Fəlsəfi gəzişmələr  

 

Sevdiyim filosof Niyazi Mehdi İmmanuel Kantı mənə necə sevdirdi

 

Niyazi Mehdi və Dilarə Mehdinin müştərək yazdıqları"Fəlsəfə tarixində fəlsəfə" kitabından aldığım bilgilər kontekstində "fantaziyalarım"

Vaxtilə Kant deyəndə ki, bütün  maddi varlıq öz sirlərini bizə axıradək açmayan, necəliyini sona qədər bilmədiyimiz nəsnələr məcmusudur - bu fikir heç də hamı tərəfindən anlaşıqlı qarşılanmadı. Elə indinin özündə də Kantın bu tezisinin mahiyyətini başa düşmədiklərindən onu istehzalı gülüşlə qarşılayan düşüncə sahibləri çoxdur. Məntiqləri belədir ki, hər şey mənim gözümün qarşısındadırsa, mən hər şeyin formasını, rəngini görürəmsə, əlimi vuranda bərkliyini, yumşaqlığını hiss edirəmsə, onlar necə Kantın dediyi kim sirrini gizlədən "özündə şey" ola bilər?

Amma Kantın təliminin növbəti tezisi bu etirazı  illüziyaya çevirir - Bizim gördüyümüz hər şey onun özü deyil, şüurumuzdakı əksi, yəni şəklidir. Hamımız onları ona görə eyni formada, rəngdə görürük ki, beynimiz və beynimizdəki məkan ölçüləri eyni quruluşa malikdir (Burda mötərizə açıb öz "fantaziyalarımın" bir tezisini təqdim edirəm: Məsələn, buğda dənəsini biz də görürük, qarışqa da, fil də. Hardan bilək ki, onlar da bu buğda dənəsini elə bizim gördüyümüz formada, rəngdə görürlər və kimin gördüyü buğda dənəsi elə o buğda dənəsinin özüdür?).

Burdan da növbəti tezisə - sonuca çıxırıq: Biz heç zaman gözümüzün gördüklərinin (yəni gördüyümüz şəkillərin) duyğularımızdan qıraqda hansı formada, rəngdə olmalarını  yoxlaya bilmiriksə, deyə bilmərik ki, dünya elə bizim gördüyümüz kimidir (Bu tezis "Allah dünyanın sirlərini bizə axıradək açmır, ən düzünü Allah bilir" inancımızla çox həmahəng səslənir).

Kantın dediyi və çoxlarına çatmayan "özündə şey" (yəni mahiyyəti özündə qalan, sirrini bizə açmayan şey) anlayışı da elə bunu deyir.

İndi isə Kantın dedikləri əsasında öz düşüncə sayrışmalarımı - "fantaziyalarımı" açıqlayıram:

1. Biz əslində öz duyğularımızın verdiyi və şüurumuzdakı şəkillərdən ibarət bir dünyada mövcuduq. Bu dünyanın əslinin (yəni orijinalının) necə olduğundan xəbərsizik və bunu heç vaxt bilməyəcəyik də. Materialistlərin çox xoşladığı obyektiv (yəni şüurdan asılı olmayan) gerçəkliyin necə olduğunu bir Allah bilir. Elə isə "obyektiv gerçəklik" anlayışı ilə materialistlər kimi spekulyasiya etmək yox, onu danışıq və yazı dilimizdən birdəfəlik çıxarmaq daha düzgün olar.

Bir şeyi ki, Allahdan başqa heç kim bilə bilməz, onu bilmək üçün çabalamaq da mənasız məşğuliyyətdir!

2. Biz bütün həyatımız boyu şüurumuzun verdiyi şəkillər dünyasında mövcuduqsa, hər birimizin tanıdığı hər kəs onun özü deyil, şəklidir. Hər birimiz özümüz üçün də, başqaları üçün də şəkilik. Deməli, dünya bizim duyğularımızın və şüurumuzun məhsuludur. Və deməli, dünyanı Allahın bizə verdiyi imkanlar daxilində dərk etməyin yeganə yolu - idealist filosofların təklif etdiyi yoldur.

3. Bizim bütün həyatımız başda özümüz olmaqla gördüyümüz şəkilləri gözəlləşdirmək, bizə xoş gələn, ləzzət verən görkə salmaq üçün çabalardır. Müasir terminologiya ilə desək, biz əməllərimizlə, düşüncələrimizlə bir növ fotoredaktor funksiyasını yerinə yetirən subyektlərik. Köhnə, xoşumuza gəlməyən fotoları fotoredaktor proqramında abıra alıb gözəlləşdirdiyimiz kimi, dünyanın şəklini də gözəlləşdirmək istəyirik. Bu işdə bizim ən güclü alətimiz, fotoredaktor "proqramımız" - ədəbiyyat, incəsənətdir. Və hər kəs də öz proqramının gücü çatan dərəcədə bu işi görə bilir.

