Şekspir dünyası

(Əvvəli ötən şənbə sayımızda)

 

Styuartın ilk krallığı erası

1603-cü ilin martında kraliça Elizabet öldü və onu Şotlandiya kralı VI Ceyms əvəz etdi və İngiltərədə o, I Ceyms (ruslar ona Yakov deyirlər) adlanmağa başladı. Lord Çemberlen Adamlarına da bu, həmçinin dəyişiklik etmək zərurəti yaratdı. Şekspir və onun kolleqaları müntəzəm olaraq Elizabet qarşısında çıxış edirdilər. Onlar Ceymsin özündən də daha populyar idilər. Ceyms taxt-taca yüksələndən sonra Lord Çemberlenin Adamları ona uyğunlaşdılar. Elizabet hakimiyyətinin son 9 ili ərzində onlar sarayda 32 tamaşa göstərmişdilər. Hər ilə azı üç tamaşa düşürdü. 1603-cü ildən Şekspirin öldüyü 1616-cı ilədək, bu kampaniya Ceymsin qarşısında 177 dəfə çıxış etmişdi, bu, bütün truppaların göstərdiklərinin hamısından da çox idi.

Şekspir özü də çox məhsuldar işləyirdi, hər ildə iki yeni pyes yazıb başa çatdırırdı. Onun monumental əsəri olan "Hamlet" 1600-1601-ci illərdə yazılmışdı. O, öz enerjisini faciələr yazmağa yönəltdi.

1604-cü illə 1607-ci il arasında o, "Otello"nu, "Kral Lir"i və "Makbet"i yazdı. "Hamlet"lə birlikdə onlar dramaturqun dühasının zirvələri hesab olunurlar. Bu əsərlərdə insan könlünün çox sayda olan cəhətləri araşdırılır, təsvir edilir. O, heç də yeganə dramaturq deyildi ki, kral Ceymsin hakimiyyəti dövründə qələmini faciələr yazmağa sərf etmişdi. Tarixi pyeslərilə yanaşı, yaratdığı faciələr insanların daxili aləminin anatomiyasını açıb göstərməklə, onun fəth edilməsinə xidmət edirdi, buna görə də Şekspiri insan könlünün, bütövlükdə onun mürəkkəb təbiətinin təkrarsız fatehi saymaq olardı.

1603-cü ildən başlayaraq Şekspirin "Qış nağılı" və "Qasırğa" pyesləri üzə çıxdı, onlar möcüzəni, qasırğaları və ilahi qüvvənin müdaxiləsini təsvir edirdi. "Qasırğa" 1611-ci ildə ilk dəfə kral Ceymsin qarşısında oynanılmışdı, bu, onun yazdığı son pyes idi. Pyesdəki əsas personaj olan Prosperonun epiloqunda elə bil ki, Şekspir səhnəyə öz vida müraciətini edirdi.

Stratforddakı mülkiyyət məsələsində onun borclara görə mühakimə olunması baş vermişdi. Lakin o, dəfələrlə Londona qayıtmışdı. 1613-cü ildə paytaxta kral Ceymsin qızının toyunda iştirak etməyə gəlmişdi, burada onun bir neçə pyesi səhnədə oynanılmışdı. Son pyesi "VIII Henri" tamaşaya qoyulanda "Qlobus" teatrının binası yanaraq tam məhv olmuşdu.

"Qlobus" əlbəttə, yenidən bərpa edildi, lakin yanğından sonra Şekspirin Kral Adamları ilə münasibəti pozuldu.

1607-ci ildə onun böyük qızı Susanna həkimlə ailə qurdu və yeddi ay sonra onlar Şekspirə Elizabet adlı ilk nəvə hədiyyəsi verdilər. Digər qızı Cudit 31 yaşında olmaqla, hələ də valideynlərinin evində yaşayırdı. Nəhayət, özündən beş yaş kiçik olan oğlana ərə getdi. Onlar 1616-cı ilin yanvarında kilsədə nikaha girdilər. On həftə sonra, 23 aprel 1616-cı ildə, Müqəddəs Georgi Günündə Şekspir öldü. Belə güman edilir ki, Şekspir toyda həddən çox içdiyinə görə isti otaqda tərlədiyindən, küçədə başı açıq və plaşsız gəzdiyinə görə soyuqdəyməyə tutulmuşdur. Həkim kürəkənin cəhdləri onun pnevmaniyasını yüngülləşdirə bilmədi.

