Xalq təqvimi və ya çillələrin
töhfəsi
(Əvvəli ötən sayımızda)
Boz ayın xoş üzü də var. Xalq arasında
mart ayını "vuruş, savaş ayı" kimi
tanıyırlar. Rəvayətə görə, mart
ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir.
Bu savaş cəmələrlə
başlayır. Cəmənin sayı
dörddür, bunlara ilaxır çərşənbələri,
yaxud doğruçu çərşənbələr deyilir.
Fevralın ikinci ongünlüyündən başlayaraq
Boz ay yer üzünə qədəm qoyur, Boz ayın ilk
çərşənbəsi fevral ayına düşür. Hər cəmənin
ömrü, yəni çərşənbələrarası
müddət 7 gündür və onun üçü mart
ayına düşür. Cəmələr
qışın son ayının həftələri olsalar da,
Yazın gəlişinin müjdəçiləri
sayılırlar. Bunları
"üsgülər", "buğlar" da
adlandırırlar. Doğruçu dörd
çərşənbə dövründə təbiətə
"doğru buğ" gəlir.
Rəvayətə görə, ilk doğruçu çərşənbədə
suya istilik gəlir, dağlardakı qar əriyir,
çaylardakı suyun səviyyəsi qalxır,
axarlığı artır. İlk çərşənbədə
qızlar, gəlinlər axar su üstünə gedir, istəklərini
suya deyirlər. Sudan doldurub evə gətirir, otaqlara və
həyətə Su çərşənbəsindən
aldıqları sudan çiləyirlər.
Sonra Alın-Günəşin hərarəti
çoxalır, tədricən günlər günəşli
keçməyə başlayır. Buna görə də,
ikinci doğruçu çərşənbə Od çərşənbəsi adlanır. Od çərşənbə Boz ayın
xoş üzü sayılır, çünki havalar
qızdıqca Yazın nəfəsi duyulur, təbiət
oyanır. Evlərdə niyyət səmənilərini
bu vaxt tuturlar. Niyyət səmənisi ilin
bol, məhsuldar, yoxsa qıt olacağını soraqlayır.
Od, yəni
Al-Günəş yeri qızdırandan sonra təbiət
oyanır, torpaq cana gəlir. İsti küləklər
əsir, hava qızır, şaxta çəkilir. Buna görə də, üçüncü çərşənbə
Yel çərşənbəsi sayılır.
İlaxır cəmə Torpaq çərşənbəsi
adlanır. Torpaq çərşənbəsi əkinə,
şuma, təsərrüfat işlərinə son
hazırlıq mərhələsidir. Bu çərşənbədə
toxumlar sovrulur, əkin, şum alətləri sazlanır. El arasında deyirlər, İlaxır çərşənbənin
plovunu yeyib, şuma qalxarlar.
Cəmələr, doğruçu çərşənbələr
Novruz bayramına hazırlıq mərhələsini təşkil
etdiyi üçün "Novruz çərşənbələri"
də adlanır. Bu dörd çərşənbəyə
həm də "İlsonu çərşənbələr"
deyilir. İlsonu çərşənbənin
ilki "Əzəl", "Müjdəçi" çərşənbə
sayılır. İkinci çərşənbə
Kül, üçüncü çərşənbə
Gül, sonuncu çərşənbə
"İlaxır" çərşənbədir. Bölgələrdə çərşənbələrin
relyefə görə yeri fərqli qeyd olunur ki, bu da təbiətin
oyanışındakı zaman fərqi ilə
bağlıdır. Məsələn,
Muğan bölgəsində Torpaq çərşənbəsi
üçüncü, Yel çərşənbə
dördüncü qeyd olunur və belə çıxır,
İlaxır çərşənbə Yel çərşənbəsidir.
Güney Azərbaycanın bəzi bölgələrində Od çərşənbəsi son çərşənbədir.
