"Əziyyət görməyən adam duyğulu ola bilməz"
Xalq artisti Niyaməddin Musayev: "İnsan özü
harınlayanda bədəni də harınlayıb nəzarətdən
çıxır"
"Axtarma məni". Axtarsam, bu
mahnının hər notunda bir xatirəmi taparam. Necə doğma, necə əzizdir bu nəğmə
mənə. Elə bu nəğmənin
izi ilə kəşf etmişəm onun sənətinin cazibəsini.
Fərqli
olmaq, üstəlik, illər boyunca bu fərqə sadiq qalmaq...
Özünəməxsus ifa tərzi, nəğmələri,
səsi ilə səhnəmizin bir Niyaməddin Musayevi var -
"Şöhrət" ordenli Xalq artisti, sevimli sənətkar
Niyaməddin Musayev. Ona verəcək
suallarım çox olsa da, söhbətə uşaqlıqdan məni
maraqlandıran bir sualla başlayıram.
- Sizin
saçlarınız niyə belədir?
-
(Saçlarını toplayır) Bu mənə yaraşar?
Yaraşmaz axı. İmic
insanın üzünə, bədən quruluşuna görə
olmalıdır. Geyim də elədir.
Hər bir insan geyim seçərkən öz bədən
quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib
gülünc vəziyyətə düşmək olmaz.
Bir
gün qardaşım mənə dedi ki, bu nə
saçlardır uzadırsan? Rayonda biabır
olmuşuq. Mən də dedim yaxşı, o biri otağa
keçib başıma bir papaq qoydum, saçlarımı da
papağın altına yığdım. Bu dəfə də
məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə
özün kimi ol.
- Siz təkcə
saç düzümünüzlə yox, ifa tərzinizlə də
seçilmisiniz həmişə. Çox
güman ki, bunu qəbul etməyənlər də olub.
- Əlbəttə.
Yeniliyi qəbul etmək çətin gəlir, çünki
yenilik edən adam onu qəbul etməyənlərdən
üstündür. Ya musiqi düşüncəsi
zəif olan insanların arxasınca getməlisən, ya da
onları öz arxanca aparmalısan. O vaxtlar mən
muğam ifaçısı idim. Ancaq
düşünürdüm ki, neyləyim, nə edim ki, yenilik
gəlsin. O vaxt dünya estradasına, "ABBA"ya,
"Boney M"ə qulaq asırdım. Ona
görə də qərara gəldim ki, qərb və milli alətlərin
sintezi olan bir ansambl yaradım.
-
"Röya"...
- İnsanlar konsertlərimə
axın-axın gəlirdilər. Sizə bir əhvalat
danışım. Deməli,
filarmoniyanın yay salonunda konsertimdir. "Kölgəm qədər",
"Röya" kimi
mahnılar oxuyuram. Elə bu vaxt bir nəfər
qalxıb dedi ki, "Bu nədir, bu, nə oxumaqdır,
abırlı bir şey oxuya bilmirsən? Camaat
qalxdı ki, belə danışdığına görə
onu döysünlər. Tez aranı sakitləşdirib
dedim ki, onunla işiniz olmasın. Ona isə cavab
verdim ki, bunlar sənin mahnıların deyil. Sən bu mahnıları qəbul edə bilmirsən.
Sənin üçün indi oxuyaram. Başladım
"Xarıbülbül" oxumağa. Kişi
də mahnını eşidən kimi qışqırdı
ki, "Ay sənə qurban olum". Dedim,
onda otur aşağı (gülür). Yəni hər
adamın zövqünə uyğun nəğmələr var.
- Elə nəğmələr var
ki, müəllifinin siz olduğunu çox adam
bilmir.
-
Çünki Sovet dövründə belə bir damğa
vurulmuşdu ki, savadı olmayan, bəstəkarlıq məktəbini
bitirməyən adam bəstəkar ola bilməz.
Mən isə o məktəbi qutarmamışam.
O vaxt da gərək savadın olaydı ki, səni bəstəkar
kimi qəbul edəydilər. Bu, yanlış
düşüncədir. Hələ də
Sovet şüuru ilə yaşayanlar var. Məgər xalq
mahnılarını yazan konservatoriya qutarıb? Ələkbər Tağıyevin o məktəbi
keçmədən yazdığı nəğmələr
indi də aktualdır. Elə bəstəkarlar da var ki, təhsilli
bəstəkardır, mahnı yazır, ancaq xalq onu qəbul etmir,
yazdıqları da tezliklə unudulur. Onu da deyim
ki, savadla istedad birləşəndə gözəl olur.
