ÜRƏYİNDƏ QƏLPƏLƏR DAŞIYAN

 

O, Azərbaycanın ən zəngin insanlarından idi və zənginliyi də bir çox başqalarının xəyalında olan mal-pul, sərvət-yatır varlılığı deyildi, zənginliyi o cür qavrayanların heç vaxt dərk etməyəcəyi çox üstün bir mənəvi dövlətlilik idi.

Onun geniş mənzili kitablarla dolu idi və 1960-70-80-ci illərdə insanların sanballı ailə kitabxanalarıyla öyündüyü çağlarda onun kitabxanası bəlkə də Azərbaycanda ən zəngin olan idi. Həm də bu kitabxananın bir özəlliyi də vardı ki, sahibi bütün kitabları oxumuşdu. Sadəcə oxumamışdı, çox diqqətlə oxumuşdu. Bunu o səbəbdən əminliklə deyirəm ki, həmin rəflərdən bir çox kitabları götürüb oxumaq mənə də nəsib oldu və hər dəfə buna şahid kəsildim ki, ondan sonra həmin kitabları oxumaq nə qədər rahatdır - çünki görürdüm qara karandaşla səliqə ilə hər səhifədə ən vacib sözlərin, ifadələrin, diqqət yönəldilməli, nəfəs dərib ətrafında düşünülməli bütün mətləblərin altından xətt çəkilib. O kitabxanada bircə dənə təsadüfi kitab yox idi. O kitabxana nə qədər zəngin idisə, oradakı əsərlərin hamısını canına, zəkasına hopduraraq oxumuş sahibi də bilikləri və mənəviyyatı ilə bir o qədər zəngin şəxsiyyət idi. Onun doğurduqlarının hər biri isə elə yarandığı vaxtda olduğu kimi, bu gün və sabah da Azərbaycan ədəbiyyatının inciləri mərtəbəsində dayanmaq haqqı olan əsərlərdir.

Böyük Azərbaycan yazıçısı və ziyalısı Ənvər Məmmədxanlı işığı həmişə görünən, amma heç vaxt qabağa can atmayan, seçilməyə, fərqlənməyə səy göstərməyən, sadə, təvazökar bir insan idi, bütün həyatını və yaradıcılığını belə yaşadı, onun parlaq istedadı və şəxsiyyətinin layiq olduğu uca qiyməti almadan da bu fani dünyanı qayğıları, ağrıları bol olan bir dövrdə və ildə - 1990-cı ilin bitər-bitməzində elə həmin cür sakitcə tərk etdi.

Mən Ənvər Məmmədxanlının dilini ilk oxuyub sadəcə hayıl-mayıl deyil, mat qaldığım çağlarda hələ məktəbliydim və "Bakı gecələri"nin səhifələrini cümlə-cümlə irəlilədikcə başqa heç bir yazıçımızda, şairimizdə və bizə dilin qaydalarını öyrədən dərsliklərdə rast gəlmədiyim bu təhər deyiş tərzinin, söz dönümlərinin, qəlibləri qıran, amma qətiyyən ruhu incitməyən  azadanə ifadə üsulunun nəyə bənzədiyini düşünmüşdüm, həmin anda da gözümün önündə təyyarədən atılan bir çevik adam canlanmışdı ki, göydə gah şığıyan quş kimi süzür, gah mayallaq aşır, sonra elə bil qanadını gərərək bir anlıq donur, yenə inanılmaz bir şəkildə ilan kimi qıvrılır, elə torpağa yaxınlaşmağına lap azacıq qalmış paraşüt açılır, nəhayət, bayaqdan səma kəndirbazlığı edən həmin adamın üsulluca yerə qonduğu kimi bu uzun cümlənin də intizarla harada, necə gələcəyini fikirləşdiyin xəbəri də düppədüz öz yerində oturur: "Bütün gecəni yol gedəcəkdik, səhər açılanda dəmir yolu stansiyasına çatacaqdıq və hər gün səhər tezdən günbatandan gəlib beş dəqiqə o stansiyada nəfəsini dərən, sonra günçıxana doğru çapan bir sürət qatarı məni həsrətində olduğum uzaqlara, az qala dünyanın o başına, təkcə adı yanımda çəkiləndə ürəyim döyünən böyük və əfsanəvi bir şəhərə aparacaqdı".

