Xocalını gözləyən təhlükə
MƏN BU BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİM
(Əvvəli ötən sayımızda)
31 il əvvəl baş vermiş və
bütövlükdə Qarabağın itirilməsinin
başlanğıcını qoyan Xocalı qətliamı nədən
baş verdi, günahkarlar kimdir, faciənin
qarşısını almaq olardımı? Bütün
bu suallara cavab tapmaq üçün 30 ildə
saysız-hesabsız məqalələr, kitablar yazılıb,
təhlillər aparılıb, mülahizələr irəli
sürülüb, faktlar araşdırılıb. Qan
yaddaşımızda dərin izlər qoymuş faciəyə
aparan yol, başvermə səbəbləri, dəhşətləri,
düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri
həmin dövrdə mətbuatda - əsasən də cəbhə
müxbiri işlədiyim "Ədalət" qəzetində
dərc etdirdiyim materiallarda aydınlığı, tutarlı
faktlarla tam əksini tapmışdı. İndiki nəsildə
Xocalı müsibətinin baş vermə səbəbləri
və nəticələri barədə aydın təsəvvür
olsun deyə 31 il əvvəl dərc
olunmuş həmin materialların bir qismini oxuculara təqdim
edirəm.
Onlara sakitcə, heç nə olmamış kimi Qarabağdan uzaq kənd və şəhərlərimizdə, tarla düşərgələrində dam və tövlələrdə sığınacaq verdik. Düşmənin bu barbarlıq əməlinə tutarlı cavab vermək əvəzinə rəhbərlərimizin ürəyindən hələ respublikamızda yaşayan erməni uşaqlarının başını sığallamaq keçdi. Erməninin ayağı daha da yer aldı. Say-seçmə oğullarımızın oturduğu vertolyotu partladanda da erməni əmin idi ki, bu ağır cinayətə görə onu heç kim cəzalandırmayacaq. Elə, belə də oldu. Vertolyotun qara qutusunu öz əlimizlə Moskvaya verib bu faciəyə də bir yekə nöqtə qoyduq.
"İradəmizə","dözümümzə","hünərimizə" tam bələd olan erməni əmin - arxayın öz planlarını davam etdirdi. Qarabağı oda qalanmağa başladılar. Meşəli, Cəmilli, Kərkicahan işğal olundu. 1992-ci ilin əvvəlində vəziyyət son dərəcə mürəkkəbləşdi. O günləri doğma ocaqlarından didərgin düşmüş qarabağlıların pənah yeri olan Ağdamda keçirirdim. Prezidentin Qarabağ üzrə nümayəndəliyinin qərargahında qəribə mənzərələrlə üzləşirdim. Ratsiyada Malıbəyli, Quşçular imdad diləyirdi. Quş tüfəngi ilə zirehli tankların qabağında durmuş kənd sakinləri qadınları və uşaqları kəndlərdən çıxarmaq üçün vertolyot istəyirdilər. Prezidentin nümayəndəsi Musa Məmmədovu tapmaq mümkün deyildi. Onun keçmiş rayon partiya komitələrinin birinci katibləri - Əhəd Kərimov, Elman Tağiyev və başqalarından ibarər "cərimə batalyonu"na bənzəyən komandası aciz qalmışdı.
Qeyrət qalası sandığımız Şuşanın da vəziyyəti ağır idi. Həmin günlərdə biz qəzetimizdə belə bir xəbər verdik: "...Ermənilərin Şuşaya ən böyük həmləsi olub. 10 nəfər ölüb, 35 nəfər yaralanıb".
Sanki bu xəbər prezident binasının divarlarına dəyib geri qayıtdı.
Malıbəyli ilə Quşçular viranə qoyuldu.
Ermənilərin Əsgəran qalasının nəhəng darvazasını beton plitələrlə hördüklərini qəzetimizdə xəbər verdik. Kimin vecinə idi?!
Lap axırda - qəzetimizin 28 yanvar 1992-ci il tarixli 7-ci sayında bu həyəcanlı xəbəri dərc etdik: "Xocalıda vəziyyət gərgin olaraq qalır. Şəhər neçə müddətdir ki, mühasirədədir. Respublika rəhbərliyi tezliklə Əsgəran yolunun açılması ilə bağlı tədbir görməsə, xocalıların vəziyyətinin necə olacağını bilmək üçün Peyğəmbərlik etmək lazım deyil".
