Araz çayının özü və adı tarixi-coğrafi
müstəvidə
Sularının hər damlası
sevgiylə, həsrətlə dolu
olan, ləpələri
məhəbbətlə çağlayan,
adı ayrılıq,
nisgil rəmzinə çevrilmiş Araz çayı... Xan Arazın vətən
torpaqlarımızı ikiyə
bölməsi XIX əsrin
əvvəllərinə təsadüf
edir. İran Çar Rusiyasındakı
daxili qarışıqlıqdan
istifadə edərək
Bakıya qədər
irəlilədi. Rusiya
iranlıların hücumunu
dəf etdi və 1928-ci il
fevralın 10-da Təbrizin
cənubunda Türkmənçay
müqaviləsi imzalandı.
Bu müqaviləyə əsasən rus ordusu Cənubi Azərbaycandan çəkildi.
İran da Naxçıvan və İrəvanı Rusiyaya buraxaraq, imzalanan müqavilə nəticəsində Araz çayı Azərbaycanı
iki yerə böldü. İnsanlar
bu vəziyyəti zorla ayrılan bir qəlbə, bir cana
bənzətdilər. İki doğmanı
bir-birindən Araz ayırmadı, amma günahkar o sayıldı.
Bu ayrılıqdan kədərlənən azərbaycanlılar
sevgililərin qovuşacağı
günü həsrət
və səbirsizliklə
gözləyirlər. İndi bu qovuşmağa olan ümidlərimiz daha da artıb.
Düşünürəm ki, məhz elə bu məqamda
Araz toponiminin mənşəyinin hardan gəldiyini öyrənmək
yerinə düşür.
Araz çayının
adı antik dövrdən başlayaraq
müxtəlifdilli qaynaqlarda
dəfələrlə çəkilib
və bu çay barədə məlumatlar verilib. Tədqiqatlardan
da məlumdur ki,
tarix boyunca
dünyanın müxtəlif
yerlərində Araz adlı çaylar barədə məlumatlara
rast gəlinir. Naxçıvan ərazisindən
axıb keçən
Araz çayının
adına mənbələrdə Araz,
Atrapatakan, Araks, Arras, Ər-ras, Uveys və sair formalarda
rast gəlinir. Bu toponimlə bağlı
müxtəlif semantik
mənalar irəli sürülüb. Bəzi kitablarda
çayın adının
yunan dilində arosso ("guruldayıram"),
zənd dilində arvat ("qaçan"),
ərəb dilində
ruz ("qaçmaq")
sözləri ilə izah edilir. A.Axundov bu toponimi qədim
əfsanələrdə xatırlanan
Ras toponimi ilə bağlamış və onu antroponim
hesab etmişdi, M.Seyidov Arazı sağ/arsaq tayfaları ilə əlaqələndirib və
etnohidronim hesab edib. N.Nəbiyev şumercə "dağıdan çay",
ərəbcə "axan,
qaçan", yunanca
"səs-küylü" mənalarında hidronimin izahını verməyə
çalışmışdı. V.Əliyev eramızdan əvvəl
III minilliyə aid Het kitabələrində
qeyd edilən Harras/Harasın Araz çayının adı olduğu fikrini irəli sürmüş və
"har"ın hetcədə
"çay" demək
olduğunu göstəmişdi.
T.Hacıyev tədqiqatlarında Araz çayının az/uz etnoslarının
şərəfinə bu
cür adlandırılması
qənaətini irəli
sürüb. N.Əsgərov da Araz toponimini
etnonim səciyyəli
hesab edib, bu sözün "az/as tayfalarına məxsus su" mənasında olduğunu
göstərib. Və
bir sıra digər
tədqiqatçılar da
Araz sözünü
as tayfaları ilə bağlayıb, sözün
mənasını "as ərləri"
kimi izah ediblər. Ehtimal edilir ki, çayın adı eramızdan əvvəl
III minilliyin sonu II minilliyin əvvəllərində
tarix səhnəsinə
çıxmış as boylarının
adı ilə bağlıdır.
Araz çayının struktur-semantik
təhlili zamanı bu adın tərkibində
iki komponentə rast gələ bilirik: ar+as. Ar//ər//ir//ır
bizə qədərki tədqiqatçıların
yazdığına görə türk
dillərində igid, kişi
mənasındadır, az/uz/as isə türk
tayfalarından birini və ya
ilk oğuzları bildirir.
Düşünürük ki, birinci komponentdə fonetik səsdəyişmə hadisəsi ə~a
əvəzlənməsindən başqa,
həm də e~a və ya
ye ~ a şəklində
də ola bilər. Başqa
sözlə desək "Əras"ın fonetik
dəyişikliklər nəticəsində Araza
çevrilməsi mümkün olduğu kimi, Eras/Yerasın
Araza çevrilməsi də mümkündür. Heç
də təsadüfi deyildir ki, Araz adının Erasx formasına bəzi qaynaqlarda
rast gəlinir. Bu halda sözdəki birinci komponent er/yer
daha qədim formada
ifadə etsək "ur" şumer dilində məskən/şəhər
mənasını verir. Araz/Eras "asların şəhəri, məskəni"
mənasındadır. Araz çayına
məhz as tayfalarının məskun olduğu ərazilərdən keçdiyi
üçün çay
bu şəkildə
adlandırılıb. Başqa cür ifadə etsək, etnonim
əsasında yaranmış oykonimin
hidronimləşməsi baş verib.
Aysel
EMİNOVA
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2023.-23 fevral.- S.14.