4. Əgər biz "şəkillər dünyasında yaşayırıq" fikrini qəbul ediriksə (qəbul etməməyə isə əsasımız yoxdur), bu o demək deyilmi ki, gördüyümüz və içində olduğumuz dünya əslində hamımızın bir yerdə gördüyü böyük bir yuxudur və biz o yuxudan yalnız bu dünyadan köç edəndə ayılırıq?

Sonda "fantaziyalarımın" zirvəsində dayanan bir sualla bu qeydləri oxuyub mənimlə razılaşmayanlara üz tuturam:

Fərz edək ki, bizim dünyaya alternativ bir dünya da var və orada bütün insanlar elə doğulublar ki, gördükləri şüurlarında yalnız ağ-qara şəkillər kimi mövcuddur. Sizcə, o dünyanın adamlarının ağlına gələ bilərmi ki, dünya əslində, məsələn, bizim bildiyimiz kimi rəngbərəngdir?

P.S.  Mənim qeydlərimi sonadək oxumağa səbriniz çatdısa, Kantın ruhuna bir sağ ol deməyi, Niyazi Mehdiyə isə cansağlığı arzulamağı unutmayın.

İNTİHAR HAQQINDA

Statistika göstərir ki, intihar edənlər arasında maddi cəhətdən əziyyət çəkib həyatdan bezənlər, psixi zədə alıb ruhi-psixoloji tarazlığını itirənlərlə yanaşı, təmin olunmuş həyatdan doyub ondan üz döndərənlər də kifayət qədərdir (ruhi xəstələrin aqibəti ayrı söhbətin mövzusudur).

Maddi cəhətdən təmin olunmuş, demək olar ki, ömrü boyu arzuladıqları və nail olduqları hər şeyə - var dövlətə, şan-şöhrətə qovuşmuş tanınmış şəxslərin - məşhur yazıçıların, ümumxalq məhəbbəti qazanan sənət adamlarının da intihar etməsi həqiqətən də düşündürücüdür - axı necə ola bilər ki, arzuladığın hər şey əlinin altında ola, amma sən bundan bezib intihar edəsən?

Sən demə, bu sualın cavabı sırf fəlsəfi xarakter daşıyırmış. İş burasındadır ki, dünyanın, təbiətin və həyatın mövcudluğu imkanlar   reallıq arasındakı nisbətin qiymətindən birbaşa asılıdır. Yəni dünya ona görə mövcuddur ki, imkanların hamısı reallığa çevrilməyib. Həyat əslində imkanların reallığa tədricən çevrilməsi sayəsində mövcuddur, çünki bu çevrilmə prosesi dinamika, hərəkət, fəaliyyət deməkdir və əgər bütün imkanlar reallığa çevrilsə, inkişaf, fəaliyyət üçün heç bir motiv, stimul qalmaz.

Bu prosesə məişət, şəxsi həyat kontekstində baxdıqda mahiyyət dəyişmir: arzulanan hər şey reallığa çevrilirsə, hər şey əlinin altında olursa, bu o deməkdir ki, daha arzulamağa heç bir şey qalmayıb, bütün imkanlar reallığa çevrilərək  tükənib. Bu isə həyatın sönməsi, ölməsi deməkdir. Ölü həyatdan can qurtarmağın ən kəsə və təsirli yolu isə özünü həmin ölü həyatla identifikasiya etmək - yəni ölümə aparan intiharı seçməkdir.

Nə qədər acı da olsa, həqiqət budur...

SONU GÖRÜNMƏYƏN DARTIŞMA

Pis xüsusiyyətlərin daşıyıcısı olan mənfi obrazlar yaratmaq üzrə ixtisaslaşmış aktyorlardan, adətən, az yazırlar, hətta çox vaxt onları heç yada da salmırlar. Gətirilən arqument isə belədir: "Bir şey ki, arzuolunmazdır, həmişə inkar olunur, insanda ancaq neqativ hisslər doğurur, ona diqqət ayırmağa dəyərmi?"

Mənsə deyirəm: "Bəli, dəyər! Pisə də ən azından yaxşıya ayrılan diqqət qədər diqqət ayrılmalıdır. Çünki "yaxşı" ancaq "pisin" fonunda yaxşı olur - "pis" yoxdursa, heç "yaxşı" da olmur. Biz hansısa keyfiyyəti yalnız məqbul, məqsədəuyğun hesab etmədiyimiz keyfiyyətlə müqayisə edəndə həmin keyfiyyəti daşıyan bütün nəsnələr dönüb yaxşı olur. Məqbul və məqsədəuyğun olmayan keyfiyyət və həmin keyfiyyətə malik bütün nəsnələr isə pisdir. Deməli, pis yaxşının mövcudluğunun şərtidir, o yoxdursa, yaxşı da yaxşılığını itirib adiləşir, yəni yaxşı olmur.

