Xalq təqvimi və ya çillələrin
töhfəsi
Azərbaycanda
Yazın - Novruz bayramının gəlişi, ənənəvi
olaraq, mərhələli şəkildə qeyd edilir. Novruz çərşənbələrinin
sayı yeddidir, bunun üçü Kiçik Çilləyə
düşür və yalançı çərşənbələr
adlanır. Yalançı çərşənbələr el
arasında "Oğru buğ" çərşənbələri
kimi tanınır ki, bu da fevralın birinci və ikinci
ongünlüyündə torpağa gələn buğla
bağlıdır. Bir çox bölgələrdə
Kiçik Çilləyə "qışın oğlan
çağı" deyirlər. Adətən,
dekabrın son on gününü və yanvar ayını
qışın oğlan çağı sayırlar, lakin bu fərqli
münasibətin də səbəbləri var. Dağlıq ərazilərlə
aran bölgəsi arasında qışın sərtlik fərqi
var, bu da havasata fərqli dövrlərdə oxşar adlar
verilməsinə səbəb olmuşdur.
Xalq
qış fəslini xalq təqviminə uyğun olaraq,
"Çillə" adı ilə üç yerə
bölür: Böyük Çillə, Kiçik Çillə,
Boz Çillə. Boz Çillə sadəcə
Boz Ay da adlanır. Böyük Çillə
qış fəslinin başlandığı gün, yəni
dekabrın üçüncü ongünlüyündə
xalq təqviminə qədəm qoyur və 40 gün (21 dekabr-31
yanvar) davam edir. Kiçik Çillə
fevralın birinci və ikinci ongünlüyünü (1-20
fevral) əhatə edir, ömrü 20 gündür. Boz Çillənin - Alaçillənin və ya
Alaçolpavın ömrü bir ay (21 fevral-21 mart) olur.
Xalq təqviminə görə, yayın ortası, yay fəslinin
yarı olan günü "Quyruqdoğdu" adlanır. "Quyruqdoğdu"
avqust ayının 15-nə təsadüf edir və el onu
göydə quyruğa oxşayan ulduzların görünməsinə
uyğun olaraq belə adlandırır. Amma
bəzi bölgələrdə ilin bu dövrünə
"quyruqdondu" deyirlər. Rəvayətə
görə, yay yarı olandan sonra yatan qoyunların quyruğu
gecələr donur. Bunu görən el
yavaş-yavaş yaylaqdan köç etməyə
başlayır. Xalqın uzunmüddətli
müşahidəsinə görə, "quyruqlu
ulduzlar"ın görünməsi ilə artıq yaylaqda
havalar soyuyur, bu əlamət arana köçmək
vaxtının çatdığını bildirir. Yay yarı olanda, yəni quyruq doğduqda quzu
qırxımı başlayır.
Xalq meteorologiyasının ifadə vasitələrindən
biri havasatdır. Havasat günün hava proqnozunu əhatə
edir, bəzi hallarda meteoroloji əlamətin təsvirindən
ibarət olur. Havasat nümunələri ilə tanış olduqda onun mahiyyətini daha
yaxşı başa düşmək olur:
Germic - isti qərb küləyidir, bu, Muğanda Gəncə
küləyi də adlanır. İsti külək bədbəxtlik
əlamətidir. İsti küləkdən
sonra boran, çiskin, tufan gözlənilir. Ara verməyən dolu yağa bilər. Gəncə küləyi tez kəsir, adətən,
küləkdən sonra dolu ilə başlayan yağış
yağır.
Sızqa - yağış növüdür, aramla
yağır.
Sızqa uzun sürən yağışdır.
Şeytan küləyi - burula-burula gələn küləyə
deyilir, bir adı da boğanaqdır. Boğanaq küləksiz
isti havalarda baş verir. Güclü boğanaq
evlərin üstünü uçurur, göyərçinləri,
sərçələri havada hərləyib
öldürür. Boğanaq iki
cürdür. Həm güclü, həm də
yüngül boğanaq sürətlə hərəkət
edir. Göz qırpımında
ötüb kəsir. Boğanaq tez-tez
olduqda isti havaların hələ bir müddət davam edəcəyi
gözlənilir.
