Ölüm, sevinmə çox...  

 

Xalq artisti Ramiz Novruzun əziz xatirəsinə

 

Onun ölüm xəbərini eşidəndə nə hallara düşdüm. Bilirdim ki, ağır xəstədir, amma mən də onun  dostlarından biri kimi Allaha yalvarırdım, ona nicat diləyirdim. O, görkəmli ədəbiyyatşünas Xeyrulla Məmmədovun qohumu idi. Bizi də Xeyrulla müəllim (Allah rəhmət eləsin!) tanış etmişdi. Bu tanışlıqdan sonra mən onun bütün tamaşalarına gedib baxırdım. Hərdən müxtəlif tədbirlərdə görüşürdük.

 

Zahirən, onunla oturub söhbət edəndə, yol gedəndə, ünsiyyətdə olanda o qədər də hiss eləmirdim ki, bu, aktyordur, özü də istedadlı, sənətdə özünün dəst-xətti olan, öz SƏSİ və NƏFƏSİ ilə seçilən aktyor - Xalq artisti Ramiz Novruz. Onunla dünyanın cürbəcür işlərindən söhbət edəndə, o söhbəti üsulluca ədəbiyyat müstəvisinə gətirəndə hiss eləmirdim ki, bu, həm də içi sözlə dolu bir hekayəçi, bir dramaturqdur - "Ulduz" jurnalında vaxtilə bir neçə maraqlı yazısı çap olunmuşdu, iki pyesin müəllifidir, hər iki pyes səhnədə oynanılıb və uğur qazanıb.

Amma... bütün bunlar sənət təcəssümü anında dəyişir, başqalaşır. Səninlə üzbəüz oturub söhbət edən Ramiz Novruz bu adilikdən sıyrılıb çıxır, səhnədə obrazlar yaradan gözəl bir aktyora çevrilirdi. Görünür, sənətdə elə bir sehr var ki, o sehri yalnız təcəssüm  məqamında hiss edə bilərsən.  Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya" pyesində Laçın obrazı səni həyatda gördüyun Ramiz Novruzdan düşünən, fikirlər dünyasına baş vuran bir insana çəkir. Ramiz öz içindəki, duyğusundakı filosofluğu laçına bağışlayın və Laçınlaşır.

Bir televiziya tamaşasına baxmışdım vaxtilə: "Antoni və Kleopatra" (rejissoru Rövşən Almuradlı idi). O tamaşada boy-buxun, cəngavərlik qaməti və qətiyyəti Antoniodan gəlir, amma bu Antonio elə Ramizin öz dünyasında yaratdığı Antonio ilə qoşalaşırdı.

Elçinin "Mənim sevimli dəlim" pyesində Ramiz Baş redaktor rolunu oynayırdı. Cəmiyyətin bu xaotik mənzərəsində hər şeyin dəliləşməyə, kütləvi dəlilik sindromuna düçar olduğu bir mühitdə Baş redaktorun səbr və təmkinini saxlaya bilməyib ozü də cərgəyə qatılmağı və Dəli olmamağın mümkünsüzlüyü Ramizin yaratdığı obrazda çox parlaq ifadə olunurdu. Və Ramiz bəlkə də öz səbri və səbrsizliyini, təmkini ilə dözümsüzlüyünü, yəni ən çətin anlarında birinci halın ikinciyə keçidini o rola "ötürə" bilmişdi. Yəni Ramiz bütün yaratdığı obrazlarda özünün daxili aləmindən hissəciklər qoparırdı o rollar üçün.

Təbiəti etibarilə Ramiz çox həlim, gülərüz, qılıqlı insan idi. Üzü gülürdü həmişə. Ancaq kim bilir, bu gülər üzün arxasında, ÜRƏK deyilən o mənəvi generatorun içində nələr yatırdı.

Ramiz Novruz üçün aktyorluq özünüifadə idi. Pul qazanmaq-filan deyildi. Ramiz Novruz tipli sənətçilər bu sənət meydanında özlərini ancaq taleyin haçansa onlara bəxş etdiyi parlaq və uğurlu rollarda xoşbəxt hesab edə bilərlər. Ancaq belə xoşbəxtliklər hər zaman olmur...

Hər zaman "Pompeyin Qafqaza yürüşü" kimi pyes yaranmır və o pyesdə Ramiz qrimsiz-filansız Pompeyi oynamır. Və o tamaşada Ramiz müstəbid bir insan obrazı ilə sənət tərcümeyi-halında yeni bir səhifə açırdı.

Hər zaman "Mənim sevimli dəlim" yaranmır və Ramiz orda - o tamaşada əzabkeş rolunda mücəssəm olmur.

Hər zaman Həzi Aslanov haqqında film yaranmaz və o filmdə Ramiz bu böyük sərkərdənin obrazını heç kimin oynaya bilməyəcəyi tərzdə ifa edə bilməzdi.

Hər zaman "Xanuma"dakı Knyaz rolunu oynamaq olmur.

