"Xocalıda qalan tar"  

İMDAT AVŞARIN HEKAYƏSİ BARƏDƏ MÜLAHİZƏLƏRİM

 

"Külək, qan donduran şaxta boş, səksəkəli küçələri mühasirəyə alır. Şəhər narahat bir yuxuda, itlər isə aramsız ulayır... Bayırdakı uğultulu səslərə lap uzaqlardan göy gurultusuna bənzəyən qorxulu səslər qarışır. Uzaqlarda can verənlərin iniltisini eşidirəm... Hər gecə cəbhəyə gedənlərə dualar edirəm. xəbərlə açılacaq bu cür gecələrdə içimi bir kədər bürüyür, qorxunc rüzgar köksümdə gərilmiş telləri darayıb keçir... Şəhər artıq daha narahat, gecə sancılı, həyəcanlıdı".

Xalqımızın yana-yana yaşadığı, dünyanın ən dəhşətli faciələrindən olan Xocalı qətliamı illər ötsə , unudulmayacaq, insanlığa qarşı yönəlmiş qatı cinayətlərdən biri kimi daim xatırlanacaq. El-obanın dar macalında, mənfur erməni işğalçıların uzun illər öncə başladığı hərb qovğası tüğyan edəndə söz sənətimiz hərəkətverici qüvvəyə cevrildi. Belə bir vaxtda ədəbiyyatın əsas missiyası xalqı səfərbər etmək, bir amal uğrunda birləşdirmək idi. Axı, söz adamları qələm nümunələri ilə insanlara milli kimliyini xatırladır, genetik yaddaşımızı dirçəldir. Ədiblərimizin, şairlərimizin Qarabağ mövzusunda ərsəyə gətirdiyi əsərlər kimi.

Üz-üzə qaldığımız Birinci Qarabağ savaşı dönəmində yaşadığımız məhrumiyyətlər, torpaqlarımızın işğalı ilə bağlı yurd itkimizin doğurduğu acılar böyük Türk dünyasından, türk ədəbiyyatından da yan keçmədi. Türklərin təbirincə, "kardeş kalemler" öz sözünü dedi, haqq işimizi bəyan etdi. Çağdaş türk ədəbiyyatının tanınmış simalarından olan yazıçı, şair, həmçinin, Azərbaycan ədəbiyyatı nümunələrini Türkiyə türkcəsinə məharətlə çevirən İmdat Avşarın "Xocalıda qalan tar" hekayəsi sözün bu məqamında yada düşür.

Bu hekayə yazımın əvvəlində sitat gətirdiyim hüznlü, həyəcan dolu fikirlərlə başlayır.Yeri gəlmişkən deyim ki, yazıçı adı çəkilən hekayəsini alleqorik əsər kimi qələmə alıb. Alleqoriya hər hansı bir fikrin, müəllif məramının ayrı-ayrı heyvanlar ya cansız əşyalar şəxsləndirilməklə çatdırılmasıdır. Hələ orta əsrlərdə sonrakı dönəmlərdə ədəbiyyatçılar satirik əsərlərində, təmsillərində alleqoriyadan bəhrələnir, ədalət, xeyir, şər s. barədə fikirlərini mifoloji obrazlar vasitəsilə ifadə edirdilər.

İmdat Avşar Xocalı soyqırımının törədildiyi o məşum gecənin dəhşətlərini, qaranlıq meşədə, qarlı aşırımlarda amansız işgəncələrlə qətlə yetirilmiş günahsız insanların ah-naləsini bu şəhərdəki evlərin birində divardan asılmış sədəfli tarın şəxsləndirilməsi, başqa sözlə desək, müşahidəsi, danışığı, davranışı ilə təsvir edir. Divardan asılmış tar xoşbəxt illərin çal-çağırlı məclislərində kamançaçı dostu ilə qanadlandırdığı şaqraq nəğmələri, yaxud bəm telində segah ya bayatı-şiraz üstündə bir muğam dilləndirmək istəyir. Heyhat! Elə çarəsiz, elə tənha qalıb ki! Gərilən simləri köksüz, nizamsız, pərişan olub. Sinəsinə mizrab vuran, tellərini darayan, pərdələrini tir-tir titrədən, əsrarəngiz musiqiyə çevirən o mahir əllərin sahibindən heç bir xəbər yoxdur. Qanlı müharibə elə canlar alıb ki!

