Kosmik səyyah Xıdır Nəbi
YAZQABAĞI EL BAYRAMIMIZIN SİRLİ QATLARINA BAŞ VURMAQ CƏHDİ
Qədim tarixə malik olan və türk elləri
arasında geniş yayılan bayramlarımızdan biri də
Xıdır Nəbi, Xızr Nəbi və ya Xızr İlyas
(bəzi yerlərdə Xıdır Elləz)
adlandırılan mərasimdir. Əfsanələrə
görə, Xıdır və ya Xızr dirilik suyu
içmiş peyğəmbərin adıdır ("nəbi",
"ənbiya" ifadələri elə peyğəmbər
deməkdir). Xızr - dürüst
insanların köməkçisi, dara düşənlərin
xilaskarı olmaqla bərabər, suyun, külək və
havanın himayəçisi, bir sözlə, təbiətin
sahibi, yəni el-obaya bolluq-bərəkət verən şəxsdir.
Xıdır Nəbi bayramı fevralın ilk
ongünlüyünün bitməsi zamanı, kiçik
çillənin (böyük çillə dekabrın 22-dən
yanvarın 31-dək, kiçik çillə isə
fevralın 1-dən 20-dək davam edir) ortalarında
keçirilir.
Novruzla bağlı əlamətdar günlərdə
olduğu kimi, Xıdır Nəbi bayramının da
qapı-qapı gəzib, bayramlaşaraq, ailələri şənləndirən
və bunun üçün ənam toplayan personajları var.
Əslində, elə onlar da ayrı-ayrı bölgələrə
xas olan əlavə edilmiş obrazları istisna etsək,
Novruzdakılarla identikdirlər.
Deməliyik
ki, Xıdır Nəbi Azərbaycanın bir sıra bölgələri
üçün artıq unudulmuş bayram halına gəlsə
də, yəni çox vaxt mərasimsiz, yalnız tarixi yada
salınmaqla ötüşsə də, bəzi ərazilərimizdə,
eləcə də ənənələrə sadiq ailələrdə
öz sayğılı mövqeyini qoruya bilib.
Əlbəttə, yaz müğdəçiliyi ilə
yanaşı, daha çox ruhi mətləblərlə
bağlı olan "Xızrın gəlişinin" əlamətdar
gün kimi qeyd edilməsi arealının kiçilməsi təəssüf
doğurmaya bilməz.
"Halbuki Xızr-Xıdır qədim türk mifoloji təsəvvür
və inamlarında ən geniş yayılmış və ən
hörmətli obrazlardandır. Darda qalanların
dadına yetən, sevgiləri qovuşduran, bağlı
qapıları açan, ən ağır yaralara məlhəm
qoyan, qeyb aləmini bilən Xıdır Tanrının
elçisidir. Xıdırın atı Yel
atıdır. Küləklərin əsməsi,
amma onun nəsə doğma yel kimi duyulması Xızrın gəlişindən
xəbər verir. İnsanlar Xıdır Nəbi
yoldadır - deyib, sevinərlər", -deyə AMEA Gəncə
Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Folklor
şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə
doktoru Ruziyə Quliyeva bildirir.
Həmsöhbətimiz qeyd edir ki, bu gəliş münasibətilə
ev-eşik səliqəyə salınar, buğda qovrular, bu
qovurqa üyüdülər, qovut halına gətirilər. Ələnmiş qovut unu məcməyiyə
tökülər, üzü hamarlanar.
"Yerə döşənmiş təzə xalça
üzərinə qırmızı süfrə salınar,
qovut məcməyisi onun üstünə qoyular. Hamı qapısı
açıq qoyulan həmin otağı tərk edər.
Səhər açılanda ağsaqqallar həmin
otağa girərdilər, görərdilər ki, Xızrın
atının nal izi, yaxud özünün barmaq izi, hətta
qamçısının izi qovutun üstünə
düşüb. Hamı gəlib izi seyr edər,
niyyət tutar, salavat çevirər, xeyir-dua verərdilər.
