Xocalını gözləyən təhlükə  

Mən bu barədə bir ay əvvəl xəbərdarlıq etmişdim

 

31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr, kitablar yazılıb, təhlillər aparılıb, mülahizələr irəli sürülüb, faktlar araşdırılıb. Qan yaddaşımızda dərin izlər qoymuş faciəyə aparan yol, başvermə səbəbləri, dəhşətləri, düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri həmin dövrdə mətbuatda - əsasən də cəbhə müxbiri işlədiyim "Ədalət" qəzetində dərc etdirdiyim materiallarda aydınlığı, tutarlı faktlarla tam əksini tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin baş vermə səbəbləri və nəticələri barədə aydın təsəvvür olsun deyə 31 il əvvəl dərc olunmuş həmin materialların bir qismini oxuculara təqdim edirəm.

XOCALIDA BİR GÜN

Qarabağın qapısı Yevlaxdan, qədim Bərdədən, məğrur Ağdamdan keçən yollarda sıxlıqdır. Yol kənarlarında qışın soyuq-sazağına baxmayaraq üzüm bağlarında, pambıq və taxıl sahələrində yorulmadan çalışan adamlar diqqəti cəlb edir. Elə ki, Ağdamdan keçirsən Əsgəran ərazisinə burada mənzərə tamamilə başqalaşır. Yurdumuzun füsunkar guşəsi olan bu yerlər ermənilərin nadanlığı ucbatından miskin görkəm almışdır. Kəndləri bir-birinə birləşdirən yollar zirehli maşınların, tırtılların altında çat-çat olub. Ətrafda istehkamlar, zirehli geyimli əsgərlər və hər an açılmağa hazır olan avtomat silahlar... Mühasirədə olan kəndlərimizə getmək üçün kimdənsə icazə almalısan, kimsə pasportunu yoxlamalıdır.

Yollar qüssəlidir. Adət etdiyimiz Qarabağ şadyanalığından əsər - əlamət qalmayıb. Oğuz elinin qeyrət yeri, qəhrəmanlıq rəmzi olan Əsgəran qalası yetim kimi görünür. Novruz tonqalının işığına, istisinə həsrətdi bu yerlər. Yol kənarından ermənilərin kin-küdurət dolu baxışları, bəd nəzərləri müşayiət edir bizi. Qarabağ faciəsinin ilk qurbanlarını məhz burda vermişik. Nə bu acı tarix, nə ölümsaçan güllələr, nə də ki, ermənilərin bədnəzəri bizi yolumuzdan döndərə bilməz. Çünki bu yoldan Salatın keçib... Bu yol Xocalıya gedir, tarixin müxtəlif dövrlərində dəfələrlə erməni fitnə - fəsadına məruz qalan Xocalıya... İndi Xocalı yenidən tikilməkdə olan böyük bir şəhəri xatırladır. Bütün Azərbaycan tikir Xocalını.

Bizimlə bərabər Xocalıya avtomobil karvanı daxil olur. Tikinti materialları ilə dolu maşın karvanını gətirənlərlə tanış oluruq. Onlar "Kəndtikinti" Birliyinin Masallıdakı tikinti təşkilatlarının nümayəndələridirlər. 9 saatlıq yolun yorğunluğu, Əsgəranda ermənilər tərəfindən daş-qalaq olunmaları onların işgüzar ovqatına qətiyyən təsir etməyib. Yataq dəstlərini özləri ilə gətirmiş inşaatçıların yerləşdirilməsi üçün şəhər Sovetində operativ tədbirlər görülür. Masallı inşaatçıları R.Hüseynov, M.Fəttayev, Ə.Abbasov, A.Məmmədov və başqaları  sabahdan 100 mənzilin inşasına başlayacaqlar.