Sədəf gözlərini qapıya dikib sahibinin salamat qayıtması üçün dualar edən tarın intizarı uzun çəkmir: düşmənə qarşı döyüşlərə atılmış gənc tarzəni qorxunc səslərin yaxından eşidildiyi bir axşam mərmilərin al qana boyadığı halətdə evə gətirirlər. Hekayədə oxuyuruq: "Tarını acı-acı inlədən həmin əllərin sahibi getdi. Cansız bədənini... bəyaz bir bezə bürüyüb, bir qutuya qoyaraq fəryadların,bağırtıların müşayiəti ilə götürdülər... Dərdi səsə çevirən adam mənimlə vidalaşmadan cıxıb getdi... Evin anası yasa batdı. Bir gecə uşaqlarla birgə qəfil gedəcəklərindən, həm düşmən əlində qalmaqdan qorxuram".

Xocalı müsibətini əks etdirən təsvirləri həyəcansız oxumaq olmur. Müəllif qeyd edir ki, yüksələn, hər yeri qarsalayan alov dilləri evlərə uzanır, aramsız atəş tufanı başlayır. Düşmənin  bu başıbəlalı şəhərdə çatdığı cəhənnəm ocaqları Novruz atəşlərinə heç oxşamır. Qorxunc səslərdən diksinib yuxudan oyanan, küçələrə tökülüşən yarıçılpaq adamların çığırtıları, balasını axtaran anaların fəryadı...İnsanlar alovlar arasında can təlaşıyla qaçanlara qarışırlar.

Yazıçı insan qanına susamış vandalları bu gözəl Qarabağ şəhərinin isti günlərinə əl uzadan yırtıcı qaraquşlara, quzğunlara, xarabalıq sevən, qonduqları yerə bədbəxtlik, iztirab gətirən bayquşlara tay tutaraq lənətləyir. Qatil, başkəsən, talançı düşmənin üzünü, yaramaz xislətini tarın diliylə nəql edir: "Sonra bütün səslər kəsilir, dörd bir yan qan qoxuyur... Hər tərəfdə qar çiçəkləri, qan çiçəkləri. Yad adamlar leş qarğaları kimi evlərə daraşırlar. Təpiklə qapını vuran adam tüfəngin süngüsü ilə hər yeri deşir, otağı xırman yerinə döndərir. Birdən başını yuxarı qaldırır, göz-gözə gəlirik. Axtardığını tapmayınca quduza dönür... Məni aşağı endirib, başımı bərkdən divara çırpır, gümüş naxışlarım yerə səpələnir. Ömrüm boyu müşayiət etdiyim bütün nəğmələr otağa tökülür. Saqqallı adam biz türklərə ağır söyüşlər söyür".

Neçə illər öncə müəllifin "Qarabağ qaçqınları" hekayəsini oxuyanda da, həm də indi düşüncələrimi söylədiyim bədii nümunə ilə bağlı bu qənaətdəyəm ki, qətliamın, qanlı soyqırımının dəhşətlərini içdən, bütün ağırlığı, dərinliyi ilə duyan qələm adamı məhz belə canlı və təsirli lövhələr yarada bilərdi. Əsərin dili aydın və rəvandır, xalq deyimləri ilə zəngindir. Hekayəni dilimizə uyğunlaşdıran Eyvaz Zeynalovun əməyini də xüsusi qeyd etmək istəyirəm. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bu nəsr nümunəsinin ümid doğuran sonluqla bitməsi oxucunu bədbinliyə qapılmamağa səsləyir. Sonda ölən ümiddir! Düşmənin yerə çırpıb param-parça etdiyi tar son anda bu torpaqlardakı səsimizin yüz illər sonraya qalması üçün hayqırmaq istəyir, minlərlə qaçağan atın dırnaq səslərinin yaratdığı, intiqama səsləyən coşğun bir musiqini-cəngi sədasını eşidir. Atalarının məzarı üstə at səyirdəcək ağatlı oğullar bu yerlərə qayıdacaqlar. Mütləq qayıdacaqlar!

Cəmi 44 gün davam edən və Azərbaycanın böyük Zəfəri ilə başa çatan Vətən müharibəsi əzəli torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatlarla düşmənə həddini göstərdi. Möhtəşəm Qələbəmiz igid qazilərimizin hünəri, şəhidlərimizin yurd yerlərimizə səpələnmiş al qanıyla qazanıldı.

Hekayəsinin məziyyətləri barədə ədəbi mülahizələrimi bölüşdüyüm yazıçı İmdat Avşarın təmsil etdiyi dost, qardaş məmləkətin, bizə arxa-dayaq olmuş can Türkiyəmizin Zəfər savaşımızda mənəvi dəstəyi üçün şükranlarımız sonsuzdur.

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

525-ci qəzet.- 2023.- 25 fevral.- S.24.