Amma əfsuslar olsun ki, respublika rəhbərliyində bu harayı eşidən, bu həqiqəti dərk edən də tapılmadı.
Təpərimizi, tərpənişimizi tamamilə ələkdən keçirən məkrli düşmən daha da quduzlaşdı.
...Bu da
fevralın 25-i axşam. Qışın sərt
soyuğu Xocalı üzərinə hüznlü bir duman
çökdürmüşdü. Şəhərdə
işıq yanmırdı. Güllə və
mərmilərin işıqları qəflətən şəhəri
süd rənginə boyadı. Rus və
erməni hərbi birləşmələri şəhəri
oda qalamağa başladı. Xocalı
müdafiəçiləri son güllələrinədək
vuruşurdular. Fəqət güclər
nisbəti ağlagəlməz dərəcədə qeyri-bərabər
idi.
Xocalı düşmən tanklarının
tırtılları altında fəryad qoparırdı. Yerdən və
göydən əli üzülmüş binəva insanlar
hansı səmtə, kimin üstünə
qaçdıqlarını bilmirdilər. Öz
torpağında, öz yuvasında ölümə məhkum
olunmuş adamların ah-naləsi ərşə bülənd
olmuşdu. Sanki bu nalə Tanrıya da
çatmırdı.
Bakı isə oturub dünyanın informasiya vasitələrindən
Xocalıda baş verənlər barədə məlumat
gözləyirdi. Bədəni düşmən gülləsindən
şan-şan olub meyitləri meşələrdə, düzənlərdə
üşüyən körpələrin, düşmən tərəfindən
hər cür həqarətə məruz qalan qızların,
qadınların, gözləri çıxarılmış
kişilərin taleyindən yalnız bir neçə gün
sonra xəbər tutdu Bakı, Azərbaycan...
Təsadüfən canını qurtarıb o soyuqlu -
sazaqlı günlərdə Ağdama gəlib
çıxmış miskin görkəmli adamlarla
üz-üzə dayanmaq nə qədər ağır, nə
qədər dəhşətli idi. Həmin günlərdə
girovların və meyitlərin alınmasında yeganə can
yandıran Allahverdi Bağırov oldu. İkrahla və qəzəblə
xatırlayıram ki, meyitləri və girovları almaq
üçün dövlət səviyyəsində heç
bir iş görülmədi.
Həmin günlər Ağdam rayon xəstəxanası
qarşısındakı mənzərəni Kərbəla
müsibəti ilə müqayisə etmək olardı. O günlərdə dəftərçəmə
köçürdüyüm qeydlərə hər dəfə,
ürək ağrısı, qəhərdən boğula -
boğula baxıram. Buraya toplaşmış
adamlar sutkalarla gözlərini məchulluğa dikib itkinlərinin
ya ölüsünü, ya da dirisini gözləyirdilər.
Paradoksa bax - ölüsünü tapanlar da dirisini tapanlar qədər
sevinirdilər...
Tək-tək gələnlərdən isə ancaq
acı xəbərlər eşidilirdi.
...18
yaşlı Dürdanəni və 25 yaşlı Səidəni
5 yaşlı körpəsi ilə birlikdə quldurlar
apardılar.
...150 nəfər
Dəhraz kəndindəki toyuq fermasında əsir
saxlanılır.
...Tofiqə
öldürülüb. 2 yaşlı körpəsi
bir sutka inləyə-inləyə anasının sinəsində
qalıb. Sonra isə donub.
...Qaryağdı
kişi 9 nəfər ailə üzvü
ilə birlikdə Abdal Gülablıya tərəf üz tutub.
Yolda qardaşının ayaqları tutulub.
Ailəsini ötürüb gecə meşədə
qalmalı olub. Sonra qardaşını
çiyninə alıb Ağdama gəlib. Amma
ailəsi gəlib çıxmayıb.
...Bakıdan
gəlmiş B.Məmmədov bircə onu bilir ki,
qardaşı Vaqif öldürülüb. Qalan
30 nəfər qohum-əqrəbasından heç bir soraq
yoxdur.
