Sədaqət haqqında hekayət  

 

Bu imkanı tarixi şərait özü açmışdı. O imkandan necə bəhrələnmək qalırdı hərənin öz bacarığına, öz  istedadına.

İkinci Dünya müharibəsi başa çatmışdı. Milyonlarla insanın qatıldığı bu müdhiş davada həlak olan həlak olmuşdu, qayıdan qayıtmışdı, amma vətənə dönməyib xaricdə qalanlar da az olmamışdı.

Mühacirəti seçənlər bunu oralarda daha xoş güzəran sürəcəklərinə inandıqları üçün etməmişdilər. Onların bir qismi müharibə dövründə alman əsirliyində olmuşdu, əsir düşənlərin bəziləri almanların sovetlərə qarşı döyüşməkçün yaratdığı milli legionlara qatılmışdı. Gəlməyənləri oralarda qalmağa vadar edən bu qəbildən olub qayıdanların kəc taleyi idi. Gələn kimi belələrini həbs edirdilər, Sibirə göndərirdilər, bəzilərini "vətən xaini" damğasıyla ən ağır cəzaya - güllələnməyə də məhkum edirdilər.

Sonrakı sovet onillərində bu zümrədən olan insanlara tətbiq edilən cəzalar nisbətən yumşalsa da, onlar əvvəlki kimi uca səslə ən qatı düşmənlər sırasına aid edilməsələr də, hər halda o cür adlar "qara siyahı"larda qalmaqda davam edirdi.

Zaman keçdi, Sovet İttifaqı dağıldı, köhnə quruluş öz idealları ilə dünənə çökdü və bir para hadisələrə və insanlara münasibət də bəzi məqamlarda lap kökündən dəyişdi. Keçmişdə legionçular sırasında sovetlərə qarşı döyüşmüşləri hərdən ifrata qapılaraq qəhrəmanlar cərgəsinə də yüksəltməyə çalışanlar gözə dəydi.

Əlbəttə, o sıradan olan insanlar birmənalı şəkildə vətən xaini olmadıqları kimi, heç  şübhəsiz ki, qəti olaraq qəhrəmanlar da deyildilər. Axı onların güllə atdıqları bu tərəfdə faşizmlə mübarizəyə qalxmış qardaşları da vardı!

Bu, bir tale məsələsi idi və həmin insanlara həmişə münasibət elə belə də olmalıdır: həm fərdi, həm son dərəcə həssas, həm də qədərincə soyuqqanlı.

Hərənin öz qisməti!

Müharibədən qayıdıb gündəlik həyatını başlayanların arasında bu qəbildən olan bir xeylisi vardı ki, əsirlikdə olmalarını, faşistlərlə işlədiklərini bir müddət gizlədə də bilirdilər.

Ancaq xüsusi xidmət orqanları bütün Sovet İttifaqı üzrə ortaq məxfi məlumatlar anbarına malik olduğundan ən müxtəlif respublikalardakı vaxtilə almanlara işləmişləri bir-bir aşkarlayıb divan ayağına çəkirdi. Ancaq heç də onların hamısını dərhal cəzalandırmağa çalışmırdılar. Çünki bu qafilədən olan və almanların kəşfiyyat məktəbində təlim görmüş sabiq legionçulardan yararlanmaq mümkün idi. Həm müəyyən peşəkar kəşfiyyatçılıq vərdişlərinə malik olan, həm də müharibə görmüş belə adamların arasından kimlərisə diqqətlə seçərək istifadə etmək qaçırılmamalı fürsət idi.

Həmin itirilmiş kimi görünən adamlardan ümumi mənafe naminə fayda ilə yararlana bilmək artıq onlarla işləyənlərin ustalığından, düşüncə çevikliyindən, qətiyyətindən asılı idi.

Hər dəfə riski başının üstündən əskik olmayan, vəd etdiyi uğurla peşmanlığın tərəzinin gözlərində eyni gələcəyi belə əməliyyatlardan zamanında əks-səda doğuranlarından birini 1950-ci illərin ortalarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin gənc əməkdaşı Heydər Əliyev aparmışdı.

2-ci şöbənin 2-ci bölməsinin rəisi vəzifəsində işləyən kapitan Heydər Əliyevin yazdığı təqdimatda irəli sürülən istək ilk baxışdan gözlənilməz, hətta qədərindən də artıq cəsarətli təsiri bağışlayırdı və təbii ki, bu yekəlikdə məsələni yalnız Moskvanın iradəsi həll edə bilərdi. Gənc kapitan məsələ qaldırırdı ki, Vorkutada vətənə xəyanət hökmü ilə 25 il həbs cəzası çəkən azərbaycanlı məhbus Bakıya gətirilərək onların sərəncamına verilsin.

Və açıqca göstərilirdi ki, niyyət bu məhbusun əslində azad edilərək kəşfiyyat məqsədilə istifadəsindən ibarətdir.

Bu məhbus vaxtın üzünə güldüyü adamlardan idi. Çünki onun cəzası əslində güllələnmə idi. Ancaq o vaxt camaat arasında qısaca "ASA" (Antisovetskaya aqitasiya - antisovet təbliğat) adlanan qorxunc maddəyə görə güllələnmə hökmü 25 illik həbs cəzası ilə əvəzlənmişdi və həmin səbəbdən də həmin dustağın işi buradaca bitirilməmiş, o, Sibirə göndərilmişdi. İndi isə özünün də xəbəri olmadan bəxt üzünə ikinci dəfə gülümsəmişdi və Azərbaycan onu azadlığa buraxaraq iş tapşırmaqçün geri tələb edirdi.