Şəhər Sovetinin verdiyi məlumata görə, Xocalıya Xankəndindən qovulmuş 5000 nəfərdən çox azərbaycanlı köçüb. Tikinti materiallarının əldə edilməsi və daşınmasındakı çətinliklərə baxmayaraq respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş inşaatçıların fədakarlığına həsəd aparırsan. Yeni binaların yanından ötüb Xocalı milisinə gəlirik. ikimərtəbəli yaraşıqlı bu bina 3 ay müddətinə tikilib. İş icraçısı A.Azadov bildirdi ki, binanın qısa müddətdə istifadəyə verilməsində milis işçilərinin köməyini qeyd etməmək ədalətsizlik olar. S.Mədətov, İ.Hümbətov, İ.Abışov, Ş.Muradov, H.Hüseynov asayişin keşiyində durmaqla yanaşı inşaatçılarla çiyin-çiyinə çalışıblar. Respublika daxili işlər nazirinin müavini N.Talıbov tikintiyə şəxsən nəzarət və kömək edib, çox zaman inşaatçılar və milis əməkdaşları ilə birlikdə buradakı vaqonda gecələyib.

Şəhər milisinin rəisi S.Məmmədov bildirdi ki, ermənilərin yaratdığı problemlərlə bağlı əməliyyat şəraitinin çətinliyinə baxmayaraq əməkdaşlar asayişin qorunması üçün xüsusi fədakarlıq göstərirlər.

Ürəyinin hökmü ilə Bakıdan Xocalıya işləməyə gəlmiş leytenant Hüseyn Əliyev söhbətə qoşulur. Əməkdaşların bir hissəsinin mənzilsiz olduqlarından milis şöbəsinin yeni inzibati binasının hələ boya qoxusu çəkilməyən soyuq otaqlarında gecələmələrindən danışdı. Bu fədakar milis işçiləri bəzən həftələrlə, aylarla ev, ailə üzü görmürlər. Lakin bu onları narahat etmir. İstəkləri odur ki, Qarabağın taleyi bu torpağın əzəli sahiblərinin xeyrinə həll olunsun.

Post - patrul xidməti bölməsinin rəhbəri, milis əlaçısı, baş serjant Ə.Quliyev bölmənin Əsgəran rayon DİŞ-nin tabeliyindən çıxarılmasının vaxtı çatdığını bildirdi. O, texniki vasitələrin alınması üçün Əsgərana gedən əməkdaşların çox böyük çətinliklər və təhlükələrlə üzləşdiyini söylədi.

Xocalının milis işçiləri ilə söhbətimiz uzun çəkmir. Aeroporta tələsirik. Əslində aeroport Xocalının bir addımlığındadır. Xankəndini isə aeroportdan 12-13 kilometr məsafə ayırır. Bəs nəyə görə Qarabağın hava qapısına Xocalı yox, Stepanakert aeroportu deyilir. Dünyanın böyük şəhərlərdə də aeroportlar ən yaxın yaşayış məntəqələrinin (istər şəhər olsun, istər kənd) adı ilə adlandırılır. Bu da erməni fitnəkarlığının növbəti nümunələrindən biridir.

Nə isə... Üzərində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanan aeroporta daxil oluruq. Uzun müddət baxımsızlıq üzündən bura öz görkəmini dəyişmişdir. Ara qarışana qədər hər gün əsasən, Yerevana 15-16 reys edən bədxah ermənilər aeroporta yağı malı kimi baxıblar. İndi burada təmir işlərinə başlanıb. Aviatorlarla tanış oluruq. Yevlax mülki hava dəstəsinin işçiləri Y.Əmirov, N.Rüstəmov, F.Səmədov hər gün Rüstəmov, F.Səmədov hər gün Yevlaxdan gəlib aeroportun hərəkət və təsərrüfat işlərini görürlər. Həmin gün dəstənin komandiri N. Cumayev də buraya gəlmişdi. Hava limanının fəaliyyəti, kəm-kəsirləri aradan qaldırmaq üçün görüləsi tədbirlər operativ müzakirə olunurdu...