...Eminin
babası Məhəmməd, nənəsi Bağdad gözləri
qarşısında qətlə yetirilib, atası Səfər
itib...
Düşmən çox zalım imiş. Erməni həmin
gün Allahın insanlara bəxş etdiyi bütün hisslərdən
məhrum olmuş, zatı bilinməyən bir məxluq
olduğunu bir daha sübut etdi.
Qarı düşmənin caynağından qurtulub qar
üstündə ayaqyalın addımlayan iki gənc
qadının biri qəşş edib gülürdü. Hamı bu
meydan üçün yadlaşmış qəhqəhə gələn
tərəfə baxdı. Milliyyətcə tatar olan Nəsimə
hərdən gülüşünə ara
verib qəribə şeylər danışırdı. Və qəfildən o, bütün vücudu ilə
dəyişib qadına xas olmayan nərə çəkib,
acı fəryad qopardı.
Nəsimə həmin gecə yüzlərlə həmşəhərlisi
kimi üzü Şelliyə tərəf qaçmağa
başlayıb. Düşmən onu haqlayanda körpəsi
Sarvanını itirib. Onu 30 nəfər əsirlə
birlikdə Əsgəranın milis şöbəsinə
aparıb, dözülməz işgəncə veriblər.
Nəsimənin vəziyyəti
ağırlaşıb. Qatillər onu
"sağaltmaq" üçün damarına iynə
vurublar. Qadın huşunu itirib. Ayılanda görüb ki, onu Elza adlı bir həmyerlisi
ilə buraxırlar ki, gedin sizi meyitlərimizlə dəyişirik.
Nəsimə əsirlikdəki yerlilərindən
və həyat yoldaşı Elxandan ayrılmaq istəməyəndə
quldurlar avtomatın qundağını işə salıb və
hər iki qadını saçlarından tutub sürüyə
- süryə bayıra atıblar.
Xocalının ümidi, pənahı - ömrü boyu
erməni hiyləsinin qurbanı olmuş Əlif Hacıyev və
silahdaşları, son gülləsinə, son nəfəslərinə
qədər düşmənə müqavimət göstərmişdi.
Xocalı soyqırımının bütün dəhşətlərini
yazmağa qələm acizdir. O gün, o saat olmur ki, Xocalı
müsibəti Xocalı qurbanları göz önünə gəlməsin.
Xocalı ürəklərimizdə
düyünlənmiş bir yaradır.
Yadımda qalan bir epizodu xatırlayanda bu yara daha çox
qövr edir.
Bir milis əməkdaşı danışırdı ki,
həmin günlər postda durmuşduq. Ermənilər
işgəncə verdikləri bir Xocalı qadınını
qışqırığını, fəryadını
ratsiya ilə bizə eşitdirirdi. Qadın bizdən
imdad diləyirdi...
İndiyədək cəsarətim çatıb qələmə
ala bilmədiyim bu sətirləri oxuyanlar arasında məni
qınayanlar da tapılacaq. Amma həqiqəti gizlətmək
olmaz. Azərbaycan qadınının ismət
və ləyaqətinin ayaqlar altında tapdanmasını
açıq yazmağa məcbur oldum. Ona görə məcbur
oldum ki, hələ də Xocalı dəhşətini
duymayanlara düşmənimizin kim
olduğunu göstərim. İntiqam
zamanının yetişdiyini anladım. Çünki hələ
də ermənilərin əlində oyuncağa
çevrilmiş, istədikləri kimi rəftar etdikləri
Xocalı qız - gəlinləri var...
Danılması
mümkün olmayan bu acı həqiqətləri oxucuya
çatdırmaqda daha bir məqsədim var. Xocalı faciəsini
təhqiq edən deputat istintaq komissiyasının fəaliyyəti
Milli Məclisdə müzakirə olunanda və hər dəfə
bu müzakirənin gedişinə baxanda həmin məclisi
boş və mənasız, baş aldatmaq üçün
yaradılmış bir toplantıya bənzədirəm.
Xocalı
faciəsinin günahkarları axtarılır... Mən bilmirəm,
bu "çanaq kimin
başında çatlayacaq". Amma ürəyimə damıb
ki, araya bir şeytan
girib və bu şeytan hər an millət vəkillərimizin diqqətini əsl faciəyə
yönəltmələrinə
məharətlə mane olur...
