Molla rejiminin antiazərbaycan
siyasəti
44
günlük Vətən müharibəsində ölkəmizin
qazandığı hərbi-siyasi qələbə, regionda
artan gücü və üstün mövqeyi,
görünür, heç də hər kəsin sevincinə səbəb
olmadı, əksinə, illərdən bəri qurulan, rahat və
arxayın şəkildə yürüdülən mənfur
siyasi düzəni pozdu, gələcəyə yönəlik məkrli
planları alt-üst etdi.
Yanvarın
27-si səhər saatlarında ölkəmizin Tehrandakı səfirliyinə
qarşı törədilən məlum terror hücumu bu
çirkin siyasətin davamı, dərin keçmişə
söykənən, lakin "dostluq və qardaşlıq"
pərdəsi arxasında gizlənən düşmənçilik
mövqeyinin yeni və kəskin ifadəsi kimi özünü
aşkar formada nümayiş etdirdi.
Səfirliyimizə qarşı törədilən bu
hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən
kəskin etiraza səbəb oldu. Prezident İlham
Əliyev və Xarici İşlər Nazirliyi ilk andan hadisəni
terror adlandırmaqla bu qanlı hadisəyə qəti və dəyişməz
mövqeyini bildirdi. Ölkəmizin
İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti
dayandırılmasına, səfirlik əməkdaşlarının,
eləcə də onların ailə üzvlərinin acilən
təxliyəsinə qərar verildi. Həyata
keçirilmiş bu tədbirlər Azərbaycanın İran
hökumətinə olan güvən və etimadının
bitdiyinin aydın göstəricisi idi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə
qarşı törədilən silahlı hücumla
bağlı rəsmi Tvitter hesabında paylaşım edərək
törədilmiş terror aktını şiddətlə
qınadığını, günahkarların cəzalandırılmasını
tələb etdi: "Bu gün Tehrandakı Səfirliyimizə
qarşı törədilmiş terror aktını şiddətlə
qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının
mühafizəsini təmin edərkən həlak olan baş
leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və
yaxınlarına dərin hüznlə
başsağlığı verirəm.
Bu terror aktının tezliklə
araşdırılmasını və terrorçuların cəzalandırılmasını
tələb edirik. Diplomatik nümayəndəliklərə
qarşı terror hücumu qəbuledilməzdir!"
Bu rəsmi
münasibət qarşı tərəfin cinayəti
ört-basdır etmək, onu məişət səviyyəsinə
yendirmək səylərinə cavab olaraq, hadisənin sırf
terror aktı olduğuna dair ən ali səviyyədə
verilən layiqli qiymət idi.
Həmçinin, dünya ölkələri, beynəlxalq
qurumlar, təşkilatlar, hətta BMT səviyyəsində
İran hakimiyyətinin diplomatik və hüquqi kontekstdə
cavabdehliyinin dərindən dərk edilməsi məqsədilə
bu çirkin hadisəyə düzgün siyasi qiymət
verildi, şiddətlə qınandı.
18 aprel
1961-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində
dövlətlər arasında dostluq münasibətlərini
inkişaf etdirmək, dövləti təmsil edən orqan kimi
diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli
şəkildə həyata keçirilməsini təmin etmək,
eyni zamanda, diplomatik nümayəndəliklərin statusunu və
funksiyalarını müəyyən etmək məqsədilə
qəbul edilmiş ali beynəlxalq hüquqi sənəd (giriş
hissə və 53 maddədən ibarət) olan Vyana
Konvensiyasına əsasən hər bir dövlətin digər
dövlətdə olan səfirliyi həmin dövlətin ərazisi
hesab edildiyindən toxunulmazdır və hər bir dövlət
onun mühafizəsinə, təhlükəsizliyinə
hüquqi məsuliyyət daşıyır.
"Diplomatik
əlaqələr haqqında" Vyana Konvensiyasının
22-ci maddəsinin 2-ci bəndində deyilir: "Nümayəndəliyi
hər cür hücumlardan və zərərlərdən
qorumaq və nümayəndəliyin sakitliyinin
pozulmasının və ya şərəfinin təhqir
olunmasının qarşısını almaq üçün
lazımi tədbirlər görmək yerləşmə
dövlətinin xüsusi vəzifəsidir".