1926-cı ildə, yeniyetməykən arzularının şəhərini fəth etməyə gəldi.

Müəyyən mənada etdi də, amma neyləməli ki, bu qurşaqtutduda həyat ondan güclü çıxdı...

Ənvər Məmmədxanlı qələminin bəhrəsi "Bakı gecələri" də, "Buz heykəl" də, "Ay işığında" da, "Karvan dayandı" da... yazıldıqları çağlarda necə qaynar əks-səda doğurmuşdularsa, cavan bir ədibin yazmasına baxmayaraq, elə o vaxt klassika kimi qəbul edilmişdisə, bu gün də anlayanlar, duyanlar nəzərində həmin sayaqdır və gələcəkdə Azərbaycan nəsrinin rəmzi "Qızıl kitab"ını tərtib edərək ora indiyəcən olanların ən yaxşılarını daxil etmək zərurəti yaranacaqsa, bu köhnəlməz Ənvər Məmmədxanlı inciləri ən ilk yada düşüb aranacaqlar.

Mənzilinin divarlarını bəzəyən rəsm əsərləri arasında Səttar Bəhlulzadənin fırçasından qopmuş bir mənzərə də vardı. Tarixçəsini soruşmuşdum, Ənvər müəllim demişdi ki, 1961-ci ildə Lətif Səfərovun məşhur filminə çevriləcək "Leyli-Məcnun" kinopovesti "Azərbaycan" jurnalında dərc edilmişdi. Həm çox duyğulu, həm də Füzuli aşiqi olan Səttara bu əsər necə təsir edibmişsə, hədiyyə olaraq tablolarından birini də götürərək Ənvər müəllimin evinə təbrik və təşəkkürçün gəlibmiş.

Ənvər Məmmədxanlı bütün yaradıcılığı boyu hər doğurduğu ilə beləcə, başqalarını heyran qoyanları da valeh edə bilən əsərlər yaratdı. Az yazdı, amma nə yazdısa, hamısını gözəl yazdı.

Xatirələrini, ədəbi qeydlərini əks etdirən cild-cild dəftərlərinin bir neçəsinin üstündə "Qəlpələr" yazıb. Ağır müharibədən keçərək vücudunda qəlpələr daşıyan çox adamlarla rastlaşmışam. Elə biri hamının tanıdığı Ziya Bünyadov. Aramızın saz vaxtlarında, hərdən evlərində oturub yeyib-içdiyimiz əsnada bəzən qəfildən başındakı qəlpə tərpənirdi və müdhiş ağrının şiddətindən o güclülükdə adam bir anda yumağa dönürdü, sarsılmadan baxmaq olmurdu.

Ənvər Məmmədxanlının bütün varlığı qəlpələrlə ləbələb idi və yazılarına həmin sərlövhəni elə haqlı qoymuşdu. Oxuduğunuz, ləzzət aldığınız, gələcək nəsillərin də oxuyacağı və zövq alacağı hər ölməz əsəri Ənvər Məmmədxanlının ürəyindən çıxardığı bir qəlpədir. Yəqin, elə ürəkdəki dustaqlığından qurtularaq azadlığa çıxdıqlarından və ürəkdən qopmalarıyla onu çoxdan bəri daşıyanın ağrılarını da azaltdıqlarından Ənvər Məmmədxanlının hər bir əsəri bunca təsirli, bunca siqlətlidir.

Ənvər Məmmədxanlı ruhu ilə, düşüncələri ilə, qələmi ilə azad bir insan idi. Ancaq bəxtinə yazılan ömür möhləti elə zaman kəsiyinə düşdü ki, sonacan heç vaxt sərbəst olmadı, qismətinə biçilmiş bu dar macalda deyə biləcəyi qədər deyə və yaza bildi. İçərisində dolaşaraq ömrü boyu onunla gəzən, hərdən-hərdən tərpənib varlığını yada salan qəlpələrin də əksəri elə onunla haqq dünyasına getdi...

