Risk cəmiyyəti və təbii
fəlakətlər
Son dövrlərə qədər
"risk" məfhumu daha
çox sığorta şirkətləri,
bank sektoru və dəqiq
elmlər sahəsində
çalışan alimlər
tərəfindən istifadə
olunan texniki məfhum hesab olunurdu. Alman sosioloq Ulrix
Bek 1986-cı ildə nəşr olunan "Risk cəmiyyəti" kitabında
ortaya qoyduğu nəzəriyyə ilə
bu məfhumu müasir cəmiyyəti tərif edən və açıqlayan əsas sosioloji konsepsiyalardan birinə çevirdi.
Ulrix Bek riski "modernləşdirmənin özü
tərəfindən yaradılan
və müəyyən
olunan təhlükə
və güvənsizliklərlə
sistematik şəkildə
mübarizə aparmağın
yolu" kimi tərif edir və risk məfhumunun müasir insanın həyat fəaliyyətində
aparıcı rol oynadığını qeyd
edir. U.Bek müasir dövrün
müxtəlif növ
risklərlə, ilk növbədə
siyasi, texnoloji, iqtisadi və kültür riskləri ilə xarakterizə olunduğunu vurğulayır.
Bu bağlılıqda da riskin insan
həyatında tarixdə
görünməmiş status aldığının altını
cızır. Sosioloqa
görə risk məfhumu modern cəmiyyətin
ən önəmli reallığıdır və
bütün bəşəriyyətin
mövcudluğu bir
risk məsələsinə çevrilib. Onun fikrincə, risk cəmiyyəti
modernləşməni təsadüfi
və şüursuz formada yaşayır.
Həmçinin, riskin əvvəlcədən
proqnozlaşdırıla bilməməsi
bu cəmiyyətin əsas xüsusiyyətlərindən
biridir. Ənənəvi
cəmiyyətdə insanlar
yalnız risklərdən
təsirləndiyi halda,
müasir cəmiyyətdə
isə insanlar, həm bu risklərin
istehsalçısı, həm
də onlardan təsirlənən durumundadır.
Eyni zamanda
U. Bek riskləri xarakterizə edərkən
"istehsal olunmuş
qeyri-müəyyənlik" anlayışından istifadə
edir. Bu mənada modern sənaye
cəmiyyətlərinin üz-üzə
qaldığı risklər,
təbiət hadisəsindən
daha geniş bir spektri əhatə
edir. Belə ki bu risklər modernləşmənin
məhsulu olan yeni texnologiyalar vasitəsilə müasir dünyanı bir növ sınaq laboratoriyasına çevrir.
Bu prosesi bəşəriyyətin
məhvinə səbəb
ola biləcək
potensiala malik olduğu qeyd olunur.
Bu mənada bu gün dünyamızda miqdarı sürətlə
artan epidemiyalar, zəlzələlər və
bunun kimi təhlükələr təbii
hadisələr nəticəsində
yaransa da, onları fəlakətə
çevirən siyasi,
iqtisadi və sosial proseslər hesab olunur. Başqa sözlə
desək, yaranmalarına
görə xarici risk xüsusiyyətinə malik
olan təbii fəlakətlər təsirli
olduğu yerlər (məkan baxımından) və nəticələri
(zərər baxımından)
araşdırıldığında istehsal edilmiş risklərə çevrilir.
Bəşəriyyət tarixinin ən kütləvi epidemiyalarından biri kimi tarix səhnəsinə
çıxan və
daha fəsadlarını
ən ağır şəkildə hiss etməyə
davam etdiyimiz Covid -19 pandemiyasının ortaya çıxması ekoloji tarazlığın pozulması
ilə sıx bağlıdır. Təəccüblü deyil ki, ekoloji
tarazlığa əhəmiyyət
verməyən, daha çox qazanc və daha çox
mənfəət prinsipini
əldə rəhbər
tutan kapitalist sistem təbii ərazilərə müdaxilə
edərək həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli
risklər yaradır.
Bu mənada təbii fəlakət və təhlükəyə
(zəlzələ, sel,
uçqun, sürüşmə
və s) məruz qalma ehtimalı olan rayonlarda yaşayış məskənləri
ərazilərdə tikinti
işlərinin aparılması,
bir tərəfdən
insanların həddindən
artıq qazanc əldə etmə ambisiyasının nəticəsidirsə,
digər tərəfdən
onun təbiətə mütləq
hökmranlıq edə
biləcəyi düşüncəsinin
məhsulu olan eqosentrik və komformist həyat tərzinin sonucudur.
Təsadüfi deyil ki, zəlzələ mütəxəssisləri təbii fəlakətin miqyasından daha çox insanların hazırkı davranışlarının necə olduğundan narahatdırlar. Başqa sözlə tikintiyə başlamadan əvvəl ərazidə aparılmış geoloji və topoqrafik tədqiqatların nəticəsində tərtib olunmuş hesabatların olub-olmaması, həmçinin, bu hesabatda ərazinin seysmikliyi özəlliklərinin də öz əksini tapıb tapmaması, istifadə olunan materialların standartlara uyğun olub-olmaması, inşaat sahəsində çalışanların keyfiyyət parametrləri zəlzələnin fəsadların miqyasını müəyyən edəcək. Bu mənada əgər zəlzələlərin nəticələri təbiətin oyunu olaraq görülərsə, insan faktorunun mənfi fəsadlarının aradan qaldırılması çox çətindir.
Başqa sözlə müasir insan əldə etdiyi bütün texnoloji imkanlara baxmayaraq tez-tez qarşılaşdığı və özünün səbəb olduğu istehsal olunmuş risklərə qarşı müdafiəsizdir. Bu vəziyyət həmçinin insanın təbiətlə harmoniya içində yaşamaq mədəniyyətindən uzaqlaşmasının acı bir nəticəsi kimi qarşımıza çıxmaqdadır. Bunun üçün də insanoğlu yalnız sosial bir varlıq olmadığını, eyni zamanda, təbiətin bir parçası olduğu həqiqətini yenidən dərk etməli və öz həyat dialektikasını təbiətlə paralel başlanğıclar üzərində qurmalıdır. Əks halda müasir həyat bizə daha çox yeni risklər bəxş edərək hər an yeni "sürprizlər"lə qapımızı döyə bilər.
Əbülfəz SÜLEYMANLI
Sosioloq
suleymanli.abulfaz@gmail.com
525-ci qəzet.- 2023.- 24 fevral.-S.5.