaya baxmağa vərdişliydim.
Gün boyu ara-sıra qəfilcə ardınca
baxılmaması mümkünsüz olan gur səslər gələrdi. Yerdən
qopunca gözdən itən, özü görünməsə
də, böyük sürətlə buludları yarıb səmaya
şığıyan qırıcı təyyarələrdən
göyün lap ucalarında ağappaq iz qalardı. O
uğultuya-vıyıltıya diksinərək səma tərəf
qanrılınca həmin ağ
cığırın əriyib-itdiyi anlaracan
gözümüzü göydən çəkə bilməzdik.
Bilirdik ki, o təyyarələr göyə lap
yaxından, yaşadığımız məhəllələrdən
çox da aralı olmayan uçarlıqdan - aerodromdan
qalxır. Həmin uçarlıq tərəflərə
"çölləmə" deyərdik, o
açıqlıq yerlərdə gün əyiləndə adətən
futbol oynamağa gedərdik.
Ancaq yaz-yay aylarında tez-tez səmaya qalxan və həmin qırıcılardan fərqli olaraq, aydınca gördüyümüz başqa təyyarələr də vardı ki, onlar ətraf kəndlərdəki pambıq tarlalarının üzərindən alçaqdan uçar, qırıcıların göyün ucalıqlarına dikələn düz izindən fərqlənən, amma elə o cür ağ iz buraxaraq yerə enərdilər. Hər belə təyyarələr qalxanda yaşlılar deyingən bir ədayla "Yenə ağu səpdilər" söylərdilər. Kiçikkən "ağu" sözünü elə "ağ" mənasında anlardım, amma böyüdükcə başa düşdüm ki, bu, zəhər deməkmiş. Pambıq tarlalarını dərmanlaya-dərmanlaya elə adamları da zəhərləyirlərmiş. Onillər boyu. Hətta uşaq vaxtı belə bir əhvalat da eşitmişdim ki, vaxtilə Kürdəmirdə işləmiş bir rus təyyarəçi ilə bir yerlimiz Moskvada təsadüfən rastlaşırlar, həmsöhbətinin haralı olduğunu bilincə təyyarəçi yarızarafat-yarıciddi xəbər alır ki, hələ Kürdəmirdə adam yaşayır? Mən ora o qədər dərman səpmişəm ki, hesabımla orada indiyə daha adam qalmamalı idi.
Beləcə, uşaqlıq illərimizdən o hər gün uçan fərqli təyyarələrə baxa-baxa ən azı yaxşı izlə yaman izin fərqini duymuşduq, böyük sürətin doğurduğu uzaqlardakı ağ izlə yaxınlıqdakı ağulu izin təfavütünü anlamışdıq. Uşaq vaxtı həmin qırıcı təyyarələrə bir də ona görə gizli rəğbətlə baxırdıq ki, məhz onlara, onları sürən təyyarəçilərin də yerləşdiyi və dövlət səviyyəli xüsusi vəzifələri olan hərbi hissəyə görə Kürdəmir Sovet İttifaqında əhəmiyyətli bir məkan kimi tanınırdı. Müəllimələrimizdən birinin əri Kürdəmirdəki hərbi şəhərcikdə işləyirdi. Bir dəfə bizi həyat yoldaşının xahişi ilə məktəbdə keçməli olduğumuz dərsin əvəzinə ora - iş yerinə aparmışdı. Burma dəmir pillələrlə bir neçə mərtəbə yerin altına endik. 1960-cı illər idi, o vaxtlar idi iki, hələ çox evdə televizor yox idi. Ona görə də həmin yerdə bir divarda onlarla televiziya ekranını yanaşı görəndə heyrətə düşmüşdük. O kişi "Burada gördüklərinizi heç yerdə danışmayın" söyləyib əlavə etmişdi ki, haradan nə təyyarə qalxsa, burada görüb-bilirik, izləyirik.
Bilmirəm, onun o vaxt bizi ora aparmağa, belə şeyləri danışmağa ixtiyarı vardı, ya yox, amma zahirən dövlət sirri kimi sayılan bəzi mətləblərin elə məktəbli çağlarımda, 1960-larda camaat arasında Allah-bəndə söhbəti kimi danışıldığına da şahidəm.
Xatirimdədir, Kürdəmirdə camaat danışırdı ki, bir neçə il əvvəl bizim aerodromdan qalxan qırıcı təyyarələr Qarabağ tərəfdə amerikan təyyarəsini vurub. Bizə inanılmaz, nağıl kimi gəlirdi ki, Amerika təyyarəsi hara, bizim tərəflər hara, lap o təyyarə buralara gəlib çıxsa da, Kürdəmirdə cəsarət hanı ki, onu vura bilə.
Sən demə, nə nağılmış, nə uydurma. Bütün bunlar həqiqətən olubmuş.
O hadisənin özünü görməsələr də, hər halda kürdəmirlilər ən azı diqqət edilməməsi mümkünsüz olan gurultuyla səmaya qalxan həmin qırıcıların səsini mütləq eşitmişdilər.
Əhvalat vaqe olub 1958-ci ilin 27 iyununda.
O vaxtlar
ki, "soyuq müharibə"nin qaynar
çağlarıydı. Çox da uzaq olmayan bir dönəmdə
- on ildən bir az əvvəl
tamamlanmış dəhşətli dünya müharibəsində
müttəfiq olmuş iki böyük dövlət indi
bir-birinə ən qəddar düşmən kəsilmişdi.
Və 1958-ci ilin sakit iyun axşamlarından birində
amerikan hərbi yük təyyarəsi dövlət sərhədini
pozaraq SSRİ ərazisinə daxil olmuşdu və gəlib
çıxmışdı Azərbaycan səmasına.