Amma bütün bunlar, nə yaxşı ki, sənət hadisələridir və Ramiz Novruzu gördüyümüzdən və düşündüyümüzdən daha önəmli görsək və düşünsək belə, bu sənət taleyinə şükürlər olsun!

Ramiz Novruz üçün bu rollar onun tale məsələsini, sənətdə seçilmək və fərqlənmək şansını həll edən uğurlu hadisələr idi.

Ramiz Novruzun sənətdə bir Şəxsiyyət kimi baş əydiyi, ustad sandığı insanlar vardı. Ancaq onun taleyində silinməz izlər buraxan bir insanı burada xatırlamamaq ədalətsizlik olar: Adil İskəndərov. Bəlkə də 100 il keçəcək, dünyaya yeni sənəti duyanlar gələcək, onlar bu böyük sənətkar haqqında nəsə təzə söz deyəcəklər, onun sənətdəki yerini bizdən artıq qiymətləndirəcəklər, amma Adil İskəndərov obrazını onlar Adil İskəndərovun tələbəsi Ramiz Novruzov kimi canlandıra bilməyəcəklər. Onunla üzbəüz oturub dilindən eşitdiklərim:

"Mən 1978-ci ildə indiki N.Tusi adına APİ-nin Filologiya fakültəsinə daxil oldum. Lakin dünyada hər şey məni səhnəyə - teatr aləminə çəkirdi, valideynlərim isə bu haqda düşünməyi belə mənə qadağan etmişdilər. Ancaq bu sonsuz sevgi qarşısında gücsüz idim, ona görə APİ-nin tələbəsi ola-ola teatr institutunda azad dinləyici idim. Adil müəllimin kursundaydım və o mənim qarşısıalınmaz eşqimi duyub məni instituta cəlb etdi. APİ-ni tərk etdim və təbii ki, valideynlərim də istər-istəməz bu sevgimin qarşısında təslim oldular.

Adil İskəndərov zahirən zəhmli bir insan idi, amma bu zəhmli kişinin  sifəti arxasında körpə bir uşaq gizlənmişdi. O, çox güclü və parlaq danışa bilmirdi, amma onun danışığında elə qüvvətli bir biotok vardı ki, sehirlənirdin. Adil müəllim azərbaycanlı vətəndaş kimi aktyor-rejissor obrazının tam təcəssümü idi. Nizam-intizam, qayda-qanun, ölçü-biçi... Bu sözlər onun həyat və fəaliyyətində dispetçer rolunu oynayırdı. İntizamsız tələbə, intizamsız aktyor onun gözünün düşməniydi. Özündən razılıq, iddia və təşəxxüs - bu cür naqis cəhətlərə də dərhal kəskin reaksiyasını bildirirdi. Deyirdi: "Qadam, bu sənətdə heç bir zirvə yoxdu. İstənilən vaxtda səndən də güclü bir sənətçi meydana gələ bilər. Ona görə də hansı gün o tamaşada oynamağa gəlirsənsə, elə hesab elə, birinci dəfə oynayırsan".

Adil İskəndərov Şəxsiyyət idi və təbii ki, hər hansı bir şəxsiyyəti də qiymətləndirməyi bacarırdı. Deyirdi: "Vaqif" pyesini Səməd Vurğunla bir yerdə hazırlayırdıq. Pyesdə ayrı-ayrı parçalar vardı ki, təzədən yazılırdı. Balkona, siqaret çəkməyə çıxırdım. Gəlib görürdüm ki, Səməd bir neçə dəqiqənin içində kağızları doldurub. Heyrətlənirdim və deyirdim: "Qadam, bu qədər sözlər hardan çıxır belə?"

Bəli, Adil İskəndərov Azərbaycan rejissura sənətində bir məktəb yaratdı. Onun tələbəsi olmağımla fəxr edirəm".

Əlbəttə, sənətdə Ustadlıq, Müəllimlik kultu vacibdir, ancaq sənətçinin bu ustaddan nə öyrəndiyi, onun sənət dərslərindən necə faydalandığı da əsas şərtdir. Və bir də ən başlıcası, sən özün bu sənətdə nə iz buraxmısan və nə yaradacaqsan? Bu mənada Adil İskəndərovun çox-çox tələbəsi onun sənətindən, ustadlığından qədərincə faydalanıb özləri əsl sənətkar oldular. Ramizlə bir kursda oxuyan Nurəddin Mehdixanlı indi xalqın sevimlisi olan aktyorlardandır. Bəxtiyar Xanızadə, Şəfəq Əliyeva, Səidə Quliyeva haqqında da bu sözləri demək olar. Ramiz Novruzov da o məktəbdən keçdi.

1981-ci ilədək - Akademik Teatra gələnə kimi o, bir il Sumqayıt Teatrında işlədi. N.Həsənzadənin "Qoy bütün Şərq bilsin" tamaşasında general Əliağa Şıxlınskinin obrazını yaratdı. Və bu roldakı uğuru Hökümə Qurbanovanın xoşuna gəldi. Onun köməkliyi ilə 1981-ci ildən taleyini Baş Teatrımızla bağladı.

