"Ən böyük qəhrəmanlar
müəllimlərdir"
Məleykə Abbaszadə:
"Bir istəyim dəyişməzdir - Azərbaycan gəncliyini savadlı,
bacarıqlı, beynəlxalq aləmdə hər zaman ilklərə
imza atanlar sırasında görmək"
İlk dəfə onu uzun illər əvvəl mətbuat konfransında gördüm. Sıralanan suallara aramla verdiyi dolğun cavablarını dinləyə-dinləyə düşünmüşdüm ki, görəsən, ondan müsahibə ala bilərəm? Həmin görüşdə ona heç bir sual ünvanlamadım, sadəcə dinlədim... 20 ildən artıq vaxt keçir həmin zamandan. Amma hər il bəlli bir vaxtda onun televiziyadakı çıxışlarını izləyəndə səsindəki həmin aramın dəyişmədiyini görürdüm və yenə də onunla üz-üzə həmsöhbət ola bilmək xəyalı keçirdi ağlımdan. Heç demə bu istəyimin gerçəkləşəyi qismətdə var imiş, sadəcə vədəsini gözləyirmiş. Ötən ayın sonunda fevralın bu günü 70 yaşı olacağını öyrəndim və ağlıma gələn ilk o oldu ki, bu məqamdan yararlanım. Düşündüyüm kimi də etdim. Böyük bir dövlət qurumunun mətbuat xidmətilə saxladığım əlaqədən iki gün sonra müsahibə üçün müsbət cavab aldım. Düzü, belə tez, üstəlik də eşitdiyim cavab gözlənilməz olduğu qədər də, sevindirici oldu, çünki həmişə istəyində olduğum müsahibəyə doğru yol açılmışdı. Yenə də iki gün keçdi və mənə bildirdilər ki, görüş günü fevralın 2-nə təyin olunub. Onu da dedilər ki, xanım, müsahibə üçün sizə bir saat vaxt ayrılıb, suallarınızı ölçüb-biçin. Suallar çox olsa da, onlardan ixtisar etmək məcburiyyətində qaldım. Və təyin olunan vaxtda böyük binaya daxil olanda xatırladım ki, bu gün fevralın 2-si Gənclər günüdür, müsahibimin də fəaliyyəti illərdir yalnız gənclərlə bağlıdır. Bilmirəm bu, təsadüf idi, ya yox, amma həqiqətin gerçək üzü idi. Beləliklə, qəzetimizin bugünkü qonağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, texnika elmləri namizədi Məleykə Abbaszadədir.
-Hamımız narahat bir dünyanın yol yoldaşıyıq.
- Dünya o qədər narahatdır ki, hər dəqiqə nələrsə baş verə bilir. Bizlər də anındaca fərqli bir müstəviyə keçərək, nəinki hansısa müzakirələrdə iştirak edirik, hətta onların fəsadlarını da yaşayırıq. Dünyanın ağrı-acısını elə yaşayırıq ki, sanki bu, öz evimizdə baş verib. Əlimizdən gələni etməyə çalışırıq, edirik də, amma içimizdə düşünürük ki, bəlkə daha artıq nəsə edə bilərəm. Biz özümüz də dünyanın bir parçasıyıq və illərdir qonşularımızın münasibətini, siyasətdəki riyakarlığın hər üzünü görmüşük. Bəlkə də riyakarlıq siyasətin bir alətidir, çünki hər ölkədə baş verən eyni prosesləri müxtəlif səpkidə qələmə verməyi bacarmaq başqa anlam daşımır. Biz sovetlər birliyində böyüyənlər elə o zamanlarda da bunları görürdük və istənilən halda Vətənə, ətrafımıza sadiq qalmağı bacarırdıq.
- Sizinlə uzaq başlanğıca getmək istərdim...
