Zəhra Əhmədova:
"Qızlarımı şəhid qızı, şəhid
nəvəsi adına layiq böyüdəcəyəm"
Müsahibimiz Vətən müharibəsində şəhid
olmuş cəsur tankçı Mahmud Əhmədovun həyat
yoldaşı Zəhra xanımdır. O, həm də şəhid
qızıdır. Atası İman Məhərrəmov
Birinci Qarabağ müharibəsində şəhadətə
yüksəlib. Taleyinə həm şəhid
qızı, həm də şəhidin həyat yoldaşı
olmaq yazılan Zəhra xanımın ömür
kitabını özü ilə birlikdə vərəqlədik:
- Zəhra
xanım, istərdim öncə Birinci Qarabağ müharibəsində
şəhid olan atanızdan danışaq.
- Atam
İman İslam oğlu Məhərrəmov 1969-cu ildə
Füzuli rayon Qazaxlar kəndində anadan olub. 1987-ci
ildə Yakutiski şəhərinə hərbi xidmətə
gedir və 2 illik hərbi xidmətdən sonra qayıdır.
O, əsgərlikdə olanda anası rəhmətə getdiyindən
qayıdan kimi atası evləndirmək istəyir. Beləcə, 1989-cu ildə anam Nəcibə
xanımla ailə həyatı qurub Füzulinin Qarakollu kəndində
yaşayırlar. Mən 1991-ci ilin 4 iyununda
doğulmuşam. 1992-ci il 4 iyun
tarixində mənim 1 yaşımı qeyd edəndən sonra
15 iyunda könüllü olaraq Birinci Qarabağ müharibəsində
döyüşlərə qatılır. 1992-ci il 26 iyulda Füzuli rayonunun Ərgünəş
dağında şəhidlik zirvəsinə ucalır. Məzarı hazırda Füzulinin Qazaxlar kənd qəbiristanlığındadır.
- Şəhid qızı kimi
böyüdüyünüz illəri necə təsvir edərdiniz?
- Evdə,
ailədə həmişə əzizlənmişəm, bir
insan xətrimə dəyməyib. Babam mənə
ata əvəzi olub. Atamın yoxluğunu
2006-cı ildə babam rəhmətə gedəndə hiss
etmişəm. Hər zaman atam haqqında
xoş sözlər eşidərdim. Ən
çox yadımda qalan onun məzarını ziyarətlərimizdir.
Atamın məzarı bizim evdən çox uzaq
idi. Hər cümə axşamında anam əlimdən
tutub mənlə birgə atamı ziyarətə gedərdik.
Yolboyu gah məni qucağına alardı, gah da
yorulub yerə qoyardı, beləcə saatlarla gedərdik.
Heç vaxt anama atamla bağlı sual verməzdim,
onu daha da incitməkdən qorxardım. Amma
anam özü danışardı. Deyərdi
ki, atan sənə çox bağlı idi, səni çox
sevirdi. Mənim adımı da atam öz
anasının adını qoyub. Anasına
çox bağlı olub. Məni də həm
balası, həm anası kimi sevib. Mənim
ilk sözüm də "ata" olub. Amma
atam heç vaxt eşitməyib. Məktəbə
başqa uşaqları atası gətirəndə məni
anam, babam aparıb gətirərdi. Axı
atam yox idi. Qohumlarda kimsə balasını
qucaqlayanda, ata deyib üstünə qaçanda ağlayıb
"kaş ki, mənim də atam olaydı, atam gəlsin"
deyərmişəm. Düzdür, şəhid
qızı kimi hər kəs hörmət edərdi, amma
atasızlığı əvəz etmir ki. Bunları danışmaq mənimçün
çox çətindir. Bəli, anam məni
elə saxlayıb ki, heç atalılardan seçilməmişəm.
Amma heç nə atamın yerini doldurmayıb.
Ailə qurandan sonra atamı daha çox
axtarmışam. Qız böyüdükcə
ona ata daha çox lazım olarmış. Bu
gün də atamı axtarıram, darıxıram.
"Ata" sözünü dilinə ala bilməyən bir
uşaq üçün "ata kimdir" sualına cavab vermək
çox çətindir..
- Mahmudla
necə tanış olub evlənmişdiniz?
- Atam
şəhid olduğundan həmişə deyirdim ki, hərbçi
ilə ailə quracağam. Sonra tale
qarşıma Mahmudu çıxardı. Onunla bir toyda tanış olmuşduq. Danışığı,
hərəkəti, davranışı çox xoşuma gəlmişdi.
Bir neçə ay danışdıq. Mənim anam deyərdi ki, səni uzağa verməyəcəm.
2013-cü ilin martın 1-i idi. Mahmudla görüntülü
danışırdıq. Qardaşı, gəlinləri
də yanında idi. Birdən qardaşı dedi ki, gəlirik
səni aparmağa. Beləcə, martın 2-də
Mahmuda qoşulub qaçdım. Martın
24-də toyumuz oldu.
- Necə
həyat yoldaşı idi?