Məhz bu qovut bayram süfrəsinin ən əziz
nemətidir. Şirinləşdirilmiş
qovut nəzir kimi qəbul edilərdi", - deyə R.Quliyeva adətlərimizi
xatırladır.
Gəncə yaxınlığındakı Quşqara kəndində
məskunlaşmış kəlbəcərli
soydaşlarımızın sayəsində Xıdır Nəbi
bayramını seyr edərkən, onun personajlarının həm
deyək ki, axır çərşənbə obrazları ilə
oxşarlığını, həm də fərqli cəhətlərinin
şahidi olduq.
Quşaradakı Xıdır Nəbi
bayramının təşəbbüskar və təşkilatçılarından
biri olan dostumuz Cəmşid Quliyev ən qədim türk
Tenqriçilik (Tanrıçılıq) mədəniyyətinin,
eləcə də "Veda" mətnlərinin
araşdırmaçılarındandır. Əvvəlcə,
onun elə həmin
personajların necə deyərlər, əsl-nəcabəti
haqqında dediyi maraqlı fikirləri dinləyək.
"Xıdır Nəbi mərasimlərindəki kosa
bizim ənənəvi obrazda tanıdığımız,
televiziyalardan da izləyə bildiyimiz kosadan bir qədər fərqlənir. Onun qəribə
bir papağı, daha doğrusu, baş və üzü tam
qapayan maskası var. Maraqlıdır ki, bu papaq-maska buynuzludur.
Seyrək saqqalı və nazik bığı olan kosanın
böyründə onun "həyat yoldaşı" da
"hərlənir" və o, bəxşiş
üçün çox qözləyən "əri"
buna dözməyib "özündən gedəndə"
başına-dizinə döyərək
"ağlayır". Amma ev yiyələri
kosanın payını verən kimi, kosa da "dirilir" və
"arvadı" ilə ümumi rəqsə qoşulur. Xıdır Nəbi mərasimindəki keçəl
də fərqlidir. Onu keçəl kimi göstərən
maska isə ağ yox, qaradır və
üzə yapışır. Bu qara sifətli, ağ
qaşlı və bığlı personaj "qarahindu"
adlanır", - deyə Cəmşid Quliyev qeyd edir.
Amma həmsöhbətimiz
bu personajların haradan gəlmələrinin, ən əsası
isə Xızrın kimliyinin müəyyənləşdirilməsinin
açarı üçün əvvəlcə qədim mədəniyyətdən
xəbər verən "Veda"lar haqda
da zəruri izahlara ehtiyac olduğunu bildirir. "Veda"lar və
vedaşünaslıq haqda geniş bilgilərə baş
vurmuş dostumuz qeyd edir ki, adı bilik mənası verən
"Veda" kitabları dünya alimlərinin əksərən
yanlış yozumları səbəbindən qədim hind
inanclarının toplusu kimi qəbul edilsə də, əslində,
onlar özündə kainat, insan cəmiyyəti və mənəvi
nizam qanunlarını açan yüksək ruhi bilgilərdir
və bizim, yəni türk xalqlarının tenqriçilik mədəniyyətinin
məhsuludur. Həmsöhbətimiz elə
"Veda"ların özlərinin mətnlərində bu
fikirlərin sübutunu tapmağın
mümkünlüyünü bildirir. Bütün
bu məsələlərin aydın olması üçün
C.Quliyev bizə kifayət qədər ətraflı məlumat
çatdırır.