- Bakıda ziyalı ailəsində anadan olmuşam. 189 nömrəli məktəbi əlaçı şagird kimi bitirmişəm. Dəqiq elmlərə marağım çox böyük olub və həmişə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almaq istəmişəm və bu arzuma çatmışam. Mən qəbul olan ildə həmin universitetdə hesablama riyaziyyatı və kibernetika fakültəsi yaradıldı və orada təhsil aldım. Ali təhsilimi bitirəndən sonra Vətənə qayıtdım, Elmlər Akademiyasının Kibernetika İnstitutunda fəaliyyətə başladım. Elmi biliyimi daha da artırmaq istəyi məni yenidən Moskvaya qaytardı. Burada iki il SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor kimi çalışdım. Bu dəfə Vətənə elmi işçi olaraq qayıtdım. Azərbaycanda siyasi gərginliyin başladığı illərdə Kiyevdə Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda müdafiə edərək, texnika elmləri namizədi dərəcəsini aldım. Bir neçə il Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda və o zaman Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali təhsil ocağında fəaliyyət göstərdim. Artıq 90-cı illərin əvvəli idi, mənim tanıdığım Sovetlər Birliyi çökməyə doğru yol almışdı. O zaman Azərbaycan "İstedad" Assosiasiyası yaradıldı və orada sədr müavini kimi bir neçə il çalışdım ta ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına Ulu öndərin fərmanı ilə vəzifəyə təyin olunana qədər. Əvvəl sədr müavini, daha sonra TQDK-nın sədri vəzifəsinə irəli çəkildim. 2016-cı ildən qurumun hüquqi statusu, adı dəyişilərək Dövlət İmtahan Mərkəzi adlanır və mən bu mərkəzin Direktorlar Şurasının sədriyəm. Təbii ki, dəyişən təkcə ad deyil. Yalnız bir istəyim dəyişməz olaraq qalıb - Azərbaycan gəncliyini savadlı, bacarıqlı, beynəlxalq aləmdə hər zaman ilklərə imza atanlar sırasında görmək.
- Həmin başlanğıcda böyüdüyünüz ailə də qalıb..
- Mən xoşbəxt bir övlad idim ki, atam Mehdi Mustafayev haqqında 70-ci illərdə çıxan Sovet Ensiklopediyasında məlumat var. Atam Azərbaycanda məsul vəzifələrdə çalışan dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə çağırış respublika Ali Sovetinin deputatı olub. O, deyərdim ki, həyatını Azərbaycan təbiətinin qorunmasına sərf edib. Ali təhsili olsa da, anam evdar xanım olub. Onun əsas işi iki qız və bir oğlandan ibarət üç övladının tərbiyəsi ilə məşğul olmaq idi. Lakin bizə daha çox vaxt ayıran ana nənəm olub. Bizim tərbiyəmizdə onun rolu çox böyükdür. Dövrün bütün ziyalı ailələrində olduğu kimi biz oxuyub savadlı insan kimi yetişib cəmiyyətin yararlı üzvü olmağa borclu idik. Və bunun üçün ən əlçatmaz kitablarla belə, təmin olunurduq. Amma nənəmin bir qədər fərqli baxışları da var idi. Bacımla məni ev işlərinə də yönəltməyə çalışırdı və gələcək ailə həyatı üçün bunu vacib bilirdi. Bu istiqamətdəbaxışlarımız üst-üstə düşmürdü, mən onunla razılaşmayıb deyirdim ki, nənə, biz kommunizmdə yaşayacağıq və o zaman bütün işləri evdə robotlar görəcək. Ona görə də qızlarla oğlanlar arasında fərq qoymaq lazım deyil, o zaman hamı bərabər olacaq. Bununla belə, rəhmətlik nənəm öz fikrində yenə də qalırdı, bacardığı qədər biz iki bacıya evdarlığı öyrətmək istəyindən əl çəkmirdi. Ondan eşitdiyim: "Bəsdir oxudun", "Oxumaqdan gözünün qarası gedib, ağı qalıb, bir az da ev işləri gör" kimi sözlərini indi də xatırlayıram. Amma valideynlərim birmənalı olaraq bizi təhsilə yönəldirdi, hər üçümüz musiqi ilə məşğul olmuşuq. Məktəbdə qazandığımız nailiyyətlərlə həmişə ata-anamızı sevindirmişik. Çalışmışıq ki, onların bizdən gözlədiklərinə nail olaq. Etiraf edirəm ki, çox maraqlı illər yaşamışıq. Atam bizi bütün Azərbaycanı və SSR-nin şəhərlərinin hamısını gəzdirmişdi. Azərbaycanın təbiətinin vurğunu idi atam. İndi rayonlara gedəndə uşaqlıqda atamın bizə göstərdiyi mənzərələri axtarıram.