Ənvər Məmmədxanlının ömründə həmişə xatirələriylə açılı qalan səhifələrdən biri də Cənubi Azərbaycan idi. 1942-nin sonlarında Şimali Qafqaz cəbhəsində hərbi xidmətə başlamışdı, 416-cı diviziyada xidmət etmişdi və sonra tale elə gətirmişdi ki, onu hərbi xidməti davam etdirməkçün bir sıra başqa qələm adamlarıyla bərabər İrana yollamışdılar. Arada xidmət yerini dəyişmişdilər qayıtmışdı, 1944-də dübarə yenə dönmüşdü İran Azərbaycanına. O illərin xatirələri də daim dilində idi, gündəliklərində də 1940-cı illərdə orada baş verənlərin səliqəli ardıcıllıqla heç bir qaynaqda tapa bilməyəcəyimiz canlı görüntülərini cızıb. Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetinin redaksiyasında çalışması, Cənubi Azərbaycanın cavan ədəbi qüvvələri ilə sıx təmasları onun yurdumuzun bizdən ayrı düşmüş bu parçasına həm sevgisini artırmışdı, həm də oraları, o yerin adamlarını yaxın məsafədən müşahidə edərək yerli-yataqlı tanıya və öyrənə bilmişdi. Təbii, Cənub mövzusu yaradıcılığına da sirayət etməyə bilməzdi, necə ki, onunla eyni dövrdə İranda çalışmış digər yazıçılarımızın, araşdırıcılarımızın hər birinin qələmindən və ömründən sonralar Ərdəbil, Təbriz əks-sədası, Cənub havası həmişə gəldi. Ənvər Məmmədxanlının "Baş xiyabanda", "Qızıl qönçələr", "Boyunbağı" hekayələri elə Təbriz, Cənub təəssüratlarının bəhrəsi idi.

O, 1940-cı illərin istiqlal arzulayan Azərbaycanını da görmüşdü, Təbrizdə Milli Hökumətin fəaliyyətə başladığı, müstəqilliyin gətirdiyi sözəgəlməz ruh yüksəkliyinin Cənubi Azərbaycan boyu uşaqlı-böyüklü hamını necə vəcdə gətirdiyi bəxtiyar çağlara da şahid olmuşdu.

1988-ci il idi, bir axşam o vaxt hələ sökülməmiş, indiki "Alov qüllələri"nin yerində dikələn "Moskva" mehmanxanasının restoranında şam edirdik. Ənvər müəllim Moskvada nəşr edilən sırf ədəbi və eləcə də ədəbi təmayüllü jurnalların əksərini alırdı. Həmin dövrdə də mətbuata bir fikir baharı gəlmişdi. Sovet dövlətinin bəyan etdiyi aşkarlıq siyasətinin dalğasında mətbuat qaranlıq qəfəsdən buraxılmış quşa dönmüşdü. İllərcə çapa həsrət qalmış romanlar, povestlər, hekayələr, şeirlər həm dərgilərdə işıq üzü görürdü, həm də elə ayrıca kitab kimi buraxılırdı, cəsarəti adamın içərisini silkələyən məqalələr, esseler, müsahibələr bir-birinin ardınca dərc edilir, əl-əl gəzirdi. Ənvər müəllim də abunəçisi olduğu və son illərəcən arada-bərədə gözə dəyən tək-tük babat yazılarından savayı diqqəti çəkəsi üstünlüyünün olmadığı, indi isə hər sayının hər səhifəsi acgözlüklə oxunan azad fikirli yazılarla dolu "Drujba narodov", "Novıy mir" kimi mərkəzi jurnalların hər sayını özü oxuyandan sonra mənə verirdi və mən də əvvəlcə onun xətlədiyi ən diksindirici hissələri gözdən keçirərək sonra başlayırdım hər birini diqqətlə oxumağa. Və "Moskva" mehmanxanasında mənə həmin jurnalların təzə saylarını gətirdiyi, şam edə-edə Sovet İttifaqı boyu və Azərbaycanda dirçələn azadlıq hərəkatı haqqında dərdləşdiyimiz dəqiqələrdə heç vaxt unutmayacağım bir az nisgilqatışıq sözlər dedi. Qayıtdı ki, daha geriyə yol yoxdur, artıq aydındır ki, SSRİ yıxılacaq. Çünki bütün bu baş verənlər daha dövləti aşağıdan yıxmaq cəhdi deyil, belə görünür  ki, elə içəridən, yuxarıdan dağıdırlar. Amma görəsən, Cənubi Azərbaycan da haçansa yenə öz milli hökumətini qura biləcəkmi?..