Əslən Astaranın Siyotük kəndindən olan, qədərin yazısıyla gedib dünyanın o başındakı ölüm düşərgəsi adlandırıla biləcək Vorkutanın buzlu cəhənnəminə düşən və burada 25 il ömür çürütməli olan Qədəm Əlizadə (ad və soyad şərtidir) 1909-cu il təvəllüdlü idi. Ölməyib sağ qalarsa, azadlığa yaşı 70-i keçəndən sonra buraxılmalı idi. Amma Moskvaya Bakının əsaslandırması məntiqli görünmüşdü və qatar onu Bakıya gətirirdi.

Kapitan Heydər Əliyevin hansı müddəaları Moskvaya çox inandırıcı gəlmişdi və Qədəm Əlizadədən hansı istiqamətdə istifadə etmək təklif olunmuşdu ki, bunca ağır cəzası olan məhbusun buraxılmasına icazə verilmişdi?

Kapitan Heydər Əliyevin Azərbaycan DTK sədri polkovnik Anatoli Quskova ünvanladığı, onun da, öz növbəsində, Mərkəzə yönləndirdiyi "Təklif"dəki diqqətəlayiq cəhət bundan ibarətdir ki, burada əməliyyatın vəd etdiyi uğur təqdim edilməklə yanaşı, hətta ümid bəslənən nəticənin alınmayacağı hal üçün də ağıllı sığortalanma, hətta həmin vəziyyətin də özünə görə bir uduş olduğunu əsaslandırma vardı: "Ona həbsdən azad edilməsi və maraqlarımıza uyğun istifadə ediləcəyi bildirilərsə, bizə inamı da artar və nəzərdə tutulan tədbirin ciddiliyini  nəzərə alaraq  tam səmimiyyət göstərər, ola da bilsin ki, əvvəlki müsahibələrimizdə çəkinərək demədiyi daha başqa təfərrüatları da bölüşər. Onun həbsdən azad edilməsi isə işinə təzədən baxılması qaydasında həyata keçirilə və belə əsaslandırıla bilər ki, o, yalnız öz ifadələri əsasında məhkum edilib və praktik olaraq SSRİ ərazisində casusluq fəaliyyəti ilə məşğul olmayıb.

Zənnimizcə, hətta nəzərdə tutulmuş tədbir gözlənilən nəticəni doğurmasa belə, bizə nə əməliyyat baxımından, nə də siyasi mənada zərər vuracaqdır. Çünki Q.Əlizadə türk kəşfiyyatının agenti olaraq SSRİ ərazisinə daxil olduğu vaxtdan bəri daim nəzarət altında saxlanmış və ondan bir şəxs olaraq da fərdi keyfiyyətləri baxımından təxribatçı məqsədlərlə SSRİ əleyhinə istifadə mümkünsüzdür". 

Yeddiillik məktəb savadı olan (əslində 3 sinif oxumuşdu. Ancaq DTK-nın onunçün düzəltdiyi hərbi biletdə guya  yeddiillik məktəbi bitirdiyi yazılmışdı. Hətta bu uyğunsuzluğa görə az qala bir dəfə ilişəcəkmiş. Türkiyədə onunla dindirmələr aparılarkən hər sözə əmma qoyan xüsusi xidmət işçisi soruşur ki, tərcümeyi halınızda öz xəttinizlə 3 sinif oxuduğunuzu yazıbsınız, amma hərbi biletinizdə 7 il oxuduğunuz göstərilir. Özünü itirməmişdi, anındaca cavab vermişdi ki, bəli, 3 sinif oxumuşam, lakin əsgərlikdə olanda 2 il boyu hər gün axşamlar 4 saatlıq kursları dinlədim ki, bu da 7 illik təhsilə bərabər tutulur.

Həqiqətdə belə şey olmamışdı, di gəl, kəşfiyyatçı hazırcavablığı göstərərək bunu elə arxayınlıqla söyləmişdi ki, cavabıla qane olmuşdular.

Ancaq onun yaxşı mütaliəsi vardı, kitab əlindən düşmürdü və biliklərinin, dünyagörüşünün çevrəsi də yetərincə geniş idi. Bunun da təsdiqi elə "Alagöz" işinin səhifələrindədir.).

Qədəm Əlizadə 1931-34-cü illərdə hərbi xidmət keçmişdi, o vaxtlar Böyük Vətən müharibəsi adlandırılan davadan qayıdandan sonra isə Astara Maliyyə şöbəsində müfəttiş işləyirmiş və eyni zamanda, əməkdaşlığa da cəlb edilibmiş, rezident qismində 44-cü sərhəd dəstəsinin agentura şəbəkəsində imiş. Ancaq 1950-ci il iyulun 31-də səhər erkən yaşadığı Bandasər kəndindən rayon mərkəzinə işə gedərkən qəfilcə yoxa çıxır. Nə qədər arayırlar-axtarırlar, "gördüm" deyən olmur. Aylar sonra ümidləri üzülərək artıq onu ölmüş zənn etsələr də, 1952-ci il mayın 31-də Lənkəranda sərhədçilər onu İrandan Azərbaycana keçərkən tuturlar. Həbsə alınan kimi dərhal Bakıya gətirilir, 2 ay sərasər Dövlət Təhlükəsizlik Nazirliyində dindirilir. Bəlli olur ki, Q.Əlizadə hələ müharibədən əvvəl kənd sovetinin sədri işləyərkən bir kolxoz sədrinin həyat yoldaşı ilə xəlvəti görüşürmüş. Elə o çağlardan Qədəmə qarşı kin bəsləyən kolxoz sədri qisas almağa fürsət gəzirmiş. Sən demə, onun İran sərhədçiləri, onlara xidmət edən bəzi adamlarla da əlaqəsi varmış və məhz həmin sədrin barmaq tuşlaması ilə 1950-ci ilin yayında 6 kişi sübh çağı Bandasər kəndinin qırağında kimsəsiz bir yerdə Q.Əlizadənin başından vurub uydurur, ağzına əsgi basırlar, sonra da bir tabutun içərisinə uzadaraq İran sərhədindən o taya keçirir, 2 əsgər və mayor rütbəli bir İran zabitinə təhvil verirlər (Sonralar dəqiqləşdiriləcək ki, həqiqətən, onu İran kəşfiyyatına xidmət edən Mirzə Vəlinin dəstəsi oğurlayıbmış). Onlar da qolu bağlı Qədəmi yük maşınının kuzovuna atıb Tehrana yola düzəlirlər. Ancaq axşam qaranlığında çala-çuxurlu bir yerdən keçərkən maşın sürətini zəiflədəndə Qədəm maşından yerə atılır və qaçıb gizlənə bilir. 20 gün İranla SSRİ-nin sərhədini arayaraq təzədən Vətənə qayıtmaqçün əlləşsə də, nəhayətdə gəlib Cənubi Azərbaycanda Maku tərəflərə çıxır və bu səmtdə bir qədər hərəkət eləyəndən sonra onu sərhədçilər saxlayır. Lakin bura artıq Q.Əlizadənin oğurlanaraq İrana aparıldığı sərhəd deyildi, bura artıq Türkiyənin ərazisi idi.