- Və qorxmadan təkbaşına Moskvaya oxumağa getdiniz...
- Mən qorxmurdum, amma nənəm və anam çox qorxurdu. Hər ikisi mənim Moskvada oxumağımın əleyhinə idi və etirazlarını atama çox açıq və sərt şəkildə bildirirdi. Əlimizin içində saxlayaraq böyütdüyümüz qızı kimlərin arasına buraxırsan deyərək, heç cürə barışmaq istəmirdilər mənim getməyimlə. Atam yalnız bunu dedi: "Bu, mənim qızımdır, oxumağa gedir və bilirəm ki, hər şey yaxşı olacaq". Onun bu sözləri qulağımda bir sırğa oldu, çünki məhz həmin universitetdə oxumaq mənim ən ümdə arzum idi. Riyaziyyatla məşğul olurdum, olimpiadalarda iştirak edirdim, bütün fikrim yalnız bu istiqamətə yönəlmişdi, çünki o dönəmdə Moskva Dövlət Universiteti ən mötəbər ali təhsil ocağı idi və mən arzusunda olduğum ali məktəbin tələbəsi oldum.
- Qorxu
olmayan yerdə çətinlik də olmur...
- Əksinə, çətinlik olub. İlk illər
yataqxana həyatı, müxtəlif yerlərdən gələn
insanlarla ünsiyyətdə olmaq, onlarla gündəlik həyatın
çətinliklərini bölüşmək asan deyildi.
Ayrı yaşayış tərzi olan
insanların davranışlarına təəccüb
qaldığım vaxtlar da olub və bunların hamısı
çətin idi. Sərt qışın
soyuqluğu nəfəs kəsirdi, belə iqlimə öyrəncəli
deyildim. Birinci sessiyada idmandan zaçot
verib məqbul almaq lazım idi. Bu məqbulu da almaq
üçün xizəklə təyin olunmuş məsafəni
müəyyən edilmiş vaxt ərzində qət etmək gərəkdi
və bunu etməsə idim sessiya imtahanlarına
buraxılmayacaqdım. Xizəyi mənə verib
dedilər ki, 5 km-dən ibarət bu dövriyyələri
keçməlisən. Mən
axırıncı dövriyyəyə çatanda
gördüm ki, bizə qiymət verən heyət artıq
uzaqlaşır. Xizəyi ayağımdan
aça belə bilmirdim və bu vəziyyətdə asfalt
yolla getmək də mümkün deyildi. Olduqca
gülməli bir vəziyyət yaranmışdı. Ancaq onların arxasınca
qışqırırdım ki, mən gəlmişəm, getməyin.
Səsimi eşidib geri qayıtdılar. Dedilər ki, çatdıra bilmədin. Sən heç xizəyə minməmisən
soruşanda, mənim "yox" cavabıma təəccübləndilər.
Bakıdan olduğumu deyib və bu vaxta qədər
bir dəfə qar gördüyümü söyləyəndə,
mənə xizəklə bir qədər asan yollarla keçmək
üçün şərait yaratdılar ki, sessiyanı verə
bilim. Yəni çətinliklər olub.
- Dəqiq
elmlərə qızlar o qədər də meylli olmur...
-
Riyaziyyat mənə çox maraqlı idi. Başqalarının
bacarmadığını mən həll edə bilirdim.
Bir məsələnin və ya misalın üzərində
düşünüb onun həlli yollarını tapmaq mənim
üçün maraqlı bir proses idi. O zaman kitab
mağazalarında bədii ədəbiyyatdan savayı məsələlər
toplusu da satılırdı. Yeni toplu
çıxan kimi onu dərhal alırdım və
böyük maraqla onları həll edirdim. Bununla yanaşı musiqi məktəbinə də
gedirdim, mütaliə də edirdim. Bu
baxımdan indiki gənclərə qibtə etmək olar.