"İlk
yazılı veda mətnləri 5000-5500 il
bundan qabağa təsadüf edir. Müasir
insanlar vedanı əsasən Hindistana aid edirlər, amma vedalar
özləri heç də belə demirlər. Məsələ ondadır ki, Veda
sivilizasiyasının mənsub olduğu xalqı müasir
araşdırmaçılar Arilər adlandırırlar,
Vedalar özləri isə ariləri bir millət, yaxud irq yox,
bir mədəniyyət daşıyıcısı kimi təqdim
edirlər. Ariya - armış, ərmiş,
yəni irəli getmiş ifadəsindən qaynaqlanan bir
sözdür, bir növ elita, cəmiyyətin say-seçmələri
deməkdir. Bizim türk xalqlarına aid yazılarda rast gəlinən
"ərən" sözü "ari"nin
sonrakı türk transformasiyasıdır. Yəni
türklər özlərini ari hesab edir, bir-birinə ərən
deyirlər. Türknamələrin əksəriyyəti
bu sözlə doludur. Vedalara görə
yüksək mədəniyyətin tələblərinə
cavab verə bilən, onu yaşadan, dərin intellektə sahib
olan hər bir kəs aridir. Özü də
ariliyin bu tərifi sonralar Hindistanda tətbiq edilmiş kastalar
nizamı ilə də ziddiyyət təşkil edir axı.
Baxın, kastalar üzrə insanlar dörd kateqoriyaya
ayrılır: alimlər, inzibatçılar (hökmdarlar da
bura aiddir), ticarət-təsərrüfat sahibləri və
qara fəhlələr. Orda qəbul etdilər
ki, hər bir sinfin statusu nəslən ötürülür.
Yəni alimin oğlu alim, hökmdar oglu
hökmdar, qara fəhlənin övladı da yalnız qara fəhlə
olacaq. Amma vedaları araşdıranda
tamamilə fərqli yanaşma görürsən. Yəni
hər şey insanın yetişməsinə, yüksək mərifətə-mədəniyyətə
qovuşmasına, mənəvi ruha yiyələnib ari ola bilməsinə doğru getməlidir! "Veda" ifadəsi sanksrit dilində bilik deməkdir.
Amma bilikdən biliyə də fərq var. Biliklər
kateqoriyalara bölünür - adi informasiya, maddi informasiya və
nəhayət, transsendental (hədləri aşmış)
informasiya. Özü də informasiyanı
bilmək hələ bilik hesab olunmur. Bilikləri mənimsəyib,
onu həyata, hər bir şeyə, aləmə tətbiq edən
adam biliklidir. Bu biliklərin
toplumu da "Veda" adlandırılır", - deyə
C.Quliyev izah edir.
Həmsöhbətimiz bu cür müfəssəl şərhdən
sonra artıq konkret mövzumuz olan Xıdır Nəbiyə
qayıtmağın vaxtı çatdığını
bildirir.
"Bizim Xızr kimi tanıdığımız varlıq "Veda"larda haqqında çox söhbət gedən, daha geniş təsvirlərlə təqdim olunan, xüsusi bir mövqeyə malik qəhrəmandır. Onun veda adı Devarişi Naradadır (Deva - mələk, rişi - müdrik deməkdir, yəni mələklərin müdriki Narada). O, kainatda yeganə şəxsiyyətdir ki, maddi dünya sakini olsa da, ruhi dünyaya istədiyi vaxt gedib-gələ bilir. Mələklər kimi adlandırdığımız səma sakinlərini "Veda"larda "deva"lar adlandırırlar. Onlar müxtəlif planetlərdə yaşayırlar, həmin planetlərin idarəçiliyini tanrı onlara tapşırır. Devarişi Narada, yəni Xızr Nəbi bir növ, dərviş-səyyahdır (elə bizdəki "dərviş" sözü də "devarişi"nin dəyişmiş formasıdır), o dünyadan bu dünyaya, o planetdən bu planetə, maddi dünyadan ruhi dünyaya, o cümlədən, yer üzünə də gələ bilir. O, yalnız yüksək ruhi səviyyəyə çatmış şəxslərlə görüşüb ünsiyyət qurur. Xızr tanrıya daha yaxın olduğu üçün, onun xoş xəbərlərini gətirəndir. Təbiətin təzələnməsini də o müjdələyir", - deyə C.Quliyev bildirir.
