Eldar Mikayılzadə
yaradıcılığı: milli-ənənəvi sənətə
yeni nəfəs
Xalça məişətin təşkilində,
dünyanın estetik qavrayışının formalaşmasında
əsas rol oynayaraq insanı doğulduğu andan ölümünə qədər
müşayiət edir. Azərbaycan
mədəniyyətində xalça yalnız ev bəzək
elementi deyil, hər cür şənlik və bədii zövqünü
əks etdirir. Bir çox mədəni layları özündə
birləşdirən xalça
ardıcıl tarixi dövrləri və üslubları yaddaşlarda
qoruyub saxlayan özünəməxsus ifadə
imkanlarına malik salnaməyə çevirilib.
Azərbaycanda elə bir bölgə
yoxdur ki, orada xalçaçılıq
geniş yayılmasın. Bütün dövrlərdə
xalça mədəniyyəti
nümayiş edilməklə
yanaşı, müvafiq
zamanənin zövq və üslubunu əks etdirib. Arğacı
qızıl və gümüşdən olan
incə ipək və yun iplərdən
toxunmuş təmtəraqlı
saray xalçalarının
yaradılması üzərində
o dövrün istedadlı
sənətkarları çalışırdılar.
Müasir dövrdə də
Azərbaycan peşəkar
xalçaçılıq məktəbi nümayəndələri
tərəfindən bu
sənət növünün
ən yaxşı ənənələri uğurla
davam etdirilir. Onların səyləri və istedadı xalça
sənətimizin yeniləşməsinə,
müasirləşməsinə önəmli töhfələr
verir. Xalçaçı
rəssam Eldar Mikayılzadə də uzun illərdir ki, öz orijinal
çeşnili əsərləri
ilə Azərbaycanda xalça
sənətinin inkişafına
xidmət edir. O, yaratmış olduğu bənzərsiz əsərləri
ilə yanaşı
son illər xalçaçılıq
xəritəsində yeni
səhifə açan
Şəki xalça
silsiləri üzərində
işləyib. Şəkinin
yüksək mədəniyyəti
- ecazkar Şəki Xan sarayı, Şəkixanovların evi,
şəbəkələr, nəbati ornamentli
zərif zərgərlik
məmulatları usta üçün ilham mənbəyi olub.
Sənətkar Şəki Xan sarayının divar rəsmlərini 8 il ərzində incəliklə tədqiq edərək, freskaların
ornamental və təsviri
motivlərinə yaradıcı
yanaşaraq simmetriya və ritm qanunlarına
tabe edib, onları hər xalçanın kompozisiyasının
əsasına çevirib.
Beləliklə, üzərində Şərqdə ən məşhur islimi ornamentinin qeyri-adi forma alaraq zoomorf, gah antromorf motivə
çevrildiyi "Şikargah"
xalçası kimi kompozisiyalar yaradılıb.
Rəssam "Ağaclı",
"Bəndi-rumi", "Ləçəkturunc", "Şəbəkəli", "Tağlı" xalçalarının
səthində Şəki
divar rəsmlərinin
motivlərini, ornamentlərini
və bütöv
monumental kompozisiyalarını ustalıqla istifadə edib. O, yeni haşiyə
və ara
sahə formalarını
yaradıb, memarlıq
bəzəyinin kolorit
və xarakterik üslub xüsusiyyətlərindən
bəhrələnib.
Layihə
müddətində onun
rəhbərliyi altında
6 rəssam və 14 toxucu olmaqla, yaradıcılıq emalatxanasında
intensiv iş aparılıb. Səkkiz il ərzində
təbii boyalarla rənglənmiş, ipək
və yundan 19 orijinal müəllif xalçaları toxunub. Xalça palitrası və zənginliyi ilə göz qamaşdırır.
Burada 170
rəng və çalarlardan istifadə edilmişdir. Müxtəlif rəngli çalarların
əldə olunması
üçün toxucular
saç teli tək ipək ipləri açaraq bir neçə rəngdən yeni rəng çalarları yaradırdılar.
Belə xalçalardan biri Heydər Əliyev Fondunun kolleksiyasında saxlanan "Dörd fəsil" xalçasıdır. "Dörd fəsil" klassik Cənubi Azərbaycan kompozisiyalarından
biri olub, bu xalçada yeni interpretasiyada verilir. Klassik quruluşlarda olduğu
kimi, rəssam xalça sahəsini dörd bərabər hissəyə ayırır,
hər birində dörd fəslin atributlarını yerləşdirib
uyğun tonda rəngləyir. Lakin kompozisiya
xalça sahəsini şaquli olaraq iki yarıya bölməyə, sarayın
memarlıq üslubuna
xas olan zərif tağın təsviri ilə tamamlanmağa əsaslanır.
Müxtəlif mənəvi
və maddi vəziyyətlərə keçərək
həyatın dövri
xarakterinin fəlsəfi
anlayışını sənətkar
dualizm, kişi
və qadın başlanğıcı ideyası
ilə açır. İki paralel bitən "Həyat ağacları"nı birincisində qadın, ikincisində - kişi başlanğıcını simvolizə
edən dişi və erkək marallar qoruyur. Möhtəşəm güldanlarda
bitən ağaclar bütün ara
sahəni - həyat məkanını bir haldan digərinə keçərək əhatə
edir. Həyat dövrü məhsuldarlıq
ilahəsinin tərənnüm
etdiyi bahardan başlayır. Rəssam yay
fəslini kişilik, əzmkarlıq və qüdrətlə əlaqələndirir.