Onu ilkin istintaq aparmaqçün Bayazid şəhərinə gətirirlər. Həqiqəti desəydi, onun bircə kəlməsinə də inanmayacaqdılar. Belə bir hekayət qoşur ki, mən sovet qoşunlarının tərkibində İranda idim. Sovet-alman müharibəsi başlananda Azərbaycana qayıdan kimi məni də cəbhəyə göndərəcəklərini düşünərək ordudan qaçdım, qaldım İranda. 1950-ci ildə eşitdim ki, sovet hökuməti bütün fərari və xəyanət etmişlərə amnistiya verib. Mən də qərara aldım ki, Azərbaycana qayıdım. Ancaq İran sərhədçiləri məni atəşə tutdular, onlardan qaça-qaça bir də onda ayıldım ki, Türkiyə sərhədçiləri məni saxladı.

...Sonra onu aparırlar İqdıra, oradakı Milli Əmniyyət Hizmətinin rəisi polkovnik  Hüsnü bəy düz 3 ay Q.Əlizadəni danışdırır, nəticədə onu Türkiyə xüsusi xidmət orqanları ilə əməkdaşlığa razı salır, ilkin tapşırıqlar verərək Vətəninə göndərir. Bunu da əlavə edir ki, əgər bu tapşırığı lazımi səviyyədə yerinə yetirsən, gələn dəfə sənə oradakı agentlərimizin də adlarını verəcəyəm ki, ehtiyac olduqca onlarla əlaqə saxlayasan.

 

1951-ci ilin martında müvafiq hazırlıqlar və dərslər keçəndən sonra Q.Əlizadəni 2 hərbçinin müşayiəti ilə maşınla Bayazid şəhərinə, ötən ilin avqustunda onu türkiyəli sərhədçilərin tutduğu yerə gətirirlər və müvafiq təlimatlar verirlər, İran ərazisindən SSRİ-yə adlamaqçün sonrakı marşrutu da başa salaraq gecə yarısı yola salırlar.

Sərhədi keçəndən sonra Təbriz sarı yönələn Q.Əlizadə oradan sovet sərhədi tərəfə üz tutmalı, Azərbaycanın keçmiş Astraxanbazar rayonunun Biləsuvar kəndinə çatmalıymış. Ancaq Maku və Xoy arasında ələ keçir. Onu ələ verən də siqaret olur. Türklər ona 5-10 qutu türk siqareti veriblərmiş. Mülki geyimli, yəqin ki, xüsusi xidmətlərlə bağlı bir iranlı onda Türkiyə istehsalı siqaretləri görüncə saxlayır, aparırlar lazımi yerə, cibindən türk lirəsi də çıxır və burada da belə bir əhvalat quraşdırır ki, mən əslində Sovet Azərbaycanındanam. Müharibədə almanlara əsir düşmüşdüm, bir müddət Bolqarıstanda hərbi əsirlər üçün olan düşərgədə qaldım, sonra oradan birtəhər canımı qurtarıb Türkiyəyə qaçdım. Bura gələnəcən də orada yaşamışam. Onu 6 ay həbsdə saxlayandan sonra Kirmana sürgün edirlər.

Və Kirmandan da günlərin birində qaçaraq Vətənə gəlir, keçid məntəqəsində özünü sərhədçilərə təslim edir.

Fəqət Bakıda onu danışdırandan sonra Türkiyə kəşfiyyatına satılmaq ittihamıyla 25 il cəza ilə Sibirə vasil edirlər (o dönəmlərdə "Sibir" kəlməsi elə təxminən "cəhənnəm" anlayışına tay olduğundan belə yazdım).

...Və indi Q.Əlizadəni bataqlıqdan xilas edib Vətənə qaytaran Heydər Əliyevin məqsədi onu təzədən geriyə - yox, Vorkutaya deyil, bir neçə il öncə xüsusi tapşırıqlar verilərək bu tərəfə göndərildiyi Türkiyəyə qaytarmaq idi.

Moskva ilə Bakı arasında Q.Əlizadənin gələcək taleyi ilə bağlı yazışmaların aparıldığı əsnada hər gün onunla DTK binasındakı ayrıca otaqda söhbətlər gedirdi. Bu danışıqlar bir tərəfdən müəyyən dəqiqləşdirmələr üçündüsə, digər tərəfdən isinişmənin, qarşılıqlı inamın artırılmasından ötrü idi. Danışıqlara ara-sıra müxtəlif məsul əməkdaşlar qatılsa da, əsas həmsöhbət Heydər Əliyev idi.

Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan və əməliyyatın əvvəldən sona tam mənzərəsini əks etdirən 3 cilddə həmin danışıqların da mətni sözbəsöz dəqiqliklə əksini tapıb. Fitrətində qeyri-adilik olan adamın bənzərsizliyi istənilən xırda cizgidə də üzə çıxır. Zahirən quru məzmunlu bu dindirmələrin, fikir mübadilələrinin stenoqramlarında Heydər Əliyevin səsinin gəldiyi hər səhifədə, elə bil ki, işıq, həyat, insanilik daha çoxdur. Ömrünün son illəri gah İranda, gah Türkiyədə, gah da uzaq Vorkutada həmişə gərginliklə, yüz cür narahatlıqla ləbələb olmuş Q.Əlizadə insandır, xoş münasibətdən, istiqanlı yanaşmadan, şux zarafatdan ötrü də, təbii ki, qəribsəyib.

Heydər Əliyev də, digər əməkdaşlar kimi, onu maraqlandıran suallar verib cavablar alır, ancaq bunların heç biri zəhmli müstəntiqin prokuror ədalarıyla bir məhbusa verdiyi suallar kimi səslənmir. Heydər Əliyev onu mənən də gələcək əməliyyata yetişdirir, onunla hərdən elə həmkar kimi danışır. Axı bu adam, hər iş düşünüldüyü kimi irəliləyərsə, çox keçməyəcək ki, bizim gizli əməkdaş kimi (sovet çekistlərinin dilində onlara "seksot" - "sekretnıy sotrudnik" - "məxfi əməkdaş" deyirdilər) ölkə xaricində fəaliyyətə başlayacaq!

Heydər Əliyev söhbəti yenə Türkiyədə Q.Əlizadə ilə işləmiş, onu əməkdaşlığa cəlb etmiş, verilən kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə peşəkar baxımdan hazırlamış Hüsnü bəyin üstünə gətirib çıxarır: "Deyirlər Hüsnü bəyin üç qızı var".

Q.Əlizadə təəccüblənir ki, bu incəlikləri haradan bilirlər. Amma belə mətləblərdən də xəbərdar olmağı Q.Əlizadəyə aşkar etməyin bir məqsədi də o idi ki, bizdən gizli heç nəyin olmadığına birdəfəlik inansın, bütün söhbətlərində sonacan səmimiyyət göstərsin.

Heydər Əliyev həmsöhbətini cikinə-bikinə qədər tanıyır, onun hər xasiyyətinə bələddir, qadınpərvər olmasından da agahdır. Gülə-gülə söz atır ona: "Deyir, Hüsnü bəyin bir qızına da sənin gözün düşübmüş".

Gülümsünür Q.Əlizadə. Kim bilir, bəlkə də bu, ömrünün xoşbəxt çağlarında sifətindən əskik olmayan daimi təbəssümün illərdən sonra onun çöhrəsinə ilk qayıdışıdır.

Q.Əlizadə çox da uzun olmayan ömrü içərisində artıq həyatın hər üzünü görmüş, başı daşlardan-daşlara dəymiş bişkin adamdır. Qarşısındakı ondan xeyli cavan bu insanın taleyindəki ağlasığmayacaq dönüşün əsl səbəbkarı olmasına hər sovuşan günlə daha artıq inanır, ona özünü daha borclu sayır. 25 illik məhbəsdən onu xilas etməsi bəs deyil, hələ üstəlik indi deyir ki, səni Astaraya göndərəcəyik, get ailənlə görüş, qayıt gəl, 1 ay da burada - Bilgəhdə sanatoriyada dincəl ki, özünə lap yaxşı gələsən, gedib Türkiyədə rahat işləyə biləsən.

Onunçün dəqiq plan da tutulub: 1956-cı il mayın 22-də Astaraya yola düşür və iyunun 6-da da qayıdır Bakıya.

Təbii ki, orada 1950-ci ildən bəri heç kəsin görmədiyi Q.Əlizadənin qəfil qayıtması xəbərini eşidib qohum-qonşu, dost-tanış görüşməyə tələsəcək, onu çox sorğu-suallara tutacaqlar.

Nə deməlidir, necə deməlidir, nəyi deməməlidir - hamısını başa salıblar.

Bu tapşırığa elə ciddi yanaşırlar ki, sənədin altına onunla yanaşı DTK sədri də imza atıb.

Deyəcək ki, məni oğurlayıb İrana aparmışdılar. Kimdən şübhələnir - deməməlidir. İranda onu bir müddət türmədə saxlayandan sonra Kirmana sürgün ediblər. 1 il orada qalandan sonra özünü dilənçiliyə vuraraq hiss edilmədən aradan çıxıb. Guya gəlib çatıb Sovet-İran sərhədinə. Bu üzə keçəndə onu sovet sərhədçiləri həbs ediblər, sonra mühakiməsi olub, guya ona 10 il iş kəsilib, Vorkutaya göndərilib, 1953-cü ildə elan edilən amnistiya ilə cəzası yarıbayarı azaldılıb, yerdə qalan müddət də bitincə Vətənə qayıdıb.

Yəni elə bir hekayət qoşub-düzülmüşdü ki, həm doğru idi, həm də qondarma. Amma həm də inandırıcı idi. Kirman deyirsən, Kirmanda olmuşdu, Vorkuta deyirsən, orada dustaqlıq çəkmişdi, amnistiya deyirsən, bu da bütün ölkə üzrə çoxlarına qapı açmışdı.