O dövr
üçün bu, gündüzün günorta vaxtı
buludsuz aydın göylərdə şimşək
çaxması kimi qeyri-adi hadisə idi və bu
"şimşəyin" sorağı, təbii ki,
ildırım sürəti ilə Moskvaya da çatır.
Dərhal göstəriş verilir və Kürdəmir
aerodromundan Hərbi Hava Müdafiə Qüvvələri
976-cı hərbi alayının 259-cu hərbi
diviziyasının iki Mİ-17 təyyarəsi havaya qalxır.
Bu sərhədpozmanın yalnız hərbi məsələ
deyil, bir silsilə siyasi uzantıları da olduğundan
araşdırmaya Dövlət Təhlükəsizlik Komitəsinin
də qoşulması haqda göstəriş verilir. Əməliyyata
rəhbərlik DTK-nın 2-ci şöbəsinin rəis
müavini, mayor Heydər Əliyevə həvalə edilir.
Elə
iyunun 27-dəcə axşam saat 23:40-da Heydər Əliyevin
başçılıq etdiyi 33 nəfərdən ibarət əməliyyat
qrupu Ağcabədi rayonunun Hindarx kəndinə yola düşəcək
və ora səhər saat 10-da yetişəcək.
Hələliksə
iyun ayının 27-si, axşam saat 7 radələri idi,
Ağdam rayonunun Qaradağlı kəndinin 1901-ci il təvəllüdlü
sakini, rayondakı Orconikidze adına kolxozun sədri Muxtar Məmmədov
kənd məktəbinin müəllimi, bacısı oğlu
Mehdi Şıxlarovla, kolxoz avtomobilinin sürücüsü
Naib Bayramovla, rayon maliyyə şöbəsinin müfəttişi
Ağalar Əkbərovla həyətdəki tut
ağacının altında oturub çay içir, şam
etməyə hazırlaşırdılar. Qəfildən
göydən qopan dəhşətli səs hamını
diksindirir. Hamı qalxır ayağa,
görür ki, buludların arxasından alışıb yanan
bir təyyarə göründü. Vaysınırlar
ki, deyəsən, təyyarəmiz qəzaya uğradı.
Kimin
ağlına gələrdi ki, bizim göylərdə başqa
bir ölkənin təyyarəsi də görünə bilər!
Ancaq
ardınca da bu alışan təyyarədən yuxarıda
uçan, qırıcıya bənzər daha bir təyyarəni
görəndə fikirləşirlər ki, yox, burada nəsə
ayrı iş var.
Səsi tək onlar eşitməmişdilər və bu,
elə heybətli gurultu idi ki, bütün kəndi ayağa
qaldırmışdı və heç kəs
gözünü göylərdən çəkə bilmirdi.
Elə bil ki, davalı kinolardakı həyəcanlı səhnələr
cərəyan edirdi.
Baxırlar ki, bir-birinin ardınca yanan təyyarədən
atılan paraşütçülər enməyə
başladı.
Kəndin
sakit həyatına elə nataraz hadisə daxil olmuşdu ki,
söhbəti, müzakirələri ondan sonra aylarla davam edəcək
və ertəsi gün Qarabağa yetişərək təhqiqata
başlayan Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarına
təyyarənin necə vurulmasını müşahidə
etmiş bir çox başqaları kimi, elə şam süfrələri
yarımçıq qalmış kolxoz sədri və
qonaqları da ifadə verəcəklər.
Bu, sabah olacaq, hələliksə kolxoz sədrinin
"Pobeda"sı doqqazda dayanmışdı. Sürücü tez maşını işə
salır, yollanırlar vurulan təyyarənin tüstülənə-tüstülənə
endiyi əraziyə sarı.
Çatanda onu görürlər ki, ayıq-sayıq
camaat dərhal paraşütlə enənlərdən ikisini
tutub. Biri isə paraşütünü ataraq kolluğa
doğru qaçıb.
Bu gələnlər də kənd adamına qoşulub
cumurlar həmin dabanqırma qaçan
paraşütçünün ardınca.
O dəqiqələrdə
hamı özünü bir kinofilmin içərisindəki
kimi sanırmış və paraşütlə enənlərin
danışıqlarından onların əcnəbi vətəndaşlar
olduğunu hiss etdiklərindən hərə özünü
casus təqib edən bir kəşfiyyatçı kimi
aparırmış. Paraşütçülər
bərk müqavimət göstərdiklərindən onları
yerə yıxıb əl-qollarını kəndirləyirlər.
Ertəsi
gün hadisənin şahidi olmuşların hər biri
danışdırılacaq, bütün bunları kəlməbəkəlmə
təkrar-təkrar söyləyəcəklər, o deyilənlər
kağıza köçürüləcək, sənədləşdiriləcək
və mən də indi, üstündən altmış ildən
də bir az vaxt ötəndən sonra, hər şeyi həmin
vərəqlərdən bütün əyaniliyi ilə
görürmüş kimi oxuyuram...
Özünü
hadisə yerinə isti-isti çatdıranlardan biri - Ağdam
rayonu Üçoğlan kənd sakini Mirağa Bayramov iş
yoldaşları Söhrab Babayev və Qaraca Əliyevlə
maşınla gedirlərmiş. Yanan təyyarədən
atılan 5 paraşütçünün kolxoz yolu tərəfdə
yerə endiyini görüncə maşını o tərəfə
sürürlər. Gedib görürlər ki, artıq bu
ətraf "Sosializm" və Stalin adına
kolxozların işçiləri ilə doludur. Mirağa da cəldliklə
kənd camaatının tutduğu və
üst-başını axtarmağa başladığı
paraşütçüyə yaxınlaşır, onun cibindən
avtoqələm, kiçik dəmir qutu, kaburalı
tapançanı çıxarır və birdən arxadan
başı kepkalı, ağ parusin pencəkli,
qara şalvarlı ucaboy bir adam əlini qoyur onun çiyninə
ki, sən onları niyə götürdün, bəri ver.
