Qoşa Qarın sirli dünyasında
"şeytan" fitnə-fəsadı...
..."O
vaxtdan çox sular axıb, dünya dəyişib. Bilməmişdim
ki, insanın iç dünyası olduğu kimi
qalarmış. Bizi yaşadan, dəyişməyə qoymayan,
adam kimi saxlayan uşaqlıq yaddaşıymış. Hər
insan uşaqlıq xatirələrindən ibarətdir, fərqi
yoxdur acılı, ya şirin olsun. Onlar bizi
formalaşdırır, keçmişdən dərs almağa
sövq edir, gələcək səhvlərdən
sığortalayır".
Əflatun
Amaşov "Qanıq, Hasan, bir də Qaragöz"
romanını da özünün dediyi kimi, əsasən,
uşaqlıq yaddaşında yaşatdığı xatirələri
əsasında yazıb... Müəllif günlərin birində
yol kənarında-ət dükanının həndəvərində
kəndirlə bağlanan, o tərəf-bu tərəfə
dartınmaqdan boğazı qançır olan "əldən
düşmüş yazıq, qulaqlarını, quyruğunu
sallayıb fağır görkəm alan" bir qara dananı və yolun o biri tərəfindən
isə əl arabası ilə yük daşıyan kişinin
yanındakı itin o danaya baxıb hürdüyünü
görür. Müşahidəsində qəribə hal o olur
ki, itin səsindən dana ona sarı dartınır, bununla da
sanki yaxınlığını,
doğmalığını büruzə verir... Bu mənzərə müəllifin
yaddaşını oyadır, xəyalən Qoşa Qara gedir,
Sarı Düyə gözləri önünə gəlir və
bir daha əmin olur ki, "Qoşa Qara borcunu qaytara bilməyəcək,
Sarı Düyənin gözlərindən süzülən
yaşı unutmaq da
mümkün olmayacaq..."
Bu həqiqət
fonunda yazıçı ötənlərə-uşaqlıq,
gənclik dövrünə dönüb doğmalarından
eşitdiklərini xatırlayır və sonra da
yaşıdları-əzizləri ilə "yayın
cırhacırında Yastı Qarın sanki yaranandan əriməyən
qarından topa düzəldib bir-birlərini ağappaq elədiyi"
çağlara üz tutur, oradan da
yüz illərin o üzündə olub-olmuşları
qan yaddaşı, fəhmi, intuisiyası ilə "Qanıq,
Hasan, bir də Qaragöz"ün sətirlərində
"həyat özü ədəbiyyatın
inikasıdır" qeydi ilə əbədiləşdirir...
lll
...Qoşa Qardakı heyvanlarda, xüsusilə canavarlarda,
belə demək mümkünsə, bir rəhmlilik, insana
toxunmamaq, zərər yetirməmək, hətta Ballı kimi inəklərdən
çəkinmək kimi hallar özünü qabarıq nəzərə
çarpdırırdı. "Dağlarda azan uşaqları,
balaca buzovları, keçiləri, quzuları canavarlar səhərə
qədər öz balalarının yanında saxlar, səhər
də valideynlərinə qaytarardılar... Elə
o vaxtdan Hasanda belə təsəvvür yarandı ki, uca
dağların, geniş düzənlərin, elə Qoşa
Qarın da sahibi canavarlardır". Gəlmə
qurdlar isə belə deyildilər, heyvanı da, onun himayədarı
olan insanı da fürsətindəcə
parçalayırdılar. Amma bir fərq də vardı
ki, onlar
başladığı tarix bilinməyən
"savaşda" yerli canavarlara həmişə
uduzardılar...
Bu məqamda bəlkə də çoxunun
razılaşmadığı bir məsələyə diqqət
yetirmək istərdim. Belə ki, əslində, mən bu əsatirin-Hasanın
uşaq vaxtı tətil günlərində Qoşa Qarda
"gecələr yuxuya gedə bilməyəndə nənəsinin
ona canavarlardan quraşdırıb
danışdığı" nağılın heç də
mifik düşüncədən, təfəkkürdən
qaynaqlandığı fikrində deyiləm. Düzdür,
şifahi xalq yaradıcılığında, klassik və
müasir ədəbiyyatda bu cür nümunələrə-mistik
hadisələrə istənilən qədər rast gəlinir.
