Münhen görüşü
sülhlə bağlı nələr vəd edir?
Azərbaycan-Ermənistan sərhədinin delimitasiya
və demarkasiyası bu iki ölkə
arasında sülhün
bərpa olunması üçün əsas məsələlərdəndir. Bu proses
isə artıq 3 ilə yaxındır gecikir və yaxud gecikdirilir. Rusiyanın vasitəçiliyinin heç
bir töhfə verməməsinin ardından
bu məsələdə
Aİ vasitəçilik rolu
oynamağa başladı,
lakin bu səyləri də gözlənilən nəticəni
vermədi. İndi isə
danışıqlar prosesində
növbəti vasitəçilik
səylərinin başladığı
müşahidə olunmaqdadır.
Bir neçə gün öncə Münhendə Azərbaycan
Prezidenti İlham Əliyev, ABŞ Dövlət
katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan
arasında üçtərəfli
görüş keçirildi.
İqtisadçı millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bu
görüşü belə
şərh edib: "Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü
zamanı Ermənistan-Azərbaycan
sərhədində nəzarət-buraxılış
məntəqələrinin yaradılmasını təklif
edib. Nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas
tərəf olan ölkələrin ərazi
bütövlüyü və
suverenliyi prinsipinə
uyğundur. Qarabağ Azərbaycanın
ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir.
Bu baxımdan, Azərbaycanın istənilən
ərazisi ilə digər ölkələr
arasındakı əlaqələr
əmtəə və
insanların hərəkətinin
nəzarət-buraxılış məntəqələrində qeydiyyatı
ilə reallaşmalıdır.
30 illik işğal
dövründə Ermənistan
qanunsuz yükdaşımalarla
Azərbaycan iqtisadiyyatına
milyardlarla dollar həcmində
ziyan vurub. Bu baxımdan hazırda
Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində
olan bölgədə
Azərbaycan Dövlət
Gömrük Komitəsinin
gömrük postlarının
qurulması labüddür.
Beynəlxalq hüquq da Azərbaycanın bütün
suveren ərazisində
gömrük nəzarətinin
təşkilini dəstəkləyir".
Münhen görüşündə müzakirə
edilən məsələlər
və görüşdə
Entoni Blinkenin də iştirakı amili Azərbaycan-Ermənistan
arasında sülhün
bərqərar olunmasına,
sərhədlərin müəyyənləşməsinə
töhfə verə bilərmi?
Politoloq
İlyas Hüseynov
"525"ə açıqlamasında bu görüşü tamamilə yeni bir səhifə adlandırıb: "Münhendə
Azərbaycan və Ermənistan liderləri arasında görüşün
keçirilməsi regionda
sülhə töhfə
verə biləcək
addım kimi dəyərləndirilməlidir. Bundan əlavə, Münhen konfransı çərçivəsində
Cənubi Qafqaz dövlətləri - Azərbaycan,
Gürcüstan və
Ermənistan liderləri
arasında panel müzakirələr
də keçirildi ki, bu da
tamamilə yeni bir səhifə idi. Cənubi Qafqaz dövlətlərinin
birgə əməkdaşlığı,
iqtisadi sahədə əlaqələrin formalaşmasının
ilkin konturlarının
cızılması baxımından
da belə görüşlər regional sülhə
töhfə verə bilər. Biz artıq müşahidə
edirik ki, ABŞ bu məsələdə öz siyasi gündəliyini formalaşdırmağa
çalışır. Baxmayaraq ki, Avropa İttifaqı
Şurasının prezidenti
Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirsə də, Brüssel formatında sülh gündəliyinin davamını görə
bilmədik. ABŞ-ın dövlət katibinin moderatorluğu ilə keçirilən görüş Qərbin siyasi xallarına yazılsa da, bu, Aİ-nin vasitəçiliyi demək
deyil. Bu, birbaşa Vaşinqtonun yaratmaq istədiyi siyasi gündəliyin tərkib hissəsidir və məhz buna görə Rusiya tərəfi sonrakı dönəmlərdə
öz təşəbbüslərini
irəli sürməlidir
ki, regional müstəvidə
siyasi balansı qoruyub saxlaya bilsin. İndi əsas məsələ bundan ibarətdir ki, bu vasitəçilik
səyləri Ermənistanla
Azərbaycan arasında
sülh müqaviləsinin
imzalanmasına töhfə
versin və siyasi
irəliləyiş əldə
olunsun. Qarabağ mövzusu artıq
bitib və orada olan etnik
ermənilərin gələcək
taleyi Azərbaycanın
qanunları və konstitusiyası ilə tənzimlənməlidir. Biz
tərəf olaraq başqa bir yanaşmanı qəbul etmirik və bu da bizim
legitim hüququmuzdur".
Fərid SANÇAR
525-ci qəzet.- 2023.-23 fevral.- S.7.