Həmsöhbətimiz Xıdır Nəbi bayramının personajlarının dünyanın müxtəlif coğrafiyalarından gəldiyi qənaətindədir. O, "qarahindu"nun bu mərasimdə peyda olmasını "Veda"ların sonrakı dövrlərdə daha çox Hindistanda necə deyərlər, "məskən salması" ilə bağlayır. O ki, qaldı kosaya...
"Kosa - saqqalı seyrək, gözü qıyıq bir obrazdır. Özü də zirək, bir növ, hər şeydən qazanc əldə edə bilən birisidir. Müasir dünyada tanıdığımız irqlərdən monqoloidlərə uyğundur. Bu irqə məxsus olanları qədim vedalar kasa, kasalar, Çin ərazisini isə Kasadeşa adlandırır. Beləlilə, güman etmək olar ki, Xıdır Nəbi tamaşalarında bir çox xalqların nümayəndələri, öz milli xüsusiyyətləri ilə təmsil olunublarmış. Sadəcə, görünür, zamanın axarında onlar xeyli ixtisara düşüb və bu günümüzə onların hamısı gəlib-çıxa bilməyib", deyə o bildirir.
Həmsöhbətimizin "Veda"larla bağlı maraq doğura bilən digər fikirlərini də bölüşür.
"Mən "Veda"ların dərindən öyrənməyə çalışıram. Bu mövzuda mühazirələr və seminarlarda olmuşam. Bu tədbirlərdə hətta hindistanlı müasir veda biliciləri da qeyd edirlər ki, qədim dünyada qarmaqarışıqlıq dövrü gələn kimi, yüksək mədəniyyət və nizam daşıyıcıları olan arilər indiki Türkmənistan ərazisindəki Tanrı dağına çəkilərək, yaradılış və ruhi təkamül haqda bilgiləri, yəni "Veda"ları yaymaq üçün həmin dağdan bir neçə istiqamətə hərəkət etdilər. Bu istiqamətlər Hindistan, Xəzərin alt səmti ilə Cənubi Azərbaycan və Xəzərin yuxarı sahili ilə Yunanıstana doğru olub. Hindistan məsələsi aydındır, alt Xəzər istiqamətilə Zərdüştilik kimi anlanılan inanc, üst-Xəzər - Yunanıstan səmtində isə antik mədəniyyət təşəkkül tapıb. Yeri gəlmişkən, oradakı "aristokrat" sözünün arilərin mədəniyyətinə işarə olduğunu duymaq heç də çətin deyil", - deyə C.Quliyev qeyd edir.
Söhbətlərimizdən o da aydın oldu ki, son dövrlərdə azərbaycanlı alimlər də bu yöndə qiymətli tədqiqatlara imza atıblar. Məsələn, ABŞ-da yaşayan alimimiz, bu ölkədə və vətənimizdə türkün bilinməyən tarixinə dair onlarla kitab müəllifi Tariyel Azərtürk qədim gil lövhələr salnamələrinin türk dilində olduğunun sübutuna dair qiymətli tədqiqatlar aparıb. O, şumer və akkad gil mətnlərinin türk xalqlarına aid olması ilə bərabər, oradakı təsvirlərin də elmi izahını verir, lövhələrdəki mətnlərin onun yanındakı təsvirlərlə səsləşdiyini şərh edir və bəzi Avropa alimlərinin bu yöndə qondarma iddialarını təkzib edir.
Sonda bizə o fikri demək qalır ki,
Xıdır Nəbiyə həsr etdiyimiz bu yazı onun
dünyalararası səyyah xüsusiyyətinə daha bir
işarə kimi, görün, bizi haralara aparıb
çıxartdı!
Zakir
MURADOV
525-ci qəzet.- 2023.- 25 fevral.- S.21.