Təyyarələrdə uçuş qaydalarına erməni mətbuatının " Əsədovun dəstəsi" adlandırdığı respublika DİN-nin Xüsusi təyinatlı milis dəstəsi nəzarət edir. Hər dəqiqə düşmən fitnəkarlığının və təxribatının qurbanı ola bilən bu qoçaq oğlanların hərəkətlərinə kənardan baxanda qibtə etməyə bilmirsən. Onların fəaliyyəti barədə elə bu gün təyyarə ilə Yerevandan gətirilmiş "Qolos Armenii" (Ermənistan KP MK-nın orqanı) qəzetində "Tərs mütənasiblik" başlıqlı yazı verilib. "Erebuni" aeroportu sərnişindaşıma idarəsinin rəisi S.Vanyan bu gün Yerevandan Xocalıya və əks istiqamətə uçan reyslərin 6-7-yə enməsinin günahını "silahlanmış milis işçiləri"ndə görür. Sərnişinlərin yüklərinin yoxlanmasını isə təhqir hesab edir. Görəsən hava nəqliyyatından istifadə qaydalarına əməl olunması haqqında dünya miqyasında uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən yüklərin yoxlanması nə vaxtdan təhqir hesab edilir?.. Bəlkə, beynəlxalq qayda və qanunların ermənilərə dəxli yoxdur?

Vanyan reyslərin azalmasının digər səbəbini yoxlamaların pilotlara psixi təsiri və bunun da uçuşların təhlükəsizliyinə mənfi təsiri ilə izah edir. Əslində real vəziyyət belə deyildi. Nə qədər ki, aeroporta XTMD nəzarət etmirdi, Yerevandan əlinə bir süngü, bir silah keçən erməni otururdu təyyarəyə və rahatca gəlib çıxırdı Xankəndinə.

Qəzetin "milis forması geyindirib Bakıdan, Sumqayıtdan, Gəncədən gətirilmiş qaçaqlar" adlandırdığı XTMD-nin qanunauyğun hərəkətləri Qarabağda əmin - amanlıq və qayda-qanun yaranmasını istəməyən erməniləri narahat etməsi təbiidir. Bunun təsdiqini görmək üçün bir neçə saat aeroportun komendantı Əlif Hacıyevin yanında olmaq bizə kifayət etdi. Hələ nəzarətin belə gücləndiyi bir zamanda Yerevandan gələn sərnişinlərdən nələr tapılmırdı. Əlbəttə nəzarətin sərtliyindən qorxan ermənilər təyyarə ilə silah-sursat gətirə bilmirdilər. Lakin onlardan müsadirə edilmiş çoxlu sayda kitablar, şəkillər, plakatlar münaqişənin qızışmasında odlu silah qədər gücə malikdir.

Aeroportun keçid qapısında dayanmışıq. Pasportların əksəriyyətində DQMV-nin Azərbaycana məxsus olması barədə heç bir qeyd yoxdur. Pasport qaydalarını pozduqlarına görə həmin sərnişinlər bütün etirazlara baxmayaraq uçuşdan qalmalı olurlar. Şübhəli şəxslər komendaturada dinlənilir. Bu söhbətlərin bəzisində iştirak edirik. Yerevanın restoran işçisi Ema Matevosyan öz pasportunu itirdiyini bəhanə edib, qeyri-qanuni olaraq rəfiqəsinin paspotundan istifadə etdiyinə görə təyyarəyə buraxılmır...

İqtisadçı S.Badunts özünü dövlət təhlükəsizliyi orqanının əməkdaşı kimi qələmə verib, uzun müddət dələduzluq etmiş yaxın qohumu ilə əlaqədə olmasında şübhəli bilindiyi və saxta xarici pasportu necə ələ keçirdiyi barədə izahat verməli olduğu üçün Yerevana, oradan isə Almaniya Federativ Respublikasına səfəri "təxirə salınır"...

Sonra nəqliyyat milisinin əməliyyat müvəkkili Kamil Məmmədovun otağındakı seyfdəki "eksponatlarla" tanış oluruq. Qeyri-qanuni yolla gətirilmiş əşyalardan, sənədlərdən və kitablardan ibarət "sərgini" xatırladan bu seyf erməni millətçilərinin Qarabağı Azərbaycandan qoparmaq üçün hər şeyə əl atdıqlarını sübut edir. K.Məmmədov gündəlik çətinlik barədə danışanda Yerevandan gələn təyyarələrin müəyyən olunmuş qrafiki qəsdən pozmalarını xüsusi qeyd etdi. Məsələ burasındadır ki, bir də görürsən 10-15 dəqiqə ərzində aeroporta Yerevandan gələn 5-6 təyyarə enir. Bu da yoxlamaların gecikdirilməsinə səbəb olur və bundan istifadə edən provakatorlar asayişi qoruyanlarla sərnişinlər arasında süni narazılıq yaradır. Digər tərəfdən yaranmış gərginlikdən istifadə edib qeyri-qanuni yüklərin keçirilməsinə səy göstərənlər də var. Lakun bu erməni bicliyi keçmir. XTMD üzvlərinin çevikliyi nəticəsində bütün qeyri-qanuni hərəkətlərin qarşısı alınır.