1956-cı il mayın 19-da saat 14:30-da əlində çamadanı 3 ay ərzində qonağı olduğu DTK binasından azadlığa çıxır. Ona "İnturist" mehmanxanasında otaq ayırmışdılar. Astaraya yola düşənəcən 3 gecə orada qalasıydı. Azadlığın havası ilə bihuş olan Q.Əlizadə bu 3 günü hey Sahil bağında gəzib-dolaşır, şəhərin küçələrindən keçir, mağazalara baş çəkir. Neçə illərdən bəri ilk dəfə adam balası kimi asudə gəzir, axşam mehmanxanada  rahat, təmiz yorğan-döşəyə uzanır, istədiyi saatda yatıb, istədiyi saatda yuxudan durur...

Etibar öz yerində, nəzarət də məlum yerində. Təbii ki, bu 3 günün üçündə də hər addımı dəqiqəsinəcən müşahidə edilir.

Q.Əlizadəyə "Sabir" təxəllüsü verilir və ona Türkiyəyə ötürülməsi öncəsi Mərkəzin də bəyənib təsdiqlədiyi müfəssəl plan cızılır.

Bakıya qayıtmasını da ailəsinə belə izah etməliydi (və edir də ki), orada, Vorkutada olanda şaxtada işləmişəm, qazmaçı ixtisasına yiyələnmişəm. Bu işdə yaxşı pul var. Gərək gedim bir müddət neft mədənlərində işləyim, ayaq üstə duraq, sonra Bakıda ev tapıb sizi də şəhərə köçürəcəyəm".

 

DTK "Sabir"in "xidməti ezamiyyət"də olacağı dövr üçün ailəsinin dolanması qayğısına da qalmışdı. Zövcəsinin qardaşını da əməkdaşlığa cəlb etmək və hər ay onun vasitəsilə ailəsinə "Kişi maaşından göndərib" deyə 1.000 manat təqdim etmək.

Sonra qərara alınır ki, iyulun ortalarında "Sabir" Astaraya bir də getsin, ailəsini də götürüb Bakıya, onlarçün ayrılan xüsusi mənzilə gətirsin və desin ki, Leninneft mədənlərində işə düzəlmişəm.

Bakıdan sonrakı aralanmasını da ailəsinə elə işlə bağlı ezamiyyətə göndərilməsi kimi izah edəcək.

...1956-cı ilin iyununda Heydər Əliyev vəzifə nərdivanında bir pillə irəliləyib. Artıq o sənədləri 2-ci şöbənin rəis müavini kimi imzalayır.

Vəzifəcə böyüsə də, "Sabir"in səfərqabağı hazırlıqlarının əsas hissəsində təqribən hər gün kapitan Əliyev özü iştirak edir.

Vaxtilə Türkiyədən MİT məsulu Hüsnü bəy "Sabir"ə tapşırıq vermişdi ki, Bakıda, Sumqayıtda olan bir sıra hərbi obyektlər, sənaye müəssisələri haqda məlumatlar toplasın. Sumqayıtdakı boru-prokat, alüminium, sintetik kauçuk zavodlarına qədər Heydər Əliyev onunla gedir, "Sabir"ə oradakı "şeflərinə" hansı həddə qədər məlumat vermək gərək olduğunu detallarıyla anladır.

Bu əməliyyatın adı "Alagöz" qoyulmuşdu. Heydər Əliyev özü də alagöz idi, onun nəslinin də bir tərəfi Comərdlilər, bir qanadı Alagözlər idi. Ancaq əməliyyata bu ad tamam başqa səbəbdən seçilmişdi.

"Sabir" sərhədi Ermənistan ərazisindəki Alagöz kəndi tərəfdən keçməli idi.

Heydər Əliyevin aldığı ən son tapşırıq da bu idi ki, "Sabir"in müstəqil şəkildə Alagöz dəmiryol stansiyasına gedib çıxa bilməsi üçün əvvəlcə onunla məşq keçsin, Bu məqsədlə 1956-cı il avqustun 6-sı ilə 10-u arası birlikdə Bakı-İrəvan, İrəvan-Tbilisi, Tbilisi-İrəvan, İrəvan-Alagöz marşrutu ilə hərəkət edirlər.

Avqustun 11-də gecə saat 3:20-də Alagöz stansiyasından "Sabir"i Türkiyə ərazisinə ötürməyə məsul da Heydər Əliyev və onun daha iki əməkdaşı idi.

Əməliyyatın fövqəladə dərəcədə əhəmiyyətliliyinin bir təsdiqi də budur ki, onun həyata keçirilməsinə son sanksiyanı SSRİ DTK sədri, ordu generalı İvan Serov vermişdi.

"Sabir"in qarşısında qoyulan başlıca vəzifə bundan ibarət idi ki, ikinci dəfə, artıq yerinə yetirilmiş tapşırığın nəticələri ilə getdiyiniz Türkiyədə sizə maksimal inam yaranmasına nail olmalısınız. Özünüzü sədaqətli, verdiyi vədlərin və sözün üstündə duran, bundan sonrakı tapşırıqları da can-başla icra etməyə hazır şəxs kimi qələmə verməlisiniz.

Əməliyyat "hekayət"lərini tərtib etməkdə məxsusi məharət sahibi olan Heydər Əliyev "Sabir"in Türkiyə ərazisinə keçdikdən, orada xüsusi xidmət orqanları işçiləri tərəfindən dindirilməyə başlayandan sonra üzləşəcəyi hər məqam, qarşılaşacağı hər sual, verməli olduğu cavablar, etməli olduğu hərəkətlərlə bağlı 16 səhifəlik geniş plan hazırlamışdı. Təbii ki, sənəd həm də Mərkəzə göndərilməli olduğundan rusca idi. Ancaq rəhbərlik tərəfindən həmin tərtib olunmuş sənədin Azərbaycan dilinə tərcümə edilməsi də bilavasitə Heydər Əliyevə həvalə edilmişdi və bu mətnin diqqətədəyər cəhəti ondan ibarətdir ki, o illərdə bütün yazı-pozusu günün tələblərinə görə rusca olmuş Heydər Əliyevin ana dilində də necə mütənasib, sağlam, səlis üsluba malik olduğunu əyani olaraq göstərir və həm də, ola bilsin ki, bu qəbildən o illərdən qalan yeganə yazıdır.