Təqvimlə bağlı xalq inaclarına
görə, noyabr ayından 100 gün sonra ayrı-ayrı həftələrdə
havaya, suya və torpağa çəmrənin
düşdüyünə inanılır. Bəzi bölgələrdə inanclar fəqrli
ardıcıllıqlara əsaslanır. Üç
çəmrənin birincisi havaya (19-20 fevral), ikincisi suya (26-27
fevral), üçüncüsü (5-6 Mart)
torpağa düşür. Astrofizik nəticələrə
görə, Novruz çərşənbələri Azərbaycanda
aşağıdakı ardıcıllıqla qeyd olunur: Su, Od, Yel (Hava) və Torpaq çərşənbəsi.
Boz
ayın ikincisi çərşənbəsi - Od
çərşənbəsidir. İlaxır çərşənbələri
içərisində
Od çərşənbəsinin xüsusi yeri
vardır. Buna xalq arasında üskü (tonqal)
və ya ocaq çərşənbəsi də deyirlər.
Bu çərşənbə qədim
insanların Günəşə, oda inamı ilə
bağlıdır. Həmin gün insanlar
tonqal qalayır, alovun üzərindən tullanmaqla daxildə
olan bütün çirkabı və azar-bezarları
yandırırlar. Odun, tonqalın
yandırılması yazın gəlişi ilə havaların
qızmasının əsas göstəricisidir və istilik mənasını
ifadə edir.
Bu çərşənbəyə
"ikinci çərşənbə", "xəbərçi
çərşənbə", "üskü çərşənbə"
də deyilir və doğru çərşənbələrdən
sayıldığından "doğru üskü" də
adlandırılır. "Üskü" od,
günəş haləsi (haqlqası) mənasındadır. Ayrı-ayrı bölgələrdə
"Üzgü çərşənbə", "Adlı
çərşənbə" kimi də adlandırır,
odu ruhi təmizlik, sağlamlıq və gözəllik rəmzi
sayırlar. Od çərşənbəsi
eyni zamanda yeni həyatın, istiliyin gəlişini simvolizə
edir. Od türkün təfəkküründə,
düşüncəsində müqəddəslik rəmzi
kimi yaşayır. Gözəl alqışlar və
bəd qarğışlar da odla bağlıdır. Odla
bağlı deyimlər və qənaətlər də
maraqlıdır:
Ocağı dağıtmazlar.
Ocaq dağıdanın ocağı dağılar.
Ocağa su atmazlar.
Ocaq yanında səslənirsə, demək, kimsə
sözünü danışır.
Od
inamdandır.
Odla oynayan odsuz qalar.
Odu söyən qara günə qalar.
And, qəsəm,
dua (alqış), bəddua (qarğış) və sair
nümunələr odun
müqəddəsliyini ifadə edir:
Ocağa
and olsun!
Ocağın
bərəkətli olsun!
Ocağın
sönməsin!
Ocağın
qaralmasın!
Ocağın
qazan görməsin
Od-ocağa
həsrət qalasan!
Torpaq çərşənbəsi İlaxır çərşənbədir. Azərbaycanın
bəzi bölgələrində, İlaxır çərşənbə
daha təmtəraqlı keçirilir. İlaxır
çərşənbə həm də Dədə-Baba
günü sayılır, insanlar ruhları şad etmək
üçün yaxınlarının qəbirlərinin
üzərində şam yandırır, ocaqlarını
boş qoymurlar, yəni isti xörəklər
hazırlayırlar. Guya ölülər bu yeməklərin
qoxusunu hiss edib, övladlarından arxayın yatırlar.
İlaxır çərşənbə həyətlərdə
tonqal qalanması ilə də yadda qalır. Ailə
üzvlərinin hamısı tonqalın üzərindən
atılır, arzularını, niyyətlərini deyirlər.
Tonqal, yəni Od Sudan sonra ikinci paklıq
simvolu, rəmzi sayılır. Od da, Su da
insanı və bütün əşyaları təmizə
çıxarır.
Qədim dövrlərdə İlaxır çərşənbə
günündə Danatma mərasimi keçirilərdi. Danatma mərasimində
tonqal qalanar, onun ətrafında kollektiv şəkildə, yəni
oğlanlı-qızlı Alın - Günəşin şərəfinə
Allı (Yallı) rəqsi təşkil olunardı.