İnternet onlara böyük imkanlar yaradıb.
İstədikləri nə varsa, çox
asanlıqla onun elektron variantını orijinal dildə belə,
oxuya bilirlər. Bircə ona heyfsilənirəm
ki, bir neçə dil bilmək kimi fürsətimiz
olmayıb. Biz o zaman dünya ədəbiyyatını
yalnız rus dilinə tərcümədən oxuya bilirdik,
çünki yeganə açarımız bu dil idi. Azərbaycan dilində tərcümələri
barmaqla saymaq olardı. Mən gənclərə tövsiyə
edirəm ki, zamanın onlara verdiyi bütün fürsətlərdən
yararlansınlar. Bu gün texnologiya və informatika onlar
üçün o qədər geniş imkanlar yaradıb ki, hər
şey
ovuclarıının içindədir. Yetər ki həvəsli olsunlar.
- Təhsili
Moskvada aldınız, namizədlik dissertasiyasını Kiyevdə
müdafiə etdiniz..
- Namizədlik
işimi Moskvada başlamışdım, SSRİ Elmlər
Akademiyasının Hesablama Mərkəzində
çalışdığım zaman. Rəhbərim
də çalışdığım şöbənin
müdiri N.N.Moiseyev idi. Müdafiəyə
çıxarılan hər işə mövzuya uyğun qrif verilir. Mənim
işimə verilən qrif belə idi - xidməti istifadə
üçün. O zaman bir açıq, bir də qapalı
elmi şuralar olurdu. Mənim işimin qapalı
elmi şurası yalnız Ukraynada idi və ora getmək məcburiyyətində
oldum. Baxmayaraq ki, bütün imtahanardan
keçib ora gəlmişdim, bütün mərhələləri
Kiyevdə təkrar keçməli oldum və həmin
qapalı elmi şurada müdafiə etdim. Bunu xüsusi
olaraq vurğulamaq istərdim ki, keçmiş SSRİ-də
Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutu ən
güclü elmi ocaqlardan biri idi. Bu müdafiəm mənə
imkan verdi ki, oradakı elmi mühitlə
tanış ola bilim və Kiyev mənə çox yaxın
bir şəhər olaraq hələ də qalmaqdadır.
- 1992-ci
ildə bir qərar qəbul edildi - test imtahan üsulu..
- Bu,
siyasi qərar idi. Bu qərarla çox mürəkkəb
bir prosesin siyasi həlli elan edildi. O zaman qəbul
imtahanları mövzusu mənə çox yaxın və dərindən
düşünməyə vadar edən bir məsələ
idi. Çünki əkiz qızlarım orta məktəbdə
oxuyurdular, qarşıda onları ali məktəbə
qəbul gözləyirdi və arzum idi ki, hər ikisi mənim
kimi Moskva Dövlət Universitetində təhsil alsın. Lakin gərgin vaxtlar idi, necə ki zamanında nənəm
məni Moskvaya buraxmaq istəmirdi, indi mən onun vəziyyətində
idim. 20 Yanvar qırğınından sonra
qəti olaraq bilirdim ki, qızlar Rusiyada oxumayacaq. Ona
görə də Azərbaycanda bu proses necə gedir deyə,
bir anlayışım yox idi. Qızların
atası indiki Bakı Dövlət Universitetində dərs
deyirdi və bildirdi ki, bu, çox mürəkkəb məsələdir,
müəyyən siyahılar var və ora düşmək
lazımdır. Baxmayaraq ki, orada dərs
deyirəm, deyə bilmərəm ki, qızlar qəbul oluna bilər.
Onların yaxşı oxumaqlarının belə,
əhəmiyyəti yoxdur. Aramızda olan
bu söhbətdən sonra bir valideyn olaraq
narahatlığım çox artdı və 1992-ci ildə bu
qərar çıxanda, onu ilk alqışlayanlardan biri mən
oldum.
- Yəni
narahatlıq azaldı...
