Fövqəladə missiya:
Vətənə xidmət
İlk yuvamız
ana bətnidir. İlk nəfəsimizdir,
havamız, çörəyimizdir
ana. Eşitdiyimiz ilk səs, hiss etdiyimiz
ilk sığaldır. Yəqin ona görə qədəm basdığımız
torpağa ana torpaq demişik. Sonda da onun
qoynuna gedirik - torpaq ananın... Sevgimizlə birlikdə. Vətən dediyimiz torpağa
sevginin isə sonu yoxdur.
Sevgi anadan başlayır. Ona görə mayor Süleyman
Vaqif oğlu Heydərov ölümlə
çarpışanda anasını
xatırlayıb:
- Bu dünyadan ayrıldım sanki. Ağır vəziyyətimdə anamı düşündüm.
Məni hospitala aparan yoldaşlarıma
"Anama deyin məni bağışlasın"-
demişəm. Onun üzülməsi
mənimçün dözülməzdir.
Aramla danışır. Çəkdiyi
ağrını, sevgisini
səsindən hiss edirəm:
- İkinci Qarabağ
savaşı başlayanda
mən də döyüşmək istəyirdim. Anama "dua
et məni də aparsınlar savaşa"
- deyirdim. Hər
birimiz vətən əsgəri olsaq da, hər nazirliyin
öz görəvi
var. Fövqəladə Hallar
Nazirliyinin də öz vəzifələri
var. Azad olunmuş torpaqlarımızı
minalardan təmizləmək,
insanların təhlükəsiz
yaşamını təmin
etmək də bizim işimizdir.
Hər aşkar etdiyi mina mənəvi yükünü
bir az
azaldır.
2022-ci il mayın 13-də minaya
tuş gəlir.
Günlərlə vəziyyəti ağır
olub, komaya düşüb. Süni yolla qidalanıb.
- Yaşayıb-yaşamadığımı anlamırdım. Yaralananda 20-30 dəqiqə özümdə olmuşam.
Heç
nə görmürdüm,
gözlərim zədələnmişdi.
Komadan ayılanda heç nə xatırlamırdım,
adımı da unutmuşdum. Anamın adını
xatırlamağa çalışırdım
bircə. Sol əlimi
hiss edəndə kağız-qələm
istədim. Çətinliklə də olsa
sol əlimlə "Ana, məni
bağışla" yazdım.
Bir də həkimin "sağ qolu kəsilməlidir"
dediyini eşidib...
...Onunla Respublika Əlillərin Bərpa Mərkəzində keçirilən
Gənclər günündə
tanış oldum. Qəribə bir doğmalıq
yarandı aramızda.
Ən çox sevdiyi mahnının "Özün
günahkarsan" olduğunu
öyrəndim. Söz müəllifinin
yanında olmasından
nə qədər sevindiyini necə anladım? Şeiri necə duyur, ilahi! "Musiqi
möhtəşəmdir. Həmişə düşünürdüm ki, bu sözlərin
müəllifinin ruhu nə böyükdür.
Sizinlə tanış
olmaq necə qürurvericidir" - kimi sözlər deyir..
...Süleyman Vaqif oğlu Heydərov
1994-cü il fevralın 23-də Bakıda
anadan olub. 2011-ci ildə Yasamal
rayonundakı 53 nömrəli
məktəbdə təhsil
alıb. Məktəbin ictimai həyatında fəal iştirak edib, əksər tədbirlərin aparıcısı
olub, maraqlı çıxışlar hazırlayıb.
Müxtəlif tədbirlərin, səhnəciklərin hazırlanmasında
Respublikanın Əməkdar
artisti Əhməd Salahov şagirdlərə
kömək edib.
Süleyman səsi, nitqi,
istedadı, boy-buxunu ilə onun diqqətini
çəkib. Əhməd müəllim
ona İncəsənət
Universitetinə getməyi
də məsləhət
görüb.
Onun isə öz niyyəti, arzusu vardı.
Qəbul
imtahanlarında 500-ə yaxın
bal toplayır.