Və Ənvər Məmmədxanlı Cənubi Azərbaycanda milli hərəkat qəddarlıqla boğulandan, Milli Hökumət devriləndən lap az sonra Tehranda və Təbrizdə baş verən dramatik hadisələri əks etdirən "Od içində" adlı bir pyes də yazmışdı.

Yazmağına yazmışdı, lakin pyesi "Azərbaycan" jurnalına versə də, "siyasi cəhətdən xatalıdır" izahı ilə çapından imtina etmişdilər. Əsəri teatra təqdim etmişdi. Oxumuşdular, bəyənmişdilər, ancaq tamaşaya qoymağa cəsarət etməmişdilər. Ənvər müəllim danışırdı ki, götürüb Mircəfər Bağırova məktub yazdım və əsəri də göndərdim ki, özünüz oxuyun, burada bizim siyasətimizə uyğun olmayan nə var ki, mətn aylardır dram teatrında siyirtmədə qalır, səhnəyə çıxarmaq istəmirlər.

Bir neçə gündən sonra xəbər gəlir ki, oxumağa vaxtı yoxdur, amma tapşırıq verilib, teatr tamaşanı qapalı baxış üçün hazırlayacaq. Bağırov gəlib baxacaq, bəyənsə, əsər səhnədə oynanacaq, xoşuna gəlməsə, elə həmin baxışla da hər şey bitəcək.

Ənvər müəllim söyləyirdi ki, Mircəfər gəldi, baxdı, bəyəndi. Baxış tamaşasında zalda uzaqbaşı 10-15 adam vardı. Tamaşa bitincə o, qısaca müsbət rəyini bildirəndən sonra qəfilcə üzünü oradakılara tutub "Siz ziyalılar məni niyə sevmirsiniz?" - soruşdu. Ənvər müəllim son dərəcə düz, dürüst adam idi, xatirələrindəki dəqiqliyə də zərrəcə şəkkim yoxdur, o cümlədən, bu xatirəsinə də. Deyir, dirijor Niyazi dərhal dilləndi ki, yox, Cəfər Abbasoviç, biz hamımız sizi çox istəyirik. Bağırov onun sözünü kəsdi: "Sən bir dayan, bilirəm ki, sevmirsiniz".

Sonra da müqəddiməsiz-filansız söhbəti yönəltdi "Kitab-i Dədə Qorqud" dastanına: "Bu dastanla bağlı da çox yazıb-pozursunuz. Onun bizə aidiyyəti yoxdur. Mən onu qızıl nimçənin içində türkmənlərə verməyə hazıram". Kimsə dillənmədi, mən ki əsərimi bəyənmişdi, "Od içində"nin yolu açılmışdı, ruh yüksəkliyindəydim, dilləndim: "Axı yoldaş Bağırov, orada hadisələr bizim ərazilərdə baş verir, üslub da indiki Azərbaycan dilinə uyğundur, kitabın əsl sahibi elə bizik".

Çımxırdı ki, o dastandakılar hamısı at əti yeyir, bizimkilər at əti yeyir?"

Ənvər müəllim deyirdi ki, bunun müqabilində daha söz tapa bilmədim, o tərzdə ki o demişdi, lap cavabım olsaydı da, demək düz çıxmazdı.

Və həmin günün sabahı orada - dram teatrında "Od içində"nin qapalı tamaşasına dəvət olunanlardan birinin - Mirzə İbrahimovun "Ədəbiyyat qəzeti"ndə "Kitab-i Dədə Qorqud"un bizə aid olmaması haqda iri məqaləsi çıxdı.

Məqaləni tapıb tarixinə baxsan, elə "Od içində"nin də həmin qapalı baxışının tarixini bilərsən.

..."Ədəbiyyat qəzeti"nin o sayını da tapıb baxdım, illər sonra Ənvər müəllimin gündəliklərində də həmin tarixi axşamla bağlı bir çox başqa incə məqamları da hadisələrin elə içərisindəymiş kimi seyr etdim.

1951-ci ilin aprel-iyul aylarında "Dastan"ımıza qarşı "səlib yürüşü" başlanıbmış, "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan müəllimi"ndə bir-birinin ardınca dünənəcən bu Ana Abidəmizi öyənlərin indi can qorxusu qarşısında "Kitab"ın əleyhinə yazmağa vadar qaldıqları məqalələri dərc edilirmiş...

