ÜÇ MÜHARİBƏ ROMANI  

 

 

 

Azərbaycan ədəbiyyatında müharibə mövzusuna İkinci Dünya Müharibəsi illərində daha çox müraciət olundu və bu da təbii idi, çünki dünyanı bürüyən bu dəhşətli fəlakət öz əksini - bədii təcəssümünü şeirlərdə, poemalarda, publisistik əsərlərdə tapmalıydı. Qələmlər də o illərdə süngüyə çevrildi. Tariximizin son 35 ilində biz iki müharibənin şahidi olduq. Birinci Qarabağ müharibəsində itirilən torpaqlarımızı 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbə qazanaraq geri aldıq.

Əlbəttə, bu yazıda nə iki müharibənin, nə də bu iki müharibədə ədəbiyyatımızın, xüsusilə, nəsrimizin xronologiyasını təsvir və təqdim etmək fikrində deyiləm. Lakin nəsrin bir janrında-roman janrında müharibəyə həsr olunan üç əsərdən söz açmaq istəyirəm. Deyək ki, şeirdə də, nəsrin kiçik janrlarında da, publisistikada da müharibə mövzusu kifayət qədər öz bədii təcəssümünü tapıb. Amma müharibədən söz açan romanlarımızın sayı xeyli azdır.

Roman elə bir janrdır ki, onun təsvir hədəfi, çoxplanlı süjet xətti, obrazlar-xarakterlər silsiləsi və ən başlıcası, Müharibə və İnsan problemini əks etdirmək yazıçıdan böyük sənətkarlıq tələb edir.

Yazıçı Səyyad Aran son 4 ildə üç roman yazıb və onların hər biri müharibə həqiqətlərini əks etdirir. Səyyad Aran müasir Azərbaycan nəsrində artıq etiraf olunmuş bir yazıçıdır və onun istər hekayələri, istərsə də povestləri müasirlərimizin mənəvi dünyasını, həyat və məişətini, duyğu və düşüncələrini əks etdirmək baxımından oxucuların rəğbətini qazanıb. 1978-ci ildə "Ulduz" jurnalında dərc olunan "Körpü" hekayəsi ilə ədəbiyyata gələn Səyyad Aran doğrudan da özü ilə oxucular-ədəbi ictimaiyyət arasında bir körpü yaratmağa nail oldu. Onun əksər hekayə və povestləri kənd həyatından, Aran rayonlarında yaşayan insanların həyatını, mənəvi aləmini, psixologiyasını bədii lövhələrlə əks etdirir. Lakin indi söhbət onun üç müharibə romanından gedir.

"Başdaşı" və "İrəvana gedən yollar" romanları haqqında mətbuatda öz sözümü demişəm. Qısaca xatırladım: "Başdaşı" romanı Birinci Qarabağ müharibəsinə həsr edilib, daha doğrusu, bu müharibənin insanların taleyində buraxdığı acılıqları, kədər dolu hadisələri təsvir edir. Həmin illərin hadisələri bizim yaddaşımızdan qətiyyən silinməyib. Azərbaycan kəndləri-Qarabağda o zaman ağır müharibə şəraiti hökm sürürdü, ordum hələ zəif idi, hər tərəf düşmən qüvvələri ilə əhatə olunmuşdu, əsasən, könüllülər vuruşurdu, lakin heç kimdə təslim olmaq fikri yox idi. "Başdaşı" romanında Səyyad Aran bir ailənin timsalında müharibə dəhşətlərini əks etdirirdi. Ata Səməndər, ana-Nubar, onların oğlanları - Qürbət və Səlahət, qızları Minarə - bu ailənin hər bir üzvü müharibənin maddi və mənəvi qurbanlarına çevrilirlər. Əlbəttə, roman təkcə bir ailənin deyil, müharibə gedən bölgələrdə yaşayan insanların keçirdikləri ağrı-acıları da canlandırırdı, amma "Başdaşı" sırf kədərli və oxucuda üzüntü yaradan bir əsər hesab etmək də doğru olmazdı. Çünki romanda düşmənə qarşı qətiyyətlə döyüşən oğulların da obrazları diqqəti cəlb edirdi. Romanın sonuncu cümləsi: "Azərbaycan öz xilaskarını gözləyirdi". Bu xilaskar isə Ümummilli Lider Heydər Əliyev idi. Məhz onun qayıdışından sonra Azərbaycanda ordu quruculuğuna önəm verildi.