Lakin
görünür, müasir dünya sivilizasiyasından
özünü təcrid edən, hələ də saxta
dini-siyasi ideoloji əsasda mağara üsuli-idarəsi ilə
ölkəni idarə edən ibtidai düşüncə tərzli
fars rejimi üçün bu kimi beynəlxalq
hüquqi öhdəliklər yetərli sayılmır.
Qeyd edək
ki, İrandan fərqli sivil və demokratik dövlət olaraq
respublikamızda məlum dövlətin, o cümlədən,
ölkəmizdə fəaliyyət göstərən digər
xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri,
onların hər bir əməkdaşının təhlükəsizliyi
beynəlxalq öhdəliklər və Azərbaycan
Respublikasının qanunvericiliyinin tələblərinə
uyğun şəkildə, yüksək səviyyədə təmin
olunur.
Eyni zamanda, Azərbaycan tərəfi olaraq bizlər hər
zaman öz mövqeyimizi aşkar şəkildə ifadə
etmişik - bütün dövlətlərlə
qarşılıqlı hörmət və ehtirama əsaslanan
əməkdaşlıq münasibətlərini qorumaq və
inkişaf etdirmək. Biz haqlı tərəf olaraq qarşı
tərəfdən də sözdə deyil, əməldə də
üzərinə götürdüyü öhdəlikləri
icra etməsini gözləyirik. Bu bizim təbii
və qanuni haqqımızdır.
İndiki situasiyada İran tərəfinin bu silahlı
faciənin qarşısını almaması və ya almaq istəməməsi
fonunda gözləntimiz ondan ibarətdir ki, qarşı tərəf
bu qanlı terror hadisəsini törədən şəxs və
onun arxasında duran, onu himayə edən qüvvələrin,
cinayətin təşkilatçılarının müəyyən
edilməsi və məsuliyyətə cəlb olunması
istiqamətində çox ciddi araşdırmalar aparsın, əməli
tədbirlər görsün.
Ümumilikdə isə son zamanlar İranda ölkəmizə
qarşı qərəzli və düşmən
ritorikasının sərtləşməsi, Azərbaycanla sərhəddə
Araz çayı boyunca keçirilən təxribat xarakterli hərbi
təlimlər rejimin ölkəmizə qarşı
yürütdüyü anti-Azərbaycan siyasətinin əsl
mahiyyətini əyani şəkildə nümayiş etdirir. Ölkəmizə
qarşı davam edən təhdidlər fonunda törədilən
məqsədli xain terror hücumu onsuz da mürəkkəb
olan münasibətləri daha da gərginləşdirməyə
xidmət etmiş oldu.
Eyni zamanda, ölkəmizdə dünyəvi dövlətçiliyimizə
qarşı din pərdəsi altında daxili sabitliyi pozmaq,
iğtişaşlar törətmək məqsədilə
xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi
formalaşdırmaq cəhdlərinin də şahidi oluruq. Lakin İran tərəfi
anlamalıdır ki, regionun sabitlik adasına çevrilən
Azərbaycanda mövcud vəziyyəti dəyişmək,
öz məkrli planlarını reallaşdırmaq cəhdləri
baş tutmayacaq. Bu gün ölkəmizdə xalq-iqtidar
birliyi, Azərbaycan xalqının müdrikliyi, ali
siyasi iradə və düzgün idarəetmə sistemi bu sahədə
maraqlı qüvvələrin bütün mənfur
planlarını alt-üst edəcək.
