Güney Azərbaycan ədəbiyyatında
seçilən imza - Nigar Xiyavi
Güney Azərbaycan modern şeirinin öndə gələn
isimlərindən biri olan Nigar Xiyavi 1960-cı ildə
hazırda Meşginşəhr adlanan Xiyav şəhərindəki
Çaypara məhəlləsində Hacı Ələkbərli
tayfasından olan Möhsin Purəkbərin ailəsində
dünyaya gəlib. Bu şəhərdə boya-başa
çatıb, ibtidai və orta təhsilini də burada
alıb. 1984-cü ildə Tehranda yerləşən
Tərbiyəti Texnikumun Mikrobioloji bölməsinə daxil olsa
da, təhsilini yarımçıq qoymaq məcburiyyətində
qalıb. Bir müddət radioloji sahədə
texniki işçi kimi işləyib. 1997-ci
ildə ildə Lahicanda yerləşən Azad Universitetinin
İngilis dili mütərcimliyi bölməsinə daxil olub,
ancaq oranı da müəyyən səbəblərə
görə yarımçıq qoyub. 1998-ci
ildə ildə Təbriz Azad Universiteti İctimai elmlər
fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini
başa çatdırıb. 2006-cı ildə
Bakıda Xəzər Universitetinin İctimai elmlər
fakültəsində magistratura təhsilini "Həbib
Sahirin həyatı və əsərləri" tezisi ilə
bitirib.
Şeirlərini
öncə fars dilində yazan Nigar Xiyavi
1989-cu ildən qardaşı Rövşən Xiyavinin və həyat
yoldaşının təşviqi ilə türkcə
yazmağa başlayır. Onun "Mənim
şeirim" adlı ilk kitabı 1996-cı ildə
yayımlanır. N.Xiyavi Azərbaycan türkcəsində
yazmağa başlamasını həyatının ən
böyük şansı, həm də sınağı
sayır: "Mənim aid olduğum nəsil (1960-cı illər)
dilimizin bəxtəvər çağında yazmağa
başlamadı, yalnız ürək atəşi, can sevgisi ilə
yola çıxdı. O zaman Türkcə yazmaq dəbdə
deyildi, Türkcə yazanlara alqış-malqış
yoxdı, tərsinə, bol-bol diksinti, çətinlik
yaşayırdıq".
1993-94-cü
illərdə Q.Saididən ana dilinə çevirdiyi "Bəyəl
əzalıları" və "Top" adlı iki roman on
il sonra yayımlandığında bəzi dostlardan təpkilər
görür, hətta tənqid edənlər də olur. Ancaq o, doğru bildiyi işi gördüyünə
inanırdı. O tərcümələr də ədəbi
çevrədə susqunluqla qarşılanır. Ancaq
onların haqqında xəbərlər yurd
dışından, İzmir universitetindən, Almaniya, Kanada, Azərbaycan
Respublikasından gəlir... Nasir Mənzurinin
"Qaraçuxa" romanı çap olunub yayılanda, o da
çox sevinir və romanı oxuyub heyran olur. 2003-cü
ildə Tehranda, "Fərhəngsəraye Bəhmən" -
Azərbaycan seçkinlər festivalındakı toplantıdan
sonra Nasir Mənzuri ilə tanış
olur, onun dəyərli işinə qarşı susqunluqdan
üzüntü keçirdiyini və utandığını
bildirir. Sonralar "Avava" romanı
haqqında da ilk məqaləni məhz Nigar xanım yazır və
"Çıraq" dərgisində dərc etdirərək
sanki böyük yazıçının qarşısında
mənəvi borcunu ödəmiş olur.
N.Xiyavi Q.Saidinin "Dünyanın ən yaxşı
atası" və "Damların üstü, damların
altı" pyeslərini, həmçinin, qüdrətli qələm
sahibi Rza Bərahəninin "Ayazın cəhənnəmli
günləri" romanını da peşəkarlıqla Azərbaycan
türkcəsinə çevirib.
Amma Nigar hər işdən öncə, canı qədər
sevdiyi bir işlə məşğuldur - şairdir və
milyonlarla oxucunun sevgisini qazanmış şeirləri
yazır. Şeirlərində özünü iftixarla "Azərbaycan
qızıyam" deyərək tanıdır. "Azərbaycan
qızıyam" dediyində duyduğu qürur hissi
"Buraxın, yaşayım!" şeirində
boğulmuş arzularının, bağrından qopduğu
xalqı ilə bərabər yaşamadığı
azadlıq, bağımsızlıq zövqünün,
içindəki dərdlərin poetik biçimli,
ağrılı etiraflarına çevrilir, ancaq çox səmimi
səslənir:
Ürək
çırpıntılı bir quş yuvası,
Başım fırtına meydanı, yanğı dəryası.