Lap tutaq ki, faciənin beş - üç nəfər günahkarı tapıldı - asdılar onları, boyunlarını vurdular, güllələdilər. O zaman erməni Xocalını qaytarıb verəcəkmi? O zaman zindanlarda zillət çəkən əsirlərimiz qaytarılacaqmı? Xocalı şəhidləri diriləcəkmi? Yox! Bunların heç biri baş verməyəcək. Günahsız insanların qanına boyanmış Xocalı düşmən tapdağında inləyir. İntiqam barədə müzakirə aparmaq vaxtıdır - İNTİQAM!!!
Şuşanın, Laçının düşmənə təslim edilməsinin təqsirkarları axtarılır. Burada bir məntiq var - Qarabağın incilərinin düşmənə verilməsində əli olanları tanıyanlar da var. Bəs, onlar nə üçün susurlar? Niyə gizlədirik ki, xalq onsuz da haqlı olaraq həmin dövrlərin ictimai - siyasi hadisələrini analiz edib Xocalı, Laçın, Şuşa və digər yaşayış məntəqələrimizin düşmənə təslim edilməsini siyasi oyunların nəticələri kimi qiymətləndirir. Xalq həmin oyunların oyunçuları arasında istər keçmiş rəhbərlərin, istər indiki iqtidarın və siyasi partiyaların nümayəndələrini olduğuna qəti şübhə etmir. Bu mənada Milli Məclisimizdəki millət vəkillərini də, iqtidarda olanları da, müxalifəti də mən göz-gözə yatmış qurdlara oxşadıram.
Beləliklə hər bir kəndimiz, hər bir şəhərimiz işğal olunduqca yeni istintaq komissiyaları yaradılacaq. Hər uğursuz əməliyyatın günahkarı axtarılacaq. Milli məclis mübahisə edəcək, disskusiya açacaq. Küçədə, dükanda, bazarda ağzımız köpüklənə-köpüklənə hərəmiz bir mülahizə yürüdəcəyik. Heç nəyə gücü çatmayan hərbi komissarlıqlar gecələr evlərə girib, yaşına, hərbi peşəsinə, sağlamlığına, ailə vəziyyətinə baxmadan "əsgərləri" avtobusa doldurub cəbhəyə yollayacaq, sovet ordusunda "stroybatta", "kuxnada" xidmət etmək alnına yazılmış oğlanlarımız ilk dəfə avtomatı əlinə alıb ən müasir silahlarla yaraqlanmış düşmənlə çarpışmaya girəcək, hər əməliyyatdan sonra şəhər və kəndlərimizdə çoxlu yas çadırları qurulacaq. Düşmən isə addım-addım torpaqlarımıza yiyələnəcək.
Vətən müharibəsində qələbə çalmaq üçün ən düzgün yol bütün ölkədə müharibə vəziyyəti elan etmək, qələbəyədək bütün siyasi tədbirləri dayandırmaq, partiyaların fəaliyyətini dondurmaq, bütün diqqətimizi, gücümüzü, varımızı, yoxumuzu müharibəyə həsr etməliyik. İndiki vətənpərvərliyimiz, igidliyimiz özümüzə də saxta görünmürmü?.. Az qala millətin yarısı deyirdi ki, Şuşa getsə təpəmə güllə çaxacam. Amma hansımız sözümüzün üstündə durduq? Boş yerə hay-küydən əməli işə keçmək lazımdır. Yoxsa uduzacağıq-itirdiklərimiz artacaq, onları geri almaq müşkülə çevriləcək.
Müharibə qanunlarına əməl etməyi əsrin ən böyük faciəsi olan Xocalı qurbanlarının, torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhu tələb edir. Son və qəti döyüşümüzü düşmən əsirliyində olan soydaşlarımız həsrətlə gözləyirlər. Dədə Ələsgərin uyuduğu torpaq, suyu, havası murdar nəfəslərlə zəhərlənmiş Zəngəzur mahalı gözləyir...
27 fevral 1993-cü il.
Faiq
SADIQOV
Əməkdar
jurnalist
525-ci qəzet.- 2023.- 24 fevral.-S.6.