-
Çox gözəl ailə başçısı, dost,
yoldaş... Onunla o qədər gözəl
yaşamışıq ki! Məni uşaq kimi əzizləyərdi.
Bircə bazar günü evə tez gələrdi,
onda da günorta məni götürüb Ağstafadan
Füzuliyə anamı görməyə aparardı. Bir saatlıq anamı görüb təzədən
geri qayıdardıq. Anamı da çox əziz
tutardı. Heç vaxt mənə
heç nədə qadağa qoymazdı. Hətta
bir gün bəzənməyəndə deyərdi ki, nə
olub, niyə bikefsən. Mənimçün
hər şey edərdi. Onunla həyatımız
bambaşqa olub.
- Bəs
necə ata idi? Övladıyla bağlı
hansı arzuları vardı?
- Bizim
üç il yarım
uşağımız olmayıb. Demək olar
ki, artıq əlimizi üzmüşdük. Bir gün Bakıya xalam oğlunun toyuna getmişdik.
Onda bibim məni həkimə apardı, öyrəndik
ki, uşağımız olacaq. Mahmud bu xəbəri
o qədər böyük sevinclə qarşıladı ki,
sevindiyindən xəstəxananın ətrafında
dönürdü. 2016-cı il
yanvarın 2-də Nur qızımız doğuldu. Qızına çox bağlı idi. Səhər saat 6-da işə getsə də, gecəni
Nurla oynayırdı. Getdiyi hər yerə
Nuru da aparardı. Mən
uşaqlığımı qızımla, Mahmudla birgə
yaşadım, onlarla böyüdüm. Həmişə
deyərdi ki, qızımı oğlan kimi böyüdəcəm,
idmana qoyacam, oxudacam, ona maşın alacam. Nuru
məktəbə aparmağa tələsərdi. Deyirdi, nə vaxt böyüyəcək, nə vaxt əlindən
tutub məktəbə aparacam?! Arzuları
çox idi, heyf ki, qismət olmadı.
-
İkinci qızınız onun şəhadətindən sonra
dünyaya gəldi...
- 4 il sonra yenidən ata-ana olacaqdıq. Mingəçevirdə qalırdıq. Uşağımız üçün hər
şeyi birlikdə seçirdik. Karantin
olduğundan evə buraxılmadı, işdə qaldılar.
Sonra müharibəyə hazırlıq və
müharibə oldu deyə uşağın cinsiyyətini belə
öyrənə bilmədi. Deyirdi, oğlum olsa,
adını Tuncay qoyacam, qızım olsa, Mələk. Cinsiyyətini
öyrənə bilmirdi, amma həkimə gedəndə ordan zəng
edib ürək döyüntüsünü dinlədirdik. Dəfələrlə ürək
döyüntüsünü dinləyib ağlayırdı.
O səhnə heç vaxt yadımdan çıxmaz. Bu qədər böyük həvəslə gözlədiyi
balasını bircə dəfə də görə, toxuna
bilmədi.
- Onun
işinə, sənətinə münasibəti necə idi?
-
Tankçı idi. İşini, tankını
çox sevirdi. Bir dəfə
ayağına tankın yarımtonluq minatəmizləyəni
düşdü, ayağı sındı. 6 ay Gəncədə hospitalda yatdı, amma təqaüdə
çıxmadı. Formasına, işinə
çox sadiq idi. Bu sədaqəti, sevgisi və
peşəkarlığı ilə seçilirdi.
- Qarabağın
işğalıyla, azad olunmasıyla bağlı nə
düşünürdü?
-
Qarabağın işğalıyla heç zaman
barışmazdı. Deyirdi "bizim dədə-baba
torpaqlarımızda niyə düşmən gəzməlidir.
Biz o vaxt rahat nəfəs ala bilərik ki,
uşaqlarımız o torpaqlarda gəzsin, oynasın. Bizim kimi oğlanların torpağı yad əldə
qalmamalıdır. Bəs onda biz niyə
yaşayırıq?!" Dedi və elədi də. İndi o oğulların canı, qanı bahasına
torpağımız azadlığına qovuşdu.
-
Müharibəyə necə çağırıldı və
necə getdi?
- 14 il idi hərbçi kimi xidmət edirdi. Sentyabrın 24-dən evə gəlmədi. Sentyabrın 27-si səhər mesaj yazdı ki, qorxma, qoluma daşlar girib. Tez zəng elədim, təcili yardım maşınında idi. Tərtər istiqamətindən qatılıb döyüşə, Suqovuşanda tankını vurublar. Yanındakı iki əsgər şəhid olmuşdu, özü isə yaralı halda Bərdə xəstəxanasına gətirildi. 18 gün xəstəxanada qaldı. Bircə gün belə yanına getmədiyim olmadı. Qızımla, anamla birgə xəstəxanalar gəzdik. Oktyabrın 18-i çıxdı, evə gəldi, sağ-salamat qayıtdığı üçün qonaqlıq verdim. Nə biləydim bizi nə gözləyir. Oktyabrın 19-u işə getdi, qənimət götürülən tankı düzəldirdilər. O gedəndə qızım çox ağladı, hətta maşının dalınca qaçdı. Halbuki heç vaxt elə etməzdi. Sanki uşaq hiss eləmişdi ki, atası bir də qayıtmayacaq. Oradan zəng elədi ki, mən gedirəm, özünüzdən muğayat olun. Sağ əli işləmirdi, həkim yararsız yazmışdı, amma o dayanmadı. Nə qədər yalvardım ki, özüm atasız böyümüşəm, Nuru atasız qoyma, dinləmədi.