Digər məlumatlara görə, Şekspir toyda dostları ilə həddən çox içdiyinə görə isitmə ilə bağlı olan bir xəstəlikdən ölmüşdü.

Şekspir buna hazır deyildi. Altı ay əvvəl o, öz vəsiyyətini yazmışdı. 1616-cı ilin martında isə Cudit ərə getdiyindən, ona çatacaq mirasın miqdarını azaltmışdı, qızı Susannaya üstünlük vermişdi. Stratforddakı Yeni Yer adlanan evi də ona vəsiyyət etmişdi.

Şekspir 52 il əvvəl xaç suyuna çəkildiyi Müqəddəs Üçlük Kilsəsinin daş döşəməsindən aşağıda dəfn edilmişdi.

Şekspir öz sağlığı vaxtında

Şekspirin ömür tarixəsi ingilis tarixinin gözəl bir dövrü ilə üst-üstə düşür. XVI əsrin axırıncı illərində dram ədəbiyyatının çiçəklənməsi baş verdi, bu isə yalnız ölkənin yeni zəkasının əlaməti idi. I Elizabetin hakimiyyəti altında dəyişikliklər zamanın leytmotivinə çevrilmişdi. İngiltərə orta əsrlər cəmiyyətindən modern bir cəmiyyətə körpü salmışdı. London, silkələnən metropoliten kimi meydana çıxdı, onun tərpənməkdə olan iqtisadi-siyasi və mədəni həyatı əcnəbi miqrantları maqnit kimi özünə cəlb edirdi. Cəmiyyət sosial mobilliyin yeni cığırları, baron torpaq sahibliyinin zəifləməsi və protestantizmin konsolidasiyası üçün açıldı.

Yeni kəşflər və ictimai fəallıq elmin üfüqlərinə qədər genişləndi. Bu vaxt qüdrətli tacir sinfi İngiltərə sahillərindən çox-çox uzaqlarda ticarət aparmağa başladı. Qısa bir dövrdə adanın mənzərəsi və əhalinin çoxalması onun qlobal hakimiyyətə çevrilməsinə şərait yaratdı.

Elizabet heç də kraliça olacağını gözləmirdi. Onun atası VIII Henri 1547-ci ildə ölkədə taxt-tac qızın azyaşlı ögey qardaşına keçdi. VI Eduardın həmin vaxt 10 yaşı vardı, 6 il sonra o öldü. Nortumberlənd hersoqu bu vaxt öz gəlinini taxt-taca yerləşdirmək üçün manevrlər etdi. Ledi Ceyn Qrey VIII Henrinin nəvə qohumu idi. Lakin onun hakimiyyəti cəmi 9 gün davam etdi. Ölkə onun yerinə Elizabetin ögey bacısı Mariyanın taxt-taca gətirilməsini tələb etdi. Mariya Tüdorun hakimiyyəti dövründə Katolitsizm bərpa edildi və protestantlar təqib olunmağa başladılar. Mariya hətta qısa müddətə saxta qəsd ittihamı ilə bacısı Elizabeti dustaq etdi. 1556-cı ildə 40 yaşlı Mariya hələ də ümid edirdi ki, özünə katolik varis doğacaqdır. Mariyanın əri İspaniya şahzadəsi (az sonra o, İspaniyanın kralı oldu) II Filipp idi. Lakin iki il sonra kraliça öldü və Elizabet taxt-taca sahib oldu. Çox az adam inanırdı ki, bu cavan qız sonrakı 43 il ölkəni böyük uğurla idarə edəcəkdir.