Səyyad Aranın "İrəvana gedən yollar" romanı isə İkinci Qarabağ müharibəsinin zəfəri üçün stimul olan Lələtəpə döyüşlərindən söz açır. Yazıçı Azərbaycan ordusunun artıq formalaşma prosesindən, əsgər və zabitlərimizin həm hərbi, həm texnika, həm yüksək əhval-ruhiyyə, həm də psixoloji baxımdan inkişafını nəzərə çarpdırırdı.

Bu iki romandan sonra Səyyad Aran "Tacın qaytarılması" əsərini nəşr etdirib ("Elm və təhsil" nəşriyyatı, 2022). Bizcə, müharibə haqqında trilogiya başa çatır (amma indidən fikir söyləmək tezdir, yeni bir roman da yarana bilər).

Roman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin epiqraf kimi verilmiş bu sözləri ilə başlayır: "Şuşa Qarabağın tacıdır". Bu tac -yəni Şuşa iyirmi səkkiz il düşmən əlində olub və müəllif Şuşa uğrunda gedən (təkcə Şuşa deyil, ümumən digər rayonların da), Xüsusi Təyinatlı Qüvvələrin iştirakı ilə aparılan və çox ustalıqla idarə edilən döyüşləri ardıcıllıqla qələmə alır. Burada üç məqamı xüsusilə nəzərə çarpdırmaq istəyirəm. Birincisi: sırf canlı müharibə səhnələrini təsvir edən yazıçı az-çox savaş-döyüş texnologiyasına bələd olmalıdır, bu döyüşləri təsvir edərkən  yazıçı özü də addım-addım o döyüşçülərlə birgə irəliləməlidir (müharibədə özünün iştirakı olub-olmaması əsas şərt deyil). Səyyad Aran Şuşa və Qarabağ uğrunda gelən savaşlarda bu üsulu uğurla həyata keçirir. O, Xüsusi Təyinat Qüvvələri iştirakçılarının söylədiklərini (konkret adlar dəyişilib) və onların gündəliklərindəki qeydlərini qələmə alır və bu da müharibədən söz açan əsərlərdə təsadüf olunan bir üsuldur. Əslində, müharibə romanlarında - özü də zəfərlə başa çatan döyüşlərdə dəqiqlik əsas şərtdir. Səyyad Aranın 44 günlük döyüş səyahəti 2020-ci ilin 27 sentyabrından başlanır və Şuşanın azad olunmasına qədər tarixi qələbə dövrünə qədər davam edir.

İkincisi: Romanda xüsusilə diqqəti cəlb edən baş qəhrəman nəzərə çarpmır. Amma romanda adları çəkilən bütün personajlar - Vətən uğrunda döyüşən hər bir kəs qəhrəmandır. Müəllif hər bir səhnədə qəhrəmanlığın yeni bir nümunəsini, çeşidini nümayiş etdirir. Böyük türk şairi Nihal Atsızın "Qəhrəmanlıq dadaraq acı ölüm şərbətin, İrəliyə atılmaq və sonra dönməməkdir" misraları yada düşür. Bizim qəhrəmanlar da ya şərəflə vuruşur ya da qəhrəmancasına həlak olurlar.

Üçüncüsü: hər hansı bir müharibə romanında yalnız döyüş-vuruş səhnələrini təsvir etmək yanlış deyilmi? Axı, hər bir döyüşçünü əlində silah ölüm-dirim vuruşunda - onun qəhrəmanlığını nəzərə çarpdırmaq məsələnin sırf praktik həlli demək olar. Bəs bu döyüşçünün-bu qəhrəmanın ürəyi, ruhu yoxmu? "İrəvana gedən yollar" romanında Səyyad Aran iki qardaşın bir qıza məhəbbətindən söz açır. Şahin ağır yaralanıb son nəfəsində ona ürək sözlərini söyləyən qardaşı Ruhindən eşidir ki, o, bir qızı sevir. Amma o qızın sevgilisi elə Şahindir və kəndə qayıdandan sonra ata-anası sevdiyi qızla evlənməyi ona təklif edirlər. Amma Şahin buna razı olmur, çünki qardaşının o qızı sevdiyini unuda bilməz. Və Şahin təzədən cəbhəyə qayıdır. Bu hadisənin təsviri ilə S.Aran romana emosional-kədərli bir xətt əlavə edir. Deməli, istənilən bir müharibə romanında Qəhrəmanlıq həm də Ürəkdə dalğalanan hissləri, həyəcanları əhatə etməlidir. Səyyad Aranın "Tacın qaytarılması" romanında da belə təsirli səhnələr az deyil. Bir misal: "Özümüzə gələndə ilk eşitdiyimiz söz "Nialə" sözü oldu. Əsgər qardaşımız Cahangirin səsiydi. Əvvəlcə anlamadıq. Elə bildik, arvadını səsləyir. Yenicə evləndiyini bilirdik. Özümüzdə güc tapıb ona tərəf süründük. Qolu çiynindən qopub yanına düşmüşdü. Üz-gözü qan içindəydi. - Həkim, həkim! - deyə çağırmağa başladıq. Təcili həkim müdaxiləsi lazım idi. Yaxınlıqda həkim olmadığını bilirdik. Əslində çarəsizlikdən qışqırırdıq. Nə edəcəyimizi bilmirdik. Cahangir inildəyirdi.