Qədim türklərin inamına görə, xaç
Günəş şüasının suda əksidir və
Günəşə baxanda da bu xaçı görmək
olur. Başqa inanca görə, Alın simvolu Qurddur.
Qurdun türk xalqları arasında mifoloji keyfiyyəti
bu inamlardan doğur.
Yenə qədim inanclara görə, Keçi Yazın rəmzidir. Kosa isə
Qışın simvoludur. Boz ay Kosa ilə
Keçinin mübarizəsi üzərində qurulur, sonda
Keçi qalib gəlir. Keçəl Kosa
isə ikicanlıdır, yəni onun bətnində
qışla yazın mübarizəsi gedir. Nəticədə, Kosa ölür, Yaz dünyaya gəlir.
Keçi Güney Azərbaycanda və Muğanda Təkə
kimi təsəvvür olunur. Buna görə də
Novruz bayramı ərəfəsində "Kosa-Kosa" oyunu
ilə yanaşı, "Təkəoynadan" da meydan
sulayır. Şal sallama, qapıpusma,
paytoplama və müxtəlif əyləncəli
yarışlar bu oyunlardan yadigar qalıb.
Beləliklə, sərtliyi ilə fərqlənən
Kiçik Çillə zəngin təqvim mərhələlərinə
bölünür. Fevral ayının birinci
ongünlüyündən etibarən Kiçik Çillə
öz hökmünü göstərməyə
başlayır. Qışın ikinci mərhələsi
sayılan bu dövrdə hava Böyük Çilləyə
nisbətən çox soyuq keçir. Böyük
və Kiçik çillələr elin yaddaşında iki
qardaş, iki bacı kimi təsvir edilsələr də,
bir-birinə qarşı qoyulur. Böyük
Çillə yumşaq təbiətlidir, Kiçik Çillə
onun əksinə olaraq sərt, ərköyün təbiətli
obrazdır.
Kiçik Çillə Novruz çərşənbələrinin
başlandığı dönəmdir. Novruz çərşənbələrinin
sayı yeddidir. Bunun üçü
"Oğru çərşənbə" adlanır və
Kiçik Çilləyə düşür. Oğru
çərşənbələrdə torpağa oğru
buğ gəlir. Bölgələrdə yalançı
buğ adlanan bu təqvimlə bağlı mifik təsəvvürə
görə, həmin dövrdə torpaq oğrunca yazın nəfəsini
hiss edir. Kiçik çillədən sonra Boz
ay gəlir. Boz ayın çərşənbələri
"Doğru çərşənbələr" adlanır
və paradiqmatik təsəvvürlərə görə, bu
dönəmdə torpağa doğru buğ gəlir,
torpağı, torpağın köksündəki bitki
örtüyünü oyadır. Bunlar
çilləbeçələr, cəmlələr də
adlanır. Hər
çərşənbənin meteoroloji xüsusiyyəti var.
Əzəl, müjdəçi, gül və axır çərşənbə
müxtəlif ayin və mərasimlərlə yadda qalır.
Çillələrin digər adları isə fəlsəfi
mahiyyət daşıyır: yel, su, torpaq və od! İlaxır çərşənbələrdə
tonqallar qalanır, lopalar atılır, bayram süfrələri
açılır. Qulaq falı, üzüksalma, oddan və
sudan tullanma, ata-baba ruhunu yad etmə və
sair folklor tədbirləri çərşənbələri
rövnəqləndirir və onların mifoloji mahiyyətini
artırır.
Novruzdan öncəki çərşəndə daha təmtəraqlı
şəkildə qeyd olunur. Həyətlərdə
tonqal qalanır, evlərdə və yaxın adamların qəbirlərinin
üzərində şam yandırılır. Qəbirlərin üzərində şam yandırma
ata-baba gününün atributlarından biridir. Ata-babaya ad elənmiş şamlar İlaxır
çərşənbəsinin bayram süfrəsi ətrafında
da yandırılır. Qohumlar yad edilir,
adamlar bir-birinin evinə gedir, həyətindən keçir,
bir-birlərinin bayramlarını təbrik edirlər. Küsülülərin barışması bu
bayramın humanist tərəfini nümayiş etdirir.