Demək, Bakıdan əsas dəstə hələ gəlib
çıxanacan da, sanki qatmaqarışıq cərəyan
edən bu gedişatın içində də nəzarət
varmış və həm də onun olması çox
lazımmış.
Sabahı gün dünən baş verənlər
bütün ayrıntılarıyla sənədləşdiriləcək.
Ancaq bütün bunlar baş verənədək, təyyarə
yanıb yerə düşənəcən göydə də
dramatik hadisələr cərəyan etmişdi.
Və o göydə baş verənləri adi
adamların görməsinə qədər elə yerdə də
düşmən təyyarəsinin vurulmasınacan olanları
və yerə düşməsinin ilk anlarında baş verənləri
addım-addım izləyənlər olmuşdu.
Leytenant Leonid Zıryanov hadisənin ertəsi günü
Heydər Əliyevin başçılıq etdiyi əməliyyat
qrupuna iyunun 27-də saat 19 radələrində baş verənlərlə
bağlı məlumatları çatdırırdı.
Bildirir ki, ərazimizin üzərində düşmən təyyarəsinin uçması xəbərini alandan sonra göyü diqqətlə izləməyə başladım. Şərq tərəfdə, təqribən 5 min metr hündürlükdə getdikcə işığı artan bir nöqtəni görüncə müşahidələrimi binoklla davam etdirməyə başladım. İki qırıcının müşayiət etdiyi dördmotorlu təyyarə hündürlüyü dəyişmədən qərbdən şərqə doğru uçuşunu davam etdirirdi. Bu vaxt qırıcılar o təyyarəyə bir az yaxınlaşdılar, gördüm ki, təqib edilən təyyarənin sol tərəfindən tüstü, ardınca da alov qalxdı. Ancaq həmin təyyarə göydə manevr edib sol tərəfə çevriləndən sonra alov kəsildi, təyyarə yenə yüksəkliyi dəyişmədən yolunu davam etdirdi. 5 nəfər paraşütlə atılsa da, təyyarə istiqamətini dəyişmədən yenə əvvəlki qaydada irəliləyirdi. Belə olanda izləyən qırıcılar bir neçə dəfə yaxınlaşaraq təyyarəni eniş üçün yönəltməyə cəhd etdilər. Bu səylər də nəticəsiz qaldı. Dördmotorlu təyyarə tabe olmadan uçuşunu tutduğu kursla davam etdirirdi. Onda qırıcılardan biri təyyarənin üst tərəfinə qalxdı, digəri isə böyürdən lap yaxınlaşaraq atəş açdı.
Və təyyarə tüstülənərək sürətlə yerə enməyə başladı.
Mən avtomat götürərək digər zabit və əsgərlərlə birgə həmin dördmotorlu təyyarəyə doğru yüyürdüm. Çatmağımıza 70 metr qalmış artıq üstündəki yazıdan gendən aydın görünürdü ki, bu, Amerika Hərbi Hava Qüvvələrinə məxsus təyyarədir. Biz təyyarəni mühasirəyə aldıq və təxminən 7 dəqiqə sonra içəridən 4 nəfər çıxdı.
Bir neçə gün sonra - iyulun 3-də, aparılmış ilkin müfəssəl araşdırmaların nəticəsi olaraq, əməliyyata rəhbərlik edən mayor Heydər Əliyev Bakıya, Azərbaycan DTK sədri F.Kopılova raportunu təqdim edəcək və təbii ki, bu hesabat dərhal Mərkəzə yönləndiriləcək. Çünki Azərbaycanın ucqar bir kəndində baş verən bu hadisə dünya əks-sədalı bir olacaq idi. Soyuq müharibənin vurhavur vaxtında Azərbaycanda vurulmuş amerikan hərbi təyyarəsi və saxlanılan 9 ekipaj üzvü hadisənin baş verdiyi ilk dəqiqələrdən etibarən Moskvanın da, Vaşinqtonun da diqqət mərkəzində idi.
Əməliyyat işinin içərisində xəritələr qoyulub və vurulan təyyarənin ərazimizə daxil olduğu andan ötüb keçdiyi marşurut orada nişanlanıb. Niyə?
Bu sualların hər biri cavab istəyirdi ki, doğrudanmı təyyarənin içərisində elə 9 nəfər varmış, ya bəlkə bu yol boyu haradasa desant atıblar?! Təyyarənin uçub keçdiyi xətt boyunca onların hansısa təxribat səciyyəli vərəqlər, kitablar tullaya biləcəyi də istisna deyildi. Bəlkə təyyarənin sərhədi pozmaqda məqsədi elə bu ədəbiyyatı atıb getməkmiş? Soyuq müharibə əyyamlarının əsas savaş vasitələrindən biri məgər elə söz deyildimi?
Mayor Heydər Əliyev hesabatında yazırdı ki, iyunun 28-i səhər saat 10-dan etibarən başçılıq etdiyi 33 nəfərlik qrup və onlara DTK-nın Gəncə bölməsindən qoşulan daha 5 nəfər, eləcə də 4-cü ordunun birləşmələrindən, Bakı dairəsi Hava Hücumundan Müdafiə Qüvvələrindən, 42-ci sərhəd dəstəsinin tərkibindən ayrılmış hərbçi qrupları, həmçinin, yerli fəallardan toplanmış heyət bir tərəfdən Hindarx, Mahrızlı, Qərvənd, digər tərəfdən Hindarx, İmanqulubəyli, Qaraxanlı, Çəmənli, Qərvənd, o biri yandan Hindarx, Üçoğlan, Qərvənd kəndləri istiqamətində - Ağdam, həmçinin, ovaxtkı Mardakert və Kəlbəcər rayonları üzrə ta Ermənistanla sərhədə qədər, eyni zamanda Qərvənd-Papravənd səmtində Xaçın, Salahlı, Boyəhmədli kəndlərini də əhatə etməklə Tərtərçaydan dağlıq-meşəlik ərazidə Kəlbəcərin sərhədinədək təyyarənin uçuş istiqaməti, paraşütçülərin enmə nöqtələri boyunca bütövlükdə 500 axtarıcı on kilometrlərlə uzanan əraziləri qarış-qarış, bitdə-bitdə araşdırıb.