Agent "Sabir" müəyyən qədər rusca bilirdi, ancaq kəşfiyyat səliqəsi baxımından əməliyyat tapşırığını Azərbaycan dilində oxuyaraq  tam arxayınlıqla 1956-cı il avqustun 19-da "Tapşırığı mənimsədim" yazıb imza çəkməsindən ötrü bu işi də görmək zəruri idi.

Heydər Əliyevi ömrünün sonrakı dövrlərində də həmişə seçdirən, üstün edən keyfiyyətlərdən biri onun mühafizəkarlıqdan uzaqlığı, qəlibləri, çərçivələri sındırmağa mailliyi, daha artıq sərbəstliyə həm özünün can atması, həm başqalarına bu imkanı yaratması idi. Səbəbsiz deyil ki, artıq Heydər Əliyevin həyatda olmadığı çağlarda Azərbaycanda və elə Azərbaycandan kənarlarda da qatı müxalifət düşüncəli insanların neçəsi onun bu məziyyətini həm etiraf edib, həm də bir qədər xiffətlə xatırlayıblar.

Hiss edir ki, "Sabir"in Türkiyədəki qarşılaşacağı suallarla bağlı cavabların icazə verilən həddində məhdudiyyət müəyyən qədər artıqdır. Ona görə qarşı tərəfi maraqlandıran bəzi hərbi təyinatlı məsələlərlə əlaqədar "Sabir"in guya şəxsi müşahidələri əsasında topladığı məlumatların dairəsini nisbətən genişləndirmək təklifi ilə rəhbərliyə müraciət edir: "Sabir" üçün "Tapşırıq"da əksini tapan kəşfiyyat məlumatları - Sumqayıtın sənaye müəssisələri, Qaraşəhərdəki neft anbarları, Xəzər flotiliyasının gəmiləri barədə bilgilər açıq-aşkar qənaətbəxş səviyyədə deyildir. Hesab edirəm ki, bu hissə genişləndirilməlidir. Özəlliklə, xarici kəşfiyyata onsuz da bəlli olan, Sumqayıtdan o tərəfdə - Nasosluda, Zabratda, Keşlədə yerləşən hərbi aerodromlar, onlara onsuz da buraxılması məlum olan 216-cı diviziya, eləcə də Salyandakı hərbi aerodromla əlaqədar məlumatları bu hissəyə əlavə etmək lazımdır".

Bu, ağıllı, uzaqgörən kəşfiyyatçının incə düşünülmüş əməliyyatın məqbul həllinə hesablanmış, özünü əməliyyatı icra edən şəxsin yerində təsəvvür etməyə qadir, onun sabah çətinliklərlə üzləşməməsi, orada daha artıq inam və hörmət qazana bilməsi üçün çalışan müəllimin zəruri tədarükləri idi.

Rəhbərliyə nə təkliflər etmişdisə, hamısı ağlabatan olduğundan qəbul edilir.

Və 1956-cı il avqustun 16-da gecə saat 4-də "Sabir" Alagöz stansiyası səmtindən Arpaçayı keçir, Türkiyə ərazisinə daxil olur. Bir qədər gözləyir ki, hava işıqlaşsın. Dan yeri çırtlayınca türklərin sərhəd postuna yaxınlaşır. Çağırır, eşidən olmur. Yerdən xırda çay daşlarından götürüb damın üstünə atır. Səsə gözünü ovuşdura-ovuşdura, sabah yuxusundan kal oyanmış bir əsgər çıxır. "Sabir" "Böyüyünüzü çağırın" deyir və SSRİ-dən gəldiyini bildirir, rica edir ki, məni mərkəzinizə çatdırın.

Bunları və sonra 1956-cı il oktyabrın 17-dək onunla arasıkəsilmədən aparılan uzun, yorucu dindirmələri "Sabir" Bakıya qayıtdıqdan sonrakı hesabatında əks etdirəcək.

Nəhayət, oktyabrın 17-də səhər saat 11-də həftələr boyu onunla söhbətlər aparmış mayor rütbəli Faiq bəy adlı xüsusi xidmət əməkdaşı otağa 50 yaşlarında ucaboy bir kişi ilə daxil olur və üzrxahlıq edirmiş kimi mehribanlıqla dillənir: "Səni bu günlər ərzində çox incitdim. Ancaq bütün bunlar sınin gələcəyin üçün lazım idi".

Bu, artıq qələbə idi. Həm "Sabir"ə ev tapşırığını yüksək səviyyədə hazırlamış Heydər Əliyev və məsləkdaşlarının, həm də bu tapşırığı qabiliyyətlə yerinə yetirmiş şagirdin.

Həmin orta yaşlı adam qayıdır ki, dünən sizinlə görüşən general Kamal Aygün bizim rəisimizdir. Bugünəcən verdiyiniz bütün ifadələrlə yaxından tanış olmuşuq. Sizin haqqınızda fikir müsbətdir. Bir müddət də burada qalacaqsınız, sonra sizi xüsusi tapşırıqla yenə Rusiyaya göndərəcəyik. Qayıdandan sonra isə sizin buradakı gələcək firavan həyatınız üçün hər şərait yaradılacaqdır.

Və 5 ay onu "dincə qoyurlar". Bir də növbəti ilin 12 aprelində onunla əsas danışıq aparan olmuş Faiq bəy daha 3 polkovnikin iştirakı ilə "Sabir"lə görüşür.