Şəhərin tən mərkəzində yerləşən, 1950-60-cı illərdə "Novay Evropa" adı ilə məşhur olan, sonraların da daim get-gəlli "Bakı" restoranında bir dəstə yazıçı həmkar əyləşibmiş. Məclis qızışandan bir xeyli sonra Səməd Vurğun başlayır Mircəfərdən də, bir sıra başqa nazik siyasi mətləblərdən də qədərindən artıq açıqlıqla danışmağa. Ənvər müəllim yada salırdı ki, bizimlə oturanlardan birinin xəbəraparan olduğundan agahdım, ona görə masanın altında ayağımla Səmədin ayağını vurdum ki, əyləcini bassın.

Sadədil, qəlbitəmiz, bir az da içkinin xumarıyla cəsarətlənmiş Səməd də qayıdasan ki, Ənvər, ayağıma niyə vurursan, niyə macal vermirsən sözümü danışım!

Həyatlarına amansızlıqla son qoyulanlar, özləri kimi, əsərləri də məhv edilənlərimiz bir yana, istedadla daşan nə qədər zəkalılarımız da beləcə dili qısa, gözü qıpıq, hər sözü üfürə-üfürə deyib-yazmağa vadar qalaraq güzəran keçirdilər...

...Srağagün - fevralın 24-də İsraildə yaşayan görkəmli yazıçımız Çüngiz Hüseynovla telefonla danışırdım. Elə söhbətə başlayan kimi dedi ki, ürəyə bax e, indicə sənin haqqında gündəliyimdə yazırdım.

Zəkası aydın, ruhu cavan, qələmi əlində və qiymətli əsərlər doğurmaqda davam edən 94 yaşlı Çingiz müəllimin bütün başqa gərəkli işləriylə yanaşı, həm də gündəlik yazmaqda ardıcıl olmasına sevinərək köhnə dostlarından olan Ənvər Məmmədxanlını yada saldım. Söylədim ki, Ənvər müəllimin vəfatından sonra "Qardaşımızın evinin çırağı sönməsin" deyə mənzilinə əvvəlcə bacısı Həbibə, onun vəfatından sonra isə xərçəngdən əziyyət çəkən Arifə xanım köçdü. Arifə xanım mənə Məmmədxanlılar şəcərəsinin xatirələrini yetirə biləcək axırıncı körpü, son yadigar idi və təxminən hər gün ona baş çəkirdim, söhbətləşirdik, bütün danışıqlarımızı da lentə alırdım. Bir axşam Arifə xanım qardaşının ömrü boyu yazdığı gündəliklərini və məktublarını mənə etibar etdi.

Vaxt ötdükcə həmin gündəliklərdən müəyyən parçaları ayrı-ayrı münasibətlərlə çap etmişəm, indi hazırlayıram ki, bütöv şəkildə ortaya çıxarım.

Çingiz müəllim qayıtdı ki, mütləq elə və ləngitmə. Ənvər böyük yazıçı idi, amma onu cəmiyyətimiz əsl nəhəngliyi ilə tanımır. Bəlkə elə bu gündəliklər də səbəb olar ki, insanlarımız onu Azərbaycan ədəbiyyatının ən misilsiz qələm, fikir  adamlarından biri kimi yaxından tanısın.

Çingiz müəllim bunu da dedi ki, Ənvərlə hər görüşəndə şahmat oynardıq. Bəzən 4-5 saat. Təbii ki, o anlarda çox söhbətlərimiz olurdu. Hər gün gündəlik yazıbsa, yəqin, orada həmin söhbətlərimizin də izi qalıb. Rica edirəm, axtar...

İlk gəncliyindən qələmə almağa başladığı və ömrünün axırınacan səliqə ilə davam etdirdiyi gündəliklərində Ənvər müəllim hələ 1930-cu ilin ortalarında sanki özü qarşısında öhdəlik götürərək, vəzifə qoyaraq (həm də, yəqin, bu mətləbin tarixçəsinin gələcəkdə bilinməsindən ötrü) "Babək"ə işarə ilə yazırdı ki, mən indi bir əsər üzərində işləyirəm və bu roman mənim ədəbiyyatda böyük sözüm, əsl yazıçı kimi təsdiqim olacaq.