Şaxta xəzri ilə gəlir.
Ölü hava - yayın sonunda, payızın əvvəlində
maşahidə olunur, küləksiz havadır. Hava isti olmasa
da, nəfəs almaq çətinləşir, ürəyi zəif
olanlar sərinlik axtarırlar, yelpiksiz keçinə bilmirlər.
Ölü havada ürəyi gedənlər də
olur.
Qış öncəsi Yarpaq tökümü
mövsüm mərasimi ilə başlayan xalq təqvimi təsərrüfat
işlərini başa çatdırır, çöldən-bayırdan
əl-ayağın yığıldığını,
payız əkinin bitdiyini təntənəli şəkildə
yekunlaşdırır. Yarpaq tökümü bayramı
payızın son günlərinə təsadüf edir, miladi təqvimi
ilə noyabrın ortalarına düşür. Bu zaman ağacların yarpaqları saralır və
torpağın, həmçinin, suların üzünü xəzəl
alır. Adamlar odun-ocaq tədarükünü
başa çatdırır, mal-qarası üçün yem
ehtiyatı yaradır. Yarpaq
tökümü mövsümü başa çatır və
qış başlayır. Qış əkinçilərin
ev-eşik işlərinə çəkildiyi dövrdür.
Böyük Çillə payız
qırxımından əldə edilmiş yunun emal olunması
(yuyulması, daranması, əyirilməsi və boyanması),
həmçinin, toxuculuq sənətinə rəvac verilməsi
dövrüdür. Xalça, kilim, palaz,
cecim toxunur, yorğan-döşək tutulur, heybə, xurcun,
çul, palan tikilir, keçə salınır. Böyük Çillədə həm də
bağ-bağat işləri başlayır, ağaclar
budanır, dibi şumlanır, peyinlənir.
Çillələrlə bağlı bir çox əfsanələr
dildən-dilə keçib bu günümüzə kimi gəlib
çatıb.
Əfsanəyə görə, Qış
adlı bir kişinin Böyük Çillə, Kiçik
Çillə, Boz Ay adlı üç oğlu olub. Qış əvvəlcə Böyük Çilləni
qırxgünlük səfərə göndərir ki, gedib
el-obaları gəzsin, adamların yaşayışını
görsün, işləri ilə maraqlansın.
Böyük Çillə altdan-üstdən bərk geyinir, ağ qar yapıncısını da çiyinlərinə
salıb yola çıxır. Dekabrın
iyirmisində el-obaya yetişir. İnsanlar
səhər yuxudan oyanıb çölə baxanda
görürlər ki, hər yan ağappaq qara
bürünüb. Böyük Çillə
gəlib çıxıb. Beləliklə,
Böyük Çillə qırx gün dağda-düzdə,
kənddə-kəsəkdə özünün qar
atını çapır.
Qar qışın əsas atributlarından biridir, bərəkət,
bolluq və məhsul rəmzidir. Qarla bağlı folklor nümunəsində
deyilir:
Böyük
çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara
yorğan ol,
Bağçalara
bar, çillə.
"Xalq
metereoloqları"nın qarla
bağlı qənaətləri də var: "Qar olmasa, bar
olmaz", "Qar ili, var ili".
Böyük Çillənin ilk gecəsi
qışın başlandığı gün kimi qeyd olunur və
həmin gün təqvimə "Çillə
bayramı" kimi düşür. Çillə gecəsi
ilin 365 gecəsinin ən uzunudur və qışın
başlanğıc gecəsi sayılır. Dekabrın üçüncü
ongünlüyünün sonundan başlayaraq gecələr 1 dəqiqə
fərqlə qısalır, gündüzlər uzanır.
Bu təqvim dəyişikliyi martın 21-dək
davam edir, həmin gün gecə ilə gündüz bərabərləşir.
Böyük Çillənin ilk gecəsində
ailə üzvləri və qohumlar bir evə
yığışır, ilin ən uzun gecəsini çoxlu
meyvə və şirniyyat yeməklə bayram edirlər.
