Xocalı soyqırımının 31-ci ili
Bəşəriyyət
və insanlıq adına qara ləkə
Azərbaycan
tarixinin ən dəhşətli və ağrılı səhifələrindən
biri olan Xocalı soyqırımından 31 il ötür.
1992-ci
il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xankəndi şəhərində
yerləşdirilmiş 366-cı rus motoatıcı
alayının köməyi ilə Xocalı şəhərinin
dinc əhalisini kütləvi şəkildə qətlə
yetirmək məqsədilə hücuma keçdi. Şəhər
bir gecədə yerlə-yeksan edildi, sakinləri
soyqırımı məruz qaldı. XX əsrin sonunda törədilən
bu amansız faciə təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə
bir sırada dayanır. Erməni millətçiləri tarixən
azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırımı siyasəti həyata keçirib. Ötən
əsrin 90-cı illərində Xocalı soyqırımı
kimi dəhşətli cinayətlə yanaşı, Bağanis
Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı,
Başgüneytəpə, Ağdaban, Ballıqaya,
Başlıbeldə də azərbaycanlıları kütləvi
qırğınlara məruz qoyublar. Xocalı faciəsindən
bir neçə gün əvvəl Xocavənd rayonunun
Qaradağlı kəndində erməni quldurları
insanlığa sığmayan vəhşiliklər törədiblər.
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini
heçə sayan ermənilər xalqımıza qarşı
bütün cinayətlərində ən amansız qətl
üsullarından, işgəncələrdən istifadə
ediblər. Xocalıda törətdikləri soyqırım
zamanı 613 nəfəri xüsusi qəddarlıqla
öldürüblər. Onların 106 nəfəri qadın,
63-ü uşaq və 70 nəfəri ahıl şəxs olub.
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 132 uşaq valideynlərdən birini itirib, 487 nəfər
ağır yaralanıb, 1275 nəfər girov
götürülüb, onlardan 150 nəfərin taleyi hələ
də naməlumdur. Soyqırım zamanı öldürülənlərdən
56 nəfəri ağlasığmaz şəkildə
xüsusi qəddarlıqla qətlə yetirilib, insanlar diri-diri
yandırılıb, onlara dəhşətli işgəncələr
verilib.
Etnik
təmizləmə və nifrət zəminində törədilən
Xocalı soyqırımı və Ermənistanın
torpaqlarımızda törətdiyi digər müharibə
cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə
təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən,
insanların yaşamaq hüququ kobud və kütləvi surətdə
pozulub. Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə
Konvensiyalarının, "Soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması
haqqında" Konvensiyasının, Mülki və siyasi
hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial
və mədəni hüquqlar haqqında Beynəlxalq
Paktın, "İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə" Konvensiyanın, "İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında" Konvensiyanın, "Uşaq
hüquqları haqqında" Konvensiyanın müddəaları
ciddi şəkildə pozulub.
Xocalı
soyqırımına ilk dəfə Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən
siyasi-hüquqi qiymət verilib, 26 fevral tarixi Xocalı
Soyqırımı Günü elan olunub, törədilən
cinayətin beynəlxalq ictimaiyyətə
çatdırılması, təqsirkarların ədalət
mühakiməsinə verilməsi istiqamətində tədbirlərin
həyata keçirilməsinə başlanılıb.
Xocalı
həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində Heydər Əliyev
Fondunun həyata keçirdiyi "Xocalıya ədalət"
beynəlxalq kampaniyası Xocalı soyqrımının
dünya ictimaiyyəti tərəfindən tanınması, ona
hüquqi və siyasi qiymətin verilməsində olduqca
mühüm rol oynayır. Hazırda 18 dövlətin
qanunvericilik orqanı, həmçinin, ABŞ-nin 24
ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı
və Türk Dövlətləri Təşkilatı tərəfindən
Xocalıda dinc əhalinin qətliamını pisləyən və
bunu soyqırımı və insanlıq əleyhinə cinayət
aktı kimi dəyərləndirən çoxsaylı qətnamə
və qərarlar qəbul edilib.
Xocalı
şahidlərinin ifadələri bu soyqırımın
bütün dəhşətlərini bir daha ortaya qoyur.
Xocalı
sakini Humay Abbasova 1992-ci ilin fevralın 25-də girov
götürülüb, mart ayının 2-də azad edilib.
Onun dedikləri: "1992-ci il fevral ayının 25-dən 26-na
keçən gecə Ermənistan hərbçiləri
Xocalıya hücum edən zaman mən və həyat
yoldaşım Ümidvar evdə, oğlanlarımızı
Taleh və Vəliyəddin Xocalı şəhərini
müdafiə etmək üçün postlarda idilər.