- Bilirsiz, kütləvi imtahanların
bu formatda keçirilməsi imkan verirdi ki, imtahan verən şəxs
insan faktorundan uzaqlaşsın. Və onun gələcək
taleyini imtahan qəbul edənin istəyi deyil,
özünün biliyi, bacarığı həll edə
bilsin. Lakin bu prosesin sürətli tətbiqi,
elmi əsaslarla aparılması mürəkkəb məsələ
olduğundan onu bir ilin ərzində həll etmək
qeyri-mümkün idi. Ona görə də Türkiyədən
gələn mütəxəssislər həmin il
ilk test imtahanların keçirilməsində bizim yerli kadrlara
yardım etdilər. Düzdü, vaxt tələb
olunduğundan tədris ili gec başladı, lakin bu imtahan baş
tutdu. 1993-cü ildə artıq qızlarım məktəbi
bitirdi, imtahanlarda iştirak etdi. Mən
qızların bütün imkanlarına, gücünə bələd
idim, çünki onların təhsili ilə şəxsən
özüm məşğul idim. 88-ci illərdə
elmi işlərimlə yanaşı ictimai əsaslara söykənən
"İstedad" Assosiasiyasında da fəaliyyət göstərirdim.
Hələ o vaxtlardan testologiya, təlim-tədris
prosesində IT texnologiyaların tətbiqi, istedadlı
uşaqların seçimi, riyaziyyat və informatika üzrə
olimpiadaların keçirilməsi kimi işlərlə məşğul
idim. Bir qrup gənc alim yeni növ məktəb
Avropa liseyinin məzmununu, konsepsiyasını hazırlamaqla
buna nail olduq. Ora şagird seçimi testlər
əsasında aparılırdı, lakin bu, biliyin yoxlanması
deyil, şagirdin istedadını müəyyən edən
testlər idi. Bu baxımdan test imtahanlarının tətbiqi
artıq mənə yaxın bir mövzu idi. Hər iki
qızım 1993-cü ildə imtahan verib ali
məktəbə qəbul oldu. Həmin zaman mən bu sistemi bir
iştirakçı kimi də müşahidə etdim. Tək
qızlarımın deyil, onların sinif
yoldaşlarının da imtahan nəticələrini təhlil
edərək anladım ki, test hər bir gəncə şərait
yaradan bir yoldur.
- Amma hər
bir prosesin mənfi və müsbət deyilən tərəfləri
var.
- Təbii
ki, var. Biz həmişə ideala sarı getsək də, onu əldə
etmək olmur. Amma bununla belə həmişə,
hər zaman nəyisə təkmilləşdirmək
mümkündür. Və o zaman mənfilərlə
yanaşı mən gördüm ki, məktəbi qurtaran
bütün gənclərə eyni şərait
yaradılıb. Bax, bu, kütləvi imtahanlarda
ən başlıca şərtdir. 1993-cü
ildə Ulu öndər hakimiyyətə gələndə, bu
qərar bir daha təsdiqini tapdı. Bu sahəyə
xidmət edəcək qurumun qorunması, inkişafı
üçün Heydər Əliyev böyük işlər
gördü. Məhz onun möhkəm iradəsi,
güclü əzmi nəticəsində bu prosesə
qarşı çıxanların, onu beşikdəcə
boğmaq istəyənlərin istəyi gözündə
qaldı. Mən bura rəhbər təyin
olunanda həmin qara qüvvələrin sayı kifayət qədər
çox idi. Ulu öndər gəncləri çox
sevirdi, onların təhsili, ölkə üçün
savadlı kadrların yetişməsi bu şəxsiyyət üçün ən vacib məsələlərdən
olub. Ona görə də bu qurum həmişə
onun diqqət və qayğısı sayəsində
inkişaf edə bilib.
- Rəhbərlik
etdiyiniz qurumdan razı qaldığınız məqamlar...
- Əslində, mən həmişə bir səbəb
tapıb nə iləsə narazı olmağı bacarıram. Nailiyyətlərimiz
nə qədər yüksək olsa da, bilirəm ki, işin təkmilləşdirilməsi
üçün hələ də imkanlar var və onlardan həmişə
istifadə etməyə çalışıram. İndi dəyişən çox şey var. Əsas
qalan isə biliyin qiymətləndirilməsində insan
faktorunun olmamasıdır. Həmin proses bu gün tam
avtomatlaşdırılmış şəkildə gedir. Amma bununla belə, ekspertlər də bu prosesdən kənarda
qalmır. Əgər ekspert rəyində bir
yanlışlıq olarsa, sistem dərhal o səhvi göstərir,
yanlışlıq aradan qalxır və hesablanan düzgün
bal üzə çıxır.