Əflatun Amaşovun romanı da bu baxımdan
istisna deyil. Amma yazıçı bədii
təxəyyülü, özünəməxsus üslubu ilə
o nağıl-əsatirlərlə həm tariximizə,
kökümüzə qayıdır, keçdiyimiz yolun təzadlarına
nəzər salır, həm də oxucu diqqətini elmin, insan
təfəkkürünün hələ də tam aça, təsdiqləyə
bilmədiyi paralel dünya sirlərinə yönəldir.
Şəxsən mənim o sirlərlə, o
müəmmalarla bağlı qənaətim romanın, necə
deyərlər, alt qatında gizlənən ehtimallarla
üst-üstə düşür. Yəni,
bəşər övladının məskunlaşdığı
bu dünyamız ilk andan, ilk gündən hardasa paralel, yad bir
planetin təsir dairəsindədir. Bütün
uğur və uğursuzluqlarımız, inkişaf və tənəzzülümüz
də oradan qaynaqlanır. Adəm
övladının mövcudluğu ərzində dərin
ağıla, zəkaya malik olmasına baxmayaraq, saysız faciələr,
dəhşətlər yaşatması, bəlkə də,
paralel dünyanın bizə qarşı fitnə-fəsadının
nəticəsidir.
lll
Romanda paralel dünyadan gələn siqnallar təkcə
canavarların arasında savaşı deyil, həm də təbiət
hadisələrini şərtləndirir. Məsələn, günlərin
birində Ballı inək qonşu yaylaqlardan gələn
canavarın Məsimi və yanındakı quzusunu
parçalamaqdan qoruyur, həmçinin, yerli canavarlar o
"quyruğu qısıq, tükləri
tökülmüş", dişləri insan qanına
batmış qurdları bu ərazidən
uzaqlaşdırmağa nail olur. Amma Məsim "sel gələn
ili" canavarın yox, "Ana çayın" gətirdiyi
selin qurbanına çevrilir...
Beləcə, bəşər övladı bu
dünyanın ağzı qanlı qurdlarından xilas olsa da,
seldən, zəlzələdən heç vaxt yan qaça,
qurtula bilmir.
Göy Qayanın Qurd Ölən Yer səmtindəki yüksəkliyində
salınan məzarlıq da, əslində, paralel
dünyanın "şeytan əməli"nin
nəticəsi kimi diqqət çəkir.
lll
Əsərdə
İmaməli kişinin yaylaqdan enib qışlağa-kəndə
"kolxoz iclası"na getdiyi əhvalat əsərin
ən təsirli səhnələrindən biridir... İmaməli
kişi ayağını üzəngiyə
qoyub ata minən andan-Qanığın gah zingildəməsi,
gah da ulaması, Bozqarın yerimək, sahibini getmək istədiyi
ünvana yetişdirmək istəməməsi tezliklə dəhşətlər
yaşanacağından xəbər verir.
Əslində
İmaməli kişi də bunu
yaxşı anlayır, vaxtilə NKVD işçilərinin
qardaşı Musanı güllələməzdən əvvəl
də Qanığın əkiz tayı belə zingildəyir,
ulayırdı...
Bu vahiməli
səs İmaməli kişini atın üzəngisini çəkib
geriyə-Qanığa tərəf boylanmağa məcbur edir:
"Azar dəymiş, yol üstündə bu nədir belə,
-öz-özünə deyinə-deyinə atın
başını geriyə çevirdi. Uzaqdan həyətdə
hələ də onun arxasınca baxan nökəri
gördü:-Eeeyyy, yadından çıxmasın, axşam
sürü arxaca enəndə toğlulardan birini kəsərsən,
quyruğunu da itin qabağına atarsan, -deyib atın
başını çevirdi. Uzun müddət
Qanığın səsi qulağından çəkilmədi...".