- Ən son nə vaxt danışmışdınız? Nələr
deyirdi?
- Vaxt,
imkan olduqca yığırdı. Oktyabrın
25-i bibim oğlu şəhid oldu, Füzuliyə gəldik.
Sonra digər bibim oğlu ağır yaralı gətirildi,
Bakıya onun yanına getdik. Zəng elədi, dedi ki, mənə
halallıq ver. Ağladım, dedim, o nə sözdür. Dedi,
elə belə, hər ehtimala. Anamla
danışıb halallaşmaq istədi, amma anam yanımda yox
idi. Noyabrın 4-də səhər saat 9-a qalmış
yığdı, danışdıq, dedi hər şey
yaxşıdı. Amma əslində, pis
imiş. Hamiləydim deyə qorxutmaq istəmirdi.
Deyirdi, bir bilsən buralar nə gözəldir.
Gəlib sizi də bura gətirəcəm,
qızımı gəzdirəcəm buralarda. Dedim gəlim
Füzuliyə, dayımgilə, sən də imkan olsa, gəl
ora. Dedi, yaxşı.
Hazırlaşırdım ki, dayımgilə gedim,
dayım xalama zəng edib, deyər ki, belə bir xəbər
var, qoyma Zəhra gəlsin bura, gedin Ağstafaya. Bunu mənə deyəndə,
dedim niyə ora gedirik, dedilər elə-belə. Nə qədər elədim, demədilər. Mahmudu yığdım, zəng çatmadı.
Birdən baldızım zəng elədi, dedi, yoldaşın
şəhiddir, qızını da götür gəl. Sanki dünya başıma yıxıldı. Gəldik
Ağstafaya, beş gün orda qaldım,
sonra Füzuliyə gəldim, amma Mahmud tapılmırdı. 12 gün axtardıq. Noyabrın
17-də Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn
olundu. Çox sevdiyi tankı əcəli
oldu, tankının içində yandı Mahmud.
- Siz həm
də şəhid qızısınız. İndi isə sizin
taleyinizi qızlarınız yaşayacaq...
- Elə ən
ağırı da odur. Bu gün hər
qızlarıma baxanda ölürəm. Balaca
qızım şəkilləri əzizləyir, ata deyib
öpür. Böyük qızım, 3
ildir, özünə gələ bilmir. Qızlarımla,
anamla eyni taleyi yaşamaq varmış qismətimdə. Bəlkə də atam şəhid olmasaydı, mən
Mahmudun şəhidliyinə bu qədər yanmazdım. Belə yazımı olar? Mən də
ata görmədim, ata deyə bilmədim, qızlarım da ata
görməyəcək, ata qucağına həsrət
böyüyəcəklər. Qızım
atası olan uşaqlara elə həsrətlə baxır ki,
bir ana kimi məhv oluram, heç cür dözə bilmirəm.
Şəhid adına qurban olum, fəxrli adları var üstümüzdə. Nə qədər çətin olsa da, şəhid qızı, şəhid xanımı olmaq qürurludur. Atamla da, yoldaşımla da, bibimin qardaş dediyim, şəhid olan bircə oğlu ilə də fəxr edirəm. Necə ki, mən şəhid qızı adına layiq böyüdüm, hər zaman bu məsuliyyəti öz üstümdə hiss elədim, eləcə də qızlarımı şəhid qızı, şəhid nəvəsi adına layiq böyüdəcəyəm. Daha bizim anamdan və qızlarımdan başqa kimsəmiz yoxdur. Nə qədər qürur duysaq da, bu yanğı heç zaman keçməz.
- Heç yuxularınıza girirmi? Necə görürsünüz yuxuda?
- Tez-tez gəlir yuxuma. Noyabrın 16-da gördüm axsayaraq gəlir. Ayağının axsamağı hamının yuxusuna girmişdi. Balaca qızım olanda xəstəxanada idik, ciddi problemlər vardı, həkim dedi uşaq gəlir, ağlayıb çığırırdım. Gördüm gəldi, başımı sığalladı, dedi, qorxma, ikiniz də yaxşı olacaqsız. Həqiqətən də möcüzəylə qızım doğuldu, ikimiz də yaxşı idik. Ən çətin anlarımda onu görürəm, tez-tez gəlir, əlimi tutur, gülür, kömək edir. Deyir ki, qorxmayın, mən yaşayıram, yanınızdayam. Bəli, bizimçün o, həmişə yaşayacaq. O, əbədiyyən bizim 32 yaşlı ölümsüz atamız olaraq qalacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 28 fevral.- S.16.