20, 30, 40 nəfərlik dəstələr ayrı-ayrı istiqamətlər üzrə axtarış aparırdı, ancaq bu əməliyyatın vacibliyi və məsuliyyətini bütün varlığıyla və hamıdan artıq dərk etdiyindən Heydər Əliyev bir an belə dincini almadan gah o, gah bu istiqamətdə axtarış aparan dəstələrin yanında idi.
Nəticələrə yalnız ona verilən hesabatlardan deyil, həm də bilavasitə müşahidələrindən də əmin olduğundan raportunda göstərirdi ki, bu ərazidə üstündə ingiliscə yazılar olan iki kiçik karton qutu və bir neçə vərəqdən başqa heç nə tapılmadı.
Bu əməliyyat keçiriləndə Heydər Əliyevin 35 yaşı vardı və o vaxtacan da atlı və piyada, bax beləcə, axtarış aparılan günlərdəki kimi, Azərbaycanın çox guşələrini gəzib dolaşmışdı. Və təbii, bunların heç biri adi gəzib-görmək səyahətləri olmamışdı, işlə bağlı səfərlər idi. Hələ sonra neçə illər ərzində də elə beləcə davam etdi. Ona görə də Heydər Əliyev artıq ömrün ixtiyar çağlarında söyləyəndə ki, Azərbaycanın hər qarışında mənim izim var, bu, elə məcazi mənada, gəlişigözəl dilə gətirilən ifadə deyildi, arxasında coşqun fəaliyyətli bir ömür dayanan danılmaz həqiqətin ifadəsi idi.
1958-ci ildə Sovet İttifaqı da, Azərbaycan da böyük müharibədən hələ təzəcə çıxmışdı. Vur-tut 13 il əvvəl sona çatmış dəhşətin acıları hələ unudulmamışdı. Hava sərhədlərimizi pozmuş xarici təyyarənin paraşütdən atılan, qaçıb qurtarmaq istəyən və onları dayandırmağa çalışanlara şiddətli müqavimət göstərən ekipaj üzvlərini milis, hərbçilər gələnədək elə yalın əllə tutub-saxlayan, öz aləmlərində əsir götürən kənd camaatının hərəkətində şücaət, qəhrəmanlıq izi olmamış deyildi. Mühüm olan bu idi ki, insanlar biganə deyildilər, sadəcə ağızlarını açıb tamaşa etmirdilər, torpağıma yad enibsə, demək, düşmən ola bilər, zərərsizləşdirilməlidir düşüncəsindəydilər.
Əməliyyata rəhbərlik edən Heydər Əliyevə təqdim olunan sənədlərin arasında o paraşütçüləri ilk görən və qorxmazlıqla tutub-saxlayanların da adları xüsusi qeyd edilirdi.
Görən, o vaxt o adamları nə şəkildəsə təltif ediblərmi, ya onların şücaəti haqqında təqdiredici sözlər elə Dövlət Təhlükəsizlik Komitəsinin arxivində kənar gözlərə görünmədən qalan bu Əməliyyat işinin səhifələrində gizlənib?!
Tarixdir, Heydər Əliyev ruhunun bir savabı da bu olsun ki, ondan bəhs etdiyimiz bu yazıda həmin adamları da anaq. Yəqin, indi onların övladları, nəvələri, nəticələri yaşayır - qoy öz böyükləri ilə iftixar duysunlar: Ağdam rayonundakı "Sosializm" kolxozunun sədri Tamaşa Əliyeva, Ağdam rayonu Üçoğlan kənd sovetinin sədri Camal Məhərrəmov, "Sosializm" kolxozunun sürücüsü Xasməmməd Bayramov, həmin kolxozun traktorçusu Tohid Abbasov, "Sosializm" kolxozunun sədri İsa Hüseynov, o kolxozun briqadiri Məmməd Hüseynov, kolxozçu Eyyub Bayramov, kombaynçı Qurban Həşimov, traktorçu Bayram Heydərov.
Heydər Əliyevin misilsiz tarixi xidmətləri var və bəlkə də onların sırasında ABŞ Hərbi Hava Qüvvələrinin "Duqlas" S-UBA tipli dördmotorlu 13822 saylı hərbi yük təyyarəsinin Azərbaycanın hava sərhədlərini pozduqdan sonra vurulması və bununla bağlı aparılmış əməliyyat işi müqayisədə çəkicə çox da ağır olmayan kimi qavranıla bilər.
Ancaq belə deyil. Soyuq müharibənin vur-çatdasın dönəmində, ABŞ-ın SSRİ-yə, bunun da ona sataşmaq, dünyaya ifşaedici, hörmətdənsalıcı məlumatlar yaymaq üçün hər xırda bəhanədən yararlandığı bir dönəmdə bu təhqiqatı elə ustalıqla aparmaq gərək idi ki, iradla yapışılası bircə qulp yeri də olmasın.
1960-cı il mayın 1-də Sverdlovskda ABŞ-ın Lockheed U-2 kəşfiyyatçı təyyarəsi vuruldu, pilot Hari Pauers həbs edildi (10 il iş kəsilsə də, 1962-ci il fevralın 10-da sovet kəşfiyyatçısı Rudolf Abellə dəyişdirildi) və Amerika tərəfi etiraf etməyə məcbur oldu ki, SSRİ üzərindən uçan casus təyyarələrlə bağlı xüsusi proqramları var.