Qış payızı əvəz
edir və yazın gəlişi ilə oyanıb sonsuz həyat dövranında yeni üfüqlər açmaq
üçün yuxuya
gedir. Çiçəklər, meyvələr, tərəvəzlər,
zəngin natürmortlar
burada ilin fəsillərinə uyğun
yerləşdirilib. Hər fəslin
rəmzi sayılan quşların təsviri bu ideal cənnət bağına həyat impulsu verərək canlılıq gətirir.
"Cənnət
quşları" dəst
xalı-gəbəsində isə adından bəlli olduğu kimi quş motivlərinin
çoxluğu ilə
seçilir. Quşlar hələ
qədim dövrlərdən
Azərbaycanın həm
xovlu, həm də xovsuz xalçalarının naxış
elementlərindən hesab
olunur. Hələ ilin xalça
məmulatları olan kilim, vərni, zili və sumaxlarda
müxtəlif növ
həndəsiləşmiş quş elementlərinə rast gəlinir. Məsələn, Qarabağ vərniləri
üzərində şanapipik,
ördək və xoruz elementlərinə təsadüf edilir. Xalça elementləri arasında kəklik, göyərçin,
durna, sağsağan, qırqovul, tovuz quşu, bülbül kimi quşlara da yer verilib.
Quşlar xalçalarımızda müxtəlif dövrlərdə
həndəsiləşmiş və realistik üslubda təsvir olunub.
"Cənnət quşları"
dəstində həm
simurq kimi əfsanəvi, həm də tovuz quşu,
göyərçin, sağsağan,
bülbül kimi real quşlar yer alıb. Simurq quşunun xeyirxahlığı,
insanlara, darda qalanlara kömək etməsi, qaranlıq dünya ilə işıqlı dünya arasında sərhədsiz
məsafə qət etməsi onu türk mifologiyasında olan Umay (Humay)
ana ilə yaxınlaşdırır, hətta
bəzən eyniləşdirir.
Simurq quşun obrazı təsviri sənətdə,
o cümlədən, rəssamlıqda
geniş yayılıb.
Bir çox miniatürlərdə
də simurqun əjdaha ilə savaşı təsvir olunub.
Durna - vətən,
torpaq rəmzidir, evin, ocağın nişanəsidir, qəriblərə,
vətəndən ayrı
düşənlərə həyandır, onlara yol göstərəndir. Umay ananın
yerdəki təmsilçisi
hesab edilən qu quşu ailəni,
uşaqları, ev-ocağı
qoruyandır, sədaqət
rəmzidir. Qu quşu
bu gün də Azərbaycanda müqəddəs sayılır,
insanlar onu ovlamır, lənətlənməkdən
qorxurlar.
Quşlar arasında bülbüllər
də böyük əhəmiyyətə malikdir. Şərqdə istər poeziyada, istərsə də dekorativ-tətbiqi sənətdə
gül və bülbül təsvirlərinə
xüsusi önəm verilib.
Eldar Mikayılzadə
yaratdığı əsrarəngiz
xalçaları ilə
yanaşı eləcə
də bir çox rəngkarlıq,
monumental rəngkarlıq, numizmatika
və bir çox sahələrdə
dəyərli nümunələr
ərsəyə gətirib. Eyni zamanda, rəngkar olan Eldar Mikayılzadənin
''12 imam'' (2000), ''Şam'' (2001), ''On dörd məsum'' (2001), ''Yeddi alim'' (2002), ''İsa Peyğəmbər''
(2003), ''Heydər Əliyev
və Zərifə xanım Əliyevanın portreti'' (2004), ''Cihad''
(2004), ''Namaz''
(2004), ''Məryəm və
Zəkəriyyə'' (2006), ''Cənnət qapıları''
(2006), ''Meyvələrin söhbəti''
(2006), ''İki zirvə''
(2006), ''Məcnun'' (2007), ''Fələstinli
Zeynəb'' (2012) və
sair tabloları bu sahədə deyilən fikirlərə bariz sübut sayılır.
Rəssam xarici ölkələrdən
aldığı sifarişlər
əsasında da əsərlər yaradıb. Rusiyadakı "Xilaskarın Məsih məbədi" rəssama
"İsa peyğəmbərin
həyatı" adlı
əsər sifariş
edib, daha sonra iki rəsm
əsərini alıb.
"Məryəm və Zəkəriyyə"
əsərini isə
Roma Katolik Kilsəsi alıb.
Ömrünün 66-cı ilini başa vuran xalçaçı rəssam bu gün də yaratdığı qiymətli
xalçalarda xalqımızın
milli-mənəvi dəyərlərini
gələcək nəsillərə
çatdırmaq üçün
axtarışlarını uğurla
davam etdirməkdədir.
Günel ASLANOVA
sənətşünas
525-ci qəzet.- 2023.- 28 fevral.- S.15.