Bayram süfrəsinə 7 növ meyvə ya meyvə
qurusu qoyulur. Gecənin ən maraq
doğuran məqamı yaydan alınıb saxlanılan
qarpızın təntənə ilə kəsilməsidir.
Qarpız süfrəyə gətirilən zaman bayram
bayatıları söylənilir, nəğmələr oxunur:
Bu
qarpız çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb
xonçalara
Gedir yargilə qarpız.
Elin adətinə
görə,
Çillə bayramı günündə
nişanlı qızların, təzə gəlinlərin
bayram görüşünə gedirlər. Bayramlıqlar
içərisində "Çillə qarpızı"
xüsusi yer tutar. Qarpız yeni evlənənlərə
pay verilir. Mərasimə gətirilən
qarpız dilimləndikdən sonra ağsaqqal və
ağbirçəklər qarpızın zoğlarına
baxır, bunun əsasında qarşıdakı
qışın neçə keçəcəyini müəyyən
edir və bu məlumatı camaata çatdırırlar.
"Çillə
qarpızı"na bolluq, bərəkət
rəmzi kimi baxılır. İlk Çillə gecəsi
qarpız ala bilməyənlər ağ
balqabaqdan (boranıdan) da istifadə edirlər. Günəşin
rəmzi kimi qəbul olunduğu üçün ağ balqabaq dilimlənmiş şəkildə
bişirildikdən sonra bəhməz və balla birlikdə
süfrəyə qoyulur. Çillə gecəsində
qarpız kəsmək qışdan qorxmamağa, şaxtaya
yenilməməyə işarədir. Buna görə,
çillədə qarpız kəsəndə deyirlər:
"Ay qarpız, səni mən necə kəsirəmsə,
çilləni də belə tez kəsim". Bu
istək qışı dərdsiz, bəlasız, itkisiz
başa vurmaqla bağlıdır. Çillədə
qarpız kəsilir ki, qış günləri
qırmızı, yəni günəşli olsun. Sonuncu qarpız İlaxır çərşənbədə
və Yaz bayramı gecəsində təntənə ilə
süfrəyə gətirilir.
Çillə qarpızı kəsilən vaxt hər kəs
ürəyində bir niyyət tutur. Bu adətə niyyətetmə
deyirlər. Niyyət zamanı
qarpızın baş tərəfini kəsib, dörd yerə
ayırıb atırlar. Çillə gecəsi
qarpızın qabığının bir hissəsinin dörd
yerə bölünüb niyyət tutulub atılması
dörd fəsillə bağlıdır, Qarpız
qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul
olması fəsillərin əlamətləri ilə əlaqədardır.
Maraqlı bir məsələ də Kiçik Çillənin
ilk ongünlüyünün tamamı ilə
bağlıdır. Bu mövsüm fevralın onuna
düşür və Xıdır Nəbi adlanır. El arasında deyirlər ki, Xıdır girdi,
qış girdi, Xıdır çıxdı, qış
çıxdı. Bəlkə də bu
baxışa görə, fevral ayının iki
ongünlüyü, yəni Kiçik Çillə bəzi
bölgələrdə qışın oğlan
çağı kimi qarşılanır. Rəvayətə
görə, Kiçik Çillə Böyük Çilləni
qınayır ki, sən heç nə bacarmadın, gör,
indi mən nə edəcəyəm?! Böyük
Çillə soruşur: "Nə edəcəksən?"
Kiçik Çillə deyir: "Arvadların əllərini
xamırda, körpələri bələkdə
donduracağam!" Böyük Çillə deyir:
"Tanrı ömrünü kəssin!" Guya
Tanrı Böyük Çillənin sözünü
eşidir və Kiçik Çillənin ömrünü cəmi
20 gün edir.