Azərbaycan səmasında baş verən o dövr üçün SSRİ-ABŞ münasibətlərində bir ilk idi və sağ-salamat qarşı tərəfə təhvil verdiyimiz 9 ekipaj üzvü qarşılığında Moskvanın o vaxt Amerikadan nələri qopardığından indiyəcən xəbərimiz yoxdur. Azərbaycan işini görüb, Moskva "təhvil ver" deyib, biz də etmişik.
Ancaq nə onacan, nə də ondan sonra Sovet İttifaqının mövcud olduğu illər boyunca bunca geniş tərkibdə amerikalı sərhəd pozucusunun ələ keçirilməsinə təsadüf edilməyib.
Sərhəd pozucusu və tabesizlik nümayiş etdirən ABŞ hərbi yük təyyarəsinin Azərbaycan göylərində vurulması da, 9 nəfərlik heyət üzvünün Dövlət Təhlükəsizlik Komitəsində saxlanılaraq onlardan ifadələrin məhz bizimkilər tərəfindən alınması da superdövlətlə əlaqədar məsələdə Azərbaycanın əsas tərəf kimi çıxış etməsinin göstəricisi idi və burada da tarixin başqa bir məntiqi olmamış deyil. İş ondadır ki, əsas oyunçularının ABŞ vcə SSRİ olduğu soyuq müharibə də əslində elə İkinci Dünya müharibəsinin başa çatmasından az sonra məhz Azərbaycandan başladı.
1945-ci ilin dekabrında Cənubi Azərbaycanda Milli Hökumət quruldu və bütöv İran əhalisinin təqribən yarısını təşkil edən bir xalqın müstəqillik, istiqlal yolundakı bu zəfəri, möhtəşəm başlanğıcın vəd etdiyi dalğanın daha geniş çevrəni bürüyəcəyi ehtimalı, bütün bu gedişatın arxasında SSRİ-nin də dayanması və ötən hər günün, ayın bölgədə onun nüfuz və təsir imkanlarını artırması həqiqəti Birləşmiş Ştatları narahat etməyə bilməzdi. Bundan dolayı da ABŞ Kremlə birmənalı şəkildə çatdırdığı nüvə silahı ilə həmlə etmək hədəsiylə Sovetin Güneydən çəkilməsinə nail oldu, nəticədə Milli Hökumət də varlığının birinci ilinin tamamında süquta uğradı, şah rejimi tərəfindən ən amansız şəkildə pərən-pərən salındı.
Soyuq müharibə artıq başlanmışdı...
Azərbaycanda ABŞ təyyarəsinin vurulması və 9 ekipaj üzvünün nəzarətə götürülməsi elə fövqəladə hadisə idi ki, prosesin hər mərhələsi ilə bağlı məlumatlar birbaşa SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı İ.Serova çatdırılırdı.
Bakı iyulun 26-da Moskvaya, komitə sədrinə ünvanladığı məxfi məktubda xəbər verirdi ki, aparılan təhqiqat əsnasında toplanan və amerikan hərbi təyyarəçilərinin iş üslubunu səciyyələndirən sənədlər, əşya-yi dəlillərdən başqa, ekipaj üzvlərinin danışdırılması zamanı Müdafiə Nazirliyindən ötrü əhəmiyyət kəsb edən bir sıra qiymətli məlumatlar əldə edilmişdir.
İyunun 27-si axşamı, hadisə baş verən gün ABŞ hərbi təyyarəsinin 9 ekipaj üzvünü harada yerləşdirmək məsələsi ətrafında fikirlərin haçalandığı əsnada Bakıdan Mərkəzi Komitənin Birinci katibi İmam Mustafayevdən zəng gəlir: "Gecəni Gəncədə qalsınlar, səhər oradan iki təyyarə ilə Bakıya gətirilsinlər".
Yəni respublika rəhbərinin bilavasitə məsələlərlə yaxından maraqlanması o demək idi ki, eyni şəkildə ona da Kremldən, SSRİ-nin ali rəhbərliyi tərəfindən müraciət olunub.
İyunun 28-də Gəncədən Bakıya çatdırılan və DTK binasında istirahət etmək imkanları da olan, doqquz ayrıca otaqda yerləşdirilmiş ekipaj üzvləri bir-bir danışdırılmağa başlanır. İlk müsahib edilən 1925-ci il təvəllüdlü gəmi komandiri, mayor Layls Lüter Vilyams olur. O, hansı ildən ABŞ ordusunda xidmət etdiyi barədə suala cavab verməkdən imtina etsə də, hazırda Qərbi Almaniyada, Visbadendəki aviaeskadrilyada xidmətdə olduğunu söyləyir. Bildirir ki, biz iyunun 27-də London vaxtı ilə 12.45-də Nikosiyadan uçurduq. Marşrutumuz da belə idi: Adana, Diyarbəkir, Van gölü, İran-türk sərhədini keçərək Tehrana çatmalıydıq. Səfərin nə məqsədlə edildiyindən xəbərimiz yoxdu, bircə onu bilirdik ki, yükü mənzil başına çatdırmalıyıq.
Soruşulur ki, bəs SSRİ sərhədini niyə pozdunuz? Cavab verirlər ki, Türkiyənin Diyarbəkir vilayəti üzərindən uçarkən şimşək meteoru ilə qarşılaşdıq. Adana tərəfdə hava şəraiti pis olduğundan biz daim buludların üstü ilə uçurduq və sonra azdıq, harada olduğumuzu müəyyənləşdirə bilmədik, gəlib çıxdıq SSRİ ərazisinə. Axırda da belə oldu ki, Sevan gölünü Van gölü zənn edərək istiqaməti dəyişdik, Rezaiyyə tərəfə, İran sarı səmt götürdük, bu əsnada da qırıcılar bizi haqladı.
