Şanlı əbədiyyət yolçusu
Şəhid Muxtar Qasımlının 30 yaşına
Yaşanılan ömür ona görə mənalı olur ki, həsr
olunduğu amal məna tərəzisində
ağır gəlsin. Bu səbəbdəndir şəhidlərin
nakam ömürlərinin
min uzun ömürdən
mənalı olması.
Onları yaşadan Vətən sevdası əbədiliyə açdıqları
qapının dəstəyi
kimi sığdı ovuclarına... Bir gün Vətən dağına bayraq sancdılar... Bir gün "Zəfər!"
deyə hayqırdılar...
Bir gün də Vətəni sevdiklərinə, mənsubu
olduğu xalqa əmanət eyləyib çıxıb getdilər
əbədiyyətə...
Sonra təqvimimiz
dəyişdi; işğal
tarixləri azadlıq
tarixləriylə əvəz
olunmağa başladı. Bu tarixləri isə əbədiyyət yolçusu
oğullarımıza borclu
olduğumuzu unutmadıq.
Bu könül borcunun
ruhumuzdakı hərarətiylə
təqvimlərimizə yeni
tarixlər də əlavə etdik: vətən mayası şəhidlərimizin doğulduğu
günlər. Bəli,
onların şəhadəti
təqvimdəki 44-50 günü
əhatə edir, doğulduğu günlər
isə az
qala bütün təqvimi qutsallaşdırır.
Belə günlərdən
biri də 23 fevraldır, çünki
bu, Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəmizin qəhrəman
şəhidi Muxtar Qasımlının dünyaya
gəldiyi gündür.
lll
"Vətən mənə oğul desə, nə dərdim,
Mamır
olub qayasında bitərdim..."
Vətənin könül dolusu "oğul" dediklərindən
oldu şəhid Muxtar Qasımlı. Yaşasaydı, bu gün 30 illik yubileyini qeyd edəcəkdi. Amma o, gəlişiylə sadəcə
bir ailənin, bir nəslin sevinci olmuşdusa, böyüdükcə layiqli
vətəndaş, tanınmış
idman ustası kimi bütöv bir ölkənin, şəhadətiylə isə
qosqocaman Türk Dünyasının fəxarətinə
çevrildi.
Əli və Almaz Qasımovların ailəsində Kənan, Muxtar və Orxan adında üç oğul övladı böyüyürdü. Ailənin ortancıl
uşağı olan Muxtar 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan
olub. O, hələ
altı yaşı tamam olmamışdan, qardaşı Kənanla birgə orta təhsilinə 287 nömrəli
Zəkalar liseyində
başlasa da, sonradan Bakı şəhəri 318 nömrəli
tam orta məktəbə
daxil olub. 2009-cu ildə məktəbi
bitirib. 2009-2013-cü illərdə Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
kikboksinq fakültəsi
üzrə bakalavr təhsili alıb. Erkən yaşlarından idmana maraq göstərən Muxtar dəfələrlə
yarışlarda iştirak
edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə isə idmançı karyerasının ən böyük uğurunu - fitnes üzrə Azərbaycan çempionu adını qazanır.
Muxtar Qasımlı
2013-cü ildə Gədəbəy
rayonunun Şınıx
kəndində yerləşən
N saylı hərbi hissədə müddətli
həqiqi hərbi xidmət keçib. Xidmətini davam
etdirərkən Silahlı
Qüvvələrin Təlim
və Tədris Mərkəzinə zabitlik
kursuna yazılıb.
2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb.
Bir illik əsgərlik dövründə manqa komandiri olan Muxtarın xidmət etdiyi post cəbhə xəttində düşmənin
bir addımlığında
yerləşirdi. Buna görə valideynləri çox nigaran və həyəcan içərisində idilər.
Çünki onlar övladlarının
vətən sevgisini, Qarabağ yanğısını
da yaxşı bilirdilər. Əmin idilər
ki, əgər bir hadisə baş verərsə, Muxtar ən öndə gedən oğullardan olacaq. Muxtarsa sağ-salamat evinə, ailəsinin yanına qayıdır. O tərxis
olunandan sonra xidmət etdiyi posta erməni kəşfiyyatı hücum
edib, əl qumbarası atır. Muxtarla eyni dövrdə
xidmət edən, ancaq il
yarımlıq əsgərlik
müddəti olduğundan
hələ də tərxis olunmayan üç dostu orada şəhid olur. Bu hadisəylə
dərindən sarsılan
Muxtar son gününə
qədər tez-tez şəhid dostlarının
məzarını ziyarət
edir, onların qanının yerdə qalmayacağına and içir.
Mülki həyatında müxtəlif
yerlərdə mühafizəçi
kimi çalışan
Muxtar Qasımlı sonradan fitnes müəllimi kimi fəaliyyət göstərir. O, həm
də "AzərGold"
Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı
idi.
2020-ci ilin yayında Tovuz döyüşləri zamanı Muxtar Qasımlı hər kəsdən xəbərsiz könüllü olaraq adını orduya yazdırır. 2020-ci ilin sentyabrında təlimlərə çağırılır. Çağırış gələndə işdə vəzifəsinin başında olan Muxtar heç kimə xəbər vermədən, ailəsiylə vidalaşmadan hərbi komissarlığa, oradan da təlimlərin olacağı yerə gedir.
Baş leytenant M.Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ən qanlı istiqamətlərdən biri olan Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşır. O, təkcə düşmənlə döyüşməklə qalmır, həm də yaralı və şəhidlərimizi də qaynar nöqtələrdən çıxarır. Hətta bir döyüşdə hər kəsdən gec gələn Muxtarın üst-başı qan olduğundan döyüşçü yoldaşı yaralandığını zənn edir. O isə "yaralanmamışam, yaralı və şəhid qardaşlarımızı çıxarırdım" cavabını verir. Oktyabrın 2-də Füzulinin Qaraxanbəyli kəndi istiqamətindəki döyüşlərdə də igidliklə vuruşan Muxtar yenə də yaralıları çıxarmaq üçün əraziyə girəndə öncə ayağından yaralanır. Sonra isə yaxınlığına düşən mərminin qəlpəsi sinəsinə batır və cəsur idmançımız, vətənpərvər oğul şəhidlik zirvəsinə ucalır. O, Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
Muxtar Əli oğlu Qasımlı şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Beləcə, böyük gələcək vəd edən, Azərbaycan idmanının adını hələ çox yüksəklərə qaldıra biləcək bir igidimiz vətənin çağırışını bütün istiqbalından üstün tutdu və adını ədəbiyyət tariximizə qızıl hərflərlə yazdırdı. Onu sevənlərin və Zəfərini üç min şəhidin canı, qanı bahasına qazanmış xalqımızın tək təsəllisi də məhz budur: bu xalq durduqca qəhrəmanları da yaşayacaq!
Əbədiyyətin mübarək, əziz
şəhidimiz Muxtar Qasımlı!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 24 fevral.-S.16.