Buraxın
yaşayım, bu qara nəfəsi
Yorğun-yorğun
tövşəyim,
Boynuma qoyulan həyat payımı.
Buraxın eşidim.
İçimdə
boğulan hay-harayımı
Buraxın...
Nigarın
adı həyata, siyasi basqılara, mənəvi
sıxıntılara-vətəndə vətənsizliyə,
ana dilinin buxovlanmasına qarşı kəskin etiraz
nidaları Güney Azərbaycanda gizli, yaxud açıq şəkildə
getməsindən asılı olmayaraq heç vaxt səngiməyən
milli azadlıq hərəkatına güclü bir təkandır.
Nigar
Xiyavinin 2020-ci ildən öncəki
Azərbaycan-Qarabağ gerçəkliyindən, müvəqqəti
məğlub durumumuzdan doğulmuş şeirlərindən
acı gülüş, öldürücü sarkazm vulkan kimi
püskürür və bu püskürtü ilə də
soydaşlarını qəflət yuxusundan ayılmağa, qeyrətə
gəlməyə, əldən getmiş, itirilmiş Vətən
torpaqlarını, Qarabağı geri qaytarmağa səsləyirdi.
Nigar
xanımın əksər şeirlərində fəal vətəndaşlıq
mövqeyi özünü yansıdır, haqsızlıq və
ədalətsizliklərə qarşı
barışmazlıq, soydaşlarının milli
hüquqlarının pozulmasına, dilinin bağlanmasına-qəddar
ağaların qıfıl vurmasına qarşı üsyan
duyğuları şahə qalxır, fərqi yoxdur Güneydə
olsun, yaxud Quzeydə... 27 sentyabr 2020-ci ildə başlayan və
torpaqlarımızın böyük hissəsinin erməni
vandallarından geri alınmasından sonra təbii ki, onun da qəlbi
sevinc duyğuları ilə coşub daşır və qələbə
ruhlu yeni əsərləri yaranır və yaranacaq...
Şeyx
Xiyabaninin 1920-ci illərdə inqilab meydanına
atılmasını "Səttarxanın beynindən
boylanmaq", onun mütərəqqi ideyalarından, inqilabi
fikirlərindən bəhrələnərək yetişmək,
inqilabi hərəkatların bir-biri ilə zəncirvari
bağlılığı kimi mənalandıran Nigar Xiyavi Səid
Mətinpurun böyük Pişəvərinin bətnindən
doğulduğunu modernist düşüncələrinin
axarında oxucuya təqdim edir. "Gözlüyünü
itirmişdi dünya" şeirində cızdığı
tabloda Cənubda son dönəmdə yetişmiş inqilab
mücahidi, milli fəal Səid Mətinpurun siyasi aktivliyinə,
mübarizliyinə, xalqının milli haqq və
hüquqları uğrunda ardıcıl mücadilə etdiyinə
görə tutulub zindana atılması hadisəsi
yansıyır. O, imperializmin bir üzünü
tanıyır: Dünyanın harasında olmasından
asılı olmayaraq, insanları ölümə, istismara,
cismani və mənəvi ölümə sürükləyən,
məhkum edən qəddar, cəllad, ölümsaçan qara
qüvvələr!.. Və bu
ölümü nə ilə, hansı yolla həyata
keçirmələrinin heç bir fərqi yoxdur:
"nə fərqi ölümə?
Trotskinin
başına balta ensin
ya da
Pişəvərini dərəyə aşıran otomobil
olsun...
biz ki
başsağlığı verməyə kimsəni
tapammadıq...
"Başsağlığı
verməyə kimsə tapılmır, ancaq düşmənlərimizi
tamaha salan sərvətlərimiz olub və ölkəmiz
talanıb həmişə" fikrini Nigar xanım "Təbrizin
qurabiyyəsi qonaqların sulu ağzında əriyirdi, bizi
lağa qoyanları başa salmağa
çalışırdım, bütün məhkəmələrin
məhkumu isə sənlə mən idik" sözlərilə
izah edir. "telfunlar (telefon) Dilqəmi
çalır, sevişməyə girəvə yox,
savaşmağa silah, get, buralar təhlükəli..." - təklifinə
qarşı dirənən lirik qəhrəman
qadınlığında və sevgisində qərarlı idi
və bütün problemlərin həlli, tapdanan haqq və
hüquqların bərpa olunması uğrunda savaşmaq
gücündə olan yeni qadını doğurmaq
sancısı yaşayır... Bu vəhşilikləri, üzdə
"təməddünçü, saxta təbəssümlü"
imperializmin iç üzünü açıb xalqa göstərən,
soyğunçu siyasətlərin mahiyyətini açan və
"şairlərin kölgəsini ayaqlamaqdan" insanları
çəkinməyə səsləyən üsyankar
xanım heç bir "nisbi arxayınlığa, başlar tərsinə
kəsilən sarı bayraqların zahiri əmniyyətinə
inanmır ("Sarı əmniyyət" şeirində)",
çünki arxasında soyuq küləklərin əsdiyini
və bu küləklərin bütün müqəddəsliklərin
külünü göyə sovurduğunu görür... Hətta
gələn nəsillərin xarakterində getdikcə daha
artıq cırlaşma getdiyini apaçıq dərk edən
şair "dölümüzə damazlıq gərək"
həqiqətini də anlayır və bu anlayışın vəsvəsəsində
gizlicə içinə axan göz yaşları qəlbinin dərinliklərində
sanki coşub-çağlayan bir dənizə dönür:
Saçlarım
gizli bir hıçqırığın darağında,
Dən-dən tökülür.