Hansı bəstəkar muğamı
yaxşı bilirsə, bu, onun yazdıqlarına da təsir
edir. Çünki muğamın hər
hissəsi bir simfoniyadır. O hissələrdən
neçə nəğmə yazmaq olar.
-
Muğam demişkən, siz əvvəllər muğam
ifaçısı olmusunuz. Bəs, necə oldu ki, estrada da qərar tutdunuz?
- Bəli,
əvvəllər muğam ifaçısı olmuşam. Əslində, mənim istəyimlə olmadı.
İmişlidən Bakıya iş üçün gəlmişdim.
O vaxt məni
dəvət etdilər operaya, ancaq
elə alındı ki, operaya getmədim, gəldim
filarmoniyaya. Yetmişinci illərdə...(fikrə
gedir)... 1968-ci ildə muğam müsabiqəsinin qaliblərindən
biri olmuşam. İkinci yeri
götürmüşəm. Əslində
isə birinci yer mənim idi.
- Deyirlər
ki, yaxşı nərd oynayırsınız.
- Nərdi
hamı oynayır da.
- Deyirlər,
siz lap yaxşı oynayırsınız.
- (Gülümsəyir) Zərdir də.
- Zər
demişkən, "Bir talenin oyununda cütlənmiş zərik".
Bu mahnı necə yaranıb?
- 1986-ci
ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə
Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil
almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək
və bir kitab gətirmişdi. O gedəndən sonra
kitabı vərəqlədim, gördüm, Məmməd
Arazın kitabıdır, üstündə
yazılmışdı ki, "Dünya sənin, dünya mənim,
dünya heç kimin". Bu şeiri oxuyanda isə
kövrəldim.
- Niyə?
- Onda vəziyyətim
yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən
dünyamı dəyişsəm, onları kim
saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir
elədi, elə o nəğməni o xəstəxanada stolun
üstündə çırtma vura-vura yazdım.
- Niyə
o mahnıda sözlər musiqidən xeyli sonra başlayır?
- Bu, elə
bir nəğmədir ki, birdən-birə başlasaydı, o fəlsəfəni
aça bilməzdik. Çünki sözlər
başdan-ayağa kədərdir, musiqisi isə ritmikdir, yəni
o sözlərin musiqi ilə bağlantısı
olmalıdır. Ona görə də, o
cür başlayıram. İnsan qulaq
asır və istər-istəməz musiqidən
duyğulanır və gözləyir ritm gəlir, ritmlə də
sözün ahəngi uzlaşır. Dünya
da ki, başdan-ayağa ritmdir də.
"Bu
get-gəllər bazarına dəvədir dünya,
Bu ömür gün naxışına həvədir
dünya".
Xalça toxunanda həvə ilməni vurub
yatızdırır, naxış qoyur. Sən
sözün fəlsəfəsinə bax. İnsanın
ömür-günü naxış olur. Zaman
taleyə həvə kimi naxış vurur. Dünyada qalan nədir? Heç
nə.
- Sizi bir
neçə filmdə aktyor kimi də görürük.
- Mən beş filmdə varam. "Gecə qatarında qətl"də
aktyor kimi xırda epizodda oynamışam. Əslində,
orada baş rolda olacaqdım, elə oldu ki, baş rolda
başqasını çəkdilər. Ancaq
o balaca epizod filmdən maraqlıdır. 1973-cü
ildə "Qatır Məmməd"də oxumuşam,
heç onda tanınmırdım. On il
sonra, 1983-cü ildə "Qaçaq Nəbi" filmində
oxumuşam. Rejissor mənə dedi ki, Nəbinin əlində
saz olacaq, aşıq kimi oxumaq lazımdır. Bir
də aşıq çağırmayaq. Mən
də həmin hissəni müğənni kimi yox, aşıq
kimi oxudum. Heç çox adam da
bilmir ki, onu mən oxumuşam. "Qara Volqa" və "Şahid
qız" filmlərində də səsim var.
- Bəs
nə əcəb sonralar özünüzü aktyor kimi
sınamadınız?
-
Müğənni adamam, bəs edir də. Ümumiyyətlə,
təsadüfdən düşdüm bu sənətə.
Nəslimizdə bu sahədə xidmət edənlər
olmayıb, amma yaxşı səsləri olub, qardaşım
uşaqları da məndən sonra bu sahəyə gəliblər.
Mən heç istəmirdim ki, müğənni
olum. Düzdür, uşaqlıqdan məktəb
şənliklərində, konsertlərdə oxuyurdum. Əsgər gedib-gələndən sonra istəmirdim
bu sənəti, ancaq yenə gəldim, sonra yenə atdım.