Bax, Qanığın bu qorxunc səsi, əslində,
İmaməli kişini gözləyən dəhşətli
hadisənin xəbərdarlığı idi. Bu zingilti, bu ulartı bəlkə
də paralel dünyada hazırlanan və oradan da bu
dilsiz-ağızsız Qanığa, yerimək istəməyən
Bozqara ötürülən yaxın zamanda baş verəcək
Qoşa Qar faciəsinin mesajı idi...
...Paralel
dünyadan gələn mesaj-siqnallarla təkcə heyvanlar təhlükədən
xəbərdar olmur, həm də ölkələrin, nəsillərin,
fərdlərin bir-birilə savaş aparması, düşmənçilik
toxumunun səpilməsi, qan tökülməsi
üçün onlar arasındakı "zəif bəndər"
ələ alınır, xislətlər dəyişdirilir,
gözlərə qandan pərdə "çəkilir".
...Qoşa Qar faciəsi-bir nəslin iki yerə
parçalanaraq qəvi düşmənə çevrilməsi,
bir-birinin qətlinə fərman verməsi, bir-birini yer-yurdundan
didərgin salması da paralel dünyada şeytanın
yazdığı ssenarinin nəticəsi idi. O ssenari ki, orada İmaməli kişi təzə
hökumətin mal-mülkünü əlindən alıb
kolxoza verilməsinin dərdini çəkmirdi, namərdliklə,
nakəsliklə barışmırdı. Var-dövlətinin
"ictimailəşdirilməsindən" sonra
özünün də qolçomaq adı ilə ya elə
doğma kəndində güllələnəcəyini, ya da
Sibirə, Qazaxıstana sürüləcəyini yaxşı
anlayırdı. Bunu düşüncələrində
"dünyanın tərəzisinin əyildiyi" kimi dərk
edən kəndin başbilənləri, o cümlədən,
Molla Ayvaz da yaxşı başa düşürdü və o,
İmaməli kişinin kəndə gəlməyəcəyini,
qaçıb canını qurtaracağını deyirdi.
Lakin
İmaməli kişi paralel dünyanın
ssenarisindən kənara çıxa bilməyib gecənin
zülmətində ötən il qardaşı Alını
türmədə güllələyən kommunist Şərifovla
üz-üzə dayansa da, ölümdən qorxmur, içində
qəribə bir sevinc hissi baş qaldırır. Sanki onu göydə axtarıb yerdə
tapdığını düşünür. Bu namərddən
qisas almaq, necə deyərlər, qisasını qiyamətə
saxlamamaq qərarını qətiləşdirərək qılıncını onun
qarnına yeridir. Az sonra isə qanlı
köynəyi ilə bu savaşda aldığı
yarasını sarıyıb Bozqarı yurddan qaçaq
düşüb aralanan köçə tərəf
çapır...
lll
...İnsanın ağlı, zəkası hələ də
çox sirləri aça, müəmmalara aydınlıq gətirə
bilməyib. Belədə dərin düşüncə, zehniyyət
önündə yaşanan çarpışmaların,
qeyli-qalların, cəmiyyətin eroziyasının, əxlaqi-mənəvi
keyfiyyətlərin aşınmasının kökü, səbəbi
paralel dünya ilə əlaqələndirilib. Yad planetin bizi izləməsinə, qan
axıdılmasına, dünyamızı
qarışdırmasına isə inanmaqdan başqa bir yol belə,
saxlanılmayıb.