- Topladığım balla
1-ci qrupda istənilən
ixtisası seçə
bilərdim. Niyə Fövqəladə Hallar Nazirliyinin Akademiyasını seçdim?
Adı da, geyimləri də, gördükləri iş
də mənim üçün maraqlı
idi. Onların əsas təyinatı
xilasetmədir. Bu peşənin fəlsəfəsi
mənim üçün
maraqlı idi. Xüsusi təyinatlı təhsil müəssisəsidir. 4 il kursant olursan əsgər kimi, həm də oxuyursan. Təyinatımı Xüsusi
Riskli Xilasetmə Xidmətinə, istehkam bölməsinə aldım.
Hərbi
mühəndis-istehkamçı kimi ixtisaslaşdım.
Həm ölkə daxilində, həm də xaricdə - Türkiyədə,
Rusiyada, ABŞ-da xüsusi kurslarda oldum.
...Süleyman həmişə
fərqlənib. Orta məktəbdə
də, akademiyada da yaxşı oxuyub. Süleymandan söz düşəndə
tanıyanların hamısı
savadlı, məsuliyyətli,
diqqətli, dürüst,
vətən sevdalı,
qeyri-adi bir insan olduğunu deyir.
Pirotexnik-istehkam manqasının komandiri
gizir Rövşən
Əliyev: "2015-ci ildən
tanışıq. Çox həyatsevər,
ünsiyyətcil, soyuqqanlı,
təmkinlidir. Həmişə
öyrənməyə can atır.
Tez düşünüb, doğru
qərar verə bilir. Azad olunmuş
torpaqlara gedən ilk onluğa o rəhbərlik
edəcəkdi. "Mənimlə gedərsənmi"
sualını unutmuram.
O dəqiqə razılaşdım.
Tapşırıq çətin olsa
da, Süleymanla hər çətinliyin öhdəsindən gəlmək
olur. Mənən çox güclüdür".
İstehkamçı gizir Mehdizaman Əliyev: "Çox peşəkardır.
öyrənməkdən,
öyrətməkdən usanmır.
Tapşırıqlara çox məsuliyyətlidir.
İxtisasımın bütün incəliklərini
ondan öyrənmişəm.
Nümunəvi rəhbərdir. Ən üstün cəhəti dinləməyi bacarmaq və düzgün qərar verməkdir.
Fəxr edirəm ki, bu müqəddəs yolda onunla birlikdə
olmuşam".
Gizir Ramin Əhədov: "Zabit kimi, insan
kimi şəxsiyyətinə
hörmət edən edən adamdır. Müxtəlif kurslarda öyrəndiklərini nəzəri
və praktik olaraq hamıya öyrətməyə can atıb.
Döyüşlər zamanı gücləndirilmiş
rejim idi. Hazırlıq keçirdik. Süleyman bütün suallara elə cavab verirdi ki, qaranlıq
məqam qalmırdı.
Əsas bilik deyil, həm
də onu öyrətmək bacarığıdır.
Şəxsi heyətə də
böyük hörmətlə
yanaşıb. İndi də
mənim üçün
rəisdir".
Qrup komandiri, gizir Altay Alıyev: "Azad olunmuş
torpaqlarda minatəmizləmə
əməliyyatlarını həyata keçirirdik. Süleymanla illərlə birlikdə çox çətin xidmətlərimiz olub.
Heç vaxt yorulduğunu hiss etməmişik.
Onun öyrətdikləri sayəsində
biz həmişə düşməndən
qat-qat güclü olmuşüq. Komandirim haqda
günlərlə danışa
bilərəm. O, bizim
üçün nümunədir".
Özü isə bunları
deyir:
- Atam uşaqlıqdan məni, qardaşım Vasifi tez-tez Şəhidlər xiyabanına
aparırdı. Şəhidləri, döyüş yoldaşlarını
ziyarət edirdik.
Biz o illərin hadisələrini eşidərək
böyümüşük. Uşaqlıqdan vətənə bağlılıq hopub şüurumuza.
Əslən Füzulidən olan Vaqif Heydərov Birinci Qarabağ savaşında nizami orduda xidmət edib. O, illərin bütün
ağrılarını, itkilərini
yaşayıb. Və olanları
nə özü unudub, nə də oğlanlarını
unutmağa qoyub.