- Bəs nə vaxt xəbər tutdunuz ki, siz Sovet İttifaqındasınız?
Pilot cavab
verir ki, guya təyyarəmiz atəşə tutulandan sonra.
Əlbəttə,
düz demir. Dərhal yadına salırlar ki,
axı sizə sovet təyyarələri xəbərdarlıq
etmişdi.
Doğrudan
da, qırıcıları idarə edənlər - eskadrilya
komandirinin müavini, kapitan Q.Svetliçnikov və
bölük komandiri B.Zaxarov saat 19.44-də 5.500 metr
hündürlükdə ABŞ hərbi təyyarəsini
müəyyənləşdirincə təyyarələrini
gah sağ, gah sol qanadı tərəfə əyməklə
işarə vermişdilər ki, "Duqlas"
yaxınlıqdakı Qaraçala aerodromuna eniş etsin. Lakin amerikan təyyarəsi buna məhəl qoymayaraq,
İran ərazisinə doğru irəliləməyə
çalışmışdı və yalnız 19.58-də atəşə
tutulmuş, vəziyyətin
çıxılmazlığını anlayaraq 20.07-də enməyə
vadar olmuşdu.
Amerikan hava gəmisinin komandiri guya təqib edildiyini
görüncə özünü itirdiyini, ona görə də
cənub səmtinə, İran tərəfə burulduğunu
deyir.
Yadına salırlar ki, axı bizimkilər sizin
siqnalları tutublar, siz o arada Adana ilə radioəlaqəyə
girmisiniz.
Etiraf edir ki, bəli, Adanaya bizə
qırıcıların həmlə etdiyini xəbər
verdik. Ancaq bunların hansı dövlətə məxsus
qırıcılar olduğunu müəyyənləşdirə
bilmədiyimdən konkretləşdirmədim. Mənə elə gəlirdi ki, biz Van gölü
üzərindən uçuruq.
Təbii
ki, amerikan təyyarəçilərlə söhbət
ingiliscə aparılırdı və həmin
danışdırmada tərcüməçilik edən Heydər
Əliyevin rəhbərlik etdiyi 2-ci şöbədə
yetişmiş, çox illər sonra Azərbaycanın
Dövlət Təhlükəsizlik Komitəsinin sayca yeddinci sədri
vəzifəsinədək yüksəlmiş, o vaxtsa əməliyyat
müvəkkili olan Ziya Yusifzadə idi.
Digər
danışdırılan, qrupun komandiri, 1914-cü il təvəllüdlü polkovnik Deyl Donald
Brannon bildirir ki, əvvəl Şimali Afrikaya - Tripoliyə
uçaraq orada gecələyiblər. Ertəsi
gün isə Nikosiyaya uçaraq yanacaq doldurublar və Tehran
istiqamətinə yönəliblər. Sual
verirlər ki, axı siz polkovnik olduğunuz halda niyə gəminin
komandiri mayor rütbəli başqa şəxsdir, subordinasiya
niyə pozulub? Cavab verir ki, ABŞ Hərbi
Hava Qüvvələrində o cür subordinasiya qaydalarına
əməl edilmir. Bu təyyarəni mayor
Layls məndən daha yaxşı bilir, həmin səbəbdən
də komandir odur.
Danışdırılanlardan
biri, mayor rütbəli Benni Allen Şup daşınan yükə
cavbdehmiş. Təyyarə tamam
yandığından daşınan yükün də nədən
ibarət olduğunu müəyyənləşdirmək
lazım idi. Ona görə də bu barədə
sual verirlər, mayor Şup da bildirir ki, yükümüz
müxtəlif ölçülü 115-120 qutudan ibarət
idi. Qutuların üstündə yalnız
çəki, ölçü, bir də hara
çatdırılmalı olması yazılmışdı.
Adətən, bizə yükün məzmunu
haqda məlumat verilmir. Yüklərin bir
hissəsi Tehranda, qalanı Kəraçidə
boşaldılmalı idi. Tehrana göndərilən
yük oradakı Amerika səfirliyi, Kəraçi
üçün nəzərdə tutulansa amerikan hərbi
müşavirinin aparatından ötrü idi.
İyunun
29-u və 30-da danışdırılarkən mayor Şup
maraqlı bir məqama da toxunur. Bu,
paraşütlə ilk atılanlardan və ilk də ələ
keçənlərdən olub. Kənd camaatı onu
tutunca bir az döyəcləyibmişlər
də. Ancaq bundan inciyib-eləməyib və belə
izah edir ki, onları yaxşı başa düşürəm.
Biz dəvət edilməmiş qonaqlar idik, onlarsa
əksinə, əsl vətənpərvərlik göstərdilər.
Əlavə də edir ki, doğrusu, mənə
burada olduğumuz günlərdə xoş münasibət
göstəriləcəyini təsəvvür etmirdim. Çünki sovet adamları haqda bizdə qənaət
amerikan mətbuatının yazdıqları əsasında
yaranır. Amma o yazılanların əksinə
olaraq, burada insanlardan nəzakətli rəftar, mədəni
münasibət gördük.
Danışdırılan 9 ekipaj üzvündən ən
çox məlumat verənin, əməkdaşlığa ən
çox meyl edənin, hətta sual verilmədən də bəzi
örtülü təfərrüatları açanın
mayor Şup olduğu duyulur. Məsələn, elə
özü başlayır polkovnik Brannon haqqında belə təfərrüatları
nağıl eləməyə ki, onun bu cür səfərlərə
qatılması əsasən maddi maraqlarla bağlıdır.
Çünki əvvələn,
uçuşlara görə yaxşı ödənişlər
edilir, o biri yandan da Tehranda və Kəraçidə dollar verib
qiymətli şeylər ala bilər.
