Turan sınağı: "əsrin fəlakəti" və Ermənistan layihəsinin Zəngəzur hiyləsi

 

1939, 1999, 2023... hər qədər sadəcə bir neçə rəqəmin yan-yana düzülüşündən ibarət tarix olaraq görülsə , hər biri Türkiyədə Cümhuriyyətin qurulmasından bəri ayrılıqda on minlərlə insanın həlak olmasına səbəb olmuş təbii fəlakətləri - zəlzələ tarixçələrini özündə ehtiva edir. Onlardan sonuncusu, "əsrin fəlakəti" Türkiyədə 4-cü səviyyəli həyəcan elan edilməsinə səbəb oldu.

Zəlzələnin ilk saatlarından etibarən Azərbaycanda gündəm dəyişdi, siyasi ictimai gündəlik Türkiyəyə yardım kompaniyası ilə əvəzləndi. Cənab Prezident İlham Əliyevin R.T.Ərdoğana telefon zəngi yanınızdayıq mesajı, eyni zamanda, Azərbaycanın demək olar ki, bütün rayon şəhərlərində xalqın fərqli dövlət orqanlarının təşkil etdiyi humanitar yardımlar Türkiyə ilə qardaşlıq bağlarının Azərbaycan üçün sadəcə siyasi deyil, eyni zamanda, ictimai-sosial iradənin məhsulu tələbi olduğunu göstərdi. Azərbaycan zəlzələdən bir neçə saat sonra, bölgəyə xüsusi xilasetmə qruplarını göndərən ilk dövlət oldu.

"Əsrin fəlakəti" birmənalı olaraq türk dünyasını birləşdirdi. Qırğızıstanın  millət vəkili Nurzhigit Kadirbekov "bizim yardımımız maddi mənəvi mənada xüsusi olacaq, çünki eyni soydanıq" deyərək, türk dünyasının belə bir faciə qarşısında birləşdiyinə dair önəmli mesaj verdi. Azərbaycan Respublikası  900 nəfərə yaxın xilasedici ilə fəlakətin əvvəlindən etibarən bölgədə ən çox xilas etmə qrupu olan dövlətdir. Əlavə olaraq, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, həmçinin, Macarıstandan yüzlərlə qrupun dağıntılar altından insanların çıxarılması üçün çiyin-çiyinə həyati mübarizəyə atılması,Türkiyədəki uyğur türklərinin tonlarla humanitar yardım kompaniyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibi Sultan Raevin "Biz birlikdəyik" şüarı ilə  TÜRKSOY əməkdaşlarının fəlakətin yaşandığı bölgələrə cəlb edilməsi zərərçəkənlərin zəruri həyati ehtiyaclarının qarşılanması, Türk dövlətlərində əhalinin könüllü şəkildə həyata keçirməkdə olduğu kampaniyalar bütünlükdə türk dünyasının ürəyinin Türkiyədə, fəlakətin can damarı olan bölgədə atdığını göstərdi. Bu, bütövlükdə türk dünyası üçün sınaq rolunu oynadı. Yüz illərdir bir-birindən uzaqlaşdırılaraq, yadlaşdırılmağa çalışılan bu dövlətlərin ictimai rəyindəki Türkiyə qayğısı, yeddidən yetmişə hər kəsin bu fəlakəti doğmalaşdırması, birlik bərabərlik baxımından ən güclü dönəmləri yaşadığımızı sübuta yetirdi.

6 fevralda zəlzələnin baş verməsinin ardından, kütləvi informasiya vasitələrində Ermənistan İranın Azərbaycana qarşı çirkin həmlə hazırlıqlarında olduğuna dair söhbətlər, İranın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı sərsəm fikirləri Türkiyədəki zəlzələdən Zəngəzur dəhlizinə qarşı istifadəyə yönəlik niyyətin carçısı idi. Bu dövlətlər hələ Azərbaycanın nüfuzunu artan hərbi gücünü görməzdən gəlməyə çalışaraq,  Azərbaycanın Türkiyə İsraillə münasibətlərini, hətta Zəngəzur nəqliyyat-kommunikasiya dəhlizini İrana qarşı təhdid kimi dəyərləndirirlər. Ermənistan İran bir-birinin qarşılıqlı paranoyalarından güc alaraq, Cənubi Qafqaz üçün real təhdid mənbəsi rolunu oynamaqdadır.

Vaxtilə sovet hökumətinin Zəngəzuru Azərbaycandan qopararaq Ermənistana bəxşiş verməsinin səbəbi , Ermənistana olan sevgisinin yox, məhz türk dünyasından olan qorxunun nəticəsi idi tək bir hədəfə yönəlmişdi ki, Zəngəzurun qoparılmasının ardından türk dünyası arasında siyasi, iqtisadi bu yolla ictimai-mədəni əlaqə itsin, etno-eroziya prosesi ilə gələcək  təhdidi aradan qaldırsın.