Xıdır Nəbini Xızır peyğəmbərlə
bağlayırlar, Xızır isə dirilik, həyat rəmzidir. Buna görə
müqəddəs sayılır. Xıdır
Nəbi həm də bayram kimi, mərasim kimi qeyd olunur. Bu dövrdə buğda (qovurğa) qovrulur, qovut
hazırlanır, kömbə, qazan xörəkləri
bişirilir, ocağı boş qalanlara pay verilir. Xıdır Nəbi mərasimi həm də yaza
hazırlığın ilk mərhələsini təşkil
edir. Qısaca desək, bu bayram
torpağın dirilməsini gözləyən təsərrüfat
adamlarının bayramıdır. Xıdır
yaşıllığın və suyun himayədarıdır.
Xıdır həm də xilaskardır. Adamlar dara düşəndə onu köməyə
çağırırlar. Rəvayətə
görə, Xıdır Nəbi boz atını minib
el-obanı gəzir və bərəkət paylayır. Ona bəzən Xıdır İlyas da deyirlər.
Əfsanəyə görə, Xıdır və
İlyas dirilik suyu içmiş qardaşlardır. Digər
əfsanəyə görə, Xıdır odla (Xız)
bağlıdır və Kiçik Çillənin
tüğyan etdiyi dönəmdə özüylə istilik,
işıq və od gətirir:
Xıdır,
Xıdır, xıd gətir,
Var dərədən
od gətir.
Fevral ayında, yəni qışın oğlan
çağında, Kiçik Çillə tüğyan edən
vaxt Xızır Peyğəmbərin şərəfinə
çox təntənə ilə Xıdır Nəbi mərasimi
keçirilir.
İnanca görə, Xıdır Nəbidən
üç gün əvvəl, üç gün də sonra
yel əsir. Xıdır
yeli çox güclü olur. Xalq söyləmələrinə
görə, Xıdır əfsanəvi atını
çapdıqca onun ayaqları altından toz qopur. Bu, Xıdırın gəlişini göstərir.
Üç gün sonra əsən yel isə
Xıdırın getdiyini bildirir. Bildirilir
ki, aləmə bolluq, bərəkət, istilik,
yaşıllıq bəxş edən Xıdır özü
yaşıl geyimli, atı isə boz rəngdədir.
Çillə sözünü adətən farsların
cehl (qırx) rəqəmi ilə bağlayırlar, halbuki, cillələrdən
birincisi - Böyük Çillə cəmi 40 gündür. Əslində
bu söz qədim türk sözü olub, ağırlıq,
çətinlik, gərginlik anlamlarına gəlir. Ehtimala görə, Çillələr
dövründə təbiətə çil düşür,
təbiət ağır, çətin dövrünü
keçirməyə başlayır.
Hər iki çillənin gəlişi də, gedişi də bayram kimi qeyd olunur. Xalq özünün ən ağır günlərində belə, bu el mərasimlərini qeyd etməyi yaddan çıxarmır. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun gəlməsi dərdin, çətinliyin yaranmasına işarədir. "Çillə bayramı"nın erkən çağlar "sırağan", yaxud "çırağan" kimi də adlandırıldığı göstərilir. Doğumla bağlı inam və adətlərdə "çilləli", "çillə kəsmək", "çillə basdı" və sair kimi ifadələrə rast gəlmək olur. Bu, müəyyən xəstəlik və çətinliklərlə bağlıdır. İnsanlar müsibətlərdən, bəlalardan xilas olmaq, yaxa qurtarmaq üçün "Çillə kəsmək" adlı xüsusi ayin icra edirlər. El arasında "Çillə kəsmək" ifadəsi tilsimi, dolaşıqlığı, maneəni kəsmək mənasında işlənir. Çillə sözünün 40 rəqəmi ilə bağlı olmadığını xalq təqviminin başqa bir termini də təsdiq edir: hər biri 7 gün olan ilin son 7 çərşənbəsinin cəmi 49 edir və bu çərşənbələr "çilləbeçələr" adlanır. Çilləbeçələrin digər adı "Cəmlələr"dir. Cəmlələrin ilki (yalançı çərşənbələr) cəmi 21 gün, ikincisi (doğru çərşənbələr) cəmi 28 gündür. Doğru çərşənbələr Boz Ayın töhfəsidir.
(Ardı var)
Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının
müəllimi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.-23 fevral.- S.13.