Yaxşı - "nə yaxşı, nə də pis"dən yuxarı, pis isə aşağı sapmadır. Elə isə sual yaranır: Bəs onda nə pis, nə də yaxşı olanlar nədir?

Elə fikirləşməyin ki, bu sualın asan cavabı var.

Aydınlıq üçün sualı  konkretləşdirək və "yaxşı - pis" haçasından kənarda qalan nəsnələrin, hadisələrin nə olduğunu aydınlaşdıraq.

Əgər yaxşı (məqsədəuyğunluq, tələbatı ödəmək) və pis (məqsədə uyğun olmamaq, tələbatı ödəməmək) keyfiyyəti yoxlanılan hansısa bir nəsnənin, olayın əlamətləridirsə, deməli, yaxşısı və pisi olmayan hansısa bir nəsnə əslində hansısa anlayışı bildirən modeldir, maketdir, sadəcə içi boş olan forma və biçimdir. Biz "Masanın üstündə kitab var"  - deyəndə sadəcə olaraq kitab anlayışını verən maketə işarə edirik, kitabın yaxşı, yaxud pis olmasına yox.

Bütün bu deyilənləri insanlara da şamil etmək olar. Yaxşı adam mənim (sənin, onun... toplumun) təsəvvüründə məqdədəuyğun, mənin (sənin... cəmiyyətin) tələbatına uyğun işlər görən adamdır. Amma iş burasındadır ki, pis adamlar olmasaydı, bu keyfiyyətləri "yaxşı" kimi formula eləmək şansı da olmayacaqdı, yəni yaxşılıq aktuallığını itirəcəkdi. Nə yaxşı, nə də pis olan adam isə heç bir keyfiyyət daşımayan vücud, əyninə gözəl paltar geyindirilib mağazaların vitrinlərinə qoyulmuş maniken kimi bir şeydir.

İşıqlı hava anlayışı yalnız qaranlığı, isti anlayışı yalnız soyuğu tanıyan şüurda yarana bildiyi kimi, yaxşı adam anlayışı da yalnız pis adamın nə olduğunu bilən ağlın məhsulu ola bilər.

Deməli, "pisin" diqqətdən kənarda qalmalı olduğunu düşünmək hardasa yaxşı üçün quyu qazmağa, bu anlayışı məhv etməyə yönəli düşüncədir.

Yaxşının əzəməti, gücü, möhtəşəmliyi yalnız pisə münasibətdə, pislə nisbətdə reallaşır və onda biz pisi arzuolunmaz hal kimi inkar eləməklə yanaşı, həm də "sevməli", "başını tumarlamalıyıq" ki, məhz onun sayəsində yaxşını görür, tanıyır və sevirik!

Və sonda: bu, heç də o demək deyil ki, bununla biz pisi hörmətə mindirir, onun fəaliyyətinə, yaxşıya qarşı hücumlarına meydan açırıq. Xeyr, belə deyil.

Aydınlıq üçün bütün personajları yalnız yaxşı adamlar olan, süjeti bütünlüklə   yaxşı, arzuolunan hadisələr üzərində qurulmuş bir roman, dram əsəri, film tamaşa təsəvvür etməyə çalışın.

Yaxud ağ fonda eynilə həmin  ağ rənglə nə isə bir şəkil çəkməyə səy göstərin.

Heç nə alınmayacaq.

 

Deməli, nə qədər paradoksal olsa da, dünyanın ucdantutma  yalnız yaxşılardan, yaxud pislərdən və nəhayət, nə yaxşı, nə də pislərdən ibarət olması da mümkün deyil. Belədə dünya başdan-başa ya ağ, ya da qara fon kimi bir şey olar. Qara fonda yalnız ağ, ağ fonda isə yalnız qara daha kəskin görünür.  Canlı həyatın atributu olan hərəkət, irəliyə sıçrama üçün pisə də həmişə ehtiyac var, çünki insan yaranandan az sonra - Habil qardaşı Qabili öldürdüyü andan bəri milyon illərdir ki, həyat yaxşı ilə pisin, xeyirlə şərin mübarizəsi üzərində qurulub və bu mübarizənin sonu görünmür.

 

Çox təəssüf ki, bu son heç vaxt gəlməyəcək.

Deməli, pisin həmişə var olacağı ilə barışmaq lazımdır.

Amma narahat da olmayın -  dünya heç vaxt başdan-başa pisin əsiri də olmayacaq!

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023.- 24 fevral.-S.11.