Mən Ramiz Novruzun o teatrda oynadığı rolların əksəriyyətini görmüşəm. Üstəlik televiziya tamaşalarındakı oyunlarını da. İndi o rolların bir çoxu mənim də xatirimdə deyil. Ancaq elə rolları var ki, onlar yaddaşlardan silinən deyil.

Ramiz deyirdi ki, aktyorun parlamasında və özünü təsdiq etməsində, heç şübhəsiz, rejissorun böyük xidməti var. Məni bir aktyor kimi kəşf edən ilk rejissor Namiq Ağayev oldu. O, içimdə mürgüləyən potensialı aşkara çıxardı. İkinci belə rejissor Bəhram Osmanov oldu. Bəhram, əgər belə demək mümkünsə, aktyoru içəridən görə bilir. Diqqət etmisinizmi, onun tamaşaya qoyduğu pyeslərdə hər bir aktyor öz yerindədir. Ancaq mən həm də öz rejissorumu  öz böyük rolumu gözləyirəm.

Günlərin bir günündə, bəlkə də Tanrının diqtəsilə Ramiz Novruv "At ilinin birinci ayı" adlı bir pyes yazdı. 1990-cı ilin Qanlı Yanvar hadisəsi hamımız kimi Ramizi də sarsıtmışdı və o, yazdığı pyesdə məmləkətimizin o qara günündən doğan hissləri, duyğuları səhnəyə gətirmişdi. Pyesi Gəncə teatrına apardı və əsər ixtisar olunsa da, Gəncədə komendant saatı günlərində oynanıldı.

Sonra ikinci pyes doğuldu. Onu ilk dəfə aktyor dostu Mikayıl Mirzəyə oxudu. Mikayıl bəyəndi, sonra Həsən Turabov. Və bir də afişalarda gördük ki, "Hələ sevirəm deməmişdilər" ("Şeytan günahı") tamaşaya hazırlanır (quruluşçu rejissor Bəhram Osmanov).

Getdik, tamaşaya baxdıq və aktyor Ramiz Novruz bir anda  mənim gözlərim qarşısında dramaturq Ramiz Novruza çevrildi.

Əsər günümüzün ən vacib bir mövzusuna həsr olunmuşdu. Qarabağ problemi Ramiz Novruz təfsirində səhnəyə gəlir, tamaşaçıları hədsiz dərəcədə həyəcanlandırır, sarsıdır və düşünməyə məcbur edirdi. "Əgər bu tamaşa 1992-1993-cü illərdə yazılsaydı və həmin illərdə oynanılsaydı, tamaşa zalında oturan cavanlar birbaşa teatrdan çıxıb döyüşə gedərdilər" - o zaman böyük aktyor Həsən Turabovun tamaşaqabağı söylədiyi bu sözlərin həqiqiliyinə biz də inanırdıq. Pyesdə bir dəlixana təsvir olunur. Müxtəlif xasiyyətli dəlilər. Məlum olur ki, ermənilər buraya hücüm çəkəcəklər. Nəhayət, gözdənilən hücum. Ermənilər - Andronik (Rəşid Səməndər), Minas (Pərviz Bağırov), Aram (Rövşən Kərimduxt), 2-ci Sona (Vəfa Zeynalova) gəlir. Əsl, dramatik və fəci situasiyalar bu məqamdan başlanır. Erməni murdarlığı və vəhşiliyi köməksiz və gücsüz insanlara münasibətdə bir daha bütün iyrəncliyə meydana çıxır. Bu məlum. Ancaq dəyişən təkcə hadisənin doğurduğu situasiya deyil, həm də dəli olanların Dəlilik örtüyündən çıxmaları idi. Dəlilərdən biri - Şou-Zəli (Əsgər Məmmədoğlu) Andronik adını eşidən kimi: "Bəs sənin iki qulağın var ki? O biri bəs nə vaxt bitdi?" - deyir və dərhal öldürülür. Beləcə, dəliliyin ağıllılığa, şüurlu formaya keçidi hər dəfə bir güllə ilə susdurulur. Pyes azərbaycanlı qızı Sonanın monoloqu ilə bitir: "Qalxın, gəlin, bacınızı qoruyun. Unudun gündəlik cılız qayğıları. Əl-ələ verin, çiyin-çiyinə dayanın, bir olun! Bizi qurtarın, torpağı sevindirin, sonra istəsəz yenə nəyin üstündə istəyirsiniz, mübarizə aparın. Amma indi dizinizi açın! Qəddinizi düzəldin, başınızı dik tutun! Gəlin, xilas edin bizi".

...Ramiz Novruz o mübarizələrin, 44 günlük zəfər  qələbəmizin canlı şahidi oldu.

Mən Əli Kərimin bir şeirindən bu misralarla əziz dostumun xatirəsini yad edirəm:

 

Gedir, insan gedir, sənətkar gedir,

Bu gedən hər gedib-gələndən deyil.

Ölüm, sevinmə çox, bu sevinc nədir?!

Bu ölən sənə hər öləndən deyil...

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2023.-23 fevral.- S.12.