Ənvər Məmmədxanlı ömrü boyu yazdığı irili-xırdalı hər əsəri ilə hər dəfə özünün usta yazıçı, müstəsna nasir olduğunu sübuta yetirirdi, ancaq onun yarım əsrdən artıq bir müddətdə düşüncəsində, duyğularında gəzdirdiyi, qəlbi istəyən kimi ortaya çıxarsa, heç şübhəsiz ki, möhtəşəm olacaq "Babək" romanı elə axıracan niyyət olaraq qaldı.

Həmin romanın əlyazmadakı ayrı-ayrı tamamlanmış parçalarını, Ənvər Məmmədxanlının Babək haqqındakı ikihissəli bədii film üçün yazdığı ssenarini və  "Xürrəmilərin ağ şahini" pyesini qovuşduraraq bütöv bir əsər halında nəşr etmək nəcibliyini üzərinə götürmüş Anara minnətdarlıq borcumuz var, lakin bu, heyhat, Ənvər Məmmədxanlının özünün millətə Babəkin gerçək ədəbi abidəsi kimi ərməğan etməyi nəzərdə tutduğu "Babək" deyil.

Onillər boyu sözə həddən ziyadə məsuliyyətli münasibəti, özünə qarşı ifrat tələbkarlığı və nəhayətdə ömrün vəfasızlığı imkan vermədi ki, o, həyatı uzunu fasiləsiz olaraq üzərində işlədiyi əsəri tam ürəyincə olan bir görkəmdə başa çatdırsın.

Çox heyif, çox heyif! Artıq Ənvər müəllimin olmadığı günlərdən birində Həbibə xanımın köks ötürərək pıçıldadığı və hər dəfə Ənvər müəllimi xatırlayarkən, istər-istəməz yadıma düşən, ağlıma gəlincə də hər dəfə ürəyimi sıyıran "Talesiz qardaşım!" təəssüfünün, Ənvər talesizliyin ən bariz təsdiqi mənə görə ən əvvəl elə onun bizə tamamlayıb ötürə bilmədiyi "Babək" romanıdır ki var!..

Bu nakam əsərin qalan parçalarını, Ənvər müəllimin 60 ilə yaxın müddətdə mövzu ilə bağlı etdiyi mütaliələri, apardığı qeydləri əhatə edən onlarla dəftəri vərəqlədikcə görürəm ki, o, bizim zamanın adamı olmaqdan daha artıq həmin dövrün içərisindəymiş, həmin zamanla əlaqədar, Babəkin həyatı, mühiti, ətrafı, mübarizələriylə bağlı ən xırda ayrıntılara da dəqiqliklə bələdmiş və bu səbəbdən də xürrəmi çağlarından yazdıqları sanki çox sonrakı vaxtların yazıçısının deyil, elə hadisələrin axarında dayanan salnaməçinin doğruçu hekayətləridir.

Babək əyyamlarının olmuşlarını üstün bir şərqşünas alim kimi dolğunluğuyla  bildiyinə ən azı yazdığı əsərlər şahidlik edən akademik Ziya Bünyadov söhbətlərindən birində özünəxas qətiliklə dedi ki, Ənvər həmin dövrün hər təfərrüatından o dövrdən yazan tarixçi alimlərin əksərindən daha yaxşı xəbərdardır

Ancaq Ənvər Məmmədxanlının bunca mükəmməl bildiyi və əlimizdəki parçaların təsdiq etdiyi kimi, məharətlə təsvir etdiyi Babək, xürrəmilik və azadlıq haqqındakı tamamlanmamış epopeyasının hətta bu bitirilməzliyində də bir ibrət, dərs var.

Son 20-30 ildə Azərbaycanda tarixi roman yazmaq, elə bil ki, şakərə çevrildi. Qısa tarix kəsiyində o qədər qalın-qalın tarixi romanlar yazılıb buraxıldı ki, heç ədəbiyyatımızın bütün tarixi boyu bu qədər roman nədir, hətta tarixi mövzulu bədii əsər olmamışdı. Əsasən bəlli elmi əsərlərin bədiivari xülasəsindən ibarət olan, yazdıqları dövrlərə nabələdlərin üyüdüb-tökdükləri belə cızmaqaraların yüzü Ənvər müəllimin hər sözü yerində, hər sətrində dövrün nəbzi çırpınan misilsiz bədiilikli bircə vərəqinə tay olmaz.