Hücum zamanı digər sakinlərlə birgə
yaxınlıqdakı beşmərtəbəli binanın zirzəmisinə
girmişdik. Bir müddət zirzəmidə qaldıqdan sonra
artıq gözləməyin mənasız olduğunu
görüb meşəyə doğru qaçdıq. Yolun kənarında
və meşənin içində xeyli meyitlər var idi. Bir
müddət meşədə gizləndikdən sonra Əsgəran
rayonu tərəfə getməyə məcbur olduq. Orda olan Ermənistan
hərbçiləri bizi girov götürdülər. Əvvəlcə
girovları qarət etdilər, pulları və sənədləri
zorla alıb, kişiləri döyməyə
başladılar. Həyat yoldaşım Ümidvarın
çənəsini qırdılar. Sonra maşınlara
doldurub Əsgərana apardılar. Yolda maşını
saxlayıb iki sakini öldürərək, qollarını bədənlərindən
ayırdılar. Sonra bir neçə cavan oğlanı da
maşından düşürüb avtomatla güllələdilər.
Digərlərini isə yenidən maşına mindirib Əsgərana
apardılar. Orada kişiləri ayrı, qadınları
ayrı kameralara saldılar. Ermənilər girovları rezin dəyənəklə,
təpik və avtomatın qundağı ilə vəhşicəsinə
döyürdülər. Cavan qız-gəlini aparıb
zorladıqdan sonra gətirirdilər. Camaata dözülməz əziyyət
və işgəncələr verirdilər. Ermənilər
ac-susuz qalan uşaqların davamlı ağlamasına da əhəmiyyət
vermir, yaşlı qadınları da döyür, təpikləyirdilər.
Girovluqdan azad olunandan sonra xeyli vaxt sonra özümüzə gələ
bilmir, gecələr qorxudan yata bilmirdik. Gözümü yuman
kimi o qorxunc hadisələr gözlərim önünə gəlir,
qışqırıb ayılırdım".
Xocalı
sakini Səttar Ağayev 25 fevral 1992-ci il tarixdə girov
götürülüb, 5 aprel 1992-ci il tarixdə azad edilib.
İfadəsində bildirib: "1992-ci il fevral ayının
25-də ermənilər Xocalı şəhərinə
hücum etdilər. Mülki əhali şəhəri qorumaq
üçün durduqları postdan geri çəkilməli
olmuşdur. 11 yaşlı oğlumu götürüb meşəyə
tərəf qaçdım. Şəhər hər tərəfdən
mühasirəyə alınaraq atəşə tutulur, qoca,
qadın, uşağa fərq qoyulmadan hər kəs qətlə
yetirilirdi. Əhali canını qurtarmaq üçün şəhərin
ətrafındakı meşələrə üz tutmuşdu.
Şiddətli qar yağırdı, hava çox soyuq idi.
Adamlar meşəyə səpələnərək xilas yolu
arayırdılar. Ancaq hər yerdə Ermənistan hərbçilərinin
atəşi ilə qarşılaşırdıq. Meşədə
1982-ci il təvəllüdlü Allahverdini güllə ilə
vurdular. Uşağı kürəyimə alaraq bir xeyli getdikdən
sonra qarın içində ayaqqabılarımı itirdim.
Artıq hara getdiyimi bilmirdim. Uşaq donduğunu deyərək
çörək istəyirdi. Bir azdan uşağın donub
öldüyünü hiss edərək onu kürəyimdən
yerə qoydum. Əynindəki paltonu çıxarıb meyiti
bükdüm və yanında oturaraq ağlamağa
başladım. Oğlumun meyitini oradan çıxarmaq istərkən
silahlı erməni dəstəsi tərəfindən girov
götürüldüm".
Onu
ermənilərin yaşadığı Dəhraz kəndində
yerləşən fermaya gətirirlər. Meşədə
şaxtadan ayaqları və əlləri donduğundan hərəkət
edə bilmirmiş. Heç oğlunun meyitini götürməyə
də icazə verməyiblər. Fermanın pəncərələrinin
şüşələrini də vurub
qırmışdılar ki, daha da soyuq olsun. Ermənilər
onu qayışla, zəncirlə, avtomat qundağı və təpiklə
döydükdən sonra adi kəlbətinlə bütün
dişlərini çıxarıblar. Ağzı qanla
dolduğundan nəfəs ala bilmirmiş, ermənilər isə
onu dayanmadan döyürmüşlər. Ermənistan hərbçiləri
ondan Milli Orduda oğlunun olub-olmamasını soruşublar.