Yenə bir müddət keçir. 1957-ci ilin 24 iyununda ona xəbər verirlər ki, sabah bura müdafiə naziri gələcək, səninlə də görüşəcək, nə xahişin olsa, deyə bilərsən. Həqiqətən də, ertəsi gün artıq "Sabir"lə tanış olan general Kamal Aygün və müdafiə naziri onun bu hərbi hissədə yaşadığı otağa daxil olurlar.

Onu müdafiə nazirinə təqdim edirlər, qısa söhbətləri olur və nazirə bunu da deyirlər ki, Azərbaycan türküdür, bizim tapşırığımızla bir dəfə Rusiyada olub, indi ikinci dəfə onu ora göndərməyi düşünürük.

Nazir əlini qoyur Q.Əlizadənin çiyninə: "Qəhrəman!".

...İyul-avqust aylarını daha çox istirahətdə, gəzməkdə, həm də xüsusən avqustun sonlarına doğru müxtəlif təlimatlar almaqda keçirən "Sabir"i 1957-ci il avqustun 25-də İstanbul-Ərzurum ekspres qatarı ilə Qarsa gətirirlər ki, ardınca da sovet sərhədindən keçirsinlər. Onunla eyni kupedə gələn və yol boyu verdiyi tapşırığı dönə-dönə təkrarlayan Faiq bəy bunu da elə sözarası deyir ki, sənin adına bankda 100 min lirə qoyulub, qayıdandan sonra əməkdaşımız olacaqsan, hətta sənə rütbə də verəcəyik.

...Ona İrəvanda yerinə yetirməli olduğu tapşırıq əzbərlədilmişdi.

1957-ci il avqustun 29-da "Sabir", onun kuratoru Faiq bəy, Qars Milli Əmniyyət Hizmətinin mayor rütbəli rəisi şəhərdən avtomobillə çıxaraq yola düzəlirlər. Diqor kəndindəki rota qərargahında yolasalma naharına əyləşirlər. Faiq bəy deyir ki, elə et sentyabrın axırı, oktyabrın əvvəlinədək, Arpaçayda suyun səviyyəsi qalxana, havalar soyuyanacan qayıdasan.

1957-ci il sentyabrın 13-də "Sabir" Türkiyə kəşfiyyatının ona verdiyi tapşırığı yerinə yetirməkçün İrəvanda idi. O, Qukasyan adına parkda, çılpaq kişi heykəlinin ayaq tərəfində Türkiyədən gətirdiyi içərisində şifrəli məktub olan kiçik konteyneri gizlicə basdırmalı idi.

Heydər Əliyev İrəvanda onunla birgə idi, proseslərin nizamla getməsinə nəzarət edirdi və əlavə olaraq Moskvadan da bir DTK əməkdaşı göndərilmişdi.

Konteyner basdırılır, türk kəşfiyyatının verdiyi tapşırığa əsasən gələcəkdə başqa konteynerlərin basdırılması üçün də yerlər nişanlanır (və DTK da, öz növbəsində, bu nöqtələrin hər birini fasiləsiz nəzarət altına götürür).

1957-ci ilin sentyabrıdır, artıq sənədlərdə Heydər Əliyevin rütbəsi mayor kimi keçir.

Çox güclü kəşfiyyatı olan bir ölkənin içərisinə agentin yerləşdirilməsi Mərkəzdə Azərbaycan xüsusi xidmətinin parlaq nailiyyəti kimi dəyərləndirilir.

Və hələ bu əməkdaşlıq davam edəcək, az sonra "Sabir" yenidən sərhədi keçərək Türkiyəyə qayıtmalıdır, mayor Heydər Əliyev yeni gedişin ətraflı planını da tərtib edib, "Sabir" də növbəti tapşırığı mükəmməl şəkildə mənimsədiyini təsdiqləyib.

Oktyabrın 17-də gecə saat 4:50-də "Sabir" yenə Arpaçayı aşaraq, tikanlı məftilləri arxada qoyaraq Türkiyə ərazisinə daxil olur.

Əməliyyat başa çatınca o vaxt Azərbaycan DTK sədrinin vəzifəsini icra edən polkovnik Əlizadə SSRİ DTK rəhbərliyinə mühüm əməliyyatın daha bir mərhələsini müvəffəqiyyətlə yerinə yetirmiş, polkovnik A.Məmmədov və mayor Heydər Əliyev və Mərkəzdən gələn çekist - polkovnik L.Korobkovun mükafatlandırılması haqda vəsatət qaldırır.

Bütün gedişat boyu sezilən bir xətt də Heydər Əliyevin aylarla birgə işlədiyi, çətin tapşırıqların icrasına hazırladığı "Sabir"ə xüsusi nəvazişkar, qayğıkeş münasibətidir.

"Sabir" növbəti tapşırığı yerinə yetirməkçün yola düşür. Ancaq həyat yoldaşı xəstələnib. Məcburdur ki, rayondan bacısını və bacıoğlusunu Bakıya gətirsin ki, Heydər Əliyevin birbaşa səyləri ilə ona verilmiş mənzildə qalan ailəsinin qayğısına qalsınlar. Və Heydər Əliyev bu ailəyə növbəti nəcibliyini əsirgəmir. Rəhbərliyə müraciət edir ki, ailəyə ayda 1.000 manat verilirdi, indi həm dava-dərmana ehtiyac yaranıb, həm də ailə üzvlərinin sayı 2 nəfər artıb, deməli, məsrəflər çoxalıb, aylıq ödəniş 1.500 manata qaldırılsın.

Əlavə bir təqdimat da yazıb ki, ciddi dövlət əhəmiyyətli tapşırığı ləyaqətlə yerinə yetirdiyinə, bu gedişatda mətanət, mərdlik göstərdiyinə görə onun partiya sıralarına stajının da fasiləsiz hesablanmaqla bərpası təmin edilsin.