Ənvər müəllimin "Seçilmiş əsərləri"nin toplandığı 2 cild 1986-cı ildə işıq üzü gördü. Demək istədiyimdən daha əvvəl bu nigaranlığımı da ifadə edim ki, o boyda yazıçının irsi, təəssüf ki, indiyədək hər hansı bir nəşrdə bütöv halda xalqa çatdırılmayıb. Vəfatından az sonra bacısı Həbibə Məmmədxanlı Ənvər müəllimin xeyli pərakəndə olan arxivini sahmana salmaq istəmişdi. Bütövlükdə Ənvər Məmmədxanlı səliqə-sahmanlı adam idi və ayrı-ayrı vaxtlarda nə qədər yazıları çıxmışdısa, hamısını toplamışdı. Dağınıq halda olsa da, hər halda evindəydi. Onun yalnız qəzetlərdə dərc edilmiş məqalələrini Həbibə xanım 3 iri qovluğa sığışdırmışdı. Maraq güc gəldi, açdım qovluqları, bəzi yazıları gözdən keçirdim. Hansısa redaksiyanın sifarişi ilə ezamiyyətə getdiyi rayondan yol qeydlərini yazıb. Bəlkə də indi o yazıda təsvir edilən gedişat, hadisələr daha maraq kəsb etmir. Amma nə qədər şirin dil, ifadənin nə qədər axıcı, rəvan tərzi. Kənd rayonlarımızın XX əsrin ortalarında yaşadıqları həyatın o yazılardakı təsvirinin özü ayrılıqda cazibədar hekayədir.

Ənvər Məmmədxanlının əlyazmadakı irsini hələlik qırağa qoyaq, çap olunmuşları bir yerə cəmləyərək, nəhayət ki, bir-birinə bağlı cildlər halında xalqa çatdırmaq qeyrətini kim boynuna çəkəcək?

Ənvər Məmmədxanlının ikicildliyini yada salarkən bölüşmək istədiyim başqa bir qənaətim idi, söz sözü çəkərək məni bir az ayrı səmtə çəkdi. Ənvər müəllim birinci cildin əvvəlində xatirə sözlər yazdı, təvəqqe etdim ki, ikinci cildə də nəsə yazıb imzalasın. Dedi, bura yazdım da, bəs deyil? Dedim, axı birdən o cildi itirdim, ya kimsə aldı oxumağa, qaytarmadı, qoy onda heç olmazsa burada xəttiniz qalsın. Güldü, yazmağa başladı, mən də əlimdəki cildi vərəqləyə-vərəqləyə soruşdum ki, çox təəccüblənirəm, 1930-40-cı illərdəki hekayələrinizin dili mənə o qədər müasir gəlir ki, elə bil o vaxt yox, indi yazılıb. Məgər o zamanlar da siz elə bu cür yazırdınız?

Cavab verdi ki, mən daim əsərlərimin üzərində işləyirəm, hər yeni nəşrdən qabaq dilinə, üslubuna əl gəzdirirəm, bacardığım qədər cilalayıram. Nə qədər canımda can var, elə belə də edəcəyəm.

Ənvər müəllim əkdiyi hər ağaca, hər fidana hər gün su verən, qayğısını çəkən bağban kimiydi. Həqiqətən də, daim köhnə yazılarını daha da təravətli etməkçün onları yenidən işləməkdən usanmırdı. Ənvər müəllimə bunu da demişdim ki, Anar köhnə əsərlərinə əl vurmur, deyir ki, necə yazılıbsa, elə də qalsın. Məntiqi də var ki, hər əsər yazıçının həm də onu yazmış olduğu o dövrdəki qələmini göstərir.

Ənvər müəllim etiraz etmişdi: "Yox, mən elə düşünmürəm. Sağamsa, yaşayıramsa, o əsər də mənimkidirsə, gərək hər dəfə onu ürəyim istəyən ən yaxşı səviyyəyə uyğunlaşdırım".