Kommunist
Şərifovun düşüncəsinin qana bələnməsinin,
mənəviyyatının korlanmasının günahkarı
da cəmiyyətimizə qənim kəsilən, yeri gələndə
bizim iç və çöl dünyamızı
param-parça edən həmin sirli-sehirli dünyanın kabusudur. El-obada,
nəsildə ad-sanıyla, mərdliyilə hörmət
qazanan İmaməlı kişini kommunist Şərifovun diliylə
"qolçomaq köpəkoğlu" adlandıran, "əlimdən
qaça bilməzsən, təslim olmasan, qardaşın kimi səni
də gəbərdəcəm" dedizdirən, belə bir
qudurğanın sözlərinin
qarşılığında isə onun qanına bələnməsindən
sonra eyni kökdən ayrılan bir törəmənin, bir
köç-köməcin müsibətlə Arpa
çayını keçib Qarsda məskunlaşdıran da,
bütün dəhşətlərin,
ağrı-acıların baiskarı da elə paralel
dünyadan siqnal ötürən bax, o kabusdur. Burada
təsəvvürə gələn bir də odur ki, o kabus
ölmür, paralel dünyada necə peyda olduğu, oraya
haradan necə gəldiyi, məskunlaşdığı
bilinmir. Milyon illər bundan əvvəl
dünyamızı necə qarışdırıbsa, bu ənənəni
bu gün də daha ağır şəkildə davam etdirir.
Milyon illər bundan əvvəl gözəgörünməz
məkandan bu dünyanı necə idarə edibsə, indi də
eləcə fəaliyyətini gerçəkləşdirir, hətta
zaman keçdikcə "idarəetmə üsulunu" zənginləşdirir,
müasir dövrün texnologiyalarını mənimsəyir.
Bir sözlə, bizim müəyyən
münasibətlərdə işlətdiyimiz kimi,
"pambıqla baş kəsir".
Bu məsələ
ilə bağlı bir də onu deyək ki, paralel
dünyanın kabusu bizim cəmiyyətdə heç də
insanların hamısını özünə təslim edə
bilmir, xaraktercə ən zəifin, tamah sarıdan ən
güclünün qəniminə çevrilir və belələrinin
zehnini, düşüncəsini kommunist Şərifovda
olduğu kimi, əsarətdə saxlayır, onun vasitəsilə
insanları "qan dənizi"ndə boğur, yeri gələndə
də cəlayi-vətən edir. Bununla bərabər, paralel
dünyanın kabusu dünyamızdakı vəhşi təbiətə
də "əl qoyur", heyvanları az
qala insaniləşdirir, bəşər övladını isə
heyvaniləşdirir. Romanda Vəlinin Sarayla (cinlə) təmtəraqla
evlənməsi, az sonra isə təzə
gəlinin sancaq təhlükəsindən qurtularaq
qaçması, bəyinsə bu qəzavü-qədərdən
havalanması epizodu da bunun bariz ifadəsidir.
lll
...Paralel
dünyadan verilən siqnalın təsiri ilə "kolxoz
davası" fonunda qəbilə savaşı başlanır,
bir kökdən rişələnən iki tayfa arasında
ziddiyyətlər getdikcə kəskinləşir və
düşmən tərəflərdən biri digərini
"sinfi mübarizə" adı altında Qoşa Qardan
Arazın o üzünə didərgin salır. Bu
sürgün kommunist Şərifovun qarnına yeridilən
qılıncın qisasının bütöv bir əqrəbanın
başbilənlərinin sonradan "qolçomaq" adı ilə
süngüdən keçiriləcəyi, uşaqdan tutmuş
ta qocayədək urvatsız ediləcəyi təhlükədən
qaynaqlanır.
Beləliklə,
Əflatun Amaşovun "Qanıq, Hasan, bir də
Qaragöz" romanında mistik-mifoloji düşüncə
fonunda təsvir olunan bir nəslin faciəsi hansısa bir mifik
qüvvənin- mələk, cin və ya heyvan... "qarğışının" nəticəsi
deyil, bu, olsa-olsa, Qoşa Qarın sinəsinə
axıdılan günahsız qanların öz övladlarından
paralel dünya vasitəsilə aldığı intiqamın
"bəhrəsi"dir...
Vaqif BAYRAMOV
525-ci qəzet.- 2023.- 24 fevral.-S.13.