Bu torpaqların bir gün qayıdacağına
həmişə inanıb.
2021-ci ilin yanvarından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş
və Xüsusi Hazırlıq İdarəsinin
pirotexnik və istehkam hazırlığı
şöbəsinin rəisi
kimi azad olunmuş torpaqların minalardan təmizlənməsi
tapşırığını yerinə yetirib kapitan Heydərov. Ağdam ərazisini minadan təmizləyərkən piyada
əleyhinə minanın
partlayışından yaralanıb.
Ali Baş Komandan İlham Əliyev tərəfindən "İgidliyə görə" medalına layiq görülüb. General-polkovnik Kamaləddin Heydərovun əmrinə əsasən vaxtından əvvəl mayor rütbəsi alıb. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
- Elə bir yerdə olmaq istəyirdim ki, vətənimə daha çox gərək olum. Ona görə FHN-ni seçdim. Hər bir çətinliyə hazır idim vətən uğrunda. İki anam var - öz anam, bir də Vətən. Çətin gündə ana vətənin yanında olmalıydım. Vətəni seçdim. Hər kəs öz borcunu yerinə yetirməlidir vətən qarşısında. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina eleyhinə xüsusi təyinatlı alayı da öz borcunu yerinə yetirir. O torpaqlara ayaq basanda necə qürur duyduğumu bir bilsəniz - deyir.
Ona qulaq asa-asa bir giley-güzar edənləri, bür də Süleyman kimi xalqını, dövlətini sevənləri düşünürdüm. Gizlicə gözlərinə baxırdım. Əslində, o bunu görmürdü. Amma mənə elə gəlirdi ki, görür. Bir gözü sarıqdadır. O biri gözünün protez olduğunu sonra bildim. Heyrətləndim. Süleymanın üzündə, gözündə elə işıq vardı ki, inamazsınız bəlkə. Gözü danışırdı elə bil. Kimsə deməsə, anlamazsan. Ətrafımızda o qədər hissiyyatsız baxışlar var ki. O qədər görməyənlər var ki... Deməli, ürəyin, ruhun işıqlı olmalıdır, sevgi işığın olmalıdır.
Bu yazıdan xəbər tutacaq Süleyman. Yaralarını göynədəcəyəm bəlkə... Bunu heç istəməzdim. Ana kimi "bağışla, oğul" deyirəm. Ancaq xalq onun rahatlığı, təhlükəsiz yaşamı üçün həyatını qurban verməyə, sağlamlığından keçməyə hazır olan oğullarını tanımalıdır. Son vaxtlar giley-güzara meyllənmişik. Daha çox da başqalarının işinə baxır, nöqsanlarını axtarırıq. Hər kəs öz işində qüsursuz olsa, nə vardı ki?! Hər kəs vəzifəsinə sənin kimi sevgiylə, məsuliyyətlə yanaşsa, nə vardı ki?!
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov mayor Süleyman
Heydərova "qəhrəmanım" deyir.
Əslində isə Süleyman hər birimizin qəhrəmanıdır. 23 fevral qəhrəmanımızın doğum günüdür.
Süleymanın bütün xəyallarının
gerçək olmasını diləyirəm. Onun
ruhu, ürəyi, zəkası çox işıqlıdır. Xidməti vəzifəsini
yerinə yetirərkən - Vətənə xidmət edərkən
xəsarət alıb. Sağlıq problemi
olan qəhrəmanımızın bir gözünün şəfa
tapacağına, işığa qovuşacağına ümid var. Müalicəsi
ciddi nəzarət altında davam edir. Ona
ümidinin işığını
arzulayıram. Yəqin Süleymanı tanıyan-tanımayan hər
bu arzuya qoşular. Bir gün hər birimiz bu arzunun gerçəyə
çevrildiyinin şahidləri olacaq, bu sevincin
işığına yığışacağıq. Mən
buna inanıram.
Kamalə
ABİYEVA
525-ci qəzet.- 2023.-23 fevral.- S.16.