- Amma
keçid ballarının aşağı salınması kimi
hallar da olur...
- Bu sualla
tez-tez qarşılaşıram. Məsələ
ondadır ki, prosesin əsas mahiyyəti insanların diqqət
mərkəzində deyil. Baxın, imtahan
prosesində hamı üçün eyni şərait
yaradılıb, suallar hamı üçün eynidir. Verilən cavablar da eyni meyarlarla yoxlanılır.
Keçid ballarının aşağı salınması və
ya yüksəldilməsi yoxlama prosesindən asılı olan
bir iş deyil. Bu, abituriyentin verdiyi cavablardan
asılıdır. Əgər müəyyən
suallaraheç kim cavab verə bilməyibsə,
onda keçid balı endirilir, əksinə, əgər
hamı cavab verə bilibsə, o zaman ballar yüksəlir. Yəni bu, imtahan iştirakçılarının
bilik səviyyəsindən asılıdır. Buna isə heç birimiz təsir göstərə
bilmərik. Ona görə ki, bunun bünövrəsi məktəbdə
on bir il əvvəl qoyulub.
- Məktəb
demişkən, Azərbaycan təhsili bu gün...
- Mən
həmişə bir düşüncədə olmuşam ki, təhsil
insanın özündən asılıdır. Əgər
biri oxuyub təhsil almaq istəyirsə, o, bunu mütləq edəcək.
Bu gün təhsil almaq üçün imkanlar çox
genişdir, nəinki 20 il əvvəl. Sovet dönəmində diploma xüsusi diqqət
vardı, amma bu günün gənci bunu vacib hesab etmir. Onun üçün əsas bilik və
bacarıqdır. Təhsil sistemi oxumağa təhrik etməməlidir, anlatmağı
bacarmalıdır ki, sizə gələcəyiniz
üçün imkan yaradılıb, seçimi
özünüz edin. Şəraitdən asılı
olmayaraq, təhsil prosesi həmişə davam edir. Cəmiyyətdə ən böyük qəhrəmanlar
müəllimlərdir. Nə olursa, olsun səhər
8-də məktəbdə olmaq, proqram üzrə dərsi
keçmək, şagirdlərlə ünsiyyət qurmaq - bu,
çox çətin prosesdir. Və
soyuğa, istiyə, qara, yağışa, evinin probleminə, əhvalının
narahatlığına belə, baxmadan minlərlə müəllim
hər gün bu işi görür. Necə
ki, bir ana körpə uşağını hər şeyə
rəğmən vaxtında yedizdirib ona diqqət yetirir, müəllimlər
də öz işində belə fədakardırlar. Vaxtında, saatında sinifdə olub şagirdə
lazım olanı müəllim verməlidir və o, bunu edir.
Dövlətlər də işini elə qurub
ki, təhsilə lazım olan vəsaiti həmişə
tapıb və tapacaq da, çünki intellektual qida olmadan
inkişafdan söhbət gedə bilməz.
- Gənclik
və zaman...
- Mənə
elə gəlir ki, gənclik nə istəyirsə, o da onun
olmalıdır. Onlar düşünür ki,
dünyanı kəşf edib yeni bir həyat yaradacaqlar. Və o həyat daha xoşbəxt olacaq. Belə baxanda, axı bu, təbii istəkdir.
Hamımız istəyirik ki, övladlarımız bizdən
daha savadlı, daha ağıllı, daha sağlam olsun, daha firavan həyat
yaşasın. Mən onların istəklərini
dəstəkləyirəm və daha parlaq bir gələcəyə
sahib olmaqlarını arzulayıram. Bizim
istəyib-istəməməyimizdən asılı olmayaraq, bu
dünya gənclərə qalacaq. Biz
yalnız təcrübəmizi onlara çatdırmağa
çalışmalıyıq. Ona görə
yox ki, mütləq bizim elədiklərimizi təkrarlasınlar.
