Qala
Xalq şairləri Rəsul
Rza və Nigar Rəfibəylinin xatirəsinə
Şeirimizin qoşa qanadı
-
Nigar xanım,
Rəsul müəllim.
Birinin təmkini, səbri
adamı heyrətə
salırdı.
Birinin qeyrəti, inadı...
Biri vardı, biri yoxdu -
o söz fədailəri,
sadələri, adiləri,
şeirin min qatının
qadirləri
döyüşdülər, vuruşdular.
Məna
ənginliyinə qanad
gərərək
nəhəng qala qurdular:
Ərk qalası, dərk qalası...
Sözün cəfakeşləri
adladılar bütün
keşməkeşləri.
O söz vurğunları, keşikçiləri
axıracan arın-arxayın
durdular.
Qıymadılar,
qoymadılar
bədii sözün
çəkisi düşə.
Qafiyə
harasa sürüşə,
misra əndazədən
çıxa,
vəzn gedə vuruşa...
İki ağır oturub, batman gələn
alicənab, nəcib
insan
könlü-gözü tox,
xəyanətkarlara kəlmələri
ox...
Şeirimizin o qoşa cəngavərləri,
başçıları, sərkərdələri
qoymadılar Füzuli
beytinin dadı itə.
Sarı
Aşıqdan yadigar
bayatının adı itə.
Əbədiyyət qazandılar -
ölməzliyə tərəf yol
gedə-gedə...
Qəhrəman ƏLİYEV
(Lerik)
525-ci qəzet.- 2023.- 23 fevral.- S.15.