İkinci Qarabağ zəfərinin ardından Azərbaycanın Zəngəzur dəhlizini bir öhdəlik kimi Ermənistana qəbul etdirməsi, müharibənin ardından Türk dünyası arasında əlaqələrin tarixində olmadığı qədər güclü dövrünə transformasiyası, hətta Azərbaycanın müzəffər bir dövlət olaraq Cənubi Azərbaycandakı on milyonlarla soydaşına sahib çıxması, onların milli-mədəni problemlərini dilə gətirməsi yüz illər əvvəl bu coğrafiyaya səpilmiş heç bir anti-Azərbaycan toxumun cücərmədiyini göstərdi. Bu mənada, türk dünyasını qoparmaq üçün yaradılmış "Ermənistan" layihəsinin  Zəngəzur hiyləsi demək olar ki, son dönəmlərini yaşayır. Zəngəzur dəhlizi Ermənistan üçün artıq iki ildən artıqdır ki, seçim olmaqdan çıxıb; üçtərəfli bəyanatın 9-cü bəndi sırf nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqəsini özündə ehtiva edir Zəngəzur Ermənistan üçün bir kapitulyasiya öhdəliyi olmaqla, türk dövlətləri arasındakı hazırki bağları heç olmadığı qədər gücləndirəcək, regional inkişafa gətirib çıxaracaq.

Beynəlxalq münasibətlərin məşhur "daimi dost ya düşmən yoxdur, daimi maraqlar var" yanaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri timsalında artıq öz keçərliliyini itirib. Demək ki hələ qardaşlıq, dostluq, insanlıq var. Demək ki, bütün yaxşılıqlar pisliklər gec-tez öz qarşılığını tapır, heç unudulmur silinmir: dövlətlərin arxivindən, xaqların yaddaşından. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın hər guşəsini bəzəyən Türkiyə Azərbaycan bayraqları, bu gün "qardaş köməyi" şüarı ilə göndərilən yardım paketlərinin, maşınların üzərinə vurulur. Azərbaycan xalqı dəmir yumruq kimi bu dəfə Türkiyəyə yardım üçün birləşir; Türk əsgərinin vaxtilə Bosniya-Hersoqovinada payladığı Ramazan yardım paketlərini saxlayan bosniyalılar, bu gün həmin paketlərdə Türkiyəyə, zərərçəkmişlərə yardımlar göndərir, 1950-1953-cü illərdə Türkiyənin köməyini unutmayan Cənubi Koreya Respublikası 73 ildən sonra Türkiyəyə yardımını "borcumuz idi" deyərək həyata keçirir, Yaponiya mətbuatı dövlətin Türkiyəyə yardımlarından danışarkən, "vaxtilə İran-İraq müharibəsi zamanı yüzlərlə yaponu regiondan təyyarə ilə xilas edən, baş vermiş təbii fəlakətlərdə Yaponiyanın köməyinə ilk özünü çatdıranlardan olan Türkiyəyə edirsiniz" xatırlatması ilə daha effektiv yardımlar tələb edirsə, Albaniya prezidenti Bajram Begaj "albanlar 29 noyabr 2019-cu ildə Albaniya zəlzələsində Türkiyənin yardımlarını unutmayacaqlar" deyərək Türkiyə üçün bir günlük matəm elan edirsə (həmçinin, Şimali Makedoniya da matəm elan etdi), deməli, Türkiyə Respublikası tam olaraq 100 ildir, beynəlxalq konfiqurasiyada ağırlıqlı mövqe tutmağı bacarıb.

Beynəlxalq nizam dəyişir; yeni nizamda isə iqtisadiyyat vasitəsilə konfliktlərə etnik münaqişələrə son qoymaq mümkündür. Zəngəzur dəhlizi bunun üçün nümunə təşkil edəcək regionun mövcud potensialının tam təşəkküldə reallaşdırılmasına şərait yaradacaq. Buna mane olmağa çalışanlar isə sadəcə Azərbaycanla yox, yeni nizam çərçivəsində formalaşmaqda olan yeni bir qütblə qarşı-qarşıya qalacaqlar.

Adanada türkiyəli həmkarı M.Çavuşoğlu tərəfindən qarşılanaraq zəlzələ nəticəsində dağılan Hataya səfər edən Yunanıstan xarici işlər naziri Nikos Dendias"münasibətlərimizin düzəlməsi üçün bir zəlzələ daha yaşanmasına ehtiyac yoxdur" deyərək çağırış etdi. Bundan 24 il əvvəl, 1999-cu il zəlzələsi zamanı da Yunanıstan xilasetmə qrupları humanitar yardımlar ilə Türkiyənin köməyinə gəlmişdi. Ümid edirik ki, Yunanıstan, Ermənistan kimi dövlətlər, xarici siyasi qüvvələrin maraqları naminə qonşu dövlətlərlə münasibətlərin korlanmasının zərərlərini dərk edərək, regional inkişaf üçün qarşılıqlı mehriban münasibətlərə maraq göstərər.

 

Bahadur HÜSEYNOV

Beynəlxalq münasibətlər üzrə magistr

525-ci qəzet.- 2023.- 22 fevral.- S.13.