Başımın
ağrısı qapının cəftəsini
ağırladır,
Qapı açılmır, açılmır qapı.
Açılıbsa, Önündə divar durur.
Mən bu sarı arxayınlığa inanmıram.
Nigar
Xiyavinin və digər xanım yazarlarının da
yaradıcılığında azad, bağımsız Vətən,
Ana dili, milli kimliyin tanınması arzuları ilə
yanaşı, qadın azadlığı, qadın
haqları, feminizmin diqtə
etdiyi bir sıra önəmli məsələlər də
mühüm yer tutur. Nigarın şeirlərindəki
səmimiyyət, fikrin düzgün ifadə və sözlərlə
izharı onun ana dilinin incəliklərini mənimsəməsinin
sonucudur. Yazarın dil məsələsinə,
arınmış türkcədə yazmaq amacına doğru və
həssas yanaşması şeir və hekayələrinin, tərcümə
əsərlərinin dilinin aydınlığında təzahür
edir. Ana dilinin saflığı, təmizliyi və özəlliyinin
qorunması onun üçün qutsal bir görəvdir:
"Dilimizi doğru düzgün oxuyub öyrənməliyik.
Bu gün iran Azərbaycan yazarının
bir görəvi, bəlkə də başlıca görəvi
əlindən gəldigi qədərcə dilimizi yanlış
yazmaqdan arındırmaqdır. Qoy gələcək nəsillər
bizlərin ən azından var olan olanaqlar (imkanlar) çərçivəsində
dilimizi qorumaq yolunda verdiyimiz əməklərdən,
qayğılardan xəbərdar olsun..."
Yaradıcılığında
urbanistik mövzular, postmodern estetik təmayül
aparıcı yer tutan Nigar Xiyavi dövrümüzdə
baş verən savaşlar, qorxunc olaylar, sürətlə
silahlanma, insanların kütləvi soyqırğınına
məruz qalması, güclü dövlətlərin zəifləri
istismar etməsi, insan haqlarının pozulması,
xalqının hələ də öz haqq və hüquqlarını
əldə edə bilməməsi haqqında daim
düşünür, şair ürəyi narahatlıq
keçirir və bu narahatlıq əsərlərinə
yansıyır: "Günümüzdə bunca
acınacaqlı qorxunc olaylar baş verirkən parlaq isdən
söz etmək nə qədər doğrudur, bilməm. İnsan övladı çaşbaş duruma
ilişmiş, öz içinə sığınaraq
huyuxmuşdur. Kimdən, nədən,
harada, haçan, niyə qorxmalı və ya qorxmamalı
olduğunu belə başa düşmür. İnsanlar
gözümüzün qabağında dəstə-dəstə
- yüz-yüz, min-min qırğına, qıtlığa,
aclığa, yanğına, sürgünə, edama, atəşə
uğrayır, dünyanın tükü belə tərpəşmir,
halbuki, bir zamanlar hər gün şahidi olduğumuz bu faciələrın
yalnız bircəsi tək başına dünyanın
bütününü belə alt-üst etməyə yetərliydi,
indi elə olub ki, kimsə birgün həmin faciələrdən
birınə uğrayacağını o qədər də
uzaq görməyir, hər kəs bu kimi faciələrlə
qarşılaşmağa hazırlıqlar düşünmək
zorundadır. İnsan balası deyəsən
sırtıqlaşıb artıq, üzünün suyu
tökülüb sanki..."
Nigar
Xiyavinin həyatı, yaradıcılığının
özəllikləri, sənətkarlıq məziyyətləri
haqqında Hümmət Şahbazi, İsmayıl Ülkər,
Ənvər Uzun, Nadir Əzhəri, Əli Kafkasiyalı öz
məqalələrində söz açmış, şeirlərini
təqdim etmişlər.
Çağımızın modern şairi bu gün Təbrizdə
yaşayır və gənclik şövqü ilə
yazıb-yaradır.
Esmira FUAD
525-ci qəzet.- 2023.- 28 fevral.- S.14.