Kraliça dəfələrlə milli böhranlarla üzləşdi, onun hakimiyyəti həm də bubon taununun yayılması ilə xeyli ziyan çəkdi. Katoliklərin qəsdi və digər qəsdlər, İspaniyanın və Fransanın ölkəyə müdaxiləsi, Niderlandlardakı müharibə, İrlandiyadakı bədbəxtlik və ərə getmədiyi ucbatından varisinin olmamasından irəli gələn təşviş həmçinin, bu böhranların səbəbləri sırasına daxil idi. Elizabet onların hamısından üzüağ çıxmağı bacardı, öz siyasəti və diplomatik bacarığı ilə monarxiyanı xeyli möhkəmləndirə bildi. Monstr sayılan atasından və Qanlı Mariya kimi tanınan böyük bacısından fərqli olaraq, o, ölkə təbəələrinin, demək olar ki, əksəriyyətinin ehtiramını qazana bildi. Atası altı arvadından ikisini edam etdirməklə, bacısı isə protestantları təqib etməsi ilə yaddaşlarda qalmışdı. İngilislər Mariyanın qaniçiciliyini spirtli kokteylin "Qanlı Mariya" adında əbədiləşdirmişlər, qədəhin üst təbəqəsindəki araq içildikdən sonra, altdakı qan rəngli tomat şirəsi içilir. Elizabet isə yadeelli dövlətin hücumuna mərdliklə sinə gərməsi ilə xatırlanır. İspan Armadasına qarşı durmağa hazırlaşan qoşunlara baş çəkəndə o demişdi: "Bilirəm ki, mən zəif bədənə malik olan, miskin bir qadınam, lakin mən bir kral ürəyinə, həmçinin, İngiltərə kralının ürəyinə və dözümlülüyünə malikəm".

Din də Elizabetdən ona başqa bir diqqət verməsini tələb edirdi. VIII Henri Romaya qarşı üsyan qaldırıb, bunda onun başlıca olaraq tam eqoistik bir məqsədi var idi, Vatikanın dini ağalığından imtina etdi ki, özünün Katerina Araqonlunu boşamasının bəyənilməsi təsdiq edilsin. Lakin o, Martin Lüterin elan etdiyi radikal protestantların mesajlarından buna görə çox az rəğbət hiss etdi. VI Eduardın hakimiyyəti altında Protestantların üstünlüyü daha artıq gözə çarpdı. Sonra Mariyanın zorakı siyasəti Katolitsizmin geri qayıtmasına tərəf döndü. Elizabet vaxt itirmədən Protestantizmi bərpa etdi və İngiltərənin yeni Kilsəsini formalaşdırdı. 1559-cu ildə isə qəbul edilən Alilik Aktı onu kilsənin titulyar başçısı etdi, həm də kilsə doktrinasına çoxlu əlavələr edildi.

Elizabet katoliklərə Eduarddan daha çox tolerantlıq nümayiş etdirirdi. Onun Anqlikan Kilsəsi, əslində, Roman Katolitsizmi ilə Şimali Avropa Protestanlarının hibridi idi. "Geniş kilsə" kompromissi də siyasi və dini ehtiyac naminə meydana gəlmişdi.

Elizabetin hakimiyyətinin çox illəri ərzində, buna baxmayaraq, İngiltərədə dini mənzərə qarışıq olaraq qalırdı. Bəzi regionlar və kübarların bir hissəsi sədaqətli katolik olaraq qalırdılar. Ayrı-ayrı kəndlərdə, Şekspirin doğma kəndində də katoliklər güclü qaydada təqib olunurdular, Anqlikan ibadətlərinə gəlmədiklərinə görə onlara ağır cərimələr qoyulurdu.

Puritanlar isə özlərinin daha müstəsna münasibətləri ilə seçilirdilər, onlar hesab edirdilər ki, İngiltərə Kilsəsinin quruluşu və doktrinası daha çox Roma Kilsəsinə yaxındır.

Anqlikanizm üçün uzun müddət ərzində potensial olaraq ən təhlükəlisi Puritanlar idi. Puritan sözü ilk dəfə 1564-cü ildə meydana gəlmişdi, bu vaxt Anqlikan kilsəsinin daxilində Kolvinist ilahiyyatı ilə ilhamlanan protestantlar üçün bu ad istifadə olunurdu. Hərfi mənada "Təmiz" (protestanlar arasında olanları nəzərdə tutaraq) demək idi. Onlar İngiltərə kilsəsini istənilən vasitə ilə katolitsizmdən uzaqlaşdırmaq istəyirdilər. Elizabet öz hökmranlığı dövründə onları nəzarətdə saxlamaq göstərişini vermişdi.

Fransada təşviş doğuran dini müharibələr (onlardan ən qanlısı 1572-ci ildə Müqəddəs Varfolomey gecəsində olmuşdu) meydana gəlmişdi. Ancaq Elizabet çalışırdı ki, katoliklər, anqlikanlar və puritanlar arasındakı kövrək barışığı qoruyub saxlasın. Şekspir öz pyeslərində dini münasibətləri müdrikliklə təmiz təsvir etməyə çalışırdı.