- Niyaləni istəyirəm. Qardaşlar, axı heç üzünü də görməmişəm. Qızıma eləcənə şəkildə baxmışam. Döş cibimdədi, şəkli çıxarın, heç olmasa balama baxa-baxa ölüm. Kimsə hərbi biletinin arasından balaca qızcığazın şəklini çıxartdı. Allah, atasına necə oxşayırdı! Yəqin şəkil çəkdirəndə uşağı qıdıqlayıb güldürmüşdülər ki, atası hər dəfə baxanda gülümsəsin, rahat olsun. Şəklə baxanda dəhşətli ağrılarına baxmayaraq Cahangir elə gülümsədi ki... Şəkli dodaqlarına yapışdıraraq: "Nialə, Nialə, gözəl balam, məni bağışla, səni yetim qoydum-ananı da, səni də..." - deyib dərindən nəfəs aldı, boynu yana düşdü". Çox təsirli səhnədir və Səyyad Aranın romanında bütün bu təsirli səhnələr döyüş-vuruş səhnələri ilə müvazi şəkildə təqdim edilir. Bu döyüşçülər - Azərbaycan əsgərləri və zabitləri bütün hissləri, həyəcanları ilə canlandırılır. Onların bir-birilə zarafatları da, deyib-gülməkləri də, öz doğmalarını yad etməkləri də təbiidir, çünki döyüşçü həm də İNSANDIR, ürəyi, ruhu var. Amma S.Aran əsas diqqətini Şuşaya - Qarabağın tacının alınmasına yönəldir. Romanda nikbin bir ruh dolaşmaqdadır, hamı inanır ki, Şuşa və Qarabağ erməni faşistlərindən təmizlənəcək, daha işğal sözü eşidilməyəcək. Çünki "Azərbaycan ordusu ötən illər ərzində kifayət qədər təcrübə toplamış, hərbi cəhətdən xeyli möhkəmlənmişdi. Düşmən ya bunu bilmirdi, ya da vecinə almırdı. Deyəsən, 92-93-cü illərdən ağızlarında şirə qalmışdı". Romanda bu tipli şərhlərə tez-tez rast gəlirik. Beləliklə, Qarabağın tacı - Şuşa ordumuzun qələbəsiylə bizə qaytarılır. Bu da romanın sonu: "Hamı küçələrdə və meydanlarda idi. Soyuq noyabr gecəsinə baxmayaraq kim əlinə nə keçibsə, əyninə taxıb bu misilsiz bayramı və qələbəni qutlamaq üçün küçələrə, meydanlara axışmışdı. Heç kim yatmaq istəmirdi... Millət xoşbəxt idi. Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi. İllərdən bəri həsrətində olduğu qələbəyə qovuşmuşdu, özü öz içindən böyümüşdü.

O gecə Azərbaycanda heç kim yatmadı".

Romanla bağlı iki tövsiyəmi də bildirmək istəyirəm. Əgər Səyyad Aran yenə bir müharibə romanı yazarsa, bədiiliyə daha artıq diqqət yetirsin, publisistik şərhlərə çox da yer verməsin. Həm də hər hansı romanda mütləq baş qəhrəman obrazının yaradılması zəruridir.

Mənim fikrimcə, Səyyad Aranın bu son romanı əsasında bir bədii-sənədli film də çəkmək olar. Çünki İkinci Qarabağ müharibəsindən elə bir film çəkilməyib. Kino işçiləri bu haqda düşünsələr, çox yaxşı olar.

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2023.- 28 fevral.- S.13.