Bunların heç birini "Sabir" özü təvəqqe etmirdi, Heydər Əliyev bütün bunları vicdanının səsinə qulaq asaraq gerçəkləşdirirdi. Həm də yalnız ona görə yox ki, yaxşı insan idi. Ən əvvəl həm də ona görə ki, əsl peşəkar idi. Bilirdi ki, bütün bunların həm də görülən son dərəcə əhəmiyyətli işə birbaşa təsiri var.

..."Sabir" növbəti tapşırıqlarla sərhədi keçmişdi və buralardan ürəyində daxili bir arxayınlıqla getmişdi.

Bir il sonra "Sabir" Bakıda verilmiş tapşırıqları orada necə yerinə yetirməsi, arxada qalan aylar boyunca Türkiyədə hansı müşahidələri etməsi və təzə nə kimi tapşırıqlarla bu tərəfə təşrif gətirməsi haqda özünə xas səliqə və ayrıntıları ilə yerli-yataqlı hesabatını qoyacaqdı masanın üstünə.

...1958-ci il oktyabr ayının 6-da İrəvandan, yerli DTK-dan hökumət telefonu ilə Bakıya, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə həyəcanlı zəng gəlir: "Ayın 3-də Arpaçayda, Alagöz stansiyası tərəflərdə sərhədçilər Türkiyədən bizim tərəfə keçmiş bir kişinin meyitini tapıblar. Bizim bir agent deyir ki, bu, mənim bir il əvvəl oktyabr ayında gördüyüm "Sabir"ə çox bənzəyir".

Heydər Əliyev təcili İrəvana yola düşür.

Sən demə, sərhədçilər cəsədi sübh çağı sərhəd xəttindən lap az aralı daşların arasında görüblər.

Bu ölümə ən çox yanan, elə "Sabir"in ailəsi qədər vaysınan Heydər Əliyev idi. "Sabir" həm də onun əsəri idi axı!

Və "Sabir"ə ötən illərdə bir-birindən qüvvətli neçə əməliyyat hekayətləri yazmış mayor Heydər Əliyev indi yeni bir hekayəti də düşünüb tapmalı və mərhumun ailəsinə söyləməlidir.

Axı ailəsi bilmir və onlara faş etmək də olmaz ki, "Sabir" kəşfiyyat tapşırığı ilə xaricdəymiş və bu bədbəxt hadisə də sərhədi aşarkən, Arpaçayı keçərkən baş verib.

Xanımına, oğluna söyləyir ki, "Sabir" Moskvada təhsil almağa getmişdi, bir neçə günlüyə İrəvana qayıtmışdı və hazırlaşırmış ki, bu günlərdə Bakıya dönsün. Buradakı dostlardan birinə deyir ki, Sevan gölünü seyr etmək istəyirəm, gəl birgə gedək. Dostumuzun nəsə işləri çıxır, "Sabir" tək gedəsi olur. Ancaq gecəni qayıtmır, səhər günortayacan da ondan xəbər çıxmadığını görən ortaq dostumuz nigaran qalır ki, görən, "Sabir" necə oldu?

Və maraqlanınca dəhşətli xəbər alır. Deməyəsən, Sevanda oktyabrın 5-də bir qayıq çevrilib, o qayıqdakı 3 orta yaşlı kişi göldə batıb. Dalğıclar cəsədlərdən birini həmin gün çıxarır, ikisini tapmırlar. Ayın 8-də dalğa daha iki cəsədi sahilə atır. Cəsədlərdən birini qohumları tanıyır, üçüncü cəsədə də bunun "Sabir" ola biləcəyindən şübhələnən dostumuz baxmağa gedir.

Tanıyınca dəhşət içərisində bu xəbəri bizə çatdırdı, biz də elə həmin saat İrəvana yola düşdük.

Və daha heç vaxt bu ailə "Sabir"in əsl taleyindən, hansı işləri gördüyündən, həyatdan necə getdiyindən xəbər tutmayacaq.

Elə onun həyatı da ailəsinin yaddaşında bir əfsanə, bir qəmli hekayət kimi qalacaq...

...Bu çay köhnənin dəli-dolu çayıydı. Bu çay köhnənin nisgil oyadan çayıydı. Bu çay köhnənin alıb qaçan, göz yaşı gətirən çayıydı.

Arpa çayı dərin olmaz,

Axar sular sərin olmaz.

Arpa çayı aşdı-daşdı,

 

Sel balanı aldı qaçdı...

...Və mayor Heydər Əliyev "Sabir"in xatirəsinə və ailəsinə münasibətdə daha bir kişiliyini edir, daha bir sədaqətini nümayiş etdirir.

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyinə artıq həyatdan getmiş bu kəşfiyyatçı ilə bağlı son təqdimatını hazırlayır: "..."Sabir"in ailəsi hazırda xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşından və neft texnikumunda təhsil alan 16 yaşlı oğlundan ibarətdir. "Sabir"in SSRİ DTK orqanları qarşısında xidmətlərini, onun bizim tapşırıqları yerinə yetirərkən həlak olmasını nəzərə alaraq ailəyə birdəfəlik yardım olaraq 5.000 manat ayrılmasını, xanımına ömürlük aylıq 600 manat təqaüd kəsilməsini və oğluna texnikumda təhsilini başa vuranadək ayda 400 manat verilməsinin təmin edilməsi haqda qərar verilməsini xahiş edirik".

Və həmin istəklərin hər biri həllini tapır...

...Vaxtın suları çox nəsnələri alıb apara bilir. Amma tarixin özü və onun ibrətləri həmişə insanlarla qalır.

Bu, yalnız bir naməlum kəşfiyyatçının ömür kitabını vərəqləmək deyildi.

Bu həm də sədaqət haqqında hekayət idi!..

20 fevral, 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 25 fevral.- S.10-11-12.