Həyata baxışlarında, bir qərara
varmaq istədiklərində bizim təcrübəmiz onlar
üçün bir tramplin olsun ki, ona əsaslanıb irəli
getməyi bacarsınlar. Mən istəyirəm
ki, mənim ölkəmin gəncləri ən bilikli, ən
savadlı olsun. Zamanında öz
övladlarımı necə görmək istəmişəmsə,
bu gün fəaliyyət dairəmin qəhrəmanları olan
gənclərə də o istəklə baxıram,
çünki bir ölkənin qüdrətli olması onun vətəndaşlarının
bilik və bacarığından çox asılıdır.
Mən Azərbaycanı həmişə
güclü görmək istəyirəm.
- Həyatda
həm itiririk, həm də qazanırıq...
- Elə itkilərim olub ki, onlarla hələ də barışa bilmirəm. Amma onu da bilirəm ki, yaşamaq naminə bununla barışmaq lazımdır.İtki sənin özünü belə, dəyişir. Və zamanla anlayırsan ki, yanında sevdiklərin var, onlara lazımsan, hələ kiçikdilər, onları böyüdüb ayaq üstə qoymalısan və buna görə özündə güc tapmağa məcbursan. Qazandığım yaxşı dostlar olub, amma zamanla onlardan da itirmişəm. Elmi nailiyyətlərim olub, müəyyən layihələri uğurla başa çatdırıb nəticəsini görmüşəm. Çox maraqlı insanlarla ünsiyyətdə olmuşam. Bu gün qızlarımın, nəvələrimin uğurlarını görəndə, hiss edirəm ki, nələrisə bacarmışam. Gənclərimizin Vətəndən kənarda bir nailiyyətini görəndə, elmi olimpiadalarda uğurr qazandıqlarını eşidəndə sanıram ki, mənim üçün bundan böyük qazanc ola bilməz.
-
İnsan geri boylananda heyfsləndiyi nələrsə olur...
- Yox, heyfslənmək istəmirəm, çünki xoşbəxt biri olmuşam. Elə bir mühitdə böyümüşəm ki, bizi əl üstündə saxlayıblar, böyük məhəbbət, qayğı, diqqət göstəriblər. Gəncliyimdə həm sevmişəm, həm sevilmişəm. Xoşbəxt bir ana kimi qızlarımı bəsləyib onların nailiyyətlərinə sevinmişəm. Əslində səhvsiz insan olmur. İndiki düşüncəmlə baxanda, təbii ki, nələrisə başqa cür edərdim, hisslərə qapılıb qərarlar verməzdim. Amma səhvlərin özü də sonralar imkan yaradır ki, onları etiraf edə biləsən.
- Ömrümüzdən keçən 44 gün...
- Müharibə başlayana qədər mən yerlə göyün arasında idim. Elə bir itkinin acısını yaşayırdım ki, nə edəcəyimi bilmirdim. Amma bu müharibə sanki məni oyatdı. Hər gün evlərə gələn şəhidləri görəndə anladım ki, bala dərdindən də böyük Vətən dərdi var. Biz xeyli şəhid verdik, onların sayı qədər gözüyaşlı analar, atasız uşaqlar qaldı. Bir də onu anladım ki, uşaqlara görə dözməyi bacarmalıyıq və bizə Qarabağı qaytaran şəhidləri göz yaşı ilə deyil, qürurla anmağa borcluyuq.
SÖZARDI: Bəzən əlçatmaz zənn etdiklərimizlə bir gün üz-üzə gələndə, görürük ki, əslində onlar da bizlərdən biridir. Məleykə xanımla söhbət əsnasında qarşımda daha çox həssas bir ana gördüm. Onunla Gənclər günündə görüşsəm də, yazını fevralın 23-nə saxladıq. Saxladıq ona görə ki, onu təbrik edərək deyək:
MƏLEYKƏ XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!
Tamilla M-zadə
525-ci qəzet.- 2023.-23 fevral.- S.10-11.