Xocalı simfoniyası
(Poemadan parçalar)
İlahi!
Sən Onlara rahatlıq ver...
İlahi!
Təskin et!...
Sən onlara səma nəğmələri göndər,
təsəlli səp...
Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda...Torpağın altında
Dipdiri ölülər var!
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı, ey Rüzgar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar!
lll
Onların sümük xatirəsində,
indi yalnız dip-diri
torpağa əndərilmiş
Böyük Hürkü,
şaşqın qışqırıqlarının
yaddaşı yaşayır!
Bir də ki... "
Lənət sənə,
Faşizm!
Lənət sənə!" - hayqırıqları
yaşayır!
İndi
Onlar dərin uğultularda
Simvolik Marsilyoza vıyıltısı
oxuyur...
Sivil dünya bir şey anlasın deyə!
Xor oxuyurlar Onlar, Vəhşətə!!!
Dünya
bir şey eşidə bilsin deyə!
Hə, rüzgar! Al Onların güclü faciəsini
qarışdır fırtınalı
hirsinə, Səsləri....
Apar ötür onlara da -
O tay, bu tay Okeanı zəbt edib oturmuş,
Zorunlara!
Atları Əflatun Fironlara da!
lll
Bəli,
cahan!
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib...
Hərdən soruşuram Ondan
xəyalən:
"-Xocam!... Xocalım!... Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd Qonşu?-
Drammatik
"Yazıq Erməni"
ilə
Məşhur Qırmızı Qospodin?" -
Nə
"incə təlaş"
etmişdir
Köhnə Sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın
maşını? -
"Möhtəşəm" bir
Alay!!!
Ah, mənhus düşüncə!
Necə
yəni, Allah yaradanı
sən,
Bir gecədə
yox edəsən?!
Əhsən, ey İnsan, əhsən,
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın
faciəsini
Çox-çox arxada qoydun!
Bəs əsir-yesirlər?
Bir deyil, on deyil,
Min-mindir, yüz mindir əsirlər!
Sarsılan, əzilən həyatlar
-
yüz min, yüz min...
yüz mindir!
lll
Məryəm Anaaa! Müqəddəs!...
Bəlkə sən cavab verəsən,
Nədir bu? Nə demək " Xof və
İnsan?"-
Hardan axır
axı kilsə zəngləri?
Zor edir, zorunluqla soxulur
müsəlman obasına.
Sizlərdə beləmi zorakıdır
Kəlisa?-
Allahın müqəddəs evləri?...
Faydasızdır belə isə
Sizdən
gözlənən etina...
Axı Dünya çox məşğul!
Axı Dünya özbaşına!
lll
Bəs,
Rüzgar, o Nəhəng
Ananı
Ən Böyük Qüssəni
gördünmü?...
O sənə heç bir şey demədiii?
Demədimi, bütün Oyaq
Kölgələr
Naləyə çevriliblər?!
Mən ki eşidirəm Onu!
Eşidə bilirəm mən
Onların hamısını!
Bir-birinin
ətəyini dartışdıran
Heç
bir şey anlamadan
sızlayan uşaqların
Ölüm Şərqilərini
Mən eşidə bilirəm!
lll
Və varındısa... sən
Allah, ey Rüzgar,
fırça gətir!
Mən bu Qlobal Ahın
şəklini çəkərəm!
Çəkə bilərəm Onu
Zülmün Nəhəng Pannosunu!
lll
İndicə Dünya üçün
himn oxuyub qalxacaq,
O məğrur, əsrarəngiz,
o Yek Ana-
Mübarizə Simvolu Vətən
qızı!
Hayqıracaq!
rüsvay edəcəkdir
O
Cahanın Canavar İştahlı
Cümlə Adamyeyən Kolunun...
Cümlə Yırtıcılarını!
lll
Kilsə
zəngləri çalxanır
yenə də...
O bu səsi istəmir!...
Gözlərində alov var,
Alov alışır Onun, bütün sümüklərində;
Xocalı
yanırmış,
Xocalı
alovda... Of, Allah, Allah, Allah!
Onun qulaqlarında
yerlə-yeksan olub qalmış
uşaqlarının səsi,
yiyəsiz avazlar,
toz kimi, qum kimi ələnən
azan səsləri yaşayır!
lll
İlahi!
Kömək ol! O təkdir!... Anadır...
Tək qalıb... torpağın üstündə...
O Ruhdur!.. Güc
gəlib torpağa...
Gəlib
ki,
Oxusun laylasın üst qatda!...
Gəlib
ki,
Duysun Onu Dünya üst qatda!..
Axı qalın yorğan çəkir,
Nəhəng faciə üstünə
Üst Qatlar!
lll
Cavabdehsiz!
Cavabdehsiz,
Cavabdehsiz,
Cavabdehsiz,
belində hərb gəzdirən
Cahanşümul Şümürlər!
Müntəzirsiz cavaba, Cahan Goreşənləri!
Dünyanı bazar bilən
Müsrəsna "alış-veriş əmiləri!"...
Ah, göyərçin balaları
neylədiz?
Neylədiz, Nəfəsləri? Əmilər!...
Hanı
Səslərrr?!!..
Heç
girirmi yuxunuza
sönən işıqlar,
həyatlar,
lal baxan ləpirlər...
Üşüdürmü Sizləri hərdənbir
xərək-xərək Ölülər?
Təbəssümü qəfil kirimiş olan
Uşaqların məzlum pıçıltıları?
Əmilər!!!...
Bu ayrılıq felinə Sizsiniz günahkar,
Bəşəri Zalımlar!
lll
Əl çəkin! Qırın
hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz Məliklər!
Dünya
Kələkbazları!
Dü-şü-nünn!!!..
Dünya
yalnız sizin deyil!
Düşünün!!!!!!
Düşünməyə çox dəyər!...
lll
İlahi!
Sən onları rahat et...
Nurəngiz GÜN
525-ci qəzet.- 2023.- 25 fevral.- S.23.