Qarabağ torpağına əmin - amanlıq gətirənlərin ilk cığırdaşları olan XTMD barədə erməni mətbuatı az qala hər gün yazır. Budur, dəstənin rəhbəri Vaqif Əsgərov Yerevandan təzə gətirilmiş qəzetlərdən birini bizə göstərir. Qəzet yazır: "İndi Azərbaycanın daxili işlər naziri Əsədovun əmriylə DQMV-nin Azərbaycan kəndlərində qeydiyyata düşmüş, təpədən-dırnağa qədər silahlanmış 600 nəfərdən ibarət XTMD var. Azərbaycan DİN-nin planına yaxın gələcəkdə yaşayış məntəqələrinə daha 5 min nəfərə qədər qeydiyyata salmaq daxildir".

Düşmənin təbliğat maşınının "faşist", "cəllad" adlandırdığı Əlif Hacıyev bütün gərginliyə baxmayaraq sakit və təmkinli görünür. Özü haqqında məlumatı çox "xəsisliklə" verir. Öyrənirik ki, onun bütün taleyi Qarabağla bağlı olub. Xocalıda doğulub boya-başa çatıb. Sərhəd qoşunlarında xidmət edib. Leninqrad Ali Milis Məktəbində oxuyub. 1985-ci ildə Qarabağda ermənilərin özbaşınalığına qarşı gördüyü işlərdən narahat olan erməni paqon yoldaşları tərəfindən təşkil olunmuş böhtan və fitnəkarlıq nəticəsində Əlif  DQMV məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhkum edilib. Sibirin sərt soyuğu, ağır məhbus həyatı onun əzmini qıra bilməyib. 4 il, 4 aydan sonra SSRİ Prokurorluğunun protestinə əsasən işə yenidən baxılaraq ona bəraət verilib. Budur, Əlif yenə də Qarabağdadır...

...Hava qaranlıqlaşmaqdadır. Sonuncu təyyarələrin təkərləri yerdən üzülür. Fürsət tapıb dəstənin üzvləri ilə tanış oluruq - T. Şirinov, S, Ağayev, Ə.Əliyev, F.Aslanov, M.Mahmudov, A.Quliyev və başqaları. Respublikamızın müxtəlif guşələrini təmsil edən bu qeyrətli oğlanların Qarabağ üçün gördükləri işlərin, indiki ölçüylə götürsək, misli - bərabəri yoxdur. Şimaldan əsən soyuq mart küləkləri, qar, çovğun və erməni fitnəkarlığı onları qətiyyən qorxutmur. Onları mətbəxlərinin kasıblığı da düşündürmür. Amma bizim hamımızı düşündürməlidir. Onlar xahiş etmişdilər ki, bu haqda yazmayım. Amma gizlədə bilmərəm - dəstə üzvlərinin ərzaqla təchizatı onların xidmətlərinə layiq səviyyədə deyil. Əlbəttə respublikamızda onların hesabına vəsait keçirənlər var.

Amma bu igidlərin pul xərcləməyə nə əlləri çatan yer var, nə də vaxtları...

Bu günlərdə onlara bayram sovqatı göndərmək arzusunda olanlara bildirmək istəyirik ki, hər gün Xocalıya uçan Yevlax aviatorlarına müraciət etmək olar. Redaksiyamız ədəbiyyat, incəsənət xadimlərini, Xocalı aeroportunda keşik çəkən mərd oğlanlarla görüşdürməyə də hazırdır.

 

21 mart 1991-ci il.

 

(Ardı var)

Faiq SADIQOV

Əməkdar jurnalist

525-ci qəzet.- 2023.- 22 fevral.- S.6.