Novruz bayramı ərəfəsində "Qodu-Qodu"
(Qodu xan) oyununu icra edirlər. Mifik təfəkkürə
görə Qodu ağlayanda yağış yağır,
güləndə gün çıxır. Aramsız yağan yağışı kəsmək
üçün insanlar Qoduya müraciət edir, onun şərəfinə
nəğmələr oxuyurlar.
Folklorşünas M.H.Təhmasib Novruzu nəinki islamdan, hətta atəşpərəstlikdən öncəki dini-mifoloji təsəvvürlərlə əlaqələndirir. Bu da Tanrıçılıq ideyaları ilə bağlıdır. Məsələn, bölgələrdə geniş yayılmış bir ənənə olmuşdur. Adamlar İlaxır çərşənbədə hündür bir təpənin üzərinə qalxıb Günəşin doğmasını gözlərmişlər. Bu mərasim Danatma adlanarmış və Dan Tanrıya inamla bağlı olmuşdur. Bu mərasimin qalıqları İlaxır çərşənbələrdə çiləçıxarma şəklində indi də yaşayır. Bir yerə toplaşan uşaqlar, gənclər, əksər hallarda isə qızlar bütün gecəni yatmır, səhəri dirigözlü açırlar. Sübh tezdən, Dan yeri ağaranda çay sahilinə, çay olmayan yerlərdə isə bulaq başına gedirlər. Su işığın əksini yaşadır. Danatma mərasiminin paradiqmatik təsəvvür sistemi yetərincə araşdırılmayıb.
Novruz mifoloji köklərinin dərinliyi ilə seçilir. Belə ki, Novruz təkcə Yaz bayramı kimi qeyd olunmur, o vahid təqvim dövriyyəsinin tərkib hissəsi kimi özünü göstərir.
Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu.
Novruz bayramı gəldi,
Gecə-gündüz tən oldu.
Beləliklə, Novruzun mifoloji kökləri xalqın həyat tərzi, təsərrüfatı və yaşamı ilə bağlıdır. Buna görə də Novruz bayramı ən maraqlı əyləncələrlə yadda qalır. Kosa, Keçəl, Təkə və onların təmsil etdikləri mifik təfəkkür xalqın minilliklər boyu yaratdığı inanclar sisteminin tərkib hissəsidir. Xalq təqvimi müşahidələr, əlamətlər, gümanlar, inanclar və proqnozlar üzərində qurulur. Xalq meteoroloqlarının proqnozları əsasən, əlamətlər və müşahidələrə əsaslanır.
Qış fəslində gecə və gündüz havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə imkan verir. Müşahidələrə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu keçərsə, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Qışda gündüzlərin ayaz, gecələrin buludlu, dumanlı keçməsi ilin xoş keçib, insanlar üçün faydalı olacağı kimi yozulur. Qışa çətinlik dövrü kimi baxılır, amma bu fəsil həm də əyləncəli olur, nağıl, aşıq məclisləri, toxuculuq işləri və ağaclara qulluq göstərilməsi ilə də yadda qalır.
Novruz mərasimlərindən sonra adamların təsərrüfat fəaliyyətində canlanma başlayır. Novruz həm də qışın təqvimi dönəmlərini arxada qoyur, yaz-əkin işlərinin başlanmasına rəvac verir. Buna görə də Yaz bayramı olan Novruz illər keçdikcə daha da zənginləşmiş, özündə milli fəlsəfi dəyərləri qoruyub saxlayan bir təqvim bayramına çevrilmişdir.
Yekun olaraq, bu qərara gəlmək
mümkündür ki, Şərq ölkələrində
müxtəlif təqvim sistemlərinin və əsasən də
Ayın dövriyyəsi ilə bağlı təqvim sisteminin əsas
götürülməsinə baxmayaraq, Azərbaycan xalqı
Günəş təqviminə uyğun xalq meteorologiyası
yaradıb və onun dəqiqliyinə inanıb.
Bilal
ALARLI HÜSEYNOV
ADPU
Cəlilabad filialının müəllimi, filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 24 fevral.-S.12.