Ölkənin daxili işlərinin vəziyyəti

Parlamenti torpaq sahibləri olan kommonerlər formalaşdırırdı, onlar vergilərin təsdiq edilməsində hakimiyyətə malik idilər. Lakin Elizabet öz kraliçalığı dövründə onları vur-tut 16 dəfə və ya az qala üç ildən bir, parlamentin sessiyasına çağırmışdı. O, özünün bir ovuc müşavirləri vasitəsilə ölkəni idarə edirdi, onların siyahısına Dövlət katibi və baş casusluq ustası olan ser Frensis Uolsinqem də daxil idi. Onun administrasiyası 600-dən çox olmayan məmurdan ibarət idi. Digər 600 adam Tac torpaqlarını idarə edirdi və bu mənbə hesabına sarayın xərcləri maliyyələşdirilirdi. Ölkədə daimi ordu yox idi, ona görə də pullar, əsasən, hər bir ekspedisiya qüvvəsini qaldırmağa sərf olunurdu. Dövlətin güclü mərkəzləşməsi olmadığından, İngiltərədə adamların çoxu özü-özünü idarə edirdi. Kübarların hakimiyyəti kəndlilərin və icarəçi fermerlərin işlədiyi torpaqların sahibliyinə əsaslanırdı. Qanun və qayda şeriflər, sülh məhkəmələri və səmərəli saray sistemi tərəfindən qorunurdu.

Ölkə bütövlükdə kasıb idi və üç milyona yaxın əhaliyə malik idi. Londondan kənarda yalnız digər üç şəhərin 10 min nəfərdən çox sakini var idi. Şekspirin doğma şəhəri Stratfordda 1500 adam yaşayırdı. Elizabet hakimiyyətinin xeyli dövrü ərzində iqtisadiyyat güclə nəfəs alırdı, ölkə inflyasiyadan, qida qıtlığından və fermer torpaqları üçün icarə haqqının böyük olmasından zəifləyirdi.

Elizabet bunlara az təsir edə bilirdi. Burada heç bir milli iqtisadiyyat yox idi, sadəcə sosial-iqtisadi təbəqə var idi. Elizabetin populyarlığı iqtisadiyyatın vəziyyətindən ayrı bir şəkildə mövcud idi. Ona "Qloriana" ("Möhtərəm qadın"), "Yaxşı kraliça Bess" və "Bakira kraliça" kimi verilən adlar müntəzəm olaraq ölkənin "mütərəqqi" kimi tanınan əyalətlərinə səfərlərindən irəli gəlirdi. Elizabet at çapırdı və ən yaxşı kraliça paltarlarını geyinirdi. Onun hər səfəri imicini gücləndirməyə kömək edirdi.

Şəhərlərə gəldikdə, dəyişikliklər daha çox Londonda gözə çarpırdı, ölkənin sərhədlərinin kənarından və Avropanın hər yerindən buraya miqrantlar axışırdı. Bunun nəticəsində Elizabetin hakimiyyəti dövründə paytaxtın əhalisi iki dəfə artaraq, 200 min nəfərə çatmışdı. Londonun hasarlanmış Sitisində dar küçələr və çirkli prospektlər var idi, ona görə də burada 1564-cü ildən başlayaraq 60 il ərzində dörd dəfə taun epidemiyası yayılmışdı. Lakin London sakinləri bu vaxt şəhərdən kənarda məskunlaşmağa başladılar, şimalda ferma torpaqlarına müdaxilə etdilər, həmçinin, Temza çayının cənub sahillərini tutdular.

Katolitsizm strukturundan azad olma xüsusən mədəni həyatın çiçəklənməsinə şərait yaratdı. Londonun mərkəzində kitab mağazaları açıldı, burada görkəmli ingilis yazıçılarının əsərləri satılırdı və çox saydakı Avropa klassikləri ilk dəfə olaraq tərcümə edilməyə yararlı hesab edildi. 1576-cı ildə şəhərdə tikilən ilk daimi teatr mədəni həyatda ictimai əyləncə kimi mühüm rol oynadı. Şekspir də London səhnəsini tutmağa müvəffəq oldu. Bunlar Elizabet teatrına siyasi və sosial vəzn verdi. Lakin həm də siniflər arasındakı xətti kəsdi. "Qlobus" teatrında Elizabetə göstərilən tamaşalara varlı tacirlərlə yanaşı, kasıblar da baxa bilirdi.

 

 (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 25 fevral.- S.22.