Uzun illərdir
Arazın o tayında yaşayan 40 milyona yaxın cənublu
soydaşımız şovinist molla rejimi tərəfindən
sistematik olaraq təzyiqlərə məruz qalır, doğma
ana dillərində təhsil almaq imkanından məhrum edilir,
milli kimliklərinin unutdurulmasına, assimilyasiyaya
uğramasına çalışılır. Öz təbii
haqlarını, milli hüquqlarını tələb edənlər
isə qəddar rejim tərəfindən həbs olunur və
ya edam edilir, ailələri,
yaxınları isə mütəmadi təqib və təzyiqlərə,
qeyri-insani qadağalara məruz qalırlar. Hazırda
İranın siyasi rejiminin əzablarına düçar
olmuş, baş götürüb dünyanın müxtəlif
ölkələrinə pənah aparmış minlərlə
mühacir cənublu soydaşımız var. Azərbaycan hər
zaman beynəlxalq müstəvidə dünya azərbaycanlılarının,
xüsusilə cənublu soydaşlarımızın hüquq
və azadlıqlarının təmin edilməsi istiqamətində
ən ali səviyyədə dəyişməz
münasibət sərgiləmiş, onların müdafiəsinə
qalxıb. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 11 noyabr 2022-ci il tarixdə
Özbəkistanın Səmərqənd şəhərində
təşkil olunmuş Türk Dövlətləri Təşkilatının
IX Zirvə Görüşündəki
çıxışı zamanı açıq şəkildə
bildirmişdi: "Türk dünyası təkcə müstəqil
türk dövlətlərindən ibarət deyil, onun
coğrafi sərhədləri daha genişdir. Hesab
edirəm ki, Türk Dövlətləri Təşkilatının
üzvləri olan ölkələrdən kənarda yaşayan
soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin,
milli kimliyinin qorunması, onların assimilyasiyaya
uğramaması kimi məsələləri artıq təşkilat
çərçivəsində daimi əsasda diqqətdə
saxlamağın vaxtı gəlib çatmışdır.
Türk dünyasında gənc nəslin
yaşadıqları ölkələrdə məktəblərdə
öz ana dilində təhsil almaq imkanı olmalıdır.
Əfsuslar olsun ki, Azərbaycan dövlətinin
hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının
əksəriyyəti bu imkanlardan məhrumdur".
Otuz ilə
yaxın davam etmiş işğal dövründə
haqsızlığa göz yuman, tarixi-mədəni
abidələrimizin məhv edilməsinə, müqəddəs
məkanlarımızın təhqir edilməsinə, məscidlərin
tövlə kimi istifadəsinə susqunluq nümayiş etdirən
riyakar İran rejimi nədənsə indiki dövrdə daha
aktiv şəkildə davranır, ölkələrin beynəlxalq
səviyyədə tanınan sərhədlərinin
toxunulmazlığından dəm vurur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2022-ci il tarixdə ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi: "İran rəsmiləri, o cümlədən, çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik".
Hələ də imperiya xəyalları ilə yaşayan, Azərbaycanı "Şimali İran" adlandıran şovinist İran hakimiyyəti anlamalıdır ki, son min ildə bu coğrafiyada yaranmış bütün dövlətlər - Böyük Səlcuqilər, Hülakilər (Elxanilər), Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk dövlətləri olmuş, türklər tərəfindən idarə edilib. Bu tarixi gerçəklikləri nə qədər saxtalaşdırmağa çalışsalar da, ona müvəffəq olmayacaqlar.
Geosiyasi dəyişikliklərin qəbuledilməzliyi bəhanəsi ilə Zəngəzur dəhlizini "Turan yolu" adlandırmaqla əslində, indiki rejim türk dövlətləri arasında genişlənməkdə olan qardaşlıq münasibətlərinin inkişafı fonunda böyük Türk birliyindən doğan qorxusunu aşkar şəkildə biruzə verir.
Görünür, riyakar rejim hələ də İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu" ilə qazanılan tarixi Zəfər nəticəsində regionda formalaşan yeni geosiyasi reallıqları həzm edə bilmir.
Eyni zamanda, İranın mövcud
siyasi rəhbərliyi uzun illərdir öz qurduqları sistemin
yarıtmazlığı səbəbindən ölkədə
tuğyan edən daxili böhrandan yayınmaq, xaricdə yeni
düşmən axtarışı bəhanəsi ilə əhalini
manipulyasiya etmək məqsədi güdür. Lakin
terrorçu zehni ilə hərəkət edən molla rejimi
anlamalıdır ki, bu qısqanclıq hisslərindən
yaranan düşmənçilik mövqeyi onun daha çətin
və çıxılmaz hallarla üzləşməsinə
gətirib çıxaracaq.
Coşqun
MƏMMƏDOV
Azərbaycan
Respublikasının Milli Məclisi Elm və təhsil komitəsinin
eksperti
525-ci qəzet.- 2023.- 24 fevral.-S.7.