- Bəs onda nə işlə məşğul
olursunuz?
- Bizneslə məşğul oldum. Doxsanıncı illərdən danışıram.
Sonra Ulu öndər dedi ki, Niyaməddin hardadır, onun
yaxşı səsi var. Cavab veriblər ki, Niyaməddin bizneslə
məşğul olur. Ulu öndər də deyib
ki, Niyaməddin oxumalıdır.
- " Qərənfil güllər"
mahnınızı mənim üçün oxuya bilərsinizmi?
- (Oxuyur)
Deyirsən, eşqinə inanım sənin,
Bütün ümüdümü sənə
bağlayım?
Dodağında,
sinəndə bir iz görəndə
Necə saxta eşqə könül bağlayım.
Sənin qəlbində iki məhəbbətin var.
Birində qışdır, birində bahar.
Görmüsənmi
qışla bahar birləşə, Birləşsə kainat od tutub yanar. Allah rəhmət eləsin, Bəxtiyar
Vahabzadə bu mahnını dinləyəndən sonra dedi ki, nə
yaxşı o ifadə ağlına gəlib. Fəsillərin
qarşılaşması ilə dünyanın
dağılmasını vurğulamısan. Dedim, mən
şair deyiləm, sözdür gəlib. Əgər
sən nəğmə yazırsansa, ancaq şeiriyyatı
başa düşmürsənsə, yazdığın
heç nə olar, heç nə. Əfsuslar
olsun ki, hər şey öz yerini tapa bilmir. Musiqinin fəlsəfəsi böyükdür.
- Əgər
orada kədər də varsa...
- Kədər ülvidir. Sən o kədəri
anlamasan, həyatda heç nəsən. Sevinc var, buna söz yoxdur. Lirik
mahnılar insanın kədərə qərq etsə də,
insanı təmizləyir. Mənim də əksər
nəğmələrim lirikdir.
- Bir də ritmik nəğmələriniz var. Ümumiyyətlə, necə oldu ki, fərqli tərzdə özünüzü sınamaq qərarına gəldiniz?
- O vaxtlar toylarda Avropa mahnıları oynayırdılar, mən də düşünürdüm ki, bizim də belə mahnılarımız var, ancaq ritm vermək lazımdır. Məsələn, "Ay qız, sən oyna, incə bel oynasın"ı nağara ilə ifa edirdilər, əmələ gəlmirdi, ritm bloklarını gətirməklə bir hərəkət yarandı. Bu da "Röya" ansamblında oldu. Yeni oranjemanlar, səslənmələr gəldi. Məsələn,1978-dən qabağa yazılan nəğmələrə bax, ondan sonra yazılanlara bax. Hamı bu səpkidə nəğmələr yazırdı.
- Bir az da bu gündən danışaq. Bildiyim qədərilə sağlam həyat tərzi sürürsünüz.
- İnsan özü harınlayanda bədəni də harınlayıb nəzarətdən çıxır. Ona görə də, mən idmanla həmişə məşğul olmuşam, indinin özündə də trenajora gedirəm.
- Futbola baxırsınız? Oyununu bəyəndiyiniz komanda varmı?
- Hə. "Qarabağ" yaxşı oynayır.
- "Qarabağ" "Gent" oyununa baxdınızmı?
- Yox, təəssüf ki, baxa bilmədim.
- Niyaməddin müəllim, heç kimin olmayan bu dünyadan razı qaldınızmı?
- Çox razı qaldım, çox. Dövlətimizə minnətdaram. Mənim illərlə çəkdiyim zəhmətimi qiymətləndirib. Prezident təqaüdü ilə təmin olunmuşam. Maddi cəhətdən bu, mənə böyük dəstəkdir. Xalq tərəfindən sevilmişəm. Bundan gözəl nə ola bilər ki? Nə olmalıdır. Bayaq fikir verdinsə, liftə minəndə bir uşaq gəlib bizə baxdı. Ona kənardan dedilər ki, bu? Niyaməddindir (gülümsəyir). Nə qədər mahnı oxumuşamsa, hamısı sevilib. Bir də həyatda çalış, səmimi insan ol, xeyirxah adam ol. Mən o cür yaşamışam. Biz iki qardaş olmuşuq. Anamız bizi əziyyətlə saxlayıb. O əziyyəti biz görmüşük. Əziyyət görməyən adam duyğulu ola bilməz. Məni bir ömür yaşadan sizlərsiniz.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 25 fevral.- S.15.