Başqa
sözlə, özünün söhbətcilliyi, ünsiyyətə
mailliyi, sovet hava hücumundan müdafiə sistemləri,
ümumən SSRİ ilə bağlı rəğbətli
düşüncələri, ayrı-ayrı mövzularla əlaqədar
geniş məlumat verməyə hazırlığı ilə
yanaşı, digər ekipaj üzvləri ilə bağlı
söylədiklərində də yönəldicilik əlamətləri
var və əlbəttə ki, bu məziyyətlər
xüsusi xidmət orqanı işçilərinin nəzərindən qaça bilməz, gələcək
əməkdaşlıqlarla bağlı qarmaq atmağa həvəsləndirə
bilərdi. Səbəbsiz deyil ki,
başqaları ilə bir, ya iki söhbət keçirilibsə,
mayor Şupla müsahibələrin sayı "Duqlas"
işində bir neçədir. Ehtimalən,
onun bu özəllikləri barədə də o vaxt Mərkəzə
işarə edilməmiş olmazdı.
Kəşfiyyat və əks-kəşfiyyat işinin
öz incəlikləri var. Dindir-danışdır,
sorğu-sual apar, ancaq məlumat əldə edə bilməyin
mümkün olan başqa açıq və qapalı
üsullarından da yararlan. Dinlənilirmişlər
də. Ancaq onlar üzü üzlər
görmüş hərbi təyyarəçilər idilər,
anlayırdılar ki, danışıqlarına xəlvəti
qulaq da asıla bilər. Ehtiyatla
danışırdılar, artıq söz işlətmirdilər,
arada bəzi mətləbləri bir-birlərinə
pıçıltı ilə söyləyirdilər. Di gəl, pıçıltını da tutmaq
olurmuş.
İyulun
1-i, iki amerikalı serjant xısın-xısın söhbətləşir:
- Mənə
elə gəlir, göndərdiyimiz məlumatlara əsasən
Amerikada bizdən sarı narahatlıq keçirməlidirlər.
Yəqin, onlar elə düşünürlər
ki, bizi oğurlayıblar.
- Görəsən,
bizi burada nə qədər saxlayacaqlar?
-
Onların da vaxt məhdudiyyəti var. Burada bizə çox
diqqətlə yanaşırlar.
...Axıracan
açıq qalan suallardan biri budur ki, necə olub təyyarə
tamamilə alışıb yanıb. Çünki
oradakı yük və diplomatik poçt materialları ən
dəqiq cavabı verə bilərdi ki, doğrudanmı bu təyyarə
hava sərhədini təsadüfən pozub, ya hansısa
başqa məqsədləri də varmış. Söhbət zamanı ekipaj üzvlərindən biri
təyyarədə 29-30 paraşütün olduğunu deyir.
Ekipaj üzvü cəmi 9 nəfər idisə,
bu qədər paraşüt nə
üçünmüş?
İyulun
5-i. Layls və Şup ikilikdə söhbətləşirlər.
- Hiss
olunur ki, bütün müddət boyu
çalışırdılar bizim dilimizdən təsdiq
alsınlar ki, təyyarəni özümüz
yandırmışıq. Mən dedim ki, təyyarə elə
birdən yandı. İzah etdim ki, biz o vaxt təyyarənin
içindəydik.
- Ancaq mənə
dedilər ki, təyyarə belə asanlıqla yana
bilməz. Söylədilər ki, ola bilməz
təyyarə bir dəqiqə sonra yanmağa başlasın. Dedilər ki, bu, təbii görünmür.
-
Görürsən, demək olar, hamımıza eyni sualları
verirmişlər. Onlar bu suala cavab tapmaq istəyirlər
ki, təyyarəni biz özümüz
yandırmışıqmı. Onlar belə
düşünürlər ki, bizdə təlimat
varmış ki, zəruriyyət yaranarsa, təyyarəni
özümüz yandıraq.
- Biz deyəndə
ki, təyyarə özü yandı, onlar da deyirlər ki, o
halda siz özünüz də yanmalı idiniz.
...Çekistlərin
şübhələri tamamilə əsaslı idi. Çünki hadisə yerinin ilkin müayinəsi
zamanı oradan iki boş kanistr də tapılmışdı.
Ola bilsin ki, məhz təyyarə yerə qonandan sonra 4 ekipaj
üzvü içəridə olduqları 6 dəqiqə ərzində
həmin benzini yüklərin üzərinə
boşaltmış, alışma baş verincə təyyarəni
tərk etmişdilər...
Mayor Heydər Əliyevin rəhbərliyi ilə
aparılmış bu əməliyyatın diqqətəlayiq cəhətlərindən
biri bu idi ki, ekipaj üzvləri ilə danışıqlar
zamanı hərbi-texniki səciyyəli xeyli vacib bilgilər əldə
edilə bilmişdi. Hazırlanmış geniş hesabatda Qərbi
Almaniyadakı ABŞ Hərbi Hava Qüvvələrinin
bazaları, xüsusilə Visbadendəki baza barədə yetərincə
detallı məlumatlar əksini tapırdı. Bazada nə
qədər təyyarə var, onların neçəsi hərbi
yük, neçəsi reaktiv tiplidir, oradakı uçuş
zolağının uzunluğu nə qədərdir, bazanın
ərazisində hansı təyinatlı hansı tikililər,
hansı anbarlar var, uçuşdan əvvəl təyyarələrin
təminat-təchizat məsələləri ilə kimlər
məşğul olur (və onların da rəhbəri elə
bu vurulan təyyarədəki polkovnik Brannon idi), Avropada yerləşən
bütün ABŞ Hərbi Hava Qüvvələrinin Visbadendəki
Baş Qərargahının tərkibi nədən ibarətdir,
hansı istiqamətdə işlər görür və bu qəbil
bir-birindən mühüm məxfi məlumatların əks
olunduğu hesabatın Mərkəzdə məxsusi məmnunluq
oyadacağı şəksiz idi.