...1979-cu ilin payızında namizədlik dissertasiyamın müdafiəsinə hazırlaşırdım və yenicə çapdan çıxmış avtoreferatımın bir nüsxəsinin üstünü yazaraq Ənvər müəllimə bağışladım. O vaxtlar nəşr olunmaq da, dissertasiya müdafiə etmək də indiki kimi su içimlik sadəliyində məsələ deyildi və avtoreferat da elə təzə kitab kimi qavranılırdı. İşim X-XI əsrlərin filosof şairi Baba Tahir Üryan haqqında idi və bu nəşrin mənim uğurum olmasından əlavə həm də onu həmişə cəlb edən orta əsrlər müsəlman Şərqi ilə bağlılığı Ənvər müəllimi sövq etdi ki, dərhal vərəqləsin. Amma qəribədir ki, məzmuna keçməmiş elə ilk səhifədəki qeydlərlə bağlı soruşdu ki, opponentin gürcüstanlıymış?

Təsdiqlədim və onu da söylədim ki, bir neçə gün əvvəl dissertasiyamı opponentim, görkəmli şərqşünas alim Aleksandr Qvaxariyaya təqdim etməkçün Tbilisiyə getmişdim, oradaykən hələ Nəbatat bağına da baş çəkdim, Mirzə Fətəlinin məzarını da ziyarət etdim. Dalğınlaşdı Ənvər müəllim. Dedikləri məni mütəəssir etdi: "Mənim atam da oradadır, Mirzə Fətəlinin ayaq tərəfində dəfn eləmişəm onu".

Ənvər müəllimin atası Qaffar kişi (özü də, bacıları da atalarının adını məhz bu cür deyir, bu təhər yazırdılar) müsavat partuiyasının üzvü olmuşdu, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Göyçayın, Ucarın pristavı işləmişdi, sovet onu həbs edərək Sibirə də göndərmişdi, bir neçə il yatıb qayıdandan sonra təzədən tutulacağından duyuq düşərək gizlənmişdi və canı bu dünyanın zillətindən qurtaranacan, ta 1942-ci ilədək, aradakı nadir çaparaq oğrun görüşlərini nəzərə almasaq, əzizlərindən ayrı  minbir məhrumiyyət içində qaçaq ömrü yaşamışdı. Günlərin birində Ənvər müəllimə xəbər çatdırırlar ki, özünü Gürcüstana yetir, atan rəhmətə gedib. Elə gecəylə yola düşür. Sovetin qılıncının dalının da, qabağının da kəsdiyi o qorxunc tuthatut zamanlarında Ənvər atasını hamı kimi dəfn etmək imkanından da məhrum idi. Qaffar kişi xaçpərəst qəbristanında torpağa tapşırılmış və Ənvər nəşi gecəylə çıxardırır, Tiflisdəki dostların məsləhəti ilə ondan əvvəl oxşar taleli bir neçə ailənin etdiyini edir. Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi, Qaffar kişini də qəbrin üstündə heç bir nişanə qoymadan Mirzə Fətəlinin məzarının yanında torpağa tapşırır. O ümidlə ki, qəbir itməsin, yeri bəlli olsun və haçansa fürsət yaranarsa, Vətənə aparılsın.

Beləcə, millətimizə etdiyi bütün əvəzsiz xidmətlərdən savayı Mirzə Fətəli Axundzadənin çoxlarının xəbərsiz qaldığı bir yaxşılığı da bu oldu ki, hətta məzarı ilə də kömək olmağı bacardı, gendən görünməyən neçə qərib qəbrə də nişangaha, başdaşına çevrildi.

Ənvər müəllim Mirzə Fətəlini yalnız bir ədəbi və fikir adamı kimi sevmirdi, həm də özünü ona ən azı atasına görə borclu sayırdı, Axundzadəni də illərcə səbirlə araşdırdı, haqqında yazdı.

...1990-cı illərin əvvəllərində Sovetin tar-mar olmasıyla dəyişən dövr imkan verdi ki, Mirzə Fətəlinin itməkdən xilas etdiyi o məzarların hansılarınınsa üstündə bir-bir abidələr ucaldılsın, hansılarınısa əzizləri buradan ürəkləri istəyən yerə köçürsünlər.

Nə acı ki, o günlərdə artıq Ənvər müəllim həyatda yox idi.

Dəqiq yerini tək özünün bildiyi ata məzarı da onun həyatı boyu ürəyində daşıdığı qəlpələrdən idi ki, bu dünyada qəlbini incitdiyi kimi o dünyada da ruhunu ağrıtmaq üçün onunla birgə uçub getdi...

 

26 fevral, 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 28 fevral.- S.10-11