Orduda heç kəsinin olmadığını söyləyib.
Bu vaxt bir erməni onun oğlu Zahid Ağayevin pasportunu göstərərək
"Bu, sənin oğlun deyil?" - soruşub. Bunu inkar etdikdə,
qolundan tutaraq oğlu Zahidin meyitinin yanına gətirərək
"Budur sənin oğlun", - deyib. Ermənilər onu
döyərək bütün günü meyitlə bir kamerada
saxlayıblar. Ertəsi gün onu başqa bir binaya
aparıblar. Orada ermənilər "Bir nəfərimizi
öldürmüsünüz, əvəzində 13 nəfəri
öldürəcəyik", - deyərək 13 nəfər
cavan oğlanı seçərək zorla yaxınlarından
ayırıb və naməlum istiqamətdə aparıblar.
Fevralın 29-da isə onunla birlikdə 18 nəfəri
seçib Xankəndinə aparıblar. Orada onu və daha 50 nəfər
azərbaycanlını soyuqda beton döşəmənin
üstündə saxlayıb, müntəzəm olaraq
döyüblər.
Meşədə
olarkən don vurmuş ayaqları artıq çürüməyə
başlayıb. Şiddətli ağrılara dözə bilmədiyindən,
ermənilərə onu öldürmələrini təklif
edib. Bir erməni həkim onun ayağına baxaraq hər
ikisinin dizdən aşağı kəsilməsinin vacib
olduğunu deyib. Buna baxmayaraq, erməni nəzarətçilər
onu döyərkən məhz ayaqlarını təpikləyir,
ona bu cür işgəncə verirmişlər. Səttar
Ağayev 5 aprel 1992-ci il tarixdə girovluqdan azad edilib.
Qəyyum
Aslanov 26 fevral 1992-ci il tarixdə girov götürülüb,
12 aprel 1992-ci il tarixdə azad edilib. Q.Aslanov hücumdan əvvəl
ailəsini şəhərdən çıxarır,
helikopterdə yer olmadığı üçün, anadangəlmə
xəstə olan 17 yaşlı qızı Gülsabah evdə
qalır. Ermənilərin həyətə dolduğunu və
qızını evdən bayıra çıxararaq ona
sataşmaq istədiklərini görən Q.Aslanov, bu səhnənin
şahidi olmaması üçün məcbur olub əlindəki
tir tüfəngi ilə öz balasını, sevimli
qızını güllələyib. Özü isə şəhərdən
çıxan adamlara qoşularaq qaçıb. Növbəti
gün səhər saat 7 radələrində onun da olduğu
5-6 nəfərlik dəstə mühasirəyə
düşüb və girov götürülüblər.
Onunla birlikdə Xocalının müdafiəsi zamanı dinc əhalini
müdafiə edərək qəhrəmancasına şəhid
olmuş milis zabiti, Azərbaycanın Milli qəhrəmanı Əlif
Hacıyevin atası Lətif Məmmədov, anası Filyar Əliyeva,
bacısı Yeganə və qardaşı Süleyman da girov
götürülmüşlər. Girov götürülərkən
Ermənistan hərbçiləri onları qəddarcasına
döymüşlər. Süleymanı o qədər
döyüblər ki, huşsuz və yarım can halda idi. Sonra
bir lafet gətirib hamını ora doldurublar. Q.Aslanov son
gücünü toplayaraq meyit kimi düşüb
qalmış Süleymanı da lafetə qaldırıb.
Hamını üst-üstə yığıb Xankəndi
Milis şöbəsinə gətiriblər. Milis idarəsinin
həyətində girovları soyundurub qarın üstünə
uzandırıblar. Orada hərbçilər və milislərlə
yanaşı, yerli əhali də girovları zopa, dəmir dəyənək
və armaturlarla dözülməz dərəcədə
döyüblər. Sonra sürüyüb dar kameralara
atıblar. O, halsız vəziyyətdə kameraya qədər
sürünsə də, sonrasını xatırlamır. Bu
işgəncədən sonra Q.Aslanov bir ay heç kimi
tanımayıb.
Mart
ayının 17-də isə Xocalı sakini Salahov Məhəmmədin
başını erməni qəbrinin üstündə kəsmişdilər.
Qəyyum Aslanov 12 aprel 1992-ci il tarixdə girovluqdan azad edilib.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2023.- 25 fevral.- S.6.