...1958-ci il iyulun 6-da axşam saat 23.30-da əməliyyata
rəhbərlik etmiş mayor Heydər Əliyev, DTK-nın digər
zabitləri və "Duqlas"ın 9 ekipaj üzvü
Astaraya yola düşürlər.
İyulun 7-də səhər saat 8-də sərhəd
komendaturasının ərazisində ekipajın təhvil
verilməsi ilə bağlı danışıqlar
başlanır.
Danışıqları
SSRİ-nin Lənkəran rayonu üzrə
sərhəd komissarı podpolkovnik Kuzmin və ABŞ-ın
İrandakı hərbi attaşesi polkovnik Con Bask
aparırdılar. Danışıqda iştirak
edənlər arasında bizim nümayəndələrlə
yanaşı, İranın Astara rayonu üzrə sərhəd
komissarı da olur.
Con Baska
ABŞ tərəfinin 30 min rubl təzminat ödəməli
olduğu haqda qaimə təqdim ediləndə təəccüblə
soruşur ki, bəs bu nə üçündür? Cavab verirlər ki, sizin vətəndaşlar
ayrıca təyyarələrlə Bakıya gətirilib, digər
nəqliyyat məsrəflərindən əlavə onların
buradakı müalicəsi, mehmanxana, yemək xərcləri də
var.
İngilis və rus dillərində təhvil-təslim
aktının imzalanma məqamı yetişəndə İran
nümayəndəsi təklif edir ki, bəs farsca da mətn
olsun.
Başa salırlar ki, ekipaj üzvlərini Sovet
İttifaqı ABŞ-a təhvil verir, İran hakimiyyət
nümayəndələrinə yox, ona görə də mətn
elə iki dildə olacaq.
Danışıqlar bitir və qəbul edilmiş
qaydalara uyğun olaraq ziyafət təşkil edilir. Saat 14-də
isə ekipaj üzvləri tərəflərin iştirakı
ilə Sovet-İran sərhəd xəttinə aparılaraq
qonşu dövlətin ərazisinə buraxılırlar.
Beləliklə, iyunun 27-də başlanmış və
on həyəcanlı, gərgin günə sığan
"Duqlas" əməliyyatı başa çatır.
...1958-ci il iyulun 3-də mayor Heydər Əliyevin
işin yekunları ilə bağlı Azərbaycan DTK sədrinə
yazdığı raportunda belə bir cümlə də
vardı: "Yanmış amerikan təyyarəsinin
qalıqlarının fotoşəkillərini çəkdik".
Və "Duqlas" adlı əməliyyat işinin
arasındakı zərflərdə o fotolar da qalır.
İndi
ilğım kimi xeyli uzaqlarda sayrışan 1958-ci ilin
yayında cavan Heydər Əliyev və həmkarlarının,
10 zəhmətli, gecəsi ilə gündüzünün sərhədi
itmiş günlər ərzində birbaşa Moskvanın diqqətində
olan sərhəd pozucusu təyyarənin qəziyyəsini
araşdırarkən, sərəncamlarında fotoaparat da
vardı, fotoqraf da. Qarabağda ilkin
araşdırmalar uğurla başa çatandan, ya artıq Lənkəranda
əməliyyatın son nöqtəsi qoyulub təyyarəçiləri
təhvil verəndən sonra həmin qayğılı
günlərdən yadigar qalsın deyə bir şəkil də
çəkdirə bilərdilər.
Və illər sonra hər dəfə qaldırıb
baxarkən o foto onların hər birinə həmin sərgüzəştli
günlərin sənədlərdə əksini tapmamış
neçə təsirli anını xatırladardı.
Bu on
gün boyunca onlar sanki həmişəki işlərini
görmüş, nigaranlığın, məsuliyyətin daha
çox olmasıma baxmayaraq, elə hər zamankı yeyin ritmdə
adətkərdə olduqları vəzifə borclarını
yerinə yetirmişdilər. Fəqət həmin
günlərdə onlar əslində böyük tarixin
içərisindəydilər, dünyanın qəliz və
çarpaşıq siyasət teatrı səhnəsində
iki nəhəng tərəfi-müqabilin oynadığı və
onillərcə sürəcək tamaşanın
epizodlarından birinin iştirakçısıydılar.
Qırıcı təyyarələrin səmanın dərinliyində
buxar kimi asta-asta əriyib yox olan bəmbəyaz izləri kimi,
həmin günlərin gerçək görüntülərini
uçan vaxt özüylə sovurub aparıb.
Lakin tarixin səhifələrindən nə zamanın
yaddaşına əbədilik həkk olunmuş surətlər
silinib gedər, nə də yazısına pozu olmayan bu hafizədəki
irili-xırdalı izlər.
Yüzlərlə səhifənin bir-birinə calaq edildiyi yoğun qovluğun saralmış vərəqlərinə qısılan ağ-qara fotolar haçansa zəhmli MiQ-in bir anda şikəst edib yerə saldığı yanıq təyyarənin qaralmış-qarsmış onillər əvvəlki görkəmini bu gün də bizə elə dünənki dəqiqliklə göstərə bilirsə, tarixin də etibarlı yaddaşının güzgüsündə ən qərib keçmişlərin yaxşılı-yamanlı olmuşları eyni dəqiqlik və canlılıqda qalmaqdadır.
Və o tarix aynasından bizə inamlı və ümidli, bir az da yorğun gözləriylə az öncə çətin tapşırığı layiqincə yerinə yetirmiş, amma bu uğura rahatca fərəhlənməyə macal tapmadan növbəti gərgin işini başlayan, daha bir qalıcı iz qoymağa içəridən köklənmiş cavan mayor Heydər Əliyev baxır...
